Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Hürr axtaran nakam

Baba BABAYEV,
filologiya elmləri doktoru

Həyatda bəxti gətirməyən Məhəmməd Hadinin (1879-1920) yaradıcılığı da mürəkkəb və ziddiyyətli olmuşdur. XIX əsrin sonu, XX əsrin əvvəlləri sinfi mübarizənin şiddətləndiyi iki əsrin qovuşağında (daha sonralar da) ideya istiqamətlərini müəyyənləşdirə bilməyən, daima tərəddüdlər içərisində çabalayan şair gah demokratik fikirli, gah da burjua ideologiyasını əks etdirən poetik nümunələr yaratmışdır.
İrili-xırdalı bütün poetik parçalarının mətnində ilk öncə şairin öz təb-ilhamına müraciətindən görünür ki, onun dəliqanlı ruhu cahana sığmır, sətirdən-sətirə gedişatın sonuna qədər bu tərəddüdlərin, sıxıntıların səbəbi pünhan qalmır. Ki, insanın gücü çatmayan nəhrin qarşısını ala bilmədiyi nəsnələr var; üzüntülü kədər, faciələr, qayğılar, dəhşətlər. Bəlli olanlar bunlardırmı? Yox, çözələnəndə, daha dərinliyə varanda romantik təbiətin üsyanının zalim insan olduğu görünür. Zavallı, bəxti gətirməyən şair bir poetik parçasında azadlıq axtarırsa, digərində isə bu istəyin (azadlığı) qan bahasına əldə ediləcəyini bilib dərk etdikdə qan tökmənin əksinə çıxır. Nədir bu iki tirəlik, nədir bu baş çıxarmamaq? Bunlar yaşanan cəmiyyətdən, ictimai hadisələrdən dürüst nəticə çıxara bilməməkdən, siyasi dünyagörüşün məhdudluğundan irəli gəlir? Mətbuatda işıq üzü görən ilk şeirlərindən o, konfliktlər yaradan ziddiyyətli bir şair kimi nəzəri cəlb edir. Hadi cəmiyyətdə yenilikləri mənimsəməkdə çətinlik çəkirdi. Çevrəsində olan aydınlardan uzaq düşmüşdü. Yaşadığı ictimai quruluşla razılaşmır, “onu yıxmaq, parçalamaq istəyir, yerində yeni bir həyat yaratmağa isə qüvvəsi çatmırdı. Bu zəifliyin özü də dərk etdiyindən Hadi dərin bir bədbinliyə qapılmış, şübhə və tərəddütlərlə dolu bir həyat keçirməyə başlamışdı. ...acizliyini ona köhnə sxolastik mədəniyyət təlim edən müəllimində, ustadında görürdü, bu “kəmşüur ustada” qarşı üsyan edir, aləmin dolaşıq hadisələri içərisində çıxış yolu tapmırdı”.
Əməl çiçəklərim oldu düçari-çövri-xəzan
Çiraği-əqlimi söndürdü kəmşüur ustad,
Bu bağıban cəfadənmi xoşlanır, əcaba?
Nədir bu sirri-xofu, kimsə bilməyir, əcəfa?!
Həyatı qorğa kimi qovrulan şair “istiqbalımız parlaqdır”, - deyə, mücərrəd şəkildə, qurbansız, qadasız, mübarizəsiz bir “inkişaf”ın bəxtəvər gələcəyindən danışır, az sonra burjua-mülkədar cəmiyyətindəki haqsızlıqları, situasiyanın aşağı xətlə fənalaşdığını (çar idarəçiliyinə nisbətdə müsavat zamanı daha biabırçı şəklə düşdüyünü B.B.) görüb müşahidə etdikdə fikrindən dönür, qənaəti bu olur ki, pisliyə doğrü gedən bu həyat, gələcəkdə daha biabırçı vəziyyət alacaqdır.
Adi həyatda heç nəyə nail ola bilmədi. Ona görə yox ki, cəmi 41 il yaşadı, daha çox ona görə ki, təhsil almaq istədi, ala bilmədi. Sevdiyilə evlənmək istədi, alınmadı. Evi də olmadı, uşağı da. Xanəmir Telmanoğlu ürək ağrısı ilə yazır ki, “məncə, o, ürəyini, ruhunu verdiyi bir yurdla evlənmiş, nikaha girmiş, əhdi-peyman bağlamışdı...” yoxsa deməzdi ki:
Mən ölmədən əvvəl vətənim oldu məzarım
Ərbabı-zəka düşmənidir indi diyarım...
Sual oluna bilər ki, bəs yazdıqları fəlsəfi, romatik şeirlər, poemalar hansı mənbə üzərində pərvəriş tapdı? Cavabı asandır. Yorulmaz səyi, mütaliəsi və fitri istedadı şairi dövrünün ən bilikli şəxslərindən etdi. “Onun təhsilə, elmə və maarifə can atımı keçilməz kor dalana dirənirdi” (Anar). Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində doğulan Məhəmməd (Ağaməhəmməd) Əbdüssəlimzadə Hadi ilk təhsilini məhəllə mədrəsəsində Molla Abbas isimli müəllimdən almış, sonra şair Abbas Səhhətin atası Hacı Əlabbasın məktəbində oxumuşdur. Hadinin atası Hacı Əbdüssəlim Şamaxıda izzətli tacir olmuşdu.
Hadi 9 yaşında olarkən atası vəfat edir, anası bacıları-Sahibə və Əsmanı qardaşları ilə birlikdə nənələri Teyyibə xanımın ümidinə qoyub ərə gedir. Nənə bir oğul nəvəsi olan Hadini savadlı, şöhrət tapmış bir ruhani kimi görmək istəyir. Uşağı ərəbcə oxutdurur. Teyyibə xanım 1894-cü ildə dünyasını dəyişir. Yuvaları dağılmış uşaqların qurulmaqda olan yeni yuvaları da paramparça olur. Yetim qalmış uşaqlara qohumları Mustafa Lütfi himayədarlıq edir. Hadi ərəb dili təhsilini Şamaxının ən məşhur bilicilərindən olan Mustafa Lütfi əfəndidən alır. Gənc yeniyetmə Hadi bütün səyi ilə mütaliəsini çoxaldır. Uşaqlıq illəri məşəqqətli keçən Hadi bir bədbəxtçiliyə də düçar olur. Ailə səadətini görməyən Hadinin ilk məhəbbəti də daşa dəyir. Sevgilisi varlı bir tacirə ərə gedir. Mənəvi sarsıntılar keçirən gənc ömrünün sonuna qədər heç kəsə könül verib evlənmir. “O, bütün istedadını ictimai-siyasi, bəşəri problemlərin, vətən və xalq taleyinin təhlilinə dair əsərlər yazmağa həsr etmiş, məhz bu məsələləri özünün başlıca yaradıcılıq istiqaməti kimi qəbul edərək nakam ömrünün sonuna qədər həmin amala sadiq qalmışdır. Bu, nəinki XX əsr Azərbaycan şeirində, ümumiyyətlə poeziya tarixində çox nadir hadisələrdən biridir”.
Müasirləri kimi Hadi də romantik düşüncəli gənc olaraq Qahirə və İstanbul kimi məşhur şəhərlərdə ali təhsil alıb vətəninə xidmət etmək istəyirdi. Nəinki imkanlı qohumları, hətta atasından qalmış sərvətə sahib çıxanlar belə onun arzusunun gerçəkləşməsinə kömək etməmişlər:
Oxumaqçün nə qədər dadu-fəğan etdim isə,
Olmadı zərrə əsərbəxş şu istimdadım...  
Məhəmməd Hadi sonralar nəşr etdirdiyi “Cəhalətdən şikayət” (1907) şeirində gəncliyindəki bu kədərli günləri xatırlamışdır. Şair ictimai həyatın gedişi, ictimai tərəqqinin səbəbləri məsələsi ilə ciddi məşğul olur, daim axtarışlar aparır. “İctimai geriliyin səbəblərini cəhalət və nadanlıqda görən və bu cəhaləti aradan qaldırmaq üçün maarif şəbəkəsini genişləndirməyi, məktəblər açmağı zəruri vasitə sayan müəllif zənn edir ki, bu cür məktəblərdə həm dini təlimlər, həm də dünyəvi elmlər tədris edilməlidir” .
Aforizmə dönüb yaddaşlarda ocaqlaşan nisgilli misraları, sadəcə qəlb ağrıtmır, insanı dərkə çağırır:
...Dağa dersən eşidir, sonra verir əks-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım.
Abdulla Şaiqin oğlu, akademik Kamal Talıbzadə ötən əsrin 1980-ci illərinin ortalarında söhbətlərində bir dəfə mənə demişdi ki, “atam təkcə yaradıcılığında deyil, həyatında da romatik idi”. Hadi də təpədən dırnağa bütün vücudu və yaradıcılığı ilə romantik idi. Millət, hürriyət deyib hayqırırdı. “Mücahidi-millət” adlandırdığı Həsən bəy Zərdabinin ruhuna bağışladığı poetik parçada söylədiyi “millətdən özgə olmadı bir məqsədin sənin” düşüncəsi yüzfaizli M.Hadinin özünü, yaradıcılığını səciyyələndirən amillərdəndir.
M.Hadi şeir yazırdı. Çünki ürəyi göynəyirdi,  Hadi şeir yazırdı, çünki sözlər dodaqlarını yandırırdı. Hadinin şeir yazmağa halal haqqı vardı, çünki şeirləri ağrılı, göynərtili idi. Vətən ağrılı şeirlər.
Hadi Azərbaycanını müstəqil görmək istəyirdi. Təəssüf ki, müstəqillik bəyan edilib elan olunanda, “xətti imzalar içində” görünəndə yaşı qırxa yaxınlaşmışdı. İllərlə, sitəmli günlərlə gözlədiyi bu sevinc payını sonadək duya bilmədi. Hikmətə çevrilib ictimai-siyasi və ədəbi-elmi camiyədə dillər əzbəri olan aşağıdakı beyt onun şah misraları sırasındadır:
İmzasını qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalar içində...
“Hadinin könül verdiyi və ömrünün sonuna qədər “məyus olmadığı” bir “vüsali yar” həsrəti, əbədi nakam qaldığı, fəqət yolundan heç vaxt dönmədiyi bir vüsal intizarı da var idi. Bəs o, nə idi?”(Yaşar Qarayev)1
O Ey Vətən! Ey pəriyi-vicdanım! ...Səni sevmək deyilmi imanım? – idi.
Seperatçılığa, subyektivliyə meyl edən şair, öz hiss, həyəcan və fərdi xəyallarını ön plana çəkirdi. Romantizm ədəbi cərəyanına mənsub olan mürtəce burjua yazıçıları sırasında duran M.Hadi inqilaba və hər cür mütərəqqi fikrə qarşı çıxanlardan biri idi. Bəzən də “...bu şəraitdə fəaliyyət göstərən xırda burjua romantikləri isə xalqın mədəni geriliyinə təəssüf edərək, aydın olmayan bir gələcəyə xəyal bəsləyirdilər” (C.Xəndan). Hadi belə romantiklərdən idi.
Romantik şair hürriyət, azadlıq, istiqbal, haqq-ədalət, elm, mərifət şairi idi. Tale ona zülm etmişdi, XX əsrdə didərginlər də, səfalət içində yaşayanlar da, repressiya qurbanı olanlar da olmuşdur. Amma amansız əsr, zaman heç bir şairi bu qədər tıncıxdırıb əzməmiş, boğmamışdı. Allah əlində olan nə qədər pisliklər var hamısını Hadiyə “ərmağan” edib qan qusulası qızıl podnisdə qarşısına qoymuşdu. Arzuların buxovda, hüznlərin azad olduğu bir zamanda yaşadı Hadi. Bir belə dərd-sər içində çabalayan, yeniyetməlik dövründən son gününə qədər o, ölüm ayağında can verə-verə yaşadı. Dili söz tutanda vətən, elm, hünər, mərifət söylədi. Bu fikirlər aforizmləşib poeziyanın hikmət dünyasında özünə məkan tapdı, didaktiya çevrildi:
Elmin, hünərin, mərifətin varsa, buyur gəl,
Yoxsa, bu həyat aləminə olma bir əngəl,
Ərbabi-kamalın yeridir bil ki, bu meydan,
Bədbəxt yaşar torpağın üstündəki nadan ...
Poetik nikbinliklə yazılmış bu şeir şair aləmini işıqlı ümidlərə səsləyir, nəticə çıxarmağı tövsiyə edir. Akademik İsa Həbibbəyli “Bənzərsiz sənətkarlıq nümunəsi” məqaləsində yazır: “Gündəlik hadisələrə fəal müdaxilə edən Məhəmməd Hadi təəssüratlarını məqalələri ilə yanaşı, şeirlərində də geniş şəkildə  əks etdirmişdir. Bu isə onun şeirlərinə o vaxta qədər Azərbaycan şeirində ya heç işlədilməyən, ya da az işlədilən söz və tərkiblər gətirmişdir. Şairin şeir dilində tez-tez rast gəlinən milləti-məzlumə, mənafeyi-şəxsiyyə, məktəbi-mədəniyyət, məktəb, maarif, məişət, intibah, istibdad, vicdan, amal, əsarət zülməti, həyatın dəftəri, dadlı həqiqət və s. kimi ifadələr ədəbiyyatdan çox dövrü mətbuatdan gəlir”.
Lirik tutumda, publisistik bir dildə yazılmış, çağırış və sərtlik motivində olan poetik parçaya diqqət edək:
Qaldıq əlində bir sürü ərbabi-vəhşətin,
Olduq əsiri pənceyi-qəhrü müsübətin
...Ehraq olundu zülmilə nazəndə şəhrlər,
Yaxmaqdadır cəhanları ahi cəmaətin
...Qan ağlayır əhali, könüllər cəzihedər.
Qülməzmi ey xuda, yenə rüxsari rəhmətin,
Hər kimsə öz mənafeyi-şəxsiyyəsin arar,
Əshabi-elm olmada qurbani zillətin.
Hadi səfil, dilənçi, içki düşkünü də olsa, lap elə dünyagörüşündə təzadlı mövqe tutub gedəcəyi yolun ayrıcında gahgir edib, “işıq gələn, yoxsa it hürən” tərəfə gedəcəyini aydınlaşdıra bilməsə də, dərdi-səri millət, hürriyyət olsa da, bilməmiş deyildi ki, xalq şairi Fikrət Qoca demişkən “gördü dünya uzun yoldu”, başaçılan deyildi, yaşadığı amansız dünyadan zavallı, bədbəxt şairə vurulan “rus”, yaxud “türk” casusu etiketlərin (təbii ki, pis mənada) heç biri ona yapışmırdı. O, bir toplumun, kütlənin dərdini deyil, bəşərin halını düşünürdü. Xalq yazıçısı, professor Elçin şairin nəinki bütöv poetik parçalarını, bir beyt şeirini xarakterizə edərkən “...Hadi poeziyasında çox əhəmiy­yətli və əlamətdar bir cəhət odur ki, bu cür mütəmadi etirazlarla müşayiət olunan Hadi kədəri məhəlli kədər deyil, bəşəri kədərdir”, -deyir:
Bəşər gözyaşlıdır matəmgahi-dünyaya gəldikdən,
Bunu tədqiq qıldım hali-novzadi görən gündən.
Şirvan torpağının yetirməsi olan M.Hadi həmyerliləri Xaqani və Nəsimi kimi bəşərin azadlığını, firavanlığını istəyirdi. Romantiklərə mənsub düşüncələr, xəyallar içərisində var-gəl edərkən, ilkin olaraq o, öz vətəninin vətəndaşıdır və büsbütün şeirlərindəki vətən cahanın bir parçasıdır, nəticədə bu şeirlərə milli məhdudiyyət qoyub cılızlaşdırmaq da insafsızlıq olardı. Hadi hürr-hürr deyib hayqırırdı, müharibəyə - odun, alovun, ölümün içərisinə - cəbhəyə də getdi, şeirlərini çayxanalarda, küçələrdə satıb şərab da alırdı. Necə deyərlər “məscidlə meyxana arasında qalmışdı”.
“M.Hadi ...əxlaq, mədəniyyət, hürriyət və sevgi, mənəviyyat bolluğu olan cəmiyyətə sahib olmağın yollarını başqa dinlərə istinadən açıqlamaqla yanaşı, köklü özül kimi “Quran”a istinad edir”(S.Vahabova). Bu fikri istinad kimi gətirmədik ki, Hadi “Quran”ı bilirdi (təbii ki, mollaxana təhsili və müstəqil mütaliəsi nəticəsində “Quran”ı mükəmməl bilməsi aksiomadır və yaradıcılığında “Quran”ın “İsra”, “Bəqərə” surələrinin 30, 70, 84, “Əl-Bəqərə” surəsinin 256-cı ayələrinə əsaslanıb bəşəri dəyərlərə xidmət edən, tolerantlığı İslamın aparıcı prinsipi kimi şərh etməsi məlumdur – B.B.), sadəcə dahi romantik şairin digər dinlərin (xristianlıq, yəhudilik, zərdüştlük və s.) “Zəbur”, “Tövrat”, “İncil” kitabları ilə tanış olması da bizdə şübhə doğurmur. Şair yaradıcılığında “Quran” ayələrinə, dini dünyagörüşə geniş yer vermişdir.
Hadi XX əsrin iki on ilini yaşadı (Əgər buna ömür sürmək demək mümkündürsə). Xaqani, Nəsimi baxışı, dünyagörüşü ilə. Amma XX əsrdə.
“O, XX əsrdə Sədi, Hafiz təfəkkürü ilə yaşamaq istəyirdi” (Q.Turalı). Hadi insanı müqəddəs ruhlu bir yaradılmış kimi sanır, həm də ən zalim yaradılmış. Hadi insanı Tanrının şah əsəri sanır, həm də vəhşi, qanasusayan, evlər yıxan, torpaq, sərvət üçün şəhər-kəndləri yerlə-yeksan edib xarabazara çevirən insan. Hadinin əsərlərinin hərəkət trayektoriyası Şərqi-Qərbi dolanıb gələn diapazonlu bir mənzərəni əks etdirir. Onun romantizmində təşəkkül və formalaşmadan söhbət açılsa ilk öncə nəzəri cəlb edən, poemalar içərisində özünəməxsus yer alan “Aləmi-musavatdan məktublar”ı (1908) diqqəti çəkəcəkdir. Əsər fəlsəfi tutumu, bədii dəyərinə görə seçilməklə ideal cəmiyyət arzusu olan utopik əsərlər sırasında durur. Cahan, vətən anlamında gələcəyi, bu günü və sabahı necə, harada axtarmasını, romantik şairin dinini, təriqətini, həm də utopiyasını açıq, çılpaqlığı ilə bu əsərin mətnində görürük. Dünya ədəbiyyatında utopik mövzu olduqca geniş yayılmış və bir-birinə yaxın və tamamilə fərqli mənalandırmalara malikdir. Ədəbiyyatşünaslıqda bu mövzu ilə bağlı araşdırmaların nəticələrinə görə qənaətimiz budur ki, utopiyanın mənbələri – ilkin rüşeyimləri çox vaxt elə mifoloji məna qatı əsasında formalaşır. Şeyx Nizami Gəncəvinin “İsgəndərnamə”də “cəmiyyətin kamilləşməsi fərdlərin kamilləşməsindən asılıdır” düşüncəsi Hadinin poemasında davamlı inkişaf etdirilibdir. Tənqidçi-esseşünas Mətanət Vahid yazır: “Şərq ədəbiyyatında utopik ideal cəmiyyətin başqa bir nümunəsinə İslam fəlsəfəsinin azman fiqurlarından olan Fəraqinin hələ X əsrdə fəlsəfi düşüncələrinin küll halında yansıtdığı “Fəzilətli şəhər” əsərində rast gəlirik”. Poemanı təhlil edən tədqiqatçı romantik Hadini klassik Azərbaycan şairi Nizami Gəncəvinin, Şərq ədəbiyyatında Fərabinin, Qərbdə Tomas Morun “Utopiya” (1516), Tomazo Kampanellonun “Günəş şəhəri”, Şekspirin “minimal utopiya”nın yer aldığı “Fırtına” pyesini və başqa əsərlərin mətnlərindən çıxış edərək bildirir ki, həm Şərq, həm də Qərbin utopiyasını bir əsas cəhət birləşdirir: “Geniş mənada yaxşlıq. Burada hər şey mümkünsüz dərəcədə yaxşıdır, mükəmməldir, ağrısız, əzablarsız, qüssəsizdir. Bu əsərlərdəki ideal cəmiyyətlər biri digərinin bənzəridir... Əlbəttə, mütaliəli bir insan olaraq, M.Hadi istər Şərq, istərsə də Qərb müəlliflərinin əsərlərindəki utopiya ilə tanış idi”.1 Poemasında yaratdığı ideal cəmiyyət məsələsinin hansı qaynaqlardan gəldiyi pünhan qalmır.
M.Hadi tipik, xırda bir burjua ziyalısı olsa da, şeirlərində ikiüzlü, riyakar çar mütləqiy­yətini, onun şinəyib durmuş sital ideologiyasının “tələblərinə” və çərçivəsinə asi olaraq üsyankarcasına hayqırırdı. Gündə min dona girən çar üsuli-idarəsinin “qayda-qanunlarına” – çairzmin həyatının idiotizmini çılğınlıqla, sərt şəkildə damğalamaqla etirazını bildirirdi. Yalançı vədlərlə qara camaatı aldadan, sözü ilə əməli bir-birinə zidd olan üsuli-idarəni cəsarətlə şeir çubuğunu bitrağa bələyib döyəcləyirdi. O, dünən inandıqlarının bu gün 190 dərəcə bucaq altında dönərək irticaya başladıqlarını, vədlərini tapdaladıqlarını gördükdə dinməyə bilmirdi. Görürdü və qanırdı. “Qarışıq xəyallar” (1908) şeirində deyir:
Lal ol, demə, qanma, gözünü kur elə derlər,
Gözlü nasıl ömür eyləsin əmalar içində!
Susmağı bacarmayan romantik şair bir çox ictimai həqiqətləri açır. 17 Oktyabr manifesti ilə söz, vicdan “azadlığı” vədlərini verən çarın yalançılığını sərt sillə kimi üzünə çırparaq: “Hüriyyəti-vicdan ki, deyirlər adı vardır”, -deyə etiraz səsini ucaldır.
M.Hadinin büsbütün yaradıcılığına diqqət yetirdikdə görmək çətin deyil ki, dünya romantik ədəbiyyatında Hadi taleli şairlər az olmamışdır. O, yazıçılardan danışarkən isimlərinin əvvəllində “zavallı”, “bədbəxt”, “nakam”, “küskün” kimi epitetlər işlənmişdir. Maraqlıdır ki, belə epitetləri təkcə tədqiqatçı – araşdırmaçılar deyil, həmin romantiklərin özləri də işlətmişlər.
Hadi tədqiqatçısı, şair Rafiq Zəka Xəndan diqqət çəkən bir şeirində yazır:
...Şəhid şairləri bir-bir gətirdim xatirə, baxdım,
Zavallı görmədim, əfsus Məhəmməd Hadi şəklində.
Hadi ölmədi, Hadi topağa gömülmədi, Hadi “qeyb oldu”, - deyirlər. Bir ruh kimi, mələk kimi fəzalara uçub getdi.Təbii ki, bunlar romantik düşüncə sahibi haqqında utopik xülyalardır.
Hadi romantik poeziyasında mələk olub uçmaq istəyirdisə də, “...hər halda bir gün məzarının ola biləcəyi ehtimalını da ağlından və misralarından keçirmişdi”(akademik Rəfael Hüseynov)
...Məzarım üzrə gəl, dur, qəmli-qəmli ağla, fəryad et,
Oxu bu şeiri qəbrimdə, ələttəkrar övrad et:
Dur, ey zindani-üsyanda yatan, zad olub aləm
Sürurabad-ı hürriyət gəlib, dilşad olub öləm!
Ədəbi estetik amala, istəyə xidmət mənasında M.Hadi yaradıcılığının tən ortasından keçən gözəgəlimli xətt vətənə canı, imanı-dini qədər bağlanması, vurğun olması idi. “...Amma vətəni iman kimi, ömür kimi sevmək təlimi ilk dəfə Hadinin şeirlərindən saçıldı poeziyaya”(Elnarə Akimova) - deyən tənqidçi - alim həmkarımız Elnarə Akimova fikirlərində nə qədər də haqlıdır. Hadi cihad edərək qazi kimi ömrünü sona yetirdi. Zamanın gərdişlərinə sinə gərərək ən qaynar məkanlarda oldu.
1908-ci ilin Türkiyə inqilabına böyük marağı və onun ideyalarına inamı şairin İstanbul səfəri (1910) ilə nəticələnir. 1914-cü ilin son aylarında (Rusiya tərəfindən) bəylərin və sərvətdarların təşəbbüsü ilə azərbaycanlılardan təşkil olunmuş (“Dikaya diviziya”) müsəlman diviziyasının tərkibində hərbi birləşmənin mollası kimi Azərbaycandan gedir. Üç il müddətində Avropada, Karpat dağları səmtində, Polşada, Qaliçdə, Lemberqdə olur. Məhəmməd Hadi 1917-ci ildə ordu ilə birlikdə cəbhədən Sankt-Peterburqa gəlmiş, “altı ay Bakıda Mürşüdün evində qalmışdı” (A.Şaiq. Xatirələrim), sonra da Gəncəyə qayıtmışdır. Qürbət vətənini canından çox sevən romantik şairi duyğusal etmiş, bir-birindən gözəl, sevimli şeirlər yazmışdır.
“Hadi haqqında gəzən rəvayətlər, “Düyün” 1966-cı ildə açıldı. Gəncənin köhnə “Səbzkar” qəbiristanlığının 90-a yaxın yaşlı baxıcısının, habelə yerli qocaman ziyalıların köməyi ilə Hadinin məzarı müəyyənləşdirildi. Az sonra cənazə şəhərin mərkəzinə gətirilib orada dəfn olundu”
Gəncənin “Səbzkar” qəbiristanlığından Hadinin qəbrinin açılıb sümüklərinin Gəncə çayının sağ sahilində yaradılan təzə Fəxr xiyabanda torpağa basdırılmasında, ədəbiyyatşünas, tədqiqatçı Əziz Mirəhmədov, partiya işçisi, ədəbiy­yatşünas Xeyrulla Əliyev 1966-cı ilin iyul günlərinin birində şəxsən iştirak ediblər. (Fakt Xeyrulla Əliyevin “Millətin dərdindən dərdə düşmüş böyük şairin son “mənzillərinə” aparan yollar” məqaləsindən götürülüb).
Hadi sanki doğulan gündən ölənə qədər stres vəziyyətdə yaşamaqla repressiyada olub. Bədbəxt zavallının bütün ömrü, taleyi elə bil lənətlənibmiş. Təhsil ala bilmədi, atadan yetim qaldı, anası onu iki bacısı ilə özgə bucaqlarında qoyub ərə getdi, Türkiyədəki inqilabi hadisələrdən fərəhlənib iftixar hissi duyub İstanbula getməsi (1910), burada onu həbs edib “rus casusu” kimi Salonikə sürgün etdilər. Sürgündən qurtarıb gəmi ilə vətənə qayıtmaq istədi, gəmini yunanlar ələ keçirib onu “türk casusu” adlandırıb dənizə atdılar, çətinliklə xilas oldu və ilaxır. Xalq şairi Ramiz Rövşənin aforizmə dönən fikirləri “Tanrı casusu” essesində -mütləq qiymətini alıbdır. “...Allahın bu dünyaya göndərdiyi şairləri insanlar arasında “Tanrı casusu” sayanlar, bəlkə də, haqlıdı. Bu mənada, təpədən-dırnağacan şair olan Məhəmməd Hadi Tanrının ən sədaqətli “casuslarından” idi. Və Hadinin heç kəsin başa düşmədiyi qəliz bir dildə yazılmış, az qala şifrələnmiş şeirləri də, bəlkə bizə yox,onu bu dünyaya göndərənə ünvanlanmışdı...
...Tanrının Hadini çox gözəl başa düşdüyünə heç bir şübhəm yoxdur...”.
Məhəmməd Hadinin həyatında cümhuriyyət dövrü yaradıcılığı mühüm əhəmiyyət kəsb edən bir sıra özünəməxsusluqları özündə ehtiva edir. Bu dövrdə yazdığı marş və hərbi vətənpərvərlik ruhlu şeirlərin içərisində “Qəhrəman türk əsgərlərinə” tarixə yazıldı. Şairin 1918-ci ildə Qafqaz Türk İslam ordusuna həsr etdiyi “Qəhrəman türk əsgərlərinə” və Gəncədə yazdığı, vərəqə şəklində çap edilərək yayılan nüsxələrdən birini də “...Əli bəy Hüseynzadə elə Gəncədəykən götürüb özündə saxlamışdır”. Bu şeirlə yanaşı “Türkün nəğməsi”də (hər ikisi) “Hadinin türkçülük məfkurəsinin bilavasitə son sözü hesab etmək mümkündür” (Azər Turan).
 Məhəmməd Hadi doğulandan ölüm gününə qədər ağladı, fəryad etdi. Ona görə fəryad etmirdi ki, çırağı sönüb, daha çox ona görə fəryad qoparırdı ki, hürr arzuladığı xalqının taleyinin çırağı sönməsin. Çünki “qəbrin kandarından çox adamların döndüyünü bilməmiş deyildi”(Nizami Gəncəvi).
Professor A.Bayramoğlu yazır: “Məhəmməd Hadi “Qəhrəman türk əsgərlərinə” şeirində məhz Azərbaycan və Anadolu türkcəsinin ortaqlığından yararlanmışdır. Nəticədə şeir həm yazıldığı marş janrına, həm də Azərbaycan və Anadolu türkcəsinə uyğun olaraq bədii-estetik baxımdan təntənəli, ləngərli, anlaşıqlı, vətənpərvərlik ruhlu, döyüşkənlik və qələbə əzmli bir əsər kimi meydana çıxmışdır”.
Qoxmaz yürəkli ərləriz,
Həp əsgər oğlu əsgəriz.
Türk oğlu qaçmaz hərbdən,
Qeyrətliyiz, cəngavəriz...
...Qış getdi, gəlmişdir bahar,
Güllərdə parlaq xəndə var.
Güldü bizim də baxtımız,
Ey türklər, osmanlılar...
Hər bir elmi-siyasi-iqtisadi tərcümə hansı keyfiyyətləri özündə ehtiva edirsə, bədii tərcümə də xalqlar və onların ədəbi-mədəni irsi arasında etibarlı mənəviyyat körpüsüdür. Romantik Hadi də XX əsrin əvvəllərində dilimizə poetik tərcümənin beşiyi başında dayanan və sözügedən sahədə bir sıra uğurlara imza atan görkəmli sənətkarlarımızdan biri olmuşdur.
Hadi irsinin tədqiqatçısı professor İslam Qəribli yazır: “Şairin yaradıcılığının müəyyən qismini onun tərcümələri təşkil edir. O, mükəmməl şəkildə bildiyi ərəb və fars dillərindən onlarca elmi, publisistik və bədii əsəri Azərbaycan dilinə tərcümə edərək əsrin əvvəllərində (XX əsr nəzərdə tutulur) çıxan “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Tərəqqi”, “Səda”, “İttifaq” və “İqbal” kimi mətbuat orqanlarında çap etdirmişdir”.
“XX əsr Azərbaycan mətbuatını... 1905-ci ildən ömür və yaradıcılıq yolunun sonlarına qədər Azərbaycan mətbuatında ardıcıl şəkildə bədii, elmi, publisistik və tərcümə əsərləri çap etdirən Məhəmməd Hadisiz təsəvvürə gətirmək çətindir”.
Həyatı da sənəti kimi elə ziddiyyətli, böhranlı olmuşdu ki, ölüm günü-son nəfəsinədək bu fəlakətdən xilas ola bilmədi. İnsafsız zamanın yaradıb yetişdirdiyi yeddibaşlı əjdahaya bənzər cəmiyyətin quduzluğunu dərin kədər və məyusluqla duyurdu.
M.Hadinin ilk tədqiqatçılarından olan ədəbiyyatşünas Əziz Mirəhmədov yazır: “Şairin tarix etibarı ilə bizə məlum olan son əsəri – “Kor soqqur” şeiridir. “Hərarətli şeir, yaxud qızdırmalı halımda saçmalarım” adlı məşhur əsərində, Hadinin mövcud quruluşa və ümumiyyətlə istismar dünyasına qarşı son üsyan səsi ucalmışdır”.
Gözüm bir gülməyir bu ərzi-fəryadi görən gündən,
Könül şad olmayır bu səhmi-naşadı görən gündən.
Ürək atəşli, göz pürab, yəni kiryəpərvərdir,
Pərişanam bu xakistani-bərbadi görən gündən...
Müsavat hökuməti zamanı daha faciəli günlər yaşayan Hadi həyatının son günlərini Gəncədə yaşayır. Bəzi tədqiqatçılar onun Gəncədə müsavatçılar tərəfindən təqib edildiyi, xəstə şairin insafsızcasına döyüldüyünü, təhqir edildiyini göstərirlər. Hadinin Gəncədə xəstəxanada öldüyü ehtimalı ilə yanaşı, xəstə vəziyyətində bir tikə çörək pulu üçün küçələrin adamların çox olduğu yerlərdə, hətta Gəncənin mərkəzi körpüsünün bir küncündə dayanıb, təzə şeirlərini satmaqla dolandığı da bildirilir. Bəlkə də onun meyitinin körpünün altında tapılması daha inandırıcıdır və həqiqətə daha çox uyğun gəlir.
M.Hadi ehtiyac, səfalət və dilənçilik içərisində məhv olan sənətkarlardan oldu. “...Bir sözlə, Hadi öz yaradıcılığının estetik xüsusiyyəti baxımından (və sayəsində) XX əsrin ən faciəvi böyük sənətkarıdır. O, şəxsi həyatında da XX əsrin faciəvi bir şairidir”(Elçin).
Hadini bu günə salan alçaq dünya görəsən heç vicdan əzabı çəkdimi? Romantik şair fitri istedadı ilə nə dünyaya yamaq vurdu, nə də dünya ona. Lüt idi mələklər kimi, lüt də yoxa çıxdı, qeybə çəkildi, necə oldu, hara getdi bilinmədi. Deyirlər mələk kimi göylərə uçub, indi də ordan insafsız, alçaq dünyanın iblisləşmiş adamlarına baxır. Dünya isə insafsızlığından, qəddarlığından və alçaqlığından əl çəkmir. Heç elə fikri də yoxdur.
Hadinin əməlləri və yazdıqları insan şüuruna sığmadı. Şüurlu dediklərimiz isə elə işlər görürdülər ki, (bu gün də elədir) onlara baxıb Allah da utanırdı. Hadi isə qara torpaqla mavi asiman arasında görünməz oldu.шаблоны для dle 11.2