Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

"Vətənpərvərlik Vətənə xidmətdir"

 
Kamil Musəvi: " Mən hər zaman döyüşə hazıram" 
 
2016-cı ilin aprel döyüşləri Azərbaycan dövlətinin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan gəncliyinin vətənpərvər ruhunu, döyüş əzmini və hər an Vətən yolunda hər sınaqlara hazır olduğunu göstərdi. Belə qəhrəman oğullardan biri də budəfəki müsahibimiz Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı baş leytenantı, hərbi şücaətlərinə əsasən "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, "Vətən naminə", "General Həzi Aslanov" medallarına layiq görülmüş Kamil Musəvidir. 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirib.
Tanıtım. Kamil İbadət oğli Musəvi 6 iyul 1990-cı il tarixində Qazax şəhərində anadan olub. 2008-ci ildə orta məktəbi bitirib. Elə həmin ildə də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub. 2008-ci ildən 2012-ci ilə kimi ali hərbi məktəbdə təhsil alaraq kəşfiyyat ixtisası üzrə leytenant hərbi rütbəsi alıb. 2012-ci ildən 2013-cü ilə kimi təlim-tədris mərkəzində ixtisasartırma kursu keçib. 2013-cü ildən Tərtər rayon N saylı hərbi hissəyə xidmətə göndərilib. Hərbi hissədə nünunəvi xidmətlərinə görə digər hərbi hissəyə, bir pillə yuxarıya - kəşfiyyat taboruna kəşfiyyat qrup komandiri vəzifəsinə dəyişdirilib. 2015-ci ilin oktyabr ayında isə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığını yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirib.
"Təhsil" jurnalına verdiyi müsahibəsində Kamil Musəvi hər bir azərbaycanlı gənc üçün nümunə ola biləcək həyat və döyüş yolundan, şagirdlərimizin vətənpərvərlik tərbiyəsindən danışdı.
- Nə vaxtdan ordu sıralarındasan və hansı döyüş bölgələrində olmusan?
-Ordu sıralarında hərbi xidmətə Heydər Əliyev Ali Hərbi Məktəbinə daxil olduqdan sonra , 2008-ci ildən başlamışam. 2015-ci ildə isə döyüşdə yaralanmışam.
Mən ilk olaraq Tərtər rayonudakı N sayləı hərbi hissədə xidmət etmişəm. Daha sonra kəşfiyyat qrupuna dəyişdirilmişəm, orada olduğum müddətdə də Ağdam, Tərtər, Goranboy, Naftalanda döyüş bölgələrində olmuşam.
- Niyə kəşfiyyat qrupunu seçdiniz? Çox təhlükəli deyildi?
-Bəli, mən hərbiyə getməkdə məqsədim də kəşfiyyatçı olmaq idi. Mən zümü kəşfiyyatda görürdüm. Kəşfiyyata sevirdim, kəşfiyyatçı olmağı arzulayırdım. Bu sahədə heç bir ağırlığı, təhlükəni çətinlik hesab etmirəm. Bu peşəni o qədər srvirdm ki, çətinliklər belə mənə asan gəlirdi. Bəli, kəşfiyyatçı ixtisası çox məsuliyyətlidir, çünki sən təkcə özünə yox, bütün qrupun şəxsi heyətinə cavabdehsən. Eyni zamandada orada düşmən üzərinə gedirsən. Orada hər an təhlükə ilə rastlaşmaq ehtimalı daha çoxdur. Ona görədə bu peşə çox məsuliyyətlidir. Biz bu məsuliyyətin öhdəsindən gələ biləcəyimizi düşünərək təhlükəni bilərək bu məsuliyyətin altına girmişdik.
- Son döyüşünüzü necə xatırlayırsınız?
-Mən 2015-ci ildə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırğını yerinə yetirərkən düşmən tərəfə əməliyyata gedirdik. Döyüşçülərimizdən birinə kömək etməyin lazım olduğunu eşitdim, onun yanına yüyürməyə başladım. Ona kömək etmək istəyndə, patlayış baş verdi. Yerə yıxıldım, əlimi ayağıma atanda gördüm ki, ayağım yoxdur, əlim sümüyə dəydi. Artıq ayağım yox idi. Sonra geriyə öz tərəfimizə doğru sürünməyə başladım. Bu an üzümdən istilik keçdi, baxdım ki, gözüm də qan içindədir.
- Müalicə dövrü necə keçdi?
-Yaralandıqdan sonra 41 gün hospitalda yatdım. Şükür Allaha bizim üçün nəzərdə tutulan nə var idisə, lazım olan bütün tibbi yardımlar olundu. Bu günlər mənim sağalmağımda hospitalın həkimləri bir vəsilə oldular. Allah bütün həkimlərin canını sağ eləsin, onlar bizlərə çox vicdanla xidmət edirlər.
- Sağaldıqdan sona Türkiyənin baş naziri ilə görüşmək imkanınız oldu..
-Bəli, biz Türkiyənin baş naziri Binəli Yıldırımla görüşdük. Onun ən çox yadımda qalan ən çox sevdiyim sözü - "inşallah, bir gün Qarabaq da düşmənlərdən təmizlənər" oldu. Həqiqətən də çox qürurlandım. Bizim Türkiyənin yanında olduğumuz kimi Türkiyənin də bizim yanımızda olduğunu görəndə çox sevindim, fəxr etdim. Bunu bu gün də görməkdəyik.
- Sizcə, vətənpərvərlik nədir?
-Vətənpərvərlik vətəni qorumaqdır, vətəni sevmək, xalqını, millətini sevməkdir. Vətənə xidmətdir, vətəni qorumaqdır. Xalqına, millətinə vicdanla xidmət etməkdir. Vətənpərvərlik təkcə hərbi forma geyinib səngərə girmək, səngərdə durmaqla deyil. Hər bir sahədə millətinə, xalqına vicdanla xidmət etməkdir vətənpərvərlik.
- Aprel döyüşlərinin gedişini necə izləyirdiniz?
- Aprel döyüşləri zamanı mən ordumuzun gücünü, döyüşən oğullarımızın, əsgərlərimizin qəhrəmanlığını bilirdim. Heç vaxt düşünmürdüm ki, düşmən bizə qalib gələ bilər, bizi məğlub edə bilər. Mən ordunun içindən çıxmışdım və bilirdim ordumuzun gücünü. Buna görə həyəcanlanmırdım. Zərrə qədər də ağlımdan keçirmirdim ki, düşmən bizə qalib gələ bilər. Ona görə çox istəyirdim ki, orada olum , mən də düşmənə qarşı döyüşüm. Hərbiçi yoldaşlarıma zəng vuranda da onlar olmadığını və Azərbaycan ordusunun yerində olduğunu söylədilər.
-Yenə döyüşmək istərdiniz?
-Əlbəttə ki, mən hır zaman döyüşə hazıram. Hər zaman cəbhəyə gedib orada əsgərlərimizlə birlikdə olmağa hazıram, onlarla çiyin-çiyinə döyüşməyə, düşmənə qarşı vuruşmağa hazıram. Bir sözlə, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən şanlı döyüşlərin hər birində iştirak etməyə hazıram.
- Sizcə, şagirdlərimizin vətənpərvərlik tərbiyəsi necə aparılmalıdır?
- Vətənpərvərliyi şagirdlərimizə şüurlu şəkildə başa salmalı, öyrətməliyik. Yəni vətən nədir? Şüurlu şəkildə odur ki, bu məsələ ötəri yox, şüurlu surətdə şagirdlərimizə aşılanmalıdır. Yəni vətən qorunmalıdır. Vətənin üzərində biz yaşayırıq, vətənin üzərində sənin valideynlərin yaşayır, anan-bacın yaşayır. Yəni vətən qorunmağa ehtiyacı olan ən başlıca varlıqlardan biridir. Bu gün vətənimiz olmasa, xalqımız, millətimiz də olmaz. Bu gün vətənimiz olmasa, ana-bacımız da olmaz. Bu şeyləri onlara şüurlu şəkildə başa salmaq lazımdır.
Oruc MUSTAFAYEV
   


Tarix: 10-05-2018, 11:42

Xəbəri paylaş