Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəb tətilinin düzgün təşkili

 

Məlumdur ki, ümumtəhsil müəssisələrində məktəb tətilinin düzgün təşkili  hər hansı təhsil ocağının uğurlu fəaliy­yətinə təsir edən amillərdən biridir.  Məktəb tətilinin təşkili müxtəlif ölkələrdə fərqlidir. Bu sahədə mübahisələr də mövcuddur.  Hansı tətil sistemi daha yaxşıdır?  Hər bir ölkədə məktəb tətilinin təşkilinin öz çatışmazlıqları  var.
Bəs, dünyanın müxtəlif  ölkələrində  məktəb tətili necə qurulub, onlar şagirdləri və onların valideynlərini  qane edirmi?  Məlum olub ki, fransızlar daha çox istirahət edir, daha  az tətil isə Türkiyədədir.  Çox sərt qaydalar Belçikadadır, ən sərbəst  məktəblilər isə Rusiyadadır.

ABŞ -  hər şey müzakirə olunur

Məktəbdə tədris ili burada rüblərə bölünüb, ancaq tətillər  onlarla bağlı deyil.  Uşaqlar  ildə dörd dəfə dincəlirlər: birinci  tətil - noyabrın sonu (bir həftə),  qış - Milad bayramı günlərində  bir həftə - həftə  yarım davam edir,  yaz tətili - Pasxa ərəfəsində.  Yay tətilləri fərqlidir, ayrı-ayrı vaxtlarda başlayır və başa çatır.
Hər il məktəbdə müəllimlər və valideynlər  razılığa  gəlirlər: tətil  müəyyən edilmiş  günlərdə davam etməlidir,  qışda  şaxta havaya görə  təxirə salınan dərslər yay tətilləri  hesabına kompensasiya oluna bilər.  Dərslər avqustun sonunda  başlayır, mayın sonunda  başa çatır.
Həmçinin ABŞ məktəblərində bayram günləri də  var  ki,  rəsmi dövlət təqvimlərinə  əsasən qeyd edilir  və  onlar heç də həmişə işləyən valideynlərin  bayram günləri ilə  uyğun gəlmir.  Məsələn, Kolumb və ya Martin Lüter Kinq Gününü bir çox özəl şirkətlər bayram etmir, dövlət müəssisələrinin  isə hamısı bağlı olur, buna görə də valideynlərin bir qismi işə getməli, uşaqlar  isə istirahət etməlidirlər. Bundan əlavə, Institution Days  adlı təsisat  (ixtisasartırmaya bənzər) qurumu var ki,  müəllimlər məktəbdə  işləyirlər,  uşaqlar isə evdə qalır.   Dərs məşğələlərinin  olmadığı günlərdə valideyn konfransları keçirilir ki,  müəllimlər bütün günü yarım saat ərzində ilkin yazılış  əsasında  ailələri qəbul edirlər, bu,  hansısa  fərdi sualların  müzakirəsi üçün lazımdır.  Tətildən əvvəl və ya sonra bir-iki gün icazə almaq adi işdir.  Çünki işləyən amerikalıların haqqı ödənilən məzuniyyət günlərinin sayı ildə orta hesabla 10 iş günü davam edir,  buna əlavə olaraq hansısa  şəxsi məsələlərə görə 3-6 gün  icazə verilə bilər.  Buna görə məzuniyyətlər, əsasən, böyük bayramlar "ətrafında", uzun istirahət günlərinin olduğu vaxtlarda   götürülür:  Milad bayramı,  Müstəqillik Günü, Memorial, Əmək bayramı və s. Yay tətilini uşaqların əksəriyyəti evdə keçirir, çünki düşərgələr kifayət qədər bahalıdır, nənə-babalar isə kifayət qədər  sərbəstliyə meyil edirlər.  Əgər yaşlı nəsil  bütün yay ərzində uşaqları qəbul etməyə  hazırdırsa, onda bu o deməkdir ki, onlar uzaqda yaşayırlar və nadir hallarda doğmaları ilə görüşürlər.  Və heç kəs xüsusi olaraq  şikayət etmir və insanların xoşuna gəlir ki, məktəbdə hər şeyi  müzakirə etmək olar.

Finlandiya:Yeni il bayram deyil
  
 Finlandiyada mühüm tətillər Milad günlərinə,  22 dekabr - 8 yanvar  tarixlərinə  təsadüf edir.  Bu  günləri  yeni il hesab etmək olar, çünki Yeni il bu ölkədə ailə bayramı hesab olunmur  və bu gündən sonra böyüklərin bir istirahət günü qalır. Bundan əlavə, fin şagirdlər qışda, fevralın sonlarında bir həftə dincəlirlər.  Martın sonu və ya aprelin əvvəllərində Pasxa bayramı ilə əlaqədar bir neçə gün tətil verilir.   Yay tətili adətən iyunun 1-dən avqus­tun ortalarına kimi davam edir. Oktyabr ayında da birhəftəlik istirahət verilir. Finlandiyada dərslərdən qalmaq yolverilməzdir.  İsveçdə də tətillər Finlandiyada olduğu kimidir.

Almaniya: hava limanlarında polis yoxlamaları
 
 Almaniyanın müxtəlif regionlarında tətillər  magistral yollarda böyük tıxacların yaranmaması üçün müxtəlif  vaxtlarda başlayır, çünki tətil günlərində almanların böyük qismi səfərə çıxır. Uşaqlar və yeniyetmələr məktəbin tipindən asılı olmayaraq  ildə 75 gün dincəlmək hüququna malikdirlər.   Həmçinin  bir neçə boş  günlər  də var ki,  təhsil  idarələri və məktəb direktorları tərəfindən öz istədiklərinə uyğun tətil günü kimi təyin edilə bilər.  Yay tətilləri 1 iyul -10 sentyabr  arasında keçməlidir, ancaq dəqiq tarixlər  regional prinsip üzrə  təyin edilir. Almaniyada  valideyn və uşaq­ların birgə  istirahət etdiyi tətillər yalnız Pasxa  və Milad günlərinə təsadüf edir.  Valideynlər və uşaqlar tez-tez şikayət edirlər ki, bu sistem rahat deyil, çünki  ölkənin digər torpaqlarında yaşayan dost və qohumlarla birgə istirahəti planlaşdırmaq mümkün deyil. Almaniya məktəblərində dərs buraxmaq olmaz, bu qaydaya ciddi nəzarət var.  Tətillərdən əvvəlki  son tədris günündə hava limanlarında  polis tərəfindən yoxlamalar keçirilir, uşaqlar hökmən məktəbdə olmalıdırlar.   Uşağı məktəbdən  "azad etdirmək üçün"  əsaslı  səbəb lazımdır,  toy və ya dəfnlər. Və direktorun icazəsini də almaq tələb olunur.

İsrail:  məktəblilər ofislərdə

İsrail məktəbliləri yayda iki ay -   iyul  və avqustda, yuxarı sinif şagirdləri bir həftə artıq olmaqla dincəlirlər. Qış və yazda bir həftəlik tətillər də var.  Bundan əlavə, İsraildə uşaqların məktəbə getmədikləri çoxlu sayda dini bayramlar var. Tam demək olar ki, bir rüblük tətil günlərindən ibarətdir.  Bütün payız mövsümü sonsuz istirahət günləridir. Məktəbi  xəstəliklə əlaqədar arayışsız 3 günlüyə buraxmaq olar.  Valideynlərin çoxu tətil günlərinin  həcmindən çox  narazıdır, onlara elə gəlir ki,  uşaqlar həddən artıq çox dincəlirlər, həm də ki, bağçalarda da tətillər  var.  Buna görə də valideynlər  uşaqları özləri ilə  işə götürməli olurlar. İş yerində isə hər şey normaldır,  iri şirkətlərin ofisində uşaqlar daim oynayırlar,  onları buraya  direktorlardan  tutmuş mühafizəçilərə qədər hamı gətirir.   Həmçinin tətillər zamanı məktəblərin nəzdində olan uşaq düşərgələri  də işləyir.
 
Fransa: dərs buraxmağa görə uşaq ailədən alına bilər
 
   Fransa məktəbləri 1 sentyabrdan işləməyə başlayır.  Müxtəlif regionlarda tətillər  Milad  və Pasxadan (onlar hər yerdə üst-üstə düşür) başqa müxtəlif günlərdə keçir.  Ölkə sektorlar üzrə  bölünmüşdür  və hər il xüsusi təqvim buraxılır, orada kimin nə vaxt dincələcəyi göstərilir.  İyulun birinci həftəsindən sonra tədris ili başa çatır.  Payız tətilləri oktyabrın son həftəsindən başlanır və iki həftə davam edir. Tarixlər bir qədər uzana bilər,  amma 31 oktyabrda hamı mütləq  din­cəlməyə başlamalıdır. Çünki bu anım günüdür və hamı  qəbiristanlıqlara gedir. Milad tətilləri bütün ölkə üzrə eyni tarixlərdə,  24 dekabrda başlayır və 5 yanvarda qurtarır.  Sonra  fevralda  uşaqlar iki həftə oxumurlar və sonra  Pasxa bayramında daha  iki həftə   dincəlirlər.  Fransız uşaqlar tez-tez, lakin az-az dincəlirlər.  İbtidai məktəbdə isə çərşənbə günü də istirahət günüdür.
Səyahətlərə və uşaq tədbirlərinə qiymətlər, əlbəttə, tətil günlərində " uçur".  Hamı bilir ki, valideynlər  uşaqları məktəbə aparmamaq  hüquqlarına  malik deyillər. Mühacirlərə kurslarda  xəbərdarlıq edirlər: uşaqlar hökmən dərslərdə iştirak etməlidirlər, buna görə də məsuliyyət valideynlərin üzərinə düşür. Əgər məktəbli dərs buraxırsa, onu aşağıdakı əsasla ailədən götürə bilərlər: " Əgər ailə öz uşağına nəzarət etmək vəziyyətində deyilsə, bu işlə dövlət  məşğul olacaq".

Türkiyə: istirahət üçün  vaxt çatışmır

Türkiyədə il ərzində  uşaq­lar yalnız bir dəfə  -  fevralda dincəlirlər, tətil  2 həftə davam edir.  Uşaqlar daha sonra iyunun ortalarından sentyabrın ortalarına qədər 3  ay müddətinə istirahətə buraxılırlar.  Məktəb dini  bayramlarda -  Qurban və Ramazan bayramlarında işləmir.  Bayram tətilləri ümumilikdə  2 həftə  davam edir.  Daha 5 dövlət bayram günləri var ki, hamı kimi məktəblilər də istirahət edir. Problem ondadır ki, bayramların əksəriyyəti yay aylarına, məktəbli tətillərinə  təsadüf edir. Valideynlərin bir çoxu hesab  edir ki, bu cür sistem uşaqları yorur,  il ərzində istirahət üçün  vaxt çatışmır: uzunmüddətli yay tətilləri və qışda bir neçə həftəlik istirahət günləri əvəzinə  payız və yazda bir həftəlik fasilə verilməsi yaxşı olardı. Türkiyədə  həkim arayışı olmadan  xəstəliyə görə  özbaşına dərs buraxmaq  il ərzində 10 gündən artıq ola bilməz.  

Belçika: tətillər istirahətə səbəb kimi 

Belçikada yay tətilləri 1 iyuldan, tədris ili  isə avqustun son həftəsindən başlayır. Tədris ili ərzində ölkə üzrə  tətillər eyni tarixlərdə keçir: payız tətili 1 noyabrdan (bir həftə), Milad tətili — 23-24 dekabrdan (üç həftə), qış tətili fevralda (bir həftə) və yazda  Pasxa tətili (iki həftə) olur.  Tətillərdən əvvəlki son günlərdə tədris günü azaldılır,  uşaqlar həftədə 12 saata qədər oxuyurlar. Bayramlar çox azdır, amma bir neçə  pedaqoji günlər var ki,  məktəbə yalnız müəllimlər gəlirlər. Belçika məktəblərində dərs buraxma hallarına çox ciddi baxırlar.  Təhsil müəssisələrini hətta xüsusi orqanlar yoxlayır: məsələn, ABŞ-a nənəsinin dəfn mərasiminə yollanan məktəbli qız dərs buraxdığına görə oxuduğu  təhsil müəssisəsi cərimə olunub. Hətta bu fakt belə üzrlü səbəb hesab edilmir. Dərsdən buraxılmış hər günə görə valideynlər  inandırıcı arayışlar  əsasında izahat yazmalıdırlar.  Qanunda həmçinin yazılmışdır ki, əgər uşaq məktəbdə bir il ərzində 10-dan çox gün olmayıbsa,  ona ilin sonunda müəllimlərin qərarı ilə keçid imtahanı verməyi və ya ikinci ilə qalmağı  təklif edə bilərlər. Əgər uşaq həqiqətən xəstələnibsə, bu əhəmiyyətsizdir. Valideynlər, əl­bəttə ki, qəzəb­lənirlər,  amma bu  qaydadır.

Şotlandiya 
(Böyük Britaniya): vaxtından əvvəl uşağı məktəbdən  aparmaq rəsmən 
qadağandır

Şotlandiya məktəblərində tədris ili ərzində tətillər - payızda, qışda və yazda iki həftə  davam edir.  Yay tətilləri  isə regiondan asılıdır, bir qayda olaraq, onların müddəti  təxminən altı həftədir.  Tədris ili  təxminən avqustun ikinci yarısında başlayır və iyulun başlanğıcında qurtarır, amma dəqiq tarixləri  region seçir. Şotlandiyalı valideynlər  tətil sisteminə fərqli yanaşırlar. Uşağını kiməsə qoymağa imkanı olanlara elə gəlir ki,  altı həftə çox azdır.  İşləyən valideynlər, əksinə, hesab edirlər ki, uşaqlar həddən artıq çox dincəlirlər: onlara bütün vaxt nəsə fikirləşmək və düşərgələrə və ya dayəyə böyük miqdarda pul xərcləmək lazım olur.  Əlbəttə, tətillər zamanı mehmanxanalar və əyləncələrə biletlər adi günlərdəkindən  çox  baha başa gəlir. Heç bir səbəb olmadan vaxtından əvvəl uşağı məktəbdən aparmaq rəsmən qadağandır.
Amma bir neçə il əvvəl qəzetlərdə belə bir məhkəmə prosesini təsvir edirdilər: qaydalara məhəl qoymadan uşaqları  tətildən bir həftə əvvəl  məktəbdən ayırmış  valideynlər və onları  cərimələyən yerli administrasiya  arasında məhkəmə  davası gedirdi.  Və ailə məhkəmə prosesini udmuşdu.   Bu hadisədən indi valideynlər sui-istifadə edirlər ki, uşaqları bir neçə günlük də olsa tətilə çıxa bilsin.  Bunun üçün məktəb direktoruna  xəbərdarlıq məktubu yazmaq lazımdır  (həm də  xahişlə yox,  belə olan halda direktor  rəsmən müraciətinizi rədd etməlidir). Ancaq regionda heç kəs icazə vərəqələriylə sui-istifadə etmir. Kəskin respirator virus infeksiyaları (ORVİ) xəstəlik hesab edilmir, rotavirus infeksiyası varsa uşaqlar məktəbə getmirlər. Bununla belə,  təhsil müəssisələrində virus infeksiyalarının kütləvi epidemiyası yoxdur. Şotlandiyada məktəblərin bağlandığı  bayramlar yoxdur.  Sadəcə ildə iki dəfə bir neçə gün olmaqla  yerli hakimiyyət orqanları tərəfindən tətil günləri  təyin edilir. Bu zaman  istirahət günləri  cümə günü  və bazar ertəsi ilə birləşdirilir. İngiltərədə də oxşar tətil  sistemi var, yalnız vaxtla  fərqlənir.

O.MUSTAFAYEV