Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ÜMİDLƏRİN DOĞRULAN YERİ

 

«Anam buraları tanımır, tanısaydı gəlib məni aparardı…»

Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən «Ümid Yeri» Uşaq Sığınacağına daxil olarkən ilk rastlaşdığım mənzərə həyətdə oynayan uşaqlar oldu. Onlarla yaxından tanış olmağa başladım. Bağrıma basıb doyunca öpdüm və adlarını soruşdum. Kədərli, bir az da soyuq baxışları ilə Ayan, Pərvin, Anna, Nuray deyib yenidən öz oyunlarına davam etdilər. Sən demə, bu uşaqlar hər qapı açılanda artıq yuxularına qonaq gələn, həsrətini çəkdikləri analarının ola biləcəyini xəyal edirlər. Mən isə öz gəlişimlə onların budəfəki xəyallarını deyəsən özüm də bilmədən puç etdim...
Yaraşıqlı, gözlərində dərin məna olan bir uşağa yaxınlaşıb adını, yaşını soruşdum. Taleyin ona yaşatdıqlarına görə utana-utana astadan – “Adım Pərvindi, 13 yaşım var” - dedi.
- Pərvin necə oldu ki, bu sığınacağa gəldin?
- ...
Cavab vermədi. Əslində, onun nələr yaşadığını tam anlaya bilməzdim. Sadə bilib ona verdiyim sualımın cavabının nə qədər mürəkkəb olduğunu sığınacağın dəhlizinə sığınaraq məsum baxışları ilə sanki mənə izah etdi.
4 yaşlı Ramin isə yaddaşımda ömürlük iz buraxdı. Onu bura hələ 2 yaşı tamam olmadan gətiriblər. Ramin asta-asta mənə yaxınlaşdı. Başına tumar çəkib qucağıma götürdüm. Elə bu andaca qollarını boynuma sarıb məni möhkəm qucaqladı. Mən ondan yemək yediyini soruşdum. Sualıma əhəmiyyət vermədən bir az da möhkəm sarıldı mənə. Sığınacağın müəllimi Vüsalə xanım dedi ki, o uşaq ancaq qucaq istəyir... Əlbəttə ki, dörd yaşlı uşağa hava kimi, su kimi ana qucağı, ana nəfəsi, ana məhəbbəti əsl qidadır.
Anjelika isə deyir ki, ögey anam mənə çox işgəncə verirdi, sonra da məni polis bura gətirdi. 8 yaşım var. Burada hər şey yaxşıdı. Çarpayımı, oyuncaqlarımı çox sevirəm. Sonra birdən gözlərini bir nöqtəyə zilləyib – “öz anam buranı tanımır, tanısaydı gəlib məni aparardı” - dedi. Allahın bəxş etdiyi əmanətə sahib çıxmağı bacarmayan bir ananın qəlbində mərhəmət hissi də ola bilməz.
Sığınacağın hələ tam danışmağı bacarmayan ən kiçik sakini olan 2 yaşlı Mələyi görən kimi bağrıma basıb özümdən ixtiyarsız suallara qərq etdim. Necəsən? Neçə yaşın var? Səni bura kim gətirib? Bura xoşuna gəlir?.. Mələk, istəyirsən anan səni aparsın – sualımı tam bitirməmişdim ki, “Həəə, gəəlsiin, aparsın” deyərək körpə baxışlarını üzümə zilləyərək valideynlərinin səhvinin cəzasını yaşadığını hiss etdirdi mənə. Ağlayacağını hiss edib daha sual vermədim ki, təki, Mələyin ana axtaran gözlərindən yaş süzülməsin. Belə bir deyim var ki, uşağın göz­yaşını silməyən valideyn özü də ağlar qalar. Görəsən, 2 yaşlı bu körpə yanında qaranlıq gecələrdə ana olmadan necə yuxuya gedir – sualıma isə hələ də özüm cavab axtarıram.

«Ümid»lərin ümid yeri
Təxminən 25 yaşlarında olan qarayanız bir oğlan da vardı sığınacağın həyətində. Onu kimsə Ümid deyə çağırdı. Adının Ümid olmasına görə ona yaxınlaşdım. Gözlərində qəribə bir sevinc hissi vardı bu oğlanın. Adımı Nigar ana Ümid qoyub dedi.
- Bəs sənin əsl adın nədir?
- Əsl adımdı Ümid. Sənədlərimə də baxa bilərsiz. Nigar ana mənə sığınacağın adını verib ki, həmişə ümidli olum bu həyatda. Bu ad doğrudan da mənim arzularımı, ümidlərimi çin edir. Mən bura 4 yaşında olarkən gətirilmişəm. Nigar anaya zəng vurub deyiblər ki, Bakıda qaraçıların diləndiyi məkanlardan birində qaraçı olmayan bir uşağı zorla diləndirirlər. Nigar ana bu barədə polisə məlumat verir. Polis də məni qaraçılardan alaraq bu sığınacağa gətirir. Qaraçıların mənə yaşatdığı psixoloji travmalar səbəbindən buradakı uşaqlara qaynayıb-qarışa bilməmişəm. Sənədlərimi qaydaya salandan sonra övladlığa verilmişəm. Hər şeyə görə Nigar anaya minnətdaram. Heç nəyim olmayıb mən sığınacağa gətiriləndə. İndi isə orta məktəbi bitirdikdən sonra maşın təmiri peşəsinə də yiyələnmişəm. Mənim taleyimdə qəribəlik də var. Övladlığa verilməyimə baxmayaraq, öz ata-anamın kim olmasını düşüncələrimdən kənarlaşdıra bilmədim. Və bu düşüncəmin ən böyuk arzum olduğunu Nigar anaya bildirdim. Mənə kömək edəcəyinə söz verdi. Və sözünün üstündə durdu da... Mən artıq əsl ailəmin yanındayam. Bura isə mənə həyatda yaşamaq üçün qol-qanad olan Nigar anamı ziyarətə gəlirəm. İndi hər şey yaxşıdır, lakin qaraçıların məni ailəmdən oğurlayaraq dilənməyə məcbur edərkən bədənimə, başıma vurduğu damğalar mənə keçmişimi xatırladır.
 
Bütün arzularını, peşəsini küçə həyatı yaşayan uşaqların xoşbəxtliyinə qurban verən jurnalist

Uşaqlarla söhbət edə-edə «Ümid Yeri» Uşaq Sığınacağının rəhbəri Nigar xanım Mənsimovanın otağına yaxınlaşdım. İlk dəfə gördüyüm bu xanımın parlaq əməllərinin əksi simasına da yansımışdı. Söhbətə «Ümid Yeri» Uşaq Sığınacağının yaranma tarixindən başlayan Nigar xanım onu vurğuladı ki, bu sığınacaq yarananda, ümumiyyətlə, sığınacaq haqqında təsəvvürlər belə yox idi Azərbaycanda. İlk illər cəmiyyətə bu fikri çatdırmaq elə də asan olmayıb. Hətta qınayanlar da olub ki, dövlətin uşaq evləri, internatları var. Nigar xanım deyir ki, bizi qınayanlara küçədə yaşayan uşağın birbaşa uşaq evlərinə yerləşdirilməsinin düzgün olmadığını izah etdik. Bildirdik ki, küçə həyatını yaşayan uşaqlar bir neçə xəstəliklərin daşıyıcılarıdır, onların sənədləri yoxdur, psixoloji durumları yerində deyil. Və bu uşaqların mutləq bir sığınacaq evində normal həyata adaptasiyaları üçün bir məkanda olmaları lazım idi. Xeyli sayda uşaqların bu kimi problemlərinin həllini həyata keçirə bilən bir məkana, cəmiyyətə ehtiyac var idi. Biz bu ehtiyacı çox vaxtında hiss etdik və bu sığınacağı yaratdıq.
Nigar xanım sığınacaq yarandığı ilk aydaca birdən-birə 50-60 uşağı küçədən yığa bilib. Bu uşaqları gecə saat 12-dən sonra küçə reydlərinə çıxaraq yığıb. Çünki, uşaqlar dəmiryolu vağzalı, avtovağzal, parklar, bulvar kimi məkanlarda gecələdiyindən həmin yerlərə də gecə saat 12-dən sonra gəlirmişlər. Nigar xanım uşaqlarla ünsiyyət qurmağa çalışaraq, onları bura gətirib çıxaran səbəbləri öyrənir və həmin uşaqlar arasında təbliğat apararaq onları o məkanlardan qoparıb sığınacağa gətirməyə nail olub. Əsas işlər isə uşaqlar bura gələndən sonra başlayırmış.
Jurnalistikanın ən yüksək nöqtəsinə öz bacarığıyla, qabiliyyətilə, zəhmətilə gəlib çıxaraq jurnalist olmaq arzusunu həyata keçirib Nigar Mənsimova. Televiziya sahəsindəki işi çox faydalı, maraqlı, hətta hər bir jurnalistin həsəd aparacağı bir mərtəbədəymiş. Küçə uşaqlarıyla rastlaşandan sonra bütün həyat istiqaməti dəyişir bu qadının. “Mən bütün arzularımı küçə həyatı yaşayan uşaqların xoşbəxtliyinə qurban verdim. Jurnalistlərimiz, jurnalist ola bilən adamlarımız çoxdu. Ancaq küçədə olan yetim, kimsəsiz, başı bitli, xəstə uşaqların yaralarına məlhəm sürtərək onlara ürəkdən gələn məhəbbəti verən, üzünü güldürməkdən zövq alan insanlar çox azdı” deyir. Arzularıyla bağlı özünə hesabat verərkən dərk edir ki, jurnalist olmaq arzusunun yarımçıq qalması taleyin qismətiymiş. Nigar xanım deyir ki, Allah məni bu işi icra etmək üçün yaradıb. Bu ömrü, bu boyda missiyanı mənə nəsib edən Allaha min şükür olsun”. Öz arzularını qurban verərək bu fədakarlığı daha vacib hesab edən Nigar Mənsimova ətrafına da bir-iki xanım toplayaraq yaratdığı sığınacağın həm rəhbəri, həm xadiməsi, həm tibb bacısı, həm aşpazı, həm də müəllimi olurlar. “Bura o qədər məhəbbət, sevgi qoymuşam ki, mənim üçün ən hörmətli uşaqlar buradakı uşaqlardı” deyir Nigar xanım. Özümü burada daha çox lazım bilib doğma övladlarımın vaxt payından, məhəbbət payından kəsib bu uşaq­lara vermişəm deyərək onu da bildirdi ki, həmişə fikirləşirdim ki, mənim övladlarımın atası, anası var, onların heç nəyə ehtiyacları yoxdu.
Bəli, ailəsini, övladlarını məhəbbətdən, sevgidən kəm edərək, onların qəlblərindəki ana məhəbbətinin yerini tam doldurmayan bu xanım bu gün öz doğma övladlarının qarşısında özünü borclu bilir.
   
  Özü balaca, dərdi böyük uşaqların ümid yeri belə yaranıb

  1996-cı ilin sonları imiş. Jurnalist Nigar Mənsimova rəfiqəsilə Dənizkənarı Parka gedərkən təsadüfən bir qrup küçə həyatını yaşayan uşaqlarla rastlaşır. Havanın qaralmasına baxmayaraq, bu uşaq­ların burada təkbaşına, sərbəst gəzmələri onda maraq oyadır. Onlara yaxınlaşaraq söhbət etməyə başlayır. Uşaqlar küçədə yaşadıq­larını deyiblər, hətta onlar arasında ən kiçiyi olan Kamilin “biz burada yatırıq, bax, o damın üstündə” deməsi ilə göz yaşlarına hakim ola bilməyib Nigar xanım. “Kamil, səni öz evimə aparsam gedərsən?” – deməsinə uşaq heç fikirləşmədən cavab verib ki, “Xeyr. Burda dostlarımı qoyub getmərəm xala”. “Bəs dostlarını da aparsam gedərsən?” - sualına isə: “Biz soyuqda küçədə yatırıq, əlbəttə gedərik” - deyib. Kamil adlı bu uşağın sözlərində çox böyük bir həqiqət var idi. Bir uşağın xilası küçədəki bütün uşaqların xilası deyil axı. Demək olar ki, ideya buradan yaranmağa başlayıb...
... Sığınacaq evini rəsmi qeydiy­yatdan keçirərək yer götürdükdən sonra yenidən rəfiqəsilə gecə saatlarında həmin uşaqları axtarmağa getsə də, tapa bilmir. Dənizkənarı sahili bütün günü axtaran Nigar xanım yorulub bir kənarda əyləşir. Birdən küçə uşaqlarından ikisi dənizkənarı sahildə peyda olur...
Bu uşaqları dənizkənarı sahilə təlatümlü dalğaların qoynunda ləpələr gətirdi sanki. Bu ləpələr ümid nişanəsi imiş. Ümid Allaha inamdır. Ümid insan ruhunu qanadlandırıb həqiqət aləminə aparan nur nişanəsidir. Oyuncaqla oynayan vaxtlarında taleyin oyun­cağına çevrilən özü balaca, dərdi böyük müxtəlif yaşlı uşaqları Tanrı yenicə yaradılan «Ümid Yeri» ilə müjdələyir...

 20 il ərzində 5 min uşaq küçə həyatından xilas edilib  

  Nigar xanım deyir ki, sığınacaq üçün götürdüyü yerin təmirə ehtiyacı olduğundan rastlaşdığı ilk iki uşağı - Səbuhi və Elmanı öz evinə aparıb. Özü də bilmədən Nigar xanımı düz 20 il əvvələ qaytarmışdıq. Deyir ki, Səbuhini ilk gördüyüm gün indiyədək yadımdadır. Soyuq havada cırıq rezin şəpiyi tellə bağlayaraq ayağına geyinən Səbuhinin əynindəki paltarların əsl rəngi çirkdən bilinmirdi. O, maşın təmir olunan yerdəki çuxurda gecələyirmiş... Səbuhinin taleyini danışaraq kövrələn Nigar xanım deyir ki, 20 il öncə də kövrəlmişdim bu taleyə. Küçədə yaşayan atılmış, kimsəsiz, ümidləri hər yerdən kəsilən uşaq­ları öz evinə aparıb onları çimizdirib, təmiz paltar, isti yeməklə təmin edən bu qadın, sözün əsl mənasında, bir ümid yeri olub. Nigar xanım deyir ki, sığınacağın binasının təmirə ehtiyacı olduğundan uşaqları bir müddət evində saxlayıb. Sonra “Azərcell” şirkətinin ilk prezidenti bu təmiri öz üzərinə götürüb. Təmir qutarandan sonra sığınacağa gələn şirkət rəhbəri Nigar xanıma təşəkkür etdiyini bildirərək «Çox sevindm Nigar xanım. Təmir üçün ayırdığım vəsaitdən siz qənaətlə istifadə edib, hətta avadanlıqlar da almısınız” deyib. Sonra şirkət uşaqların müəyyən ehtiyaclarını ödəmək üçün aylıq vəsait də ayırıb. Düz 15 il bu şirkət «Ümid Yeri» Uşaq Sığınacağına dəstək olub. Çox böyük fədakar əməyin nəticəsində 20 il ərzində 5 min uşaq küçə həyatından xilas edilib. 50 nəfər tutumu olan bu sığınacağa hazırda 60-a yaxın uşaq yerləşdirilib.  

 Onun var-dövləti xilasında iştirak etdiyi uşaqlardır

  Mən sığınacaqda olarkən anladım ki, burada çalışmaq böyük fədakarlıq, cəsarət və güc tələb edir. Çünki, əzizləri üçün burnunun ucu göynəyən bu fidanların hər gün kədərli, acılı, nəmli baxışları ilə göz-gözə gəlib kövrəlməmək, onlara yeni həyatlarında qol-qanad olmaq cəsarəti tələb edir. Həm də buradakı hər bir uşağın acı həyat hekayələrini dinləyərək, o uşaqları həmin hekayənin içindən qırmadan, əzmədən qopara bilməyi bacarmaq qədər çox güclü bir cəsarət tələb edir. «Ümid Yeri» Uşaq Sığınacağı 20 yaşını artıq geridə qoyur. “Biz bu sığınacaq boşluğunu doldurmaqdayıq hələ də. Çünki, bütün dövlət strukturları - icra hakimiyyətləri, polis idarələri uşaqların yerləşdirilməsi ilə bağlı bizə müraciətlər edir” – deyən bu qadın yoxdan bir var yaratdığı üçün çox sevinclidi. Uşaq­ların qarşısında çöhrəsindən təbəssümü əskik etmir bu xanım. Gözlərinin içi gülsə də, bu körpələrin talelərinə ürəyində ağlayır Nigar ana. Sığınacaq adlandırdığım «Ümid Yeri»ni özlərinə isti ocaq hesab edən bu uşaqlar, buranın rəhbərini də ana deyə çağırırlar. Bu mənzərə qarşısında insan sanki lal olur. Ancaq bu körpələrə, Allahın bir lütfüdir ki, bu qadını – Nigar ananı onların qarşısına çıxarıb. Bu qadın bugünədək böyüdüb ərsəyə gətirdiyi 5 minə yaxın uşağın hər anını xatırlayır. Hətta sığınacaqdan ayrılandan sonra belə onların taleyi ilə maraqlanır. “Sığınacaqdan ayrılan uşaqları təsadüfən haradasa görəndə onlardan necə yaşadıqlarını soruşuram. Mənə “Nigar ana, çox xoşbəxt ailəm var sizin zəhmətinizin sayəsində” deyəndə uşaq kimi sevinirəm, qəhərlənərək Allaha şükr edirəm. Mənim var-dövlətim xilasında iştirak etdiyim uşaqlardı”.

 Hər bir uşağın məhəbbətə ehtiyacı var  

  Atılmış  uşaqlar daim zəif, cəmiyyətdən təcrid olunmuş, atalı-analı uşaqlara həsəd  hissi ilə yanaşırlar. Bu uşaqların özünə inamı zəif olduğundan onların həyatda mövqe tutmaları çox çətin olur. Ancaq «Ümid Yeri» Uşaq Sığınacağı  bu cür psixoloji zədə almış uşaqların qayğısına qalaraq, onlarda özünə inam hissini bərpa etməyi bacarır. Buradakı uşaqlar həqiqətən də sınmış, zədəli uşaq­lardı. Ancaq hər bir uşağın məhəbbətə ehtiyacı var. Ən çətin uşağı belə məhəbbətlə bağrına basanda o uşaq ipək kimi olur. Sığınacaqdakı uşaqlar sevginin, məhəbbətin sayəsində qazanır uğurlarını. Nigar xanım deyir ki, “uşaqlar onlar üçün yaradılmış şəraitdən istifadə edərək təhsil alırlar, özləri üçün peşə öyrənirlər. Belə uşaqların gücü ilə bizim gücümüz birləşəndə çox gözəl nəticələr olur. Bakı Dövlət Xoreoqrafiya Məktəbini bitirən uşaqlar var ki, hazırda rəqs müəllimi kimi fəaliyyət göstərirlər. Hətta Rəqs Akademiyası yaradan, Azərbaycan Dövlət İqtisad Universitetini bitirən, hazırda Amerikada, Fransada yaşayan uşaqlarımız var. Ölkəmizdə yaxşı işlərdə çalışan uşaqlarımız da var. Moskvada yaşayan iş adamımız var ki, bizim sığınacaqda böyüyüb. Cəmşid Naxçıvanski adına hərbi məktəbdə oxuduqdan sonra təhsilini Türkiyədəki Ali Hərbi Məktəbdə davam etdirərək Vətəninə dönən və hazırda yüksək vəzifədə olan bir hərbiçimiz də bu sığınacağın sakini olub”.
Lakin sığınacaqlarda, uşaq evlərində yaşadıqlarını pərdələyir bu uşaqlar adətən. Bir az gizlin, bir az da aşkar olan bu pərdəni biz də bu uşaqların istəklərinə hörmət edərək qaldırmadıq. Biz bu uğurları eşidib sizinlə fəxr etdik. Qoy, bu uğurun sahiblərinə vaxtilə üz çevirənlər öz keçmişlərinə pərdə çəksinlər.
Hz.Məhəmmədin belə bir kəlamı var ki, bir yetimin başına sığal çəkənin əməl dəftərinə əlinin altındakı tükün sayı qədər savab yazılar. Heç olubmu ki, bir vaxt başına sığal çəkib qayğısına qaldığınız o kimsəsiz, atılmış uşaqlar indi sizə bu yolda dəstəkdi – deyə Nigar xanıma sual verdim. “Həmin uşaqlar arasında dəstək olanlar da var, unudanlar da var. Elə uşaq var ki, sadəcə, zəng vurub əhvalımızı soruşur, eləsi var ki, bizi ziyarət etməyə gəlir. Bu usaqların bizi unutmayıb arayıb-axtarmasını dəstək hesab edirik. Həmin uşaqların ayaqda durması bizim uğurumuzdu” dedi sığınacağın rəhbəri.

  Sonuncu övladı olmayan təkrarsız ev
 
  20 il ərzində minlərlə körpə, yeniyetmə küçə həyatından xilas edilərək Ümid Yerinin sakininə çevrilib. Bu körpələr burada böyüyüblər, arzularını reallaşdırıblar, sağlamlıqlarına qovuşublar, təhsil alıblar, mədəniyyət öyrəniblər, peşəyə sahib olublar. Çünki, bu uşaq­ların həyatda yaşamaları, nəyəsə nail ola bilmələri üçün bunlar daha vacibdir. Sakinlər arasında bu ocaqdan ağ göyərçinə dönüb gəlin köçən qızlar, vətənə borcunu layiqincə yerinə yetirən igid oğulları da var. Hərbi xidmətdən qayıdandan sonra onlara kirayə ev tutulur. Həmin uşaq­lar işlə təmin olunanadək kirayədə qaldıqları evin pulunun ödənilməsini sığınacağın rəhbəri Nigar xanım öz üzərinə götürür. Ailə həyatı qurmalarında dəstək olunur. Bura qeyri-adi, isti, təkrarsız bir evdi. Ona görə təkrarsızdı ki, bu evin sonuncu övladı yoxdu. Bu evə uşaqlar gəlməkdə davam edir. Bu qapı gecə-gündüz o uşaqların üzünə açıqdı. Nigar xanım deyir ki, Azərbaycanın ən yaxşı adamları bu sığınacaqda çalışır. Həm də böyük əməkhaqqı belə tələb etmədən təmənnasız olaraq çalışırlar.

  Sığınacaqdakı uşaqlar həm də təhsilə cəlb edilir

  Valideyn himayəsindən məhrum olaraq parklarda, vağzallarda yaşamağa məcbur qalan bu uşaqlar təbii ki, təhsil almaq hüquqlarından da məhrum olublar. Bura daxil olan uşaqların əksəriyyəti təhsildən kənarda qalan uşaqlardı. Bu hal çox ürək ağrıdır. Çünki, bu uşaqlar məktəbə gedən uşaqlara həsəd hissi ilə baxırlar. Bunların arasında 9, 11 yaşlı uşaqların olmasına baxmayaraq, hələ də 1-ci sinfə belə getməyənləri var. 20 ildir fəaliyyət göstərən sığınacaq demək olar ki, hər il bu prob­lemlə qarşılaşır. Bura daxil olan uşaqlar üçün təcrübəli müəllimləri cəlb edərək ibtidai təhsil çərçivəsində sinif yaradaraq sürətli kursnan uşaqlara dərslər keçirilir. Sonra hər il Təhsil Nazirliyinə məktubla müraciət edirlər ki, hazırladıqları uşaq­ları imtahan edərək onların hansı siniflərdə oxuya biləcəklərinin müəyyən edilməsi təşkil edilsin. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sığınacağa komissiya göndərilir. Həmin komissiyanın tərkibində uşaqların oxuduğu Bakının Binə qəsəbəsindəki 136 nömrəli məktəbin rəhbərliyi, nümayəndələri olur. Beləcə həmin uşaqları bilik səviyyələrinə görə siniflərə yerləşdirirlər. Bu modelin əsasında "Ümid Yeri» Uşaq Sığınacağı 10 ildən artıqdır ki, xeyli sayda uşağı təhsilə cəlb edib. Sığınacağın rəhbəri deyir ki: “Hazırda 13 uşağın imtahan edilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət olunub. Bu uşaqlar da məktəb yaşlarının çatmasına baxmayaraq, təhsildən yayınıblar. Bura daxil olan uşaqların hər birinin təhsil almaq arzuları var. Hörmətli təhsil naziri Mikayıl Cabbarovun 4 iyul 2017-ci il tarixli əmri ilə uzun müddət təhsildən kənarda qalmış şəxslərə ümumtəhsil məktəblərində təşkili olunan fərdi təhsil imkanları yaradılıb. Artıq bu ildən sığınacağın bir neçə uşağı fərdi təhsilə getməklə bu imkandan da faydalanmağa başlayıb. Budəfəki müraciətimizdən də müsbət cavab alacağımıza ümid edirik. Bizim uşaqları təhsilə cəlb etməkdə maneələrdən biri də, bura daxil olan uşaqların əksəriyyətinin doğum haqqında şəhadətnamələrinin olmamasıdır. Məktəb də bizdən bunu tələb edir. Bu problemi həll etmək üçün zaman lazımdı. Bu da uşağın məktəb yaşının ötməsinə gətirib çıxarır. Bu problem bizi çox narahat edir. Biz nazirlik qarşısında məsələ qaldıraraq istisna hal kimi bu uşaqların təhsildən yayınmaması üçün elə bir şərait yaradılmasını istərdik ki, bu uşaqlar təhsil aldıqları müddətdə onların prob­lemlərini həll edək. Bu problem həll olunarsa, biz çox şad olarıq”.
Bəli, bu gün bu sığınacaqda gələcəyin həkimləri, müəllimləri, idmançıları, rəssamları yetişir. Biz inanırıq ki, bu uşaqlar öz bilik və bacarıqları ilə Azərbaycanı bütün dünyada layiqincə təmsil edəcəklər.

  Fədakar müəllim –  qayğıkeş nənə

  Sığınacaqdakı uşaqlara 50 illik pedaqoji fəaliyyəti, saysız fəxri diplomları olan Ofelya Həsənova, sözün əsl mənasında təmənnasız olaraq müəllimlik və nənəlik edir. Əvvəlki illərdəki fəaliyyəti dövründə şagirdlərə dərs deməklə yanaşı, Təhsil Nazirliyində çalışmış Ofelya xanım hətta müəllimlərə də müəllimlik edib...
  Mən sığınacaqda olarkən Ofelya xanımın uşaqları məktəbə necə hazırladığını kənardan izlədim. Peşəkar müəllimliklə yanaşı, çox böyük həyat təcrübəsi olan Ofelya xanımın uşaqlara elmin sir­lərini ustalıqla, nəvazişlə, tumar çəkə-çəkə öyrətdiyinin də şahidi oldum. Qəlbi qırıq, hər an gözləri qapıda əzizlərinin yolunu gözləyən bu körpələrin nazını çəkərək onların sual dolu baxışları qarşısında dərsdə motivasiya yarada bilən Ofelya müəllimdəki bütün bu keyfiyyətlər çox böyük peşəkarlıqdan irəli gəlir. Müəllim deyir ki, mən bura öz istəyimlə gəlmişəm. Hər dəfə uşaqların gözlərindəki kədərlə qarşı-qarşıya gələndə özümü güclə toplayıb qəhərimi udmuşam ki, taleyin onlara yaşatdığı nisgili, acını hiss etməsin şagirdlərim. Ofelya müəllim  deyir ki, hər gün bu halla qarşılaşırdım. Bir gün daha dözə bilmədim. Qəti qərar verdim ki, burdan gedim... Səhhətimdə yaranan problemi bəhanə gətirərək sağollaşıb sığınacağı tərk etdim. Dayanacağa yenicə çatmışdım ki, ürəyimdə narahatlıq hiss etdim... Məni xəstəxanaya apararkən həkim yaxınlarıma komada olduğumu deyib... Xəstəxanada komadan ayılandan sonra  yenidən yuxuya getmişəm. Gördüyüm yuxunun təsirindən ayılan kimi bu sözləri demişəm “İlahi, mənə ömür ver, məni yaşat! Yaşat ki, yenidən o körpələrin nənəsi, müəllimi olum”. Yuxuda qeybdən gələn bir səs mənə “Sağ ikən cənnəti qazanmışdın. Allaha dua et ki, yenidən bu cənnəti sənə bəxş etsin” dedi. Və mən yenidən nənəyəm, müəlliməm. Bu yaşıma kimi təhsil sahəsində müxtəlif vəzifələrdə çalışmışam, Bakıdakı 7 nömrəli pilot məktəbində ibtidai siniflər üzrə direktor müavini işləmişəm, nə qədər mükafatlar almışam. Demək, Tanrı mənim taleyimə bu yaşımda sığınacaqdakı uşaq­ların əllərindən tutub onlara yazmağı, oxumağı öyrətməyi də nəsib edib. İndi isə mənim üçün ən ali mükafat bu uşaqların uğurlarıdı.  

Xeyirxah əməl sahibləri insanlığın inciləridir

  Minlərlə kimsəsiz uşağa ana olan Nigar xanım, söhbətimizin sonunda sizə bu müqəddəs, şərəfli və məsuliyyətli işlərinizdə uğurlar, uzun ömür, sağlam can, qadın xoşbəxtliyi arzulayırıq. Bəs sizin necə, təşəkkür etmək istədiyiniz kimlərsə varmı?
– Bəli, var. Bir vaxtlar yetim, kimsəsiz, atılmış uşaqlara cəmiyyət arasında soyuq münasibət vardı – çox sevdiyim birinci xanım Mehriban Əliyeva internat evlərinə, uşaq evlərinə qarşı cəmiyyətdəki bu soyuq münasibəti tamamilə dəyişdi. Oradakı uşaqlara qarşı həssas yanaşaraq al-əlvan nura boyadı onların yaşam tərzini. Mən bütün bu qayğı və diqqətə görə Mehriban xanıma minnətdaram. Biz ətrafımızda xeyirxah adamlar görəndə daha çox ruhlanırıq. Bu olduqca ağır işdir, bu işin öhdəsindən gəlmək üçün bizə xeyirxah əməyimizə qiymət verən insanlar lazımdı. Çox şükür ki, bu cür nəcabətli insanların sayı çoxdu, həmin şəxslər insanlığın inciləridir. Həmin insanların adlarını sadalamaq istəmədən hər birinə ayrı-ayrılıqda təşəkkür etməyi özümə borc bilib onlar haqqında kitab hazırlamağı düşünürəm. Xeyirxah insanlar məni heyran edir, qürur duyuram o insanlarla. Bu insanları ruhuma yaxın, əziz hesab etdiyim üçün hazırlayacağım kitabımda onlara “Mənim ruh qohumlarım” deyərək təşəkkür edəcəm…
Mən həmin gün «Ümid Yeri» Uşaq Sığınacağında kimsəsiz uşaq­lara ana məhəbbəti, ana nəvazişi göstərilən bu sığınacağın Nigar anasına, onun fədakar kollektivinə bir daha uğurlar diləyib, onlardan böyük təəssüratlarla ayrıldım.

Günel Şirvanlıшаблоны для dle 11.2