Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Xocalı soyqırımı bədii əsərlərdə

Nizami Mirzə

SARICA
Povest
II
Əvvəli jurnalımızın yanvar nömrəsində
   

 
  Sentyabr ayı girsə də, Bakıda hələ havalar isti keçirdi. Yalnız axşamlar Xəzərdən əsən mülayim gilavar, xəzri gün ərzində hökm sürən ilğımı, bürkünü qovub harayasa aparır, yerinə sərməst bir sərinlik gətirirdi. Yay boyu istidən, boğanaqdan əziyyət çəkən şəhər əhli indi heç olmasa axşamlar rahat yata bilirdilər.
Metronun Sahil stansiyasından çıxıb asta addımlarla dənizkənarı parka tərəf irəlilədi. Tələsiyəsi, gedəsi bir yeri yox idi. Vədələşdikləri vaxta hələ xeyli qalmışdı. Duruş gətirə bilmədiyi üçün evdən vaxtından qabaq çıxmışdı. Parka gəldi, ilk görüş yerlərinə, salxımlı söyüd ağacının yanına keçib, agacın altında qoyulmuş skamyada əyləşdi. Həmişə ilk görüşlərinin şahidi olan bu söyüdün altında görüşərdilər. Ağacın altındakı skamyada oturan olsaydı, başqa yerə getməzdilər, kənarda durub skamyanın boşalmasını gözləyərdilər. Bəlkə bu vərdiş onlarda bir adət halını almışdı. Və bəlkə də bu adət onların məhəbbətlərinə olan sədaqətlərindən yaranmışdı.
Ətrafa göz gəzdirdi. Həmişə qələbəlik olan bu parkda indi adamlar ara-sıra gözə dəyirdi. Əksəriyyəti də uşaqlar, ahıllar və qocalar idi. Qondarma Qarabağ problemi ortaya atılandan, nankor qonşuların torpağımıza təcavüzündən, ölkə daxilindəki kreslo çəkişmələrindən zinhara gələn xalqın başı belə əcaib şeylərə qarışmışdı. İstirahət etmək, dincəlmək, əylənmək kiminsə yadına düşmürdü.
Hər gün kəndlərdən, rayonlardan, şəhərlərdən yeniyetmələri, gəncləri yarıxoş, yarızorla maşınlara mindirib hərbi komissarlığa aparır, ordan da birbaşa qaynar nöqtələrə, cəbhə xəttinə göndərirdilər.
Bu gün evdən bura gələnə qədər onu da bir neçə dəfə saxlamış, tələbə biletini təqdim etdiyi üçün buraxmışdılar. Hələ ki, tələbələrə dəymir, cəbhəyə aparmırdılar.
Vədələşdikləri vaxtdan xeyli keçmişdi. Solmaz isə gəlib çıxmırdı. Darıxmağa başladı. Durub gəzindi. "Bəlkə bir hadisə baş verib, başına bir iş gəlib. O axı heç vaxt gecikməzdi" deyə düşündü. Elə bu an arxadan titrək bir səslə, -Oqtay -deyə çağırdılar. Oqtay geri döndü, gələn Solmaz idi. Onun qarşısına yeridi.
-Solmaz! -deyib qızın əlini, yanaqlarını, gözlərini, dodaqlarını hərarətlə öpməyə başladı. Çiyinlərinə, sinəsinə dağılmış şəvə kimi qara, uzun saçına sığal çəkdi. Ətrafda təkəmseyrək də olsa gəzişən adamların fərqinə varmadan, həya etmədən qızı qucaqlayıb bağrına basdı. Gücü gəldikcə sinəsinə sıxmağa başladı. Solmaz Oqtayın enli sinəsindən ayrılmaq, güclü qolları arasından çıxmaq üçün çırpındı. Oqtaydan bu günə qədər görmədiyi, bu qeyri-adi hərəkətinə məəttəl qaldı. -Dəli olmusan? -dedi -Görmürsən ətrafdan baxanlar var. Heç bilirsən nə edirsən, özünü necə aparırsan?
Oqtayın qolları boşaldı, əlləri yanına düşdü, özü də bu çılğınlığına təəccüb elədi. İndiyə kimi hələ heç vaxt Solmazla belə davranmamış, abır-həya gözləmişdi. Onsuz da gün ərzində çox belə qəribə hallar keçirmişdi. Bir az bundan qabaq valideynləri ilə olan söhbətini yenidən xatırladı. Anasının keçirdiyi həyəcanı götür-qoy etdi. Atasının, büruzə verməsə də, çəkdiyi iztirabları, düşdüyü müdhiş halı xəyal süzgəcindən keçirdi...
Bu gün, dərsdən sonra universitetdən çıxıb birbaşa rayon hərbi komissarlığına gedərək çoxdan götür-qoy etdiyi arzusunu həyata keçirmiş, günü sabahdan cəbhəyə yola düşmək üçün ərizə vermişdi. Komissar Oqtayın soyadını, atasının adını biləndən sonra tərəddüd etmişdi. Bu gəncin tələbə olduğunu, valideynlərini tanıdığını, qanuna əsasən tək övladın hərbi xidmətə aparılmadığını bəhanə gətirərək Oqtayın ərizəsini rədd etmək istəmişdi.
-Mən könüllü gedirəm, buna heç kim qadağa qoya bilməz! -demişdi Oqtay.
Oqtayın təkidindən və bir də cəbhəyə belə hərbi xidmət görmüş savadlı gənclərə böyük ehtiyac olduğundan komissar onun ərizəsini qəbul edib, sabah cəbhəyə yola düşmək üçün ona çağırış vərəqəsi də vermişdi.
Hərbi komissarlıqdan birbaş evə gələn Oqtay çörəyini yedikdən sonra bu xəbəri, sabah cəbhəyə yola düşəcəyini valideynlərinə necə deyəcəyini götür-qoy etmişdi. Cəbhəylə bağlı müəyyən söhbətlər etməklə ata və anasını dözümə hazırlayan Oqtay.
-Mən də sabah cəbhəyə yola düşürəm-demişdi.
Anası əvvəlcə onun nə dediyini anlamamış, daha doğrusu, qulaqlarına inanmaq istəməmişdi. Sonra məsələnin dəqiqliyini yəqinləşdirib ağarmış sifətini titrək əlləri ilə tutaraq kresloya çökmüşdü. Xasiyyətini bildiyi üçün oğluna öyüd-nəsihət verməyin mənasızlığını dərk etdikcə dəhşətə gəlirdi. Nə desə, nə eləsə onu bu yoldan çəkindirmək qeyri-mümkün idi.
Atası kimi öz bildiyinin dalınca gedən, dediyindən dönən deyildi. Atası komissarlıq tərəfindən Oqtaya verilmiş çağırış vərəqinə baxanda rəngi avazıdı, əlləri titrəməyə başladı. Daxili bir həyəcan keçirdiyi gözlərindən oxunurdu. Lakin özünü sındırmamağa, tox tutmağa çalışdı. Bu hərəkətiylə o, ömür-gün yoldaşına və bir də həmişə fəxr duyduğu, özünə arxa-dayaq sandığı yeganə övladı Oqtaya ürək-dirək vermək istəyirdi.
Eynəyini gözündən götürüb stolun üstünə qoydu, əlləri ilə gümüşü saçlarını daradı. Çətin sual qarşısında çar-naçar qalan şagird kimi xeyli fikirləşdi. Birdən-birə nə deyəcəyini kəsdirə bilmədi. Handan-hana,
-Hə, oğul,-dedi,-mən bu hərəkəti səndən çoxdan gözləyirdim. Lap elə müharibə başlayan gündən. Bilirdim dözməyəcəksən, bir gün özün qərar verəcəksən. Həmin gün də gəlib çatdı, məhz bu gün öz qərarını özün verdin, yolunu müəyyənləşdirdin. Mənə qalınca isə Tanrıdan sənə kömək diləməkdən başqa gücüm heç nəyə çatmır. Get, Allah amanında ol, oğul! Və bilirəm, yanımıza sağ-salamat, qələbə ilə qayıdacaqsan. O gözə görünməz bizə bəxş etdiyi ilahi payımızı -səni bizə çox görməyəcək. Səni bizə qaytaracaq.
Ərinin son sözlərini eşidən qadın dəhşətə gəldi.
-Heç bilirsən nə danışırsan-dedi. - Bayaqdan elə bilirdim fikirləşib bir yol tapacaqsan, uşağın başına ağıl qoyub, onu bu yoldan çəkindirəcəksən. Sənsə xeyir-dua verib yola salmağa hazırlaşırsan. Gözümüzün ağı-qarası bircə uşağa necə qıyırsan?!
-Səbirli ol, arvad, sənin uşaq saydığın oğlumuz artıq böyüyüb, yekə kişi olub. Hərbi xidməti başa vurub, 4-cü kursda oxuyur. Bir ildən sonra ali təhsilli mütəxəssis olacaq. Öz yolunu özü seçməlidir. Seçib də. Qayıdar gələr, təhsilini sonra başa vurar.
-Heç olmasa təhsilini başa vurandan sonra gedəydin, ay oğul - dedi və səsindəki titrəyiş aydınca hiss olundu. Bir az da danışsaydı, ağlayacaqdı. Özünü ələ almaq üçün durub mətbəxə keçdi. Yeriməyə taqəti, danışmağa heyi qalmamışdı. İllərlə yol gələn, yol yorğununa oxşayırdı. Bir stəkan su içib geri qayıtdı.
-Ay bala, camaat müxtəlif yollar axtarır, min cür oyundan çıxır ki, əsgər getməsin. Sənsə tək övlad olduğun üçün icazən ola-ola bu imtiyazdan istifadə etmədin. Könüllü ərizə verib sovet ordu sıralarında iki il xidmət etdin. -Çətinlik görməyən kişidən kişi olmaz-dedin. O xidməti başa vurmusan, çətinliyi görüb geri qayıtmısan. İndi nə olub sənə, bu nə oyundur başımıza açırsan, can bala -deyib, sual dolu baxışlarla üzünü Oqtaya tutdu.
Oqtayın yerinə atası cavab verdi:
-Vətəni müdafiə etmək hamımızın borcudur arvad, torpaqsız Vətən, vətənsiz isə millət ola bilməz. Bu gün Qarabağın bəzi yerlərini zəbt etmiş nankor ermənilərin qabağına çıxan olmasa, sabah Bakını, birisi gün isə bütövlükdə bütün Azərbaycanı işğal edib sərvətimizi talayar, millətin əl-qol atanını qırar, qalanını isə kölə halına salarlar. Kölə kimi yaşamaqdansa ölüm yaxşıdır -dedi. Sonra üzünü Oqtaya tutdu:
-Bunları gördüyü, başa düşdüyü üçün vicdanının hökmüylə hərəkət edib oğlumuz. Səni, məni, xalqımızı, millətimizi, bütövlükdə Azərbaycanı müdafiə etmək, yağı düşməni geri oturtmaq naminə bu qərarı verib Oqtay. Biz onun dalınca ah-zar edib göz yaşı tökməkdənsə xeyir-dua verib yola salmalı, onunla fəxr etməliyik.
Ərindən bundan başqa heç nə eşitməyəcəyini yəqinləşdirən ana son ümidini Solmaza bağladı. Oqtayı bu yoldan daşındıra bilsə ancaq o daşındırar. Başqa heç kim Oqtaya təsir edə bilməyəcək – deyə düşündü.
-Solmaza xəbər vermisən? Qəhrəmanlığını demisən ona? -soruşaraq tikanlı danışığını büruzə verdi.
-Yox, hələ heç nə bilmir. Ona siz xəbər verərsiz. Mən gedəndən sonra-dedi Oqtay.
-Heç bilirsən nə danışırsan? Sənin işini biz görməliyik? Başqa vaxt etibardan, sədaqətdən, kişilikdən dəm vurursan. Yalana, yalançılara nifrət edirsən. Bu günsə xalxın qızını ümiddi edib, qoyub gedirsən. Soruşmaz ki, Oqtayın özünə nə olmuşdu? Özü niyə demədi ki, səni burda başsız qoyub gedirəm - dedi və üzünü ərinə tutdu: - Sənə dəfələrlə elçiliyini edib, nişanlarını taxaq demişdim. Sənsə qoydun bu gün, sabaha, onsuz da onlar da bilir, biz də, dedin. Bir üzük verməyin nə mənası var, elə nişanlı kimidilər də. Qoy təhsillərini başa vurub diplomlarını alsınlar, sonra toylarını edərik dedin. İndi bilirsən oğlun hara gedir?! Bu dünyanın işini bilmək olmaz, dilim, ağzım qurusun olmadı elə, oldu belə. Camaatın gül kimi qızını niyə biabır günə qoyursuz -dedi və özünü saxlaya bilmədi. Hönkürərək o biri otağa keçdi.
Anasının ağlamağına heç vaxt dözməyən Oqtay onun dalınca getdi.
  Oqtayın atası dərin fikrə getmişdi. Həyat yoldaşından Oqtayla Solmazın münasibətini eşidəndə sevinmişdi. Solmazın atası ilə neçə illərdir ki, elmi-tədqiqat institutunda bir yerdə işləyirdilər. Möhkəm dost idilər. Ailəvi gediş-gəliş, mehriban münasibət qohumluğa çevriləcəkdi. Oqtay Solmazdan dörd yaş böyük olsa da, universitetdə eyni fakültədə, eyni kursda təhsil alırdılar. Orta məktəbi qurtarandan sonra Oqtay sənədlərini ali məktəbə versə də, konkursa düşmüş, qəbul ola bilməmişdi. Könüllü əsgər gedib, Rusiyanın ucqar şəhərlərinin birində iki il hərbi xidmətdə olmuşdu. Qayıdandan sonra instituta qəbul olmuş, iki il oxuduqdan sonra seçdiyi ixtisası bəyənmədiyi üçün sənədlərini geri götürüb, universitetə vermiş, qəbul olaraq sevdiyi ixtisas üzrə təhsil almağa başlamışdı.
  Onların nişanlanmasına gəlincə isə dünyanın qarmaqarışıqlığını, Qarabağ müharibəsinin başlanmasını, oğlu Oqtayın narahatlığını götür-qoy edən ata gözləməyi qərara almışdı. Və bu gün oğlunun çıxardığı qərar, atdığı addım atanın bu mövqeyinə əsas verirdi.
Bir az bundan qabaq həyat yoldaşının "İndi bilirsən oğlun hara gedir?! Bu dünyanın işini bilmək olmaz, dilim, ağzım qurusun olmadı elə, oldu belə. Camaatın gül kimi qızını niyə biabır günə qoyursuz"deməsi kişini riqqətə gətirmişdi. Təkcə oğlunun taleyini fikirləşməyən, yad qızı olan Solmazın da halına acıyan ömür-gün yoldaşı gözündə bir daha böyümüşdü.
Yan otaqdan Oqtayı çağırdı;
-Geyin, get Solmazgilə. Həmi qonaqları olarsan, həmi də sabah gedəcəyini deyib onlarla görüşərsən -dedi -Biz də sənin üçün səhərə yol tədarükü görərik, pal-paltarını hazırlayıb biş-düşünü edərik.
-Mənə nə paltar lazımdır, nə də yemək. Orada hər şeyi hərbi hissə verir. Bir də sanatoriyaya getmirəm ki, mənim üçün yola tədarük görəsiniz.
-Ağzın isti yerdədir bala. Fikrin keçmiş sovet ordusuna getməsin. Bizim hazırda hələ ki vahid ordumuz yoxdur, özünümüdafiə hərbi birləşmələri isə başlarını birtəhər girləyirlər. Sənə yemək də lazım olacaq, geymək də.
-Hamı necə, mən də elə, orda döyüşənlərin heç birindən artıq deyiləm, ata -dedi Oqtay.
Atası gülümsədi. Oğlunun inadkarlığı, sözübütövlüyü həmişə xoşuna gəlirdi. Bu inadkarlıq düzlüyün, həqiqətin meyarından yarandığı üçün kişi xoşhallanardı. Nə fikirləşdisə üzünü Oqtaya tutdu;
-Sən belə et, -dedi, -birbaşa Solmazgilə getmə, əvvəlcə qızın özü ilə kənarda görüş, sabah cəbhəyə gedəcəyini ona danış, sonra evlərinə gedərsiz. Bu xəbəri birdən-birə anasına açmayın, ürəyi xəstədir, ona pis təsir edə bilər.
Onsuz da Oqtay bu gün, universitetdə, dərsin sonunda Solmazla görüş təyin etmişdi. Vaxtın yaxınlaşdığını bilən Oqtay paltarını geyinib evdən çıxdı.
Evdən çıxan oğlunun enli kürəyinə, uca boyuna, qara qıvrım saçlarına baxan ata təlaş qarışıq bir fərəh hissi keçirdi. Oğlu ilə dost kimi açıq danışmağı, onunla səmimi münasibətdə olmağı xoşlayan ata bu vərdişləri oğluna da aşılamışdı. Sabah yeganə övladları cəbhəyə gedəndən sonra bu kiçik ailənin vəziyyəti yaxşı olmayacaq. "Təki həmişəlik getməyəsən, sağ-salamat gedib, sağ-salamat qayıdasan, oğul!" deyə düşündü ata...
Vəziyyətin belə şəkil alacağını, ata-anasının bu qədər pəymürdə olacagını düşünməmişdi Oqtay. İndi bu xəbəri Solmaza necə deyəcəyini götur-qoy edir, söhbəti açmaq üçün mövzu axtarırdı. Eşidəndə Solmazın düşəcəyi vəziyyət, keçirəcəyi təlaş artıq Oqtaya məlum idi. Elə buna görə də sözə haradan, necə başlayacağını kəsdirə, dinib-danışa bilmirdi. Əgər bilsəydi ki, bu hərəkəti doğmalarına belə təsir edəcək, onları müdhiş bəlaya düçar olublarmış kimi haldan-hala salacaq, aylarla sinəsində, iç dünyasında pünhan gəzdirdiyi arzusunu bəlkə də açıb-ağardaraq reallaşdırmazdı. Artıq geriyə yol yox idi. Və bir də ürəyinin səsinə qulaq asaraq atdığı bu addıma peşman deyildi. Düşmən gülləsinə tuş gələrək alqanına boyanıb, həlak olmuş şəhidlərimizi, torpağımızdan yer, çörəyimizdən pay verib özümüzə dost saydığımız nankor ermənilərin əsir apardıqları qız-gəlinlərimizi, qəlbi qırıq, gözü yaşlı qalmış ağsaqqallarımızı, ağbirçəklərimizi, doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı gözü qarşısına gətirdi. "Sürünə-sürünə yaşamaqdansa kişi kimi ölmək daha şərəflidir" deyə düşündü. Atdığı addımdan qürur duydu.
-Niyə gec gəldin, Solmaz? -deyə soruşdu. -Sən axı görüşə gecikən deyildin. Bəlkə məni daha görmək istəmirsən.
-Nə danışırsan Oqtay, bu nə sualdır mənə verirsən? Görmürsən, mən nə vəziyyətdəyəm? -dedi Solmaz.
Oqtay Solmazın üzünə diqqətlə baxdı. Doğrudan da qızın üzündə qan qalmamışdı. Sifəti avazımışdı, iri, qara gözləri kədərlə, təşvişlə baxırdı, tez-tez qalxıb enən sinəsi altında şiddətlə döyünən ürəyinin ritmi sanki bayırdan eşidilirdi. "Olmaya artıq ona deyiblər, xəbər tutub, yəqin anam dilin dinc saxlamayıb, ona deyib ki, məni bu yoldan çəkindirsin".
Oqtayın fikrə getdiyini görən Solmaz dərindən ah çəkdi;
-Heç özündən xəbərin var, nə gündəsən-deyə soruşdu.
-Mənə nə olub ki?
-Necə yəni nə olub, hərəkətlərindən, davranışından bir şey hiss eləmirsən, duymursan. Birdən-ikiyə camaat içində məni bayaqkı kimi qucaqlamısan? Rəngin qap-qara qaralıb. Əllərin də ki, titrəyir.
-Hə, günəş batmağa hazırlaşanda mənim də rəngim qaralır. Əllərimin titrəməsinin səbəbi isə görüşə gecikməyin olmuşdur. Ləngidiyini görüb hirslənmişdim, -deyə zarafat etdi.
Oqtay onsuz da valideynlərinin əzab çəkdiklərini görəndən sonra qəribə hisslər keçirdiyini bilirdi. Lakin bunu büruzə vermək istəmirdi, özünü tox tutmağa çalışırdı. Ancaq cidanı çuvalda gizlətmək olmur.
-Demədin axı, sənə nə olub, Solmaz?
  -Nə olacaq, qapıdan çıxırdım ki, vay-şivən qopdu, qapıbir qonşumuzun oğlunun meyitini gətirdilər. On gün olmazdı ki, heç kimə demədən, heç kimə xəbər vermədən, işdən gələrkən küçədə tutub zorla avtobusa mindirib hərbi komissarlığa aparıblar, oradan da gecəynən qaynar nöqtəyə cəbhəyə yollayıblar. Bu gün də meyitini gətirdilər. Heç iyirmi yaşı tamam olmamışdı. Meyiti gətirən zabit deyirdi ki, oğlunuz qəhrəmancasına şəhid olub. Birdən-ikiyə əlinə silah almayan, atəş açmayan, müharibənin nə olduğunu bilməyən bir gənc necə qəhrəmanlıq göstərə bilər. Bir həftə ərzində beşinci meyitdir ki, məhləmizə gəlir. Hər küçəyə, hər tinə, hər məhləyə, hər evə, az qala hər mənzilə hər gün meyit gəlir, ağlaşma səsi eşidilir. Dövlətin vahid ordusu, xüsusi hazırlıq görmüş, hərbi sirlərə yiyələnmiş, silahların hər bir növü ilə davranmağı bacaran döyüşçüləri, əsgərləri olmalıdır. Bunlarsa təhsilindən, bacarığından, fiziki hazırlığından asılı olmayaraq, yolda-izdə əllərinə keçən yeniyetmələri zorla avtobuslara doldurub birbaş cəbhəyə, döyüşə aparırlar. Bu vəziyyət isə millətin məhvi ilə nəticələnə bilər. Sən görsəydin ki, anası necə ağlayır, necə fəryad qoparırdı, heç mənim bu hala düşməyimi soruşmazdın. Bütün bunları görəndə adamın ciyəri parça-parça olur, Oqtay.
-Darıxma, Solmaz bilirəm təsirlənmisən, ancaq hər şeyin bir yetəri, bir sonu olacaq. Olmalıdır da. Hazırda keçid dövründə yaşayırıq, çətinliklərimiz hələ qabaqdadır. Ancaq dözməliyik. Bu gün azğınlaşmış düşmənlərimizin qabağına hazırlıqsız, əli boş da olsa çıxmalıyıq. Əlimizi qoynumuza qoyub təslim olmamalıyıq. Hansı yolla, hansı vəchlə olursa-olsun mübarizə aparmalıyıq. Ordumuz da qurulacaq, Azərbaycanımız da müstəqil respublika kimi dünyada özünə layiqli yer tutacaq. Bunu deməyə ölkəmizin sərvəti, xalqımızın dözümü, dəyanəti əsas verir.
-Yaxşı ki, qardaşım hələ kiçikdir, cəbhə zonasında xidmət edənimiz yoxdur. Yoxsa dözə bilməzdim, ürəyim partlayardı. Anamı hələ demirəm, elə kövrək qəlbi var ki.
Solmazın son sözlərindən sonra Oqtay fikrə getdi. Bayaqdan onu dözümə hazırlamaq üçün yollar axtarırdı, sabah cəbhəyə gedəcəyini açıb ona demək istəyirdi. Bu fikrindən vaz keçdi. Hələ ki susmağı üstün tutdu. "Mən gedəndən sonra deyərlər, bir az ağlayıb dayanacaq, onsuz da insan zülmə tabedir"-deyə düşündü. Ancaq onu aldatmaq,ona yalan satmaq istəmirdi. Şirin yalandan acı həqiqəti həmişə üstün tutub Oqtay.
Xeyli gəzişdilər. Oqtay ürəyində gəzdirdiyini dilinə gətirə bilmədi. Müdhiş xəbəri sevgilisinə deyib qəlbinə toxunmaq, ürəyini qırmaq istəmədi. Evə qayıtdılar. Solmazgilin evinə bir tin qalmış iri gövdəli, qollu-budaqlı, yaşı bilinməyən çinar ağacının altında ayaq saxladılar. Günəş batmış, axşam çoxdan düşmüşdü. Səma aydın və təmiz idi. Lacivərd göylərdə sayrışan ulduzlar göz qırpırdı. İstini qovub aparmış, yerinə bir sərinlik, bir sərməstlik gətirmiş sakit əsən gilavar ruh oxşayırdı. Ətrafda kimsə gözə görünmürdü. Oqtay Solmazı sinəsinə sıxıb bərk-bərk qucaqladı, üzündən-gözündən, ətli, gilas dodaqlarından öpməyə başladı. Solmaz çırpındı, müqavimət göstərdi, lakin oğlanın güclü qolları arasından çıxa bilmədi. Tez də süstləşdi, özünü tamam başqa, ecazkar bir dünyada hiss elədi. O qollar arasında əzilmək, bir də əzilmək, oğlanın qaynar, isti nəfəsini udmaq, qalın, ətli dodaqlarının tamını yenə dadmaq istədi. İxtiyarsız qollarını Oqtayın boynuna doladı. İki can bir qəlbdə biri-birinə sırmandılar. Kənardan görən, mane olan olmasaydı, saatlarla, günlərlə, aylarla, hətta illərlə bu vəziyyətdə qalmaqdan yorulmaz, əksinə ləzzət alardılar.
  Oqtay birinci dəfə idi Solmazı belə çılğınlıqla, belə ehtirasla qucaqlayıb bağrına basır, belə qaynar, belə şövqlə öpüşlərə qərq edirdi. Sevgi ilə, ehtiras ilə döyünən ürəyi az qala yerindən çıxacaqdı. Nəfəsi tıncıxdığından tövşiyə-tövşiyə Solmaz... sənə.. qurban olum. Qurban olum.. sənə Solmaz,-deyirdi. Solmaz heç nə eşitmirmiş kimi ilk dəfə qoynuna atıldığı sərməst dünyasında uyuyurdu. Və bu "dünyada" həmişəlik qalmaq istəyirdi.
Vaxt gözləmirdi. Ayrılmaq, evə getmək lazım idi. Bunu düşünən Oqtayın qolları süstləşib yanına düşdü.
-Solmaz, -dedi,-mən sabah yola düşürəm, döyüş bölgəsinə, cəbhəyə gedirəm.
Solmaz hələ də öz aləmində olduğu üçün Oqtayın dediklərini dərk edib, başa düşmədi. Aydınlıq gətirmək üçün;
-Hara gedirsən? -deyə soruşdu.
-Cəbhəyə gedirəm, döyüş bölgəsinə.
Solmaz eşitdiklərinə inanmaq istəmədi. Həmişə Oqtayın Qarabağ müharibəsi ilə əlaqədar keçirdiyi narahatlığını xatırladı. "Bundan nə desən çıxar", düşündü və dəhşətə gəldi.
-Doğru sözündü, Oqtay! -deyə həyəcanlı baxışlarla ona baxdı.
-Birdən-ikiyə aldatmışam səni?
-Axı, tələbələri hələ ki aparmırlar. Bir də sən axı tək övladsan. Səni heç aparmazlar. Bəlkə mənimlə zarafat edirsən.
-Bu boyda zarafat olar, doğru sözümdür, sabah səhər yola düşürəm.
-Səni buna kim vadar elədi?
-Heç kim, öz daxili vicdanım. Bu gün dərsdən sonra hərbi komissarlığa getmişdim. Ərizə yazıb, könüllü getmək istədiyimi bildirdim. Əvvəlcə tərəddüd etdilər, sonra təkidimi görüb razılaşdılar. Sənədlərimi qeydiyyata alıb əlimə çağırış vərəqi verdilər. Elə buna görə bu gün dərsdən sonra səni evə ötürə bilməmişdim.
Solmaz nə deyəcəyini, necə münasibət göstərəcəyini kəsdirə bilmədi. Oqtayı bu yoldan daşındırmaq üçün yollar aradı. Lakin tərsliyini, sözübütövlüyünü, dediyindən dönməyəcəyini fikirləşib dəhşətə gəldi.
-Valideynlərinə demisən?
-Hə, görüşünə gəlməmişdən qabaq dedim.
-Atan nə deyir bəs?
-Atamı tanımırsan, imkanı olsa özü də gedər. Anam narahatdır,anam! Qorxuram arvada bir şey ola.
-Heç bilirsən nə əmələ əl atmısan. Camaat uşaqlarına dəlilik kağızı düzəldir, yalandan xəstələndirərək həkimlərə əlillik qrupu yazdırıb təqaüdə çıxarır, imkanı olanlar sərhəddən keçirib Rusiya şəhərlərinə aparır, orada gizlədirlər. Düz də eləyirlər. Xəbərin var, gələn meyitlərin çoxu arxadan vurulub.
-Qaçmasaydılar, arxadan vurulmazdılar.
-Sən elə bilərsən. Oqtay, bu müharibə deyil, bu siyasi oyundur. Kiminsə xeyrinə oynanılan oyun. Elə bilirsən, döyüşən təkcə erməni döyüşçüləridir? Xeyr, ad onlarındır. Onların arxasında duran qüvvə isə səriştəli rus ordusudur. Təkcə erməni ordusuna qalsa bizimkilər üçcə günə donuzu darıdan qovan kimi onları süpürüb torpağımızdan kənara atarlar. İndi bildin ki, canını havayı yerə fəna edirsən. Başa düşürsən ki, sən gedəndən sonra anan nə günə düşəcək. Elə atan da dözməyəcək bu hala. Heç mənim haqqımda fikirləşmisən? Fikirləşmisən ki, anam bu ayrılığa dözməyəcək. Acı çəkəcəyimi, fikir edəcəyimi görüb qubar çıxaracaq, onsuz da xəstə ürəyi buna tab gətirməyib partlayacaq. Özün də yaxşı bilirsən ki, səni məndən az istəmir. Sən fikirləşmirsən ki, gözün görə-görə, ağlın kəsə-kəsə ölümə gedirsən, -dedi Solmaz. Çiyinləri titrədi. Solmaz ağlayırdı.
-Gedənin dalınca göz yaşı tökməzlər, su atarlar, xeyir-dua verib yola salarlar. Bir də alnımızda nə yazılıb, qismətimizdə nə var, onu da görəcəyik.
-Qismət, qismət deyirsən, Allahın yazısından danışırsan, heç demirsən ki, Allah sənə ağıl verib, şüur verib, düşüncə verib. Fikirləşən, düşünən ağıllı insan belə addımı atmazdı. Özündən sonra naçar qalanları düşünərdi, fikirləşərdi.
-Elə düşüncəm olduğuna, sizi fikirləşdiyimə görə bu addımı atmışam Solmaz. Vətəni, sizi, milləti qorumaq, xain düşmənin burnunu əzərək, geri oturtmaq hamı kimi mənim də borcumdur. Şəhid olanlardan, meyiti gələnlərdən, sinəsini gülləyə sipər edib qanını su kimi axıdanlardan artıq deyiləm. Onlar necə, mən də elə.
  -Ağzında Qarabağ deyirsən, o yerlərin sıldırım qayaları, uçurumu, dagı-dərəsi, kolu-kolaganı, keçilməz meşələri var. Orada döyüşməyə ora bələd olanlar getməlidir. Sizi kimi nabələdlər, xamlar yox. Bu günə kimi əlinə silah alıb bir güllə atmamısan. Rusiyada hərbi inşaat dəstəsində iki il qulluq etsən də, döyüşün nə olduğunu bilmirsən. Gözün görə-görə, ağlın kəsə-kəsə, özünü odun-alovun içinə atırsan. Hansı ki, Qarabağdan qaçqın düşən bəzi gənclər gedib vuruşaraq, torpaqlarını azad etmək əvəzinə cəbhədən yayınır, döyüşdən qaçıb gizlənirlər.
-Niyə elə deyirsən Solmaz, onlar da döyüşürlər.
-Elə danışırsan ki, elə bil uşaq başı aldadırsan, guya dünyadan xəbərsizəm. Onların bir neçəsini yaxşı tanıyıram, tirboyun oğlanlardı, axşama kimi küçələrdə avara-avara gəzməkdən, tinlərdə durub tum çırtlatmaqdan, siqaret tüstülətməkdən başqa bir şey bilmirlər. Heç olmasa bir işin qulpundan yapışsalar dərdyarıdır. Dindirəndə də -biz qaçqınıq, bizim qaçqınlıq statusumuz var, bizə toxunmaq olmaz -deyirlər.
-Onları qınamaq olmaz, illər boyu dişi, dırnağı ilə tikib qurduqları evi-eşiyi, alın təriylə, zəhmətlə qazandıqları varı-dövləti bir anın içində qoyub gəliblər. Xoşluqla gəlməyiblər, başlarını götürüb qaçıblar. Onlara dəyən bizə dəysəydi, çoxdan çaş qalmışdıq.
-Qorxma, bizə də az dəyməyib. Rayonlardan gəlib ali və orta təhsil məktəblərində təhsil alan kasıb tələbələr yataqxanalardan çıxarıldı, onlar yerləşdirildi. Tikintisi qurtarıb sahiblərinə paylanılacaq hazır mənzilləri kobud şəkildə, özbaşına zəbt etdikləri üçün 15-20 il ev növbəsində dayananların orderləri əllərində qaldı. Hansı ki, əksəriyyəti kirəkeş yaşayırdı və hələ də yaşamaqla gözləyirlər. Hələ bunlar bir yana dursun, qırılıb məhv olan, itkin düşən, meyiti gələn şəhidlərimizin sayı-hesabı yoxdur.
-Deyirsən əlimizi qoynumuza qoyub gözləyək? Gözləyək ki, düşmən nə vaxt gəlib qapımızın ağzını, kandarımızı kəsdirəcək? Qocalarımızı qırıb, cavanlarımızı kölə edərək qul kimi işlədəcək? Bunlarımı gözləməliyik? Solmaz!
-Xeyr, mən elə demirəm. Dediyim odur ki, beş-on nəfər vətənpərvərlə iş keçməz, məna hasil olmaz. Hamılıqla yumruq kimi birləşməli, səfərbər olub, birgə döyüşməliyik. Varlılar özləri qaçır, uşaqlarını da gizlədirlər. Qabağa göndərilənlər isə kasıb-kusublar, fağır-fuğuralardır. Bir də sənin kimi fanatiklər vəziyyəti düzgün dərk etmədən, başqalarını düşünmədən, sinəsini gülləyə sipər edib, qanına qəltan olurlar, dünyanın ləzzətini dadmadan gənc yaşlarında ikən həyatını dəyişib əbədiyyətə qovuşurlar. Nə qədər gec deyil valideynlərini, bizimkiləri, bir də məni fikirləş, səhər tezdən get ərizəni geri götür. Fikrini dəyişməyə, ərizəni geri almağa ixtiyarın var.
-Üz vurma, Solmaz. Qərarım qətidir, məni bu yoldan heç kim çəkindirə bilməz. Getdiyim yolu da yaxşı bilirəm. Bir can nə şirin şeydir ki, azğınlaşmış düşmən qabağından qorxub qaçam.
Bayaqdan müxtəlif yollarla Oqtayı fikrindən daşındırmağa çalışan Solmaz buna nail olmadığını dərk elədi. Sevgilisinin mərdliyindən, qətiyyətindən qürur duydu. Son "həmləyə"keçmək üçün ağır da olsa, tutarlı söz axtarırdı. Tapdı da.
-Sən heç vaxt məni istəməmisən, Oqtay. İstəsəydin, məni atıb getməzdin. İndi ki inadından dönmürsən, gedirsən, onda qulaqlarını yaxşı aç, məni eşit, oralarda, dağdamı, dərədəmi, meşədəmi, bilirəm gülləyə tuş gəlib al-qanına boyanacaqsan, qurda-quşa yem olacaqsan. Heç cəsədin də tapılmayacaq -dedi Solmaz. Dedi və əlləri ilə üzünü qapayıb hönkürdü. İti addımlarla Oqtaydan uzaqlaşıb evlərinə tərəf qaçdı.
Oqtay Solmazın belə mənfi münasibətinə məəttəl qalmışdı. Sanki bu günə kimi onu yaxşı tanımamışdı. Onun vətənpərvər oldugunu bilirdi. Hamının halına acıyan, böyüyün, kiçiyin yerini bilən, mülayim xasiyyəti, zəngin daxili aləmi vardı. Bəs bu gün?!... Həyatın ağır anları, müdhiş, gərgin vaxtları insan psixologiyasına təsir edir, onun iç aləmini açıb göstərir. Belə çıxır ki, Solmaz haqqında düşüncələri fərziyyə imiş, yalan imiş, həqiqət deyilmiş.
Bu fikirlərlə evə nə vaxt çatdığını bilmədi. Mənzillərinə daxil olanda, qapı ağzında həmişəki kimi onu ilk qarşılayan anası oldu.
-Nə qərara gəldin, bala? -deyə soruşdu.
-Qərar artıq verilib, ana. Sabah yola düşürəm.
Anası Solmazın da ona təsir edə bilmədiyini görüncə əlinin hər yerdən üzüldüyünü aydın dərk etdi. Qəhərdən boğazı qurudu, nitqi tutuldu, ürəyində təpər, ayaqlarında taqət qalmadı. Kölgə kimi yataq otağına keçərək çarpayıya uzandı. Sakit-sakit, için-için ağlamaqdan savayı gücü heç nəyə çatmadı.
Məsələdən xəbər tutan qohum-qardaş, dost-biliş Oqtaygilə yığışmışdı. Solmazın da valideynləri burada idi. Səhərə kimi heç kim yatmadı, oturub Oqtayın ata-anasına ürək-dirək verdilər. Səhər tezdən Oqtayın inadlı təkidinə görə onu heç kim yola sala bilmədi. Hamı ilə gülə-gülə görüşüb hərbi komissarlığa tək gəldi.
Komissarlıqda xüsusi qeydiyyatdan keçdikdən sonra cəbhəyə yola salınanlarla birlikdə küçəyə çıxaraq onları aparacaq avtobusa yaxınlaşdı. Küçə adamla dolu idi. Gedənləri yola salanlar arasında Oqtayın kimi-kimsəsi yox idi. Doğmalarının, yaxınlarının gəlib burada naçar qalmasını istəməmişdi. Buna baxmayaraq, yenə gözləri ətrafı dolandı, kimisə görmək, kiminləsə vidalaşmaq istədi. Elə buna görə də avtobusa minmək üçün arxaya qaldı. Solmazdan küsülü ayrıldığına görə nigarançılıq çəkirdi. Cəbhəyə gedənləri yola salan qadınlar, gəlinlər, qızlar arasında gözü onu arayıb, axtarırdı. Solmaz isə gözə dəymirdi.
Növbə ona çatdı, avtobusa qalxmaq istəyərkən uzaqdan onlara tərəf qaçan Solmazı gördü. Ayaq saxladı. Solmaza tərəf qaçmaq, onu qucaqlamaq, bağrına basaraq öpüşlərə qərq etmək, görüşüb ayrılmaq istədi. Elə bu an komandirin;
-Sıravi əsgər, avtobusa qalxın! -əmri eşidildi. Oqtay cəld bir hərəkətlə avtobusa minib arxaya keçdi, arxa şüşənin qabağında dayanaraq dünən axşam incitdiyi, qəlbinə dəydiyi sevgilisinin hərəkətlərini izləməyə başladı.
Komandirin ikinci, -getdik! -əmrini verməsi ilə avtobusun yerindən tərpənməsi bir oldu. Solmaz sürətini daha da artırdı və birdən səndələyərək üzü üstə asfalta yıxılmaqdan özünü zorla saxladı. Çətinliklə də olsa müvazinətini düzəldib uzaqlaşmaqda olan avtobusun ardınca baxdı. Qolları süstləşib yanına düşdü. Əlində tutduğu bir dəstə qərənfil asfalta səpələndi. Əlləri ilə üzünü qapayıb hönkürməyə başladı. Gecəni sübhə qədər yata bilməmiş, Tanrıdan Oqtaya uğurlu yol diləmiş, səhərə yaxın özü də bilmədən yuxuya getdiyi üçün həyatından artıq sevdiyi, ölüm-dirim mübarizəsinə gedən sevgilisini yola salmağa gecikmişdi.
Uzaqlaşmaqda olan avtobusun özü ilə apardığı Oqtayı geriyə çəkən bir hiss, bir qüvvə vardı. Bu hiss, bu qüvvə asfalta pərakəndə səpələnmiş qərənfillər arasında tənha qalan Solmaz idi.
III
Bir ay idi ki, döyüş bölgəsində, qaynar nöqtədə dəfələrlə ölümlə üz-üzə gəlmiş, lakin taleyin hökmü ilə burnu belə qanamamışdı. Bura gələndə bir neçə gün çətinlik çəksə də, sonralar mərmi partlayışına, güllə səsinə, barıt qoxusuna alışdı, vərdiş elədi. Bacarığını, qorxmazlığını nəzərə alan komandanlıq ona baş gizir rütbəsi vermiş, onu bölmə komandiri təyin etmişdi.
Tez-tez kəşfiyyata göndərilən Oqtay dünən axşam qaranlıq düşəndən sonra iki nəfər döyüşçü yoldaşı ilə təpəlikdə yerləşən kəndə gəlmişdilər. Bu kənd üç gün bundan qabaq erməni qəsbkarları tərəfindən zəbt edilmişdi. Ay işığından ustalıqla istifadə edən Oqtaygil talaqırağı, meşəətrafı kəndə yaxınlaşmış, erməni döyüşçülərinin təxmini sayını, hərbi texnikanın və döyüş sursatının növünü, miqdarını müəyyənləşdirib geri qayıdarkən qəfil gələn bulud Ay üzünü tutduğundan hər tərəf zülmət qaranlığa qərq olmuşdu. Meşənin dərinliyndə, qollu-budaqlı bir ağacın gövdəsinə qısılaraq buludun çəkilməsini gözləmişdilər. Xeyli vaxt keçsə də, bulud seyrəlməmiş, Ay üzü görünməmişdi. Elə bu an kənddən gələn it hürüşməsinin səsi onları diksindirmişdi. Artıq burada qalmaq olmazdı, əvvəla əgər hürən it xüsusi təlim almış itlərdəndirsə erməniləri duyuq sala bilərdi, sonrası da payız olmasına baxmayaraq burada erkən düşən soyuq onların canına işləyirdi. Bunları nəzərə alan kəşfiyyatçılar bayaq gəldikləri yolun əksinə, hərbi hissəyə tərəf istiqamət götürdülər, ehmal addımlarla irəliləməyə başladılar.
  Səhər açılırdı, onlar hələ də qərargaha yaxınlaşa bilmirdilər. Ətrafı diqqətlə nəzərdən keçirdilər, yolu azdıqlarını indi başa düşdülər. Və o günü axşama yaxın çətinliklə yolu tapıb qərargaha gəldilər.
Uşaqların sağ-salamat qayıtdıqlarına sevinən komandir Oqtayı yanına çağırdı, məlumatı dinləyib ona təşəkkürünü bildirdi. Sonra;
-Atan gəlib, -dedi, - ona kəşfiyyata getdiyinizi demə, azdığınızı bildirmə, qoy narahat olmasın. Biz demişik ki, qonşu hissəyə döyüş sursatı aparmısınız. Sabaha kimi qayıdacaqsınız. Kişi bütün gecəni yatmayıb, bu gün də gəlmədiyinizi görüb, gün ərzində rahatlıq tapmayıb. Deyərsən ki, maşın xarab olduğu üçün səhər qayıda bilmədik, axşama qaldıq.
-Atam nə vaxt gəlib ki?
-Dünən axşam, siz yola düşəndən sonra.
-İndi haradadır?
-Onu öz otağımda yerləşdirmişəm. Gözəl atanız var, adını eşitmişdim, qiyabi də olsa tanıyırdım, tanınmış alim olduğunu bilirdim. Özünü də gördüm.
Oqtay komandirin istirahət otağına girəndə atasını məyus bir görkəmdə, mürgü vuran gördü. Ötən bu bir ay ərzində kişi tamam qocalmış, çal saçları büsbütün ağarmış, şax qaməti sanki, əyilmiş, beli bükülmüşdü.
Oqtayın qəfil gəlişindən diksinən ata hövlanak ayağa qalxıb oğlunu bağrına basdı.
-Oğlum! Balam! -dedi.
Oqtay yenə xislətinə xilaf çıxmadı.
-Ata, niyə gəlmisən? Deməmişdim dalımcan gəlməyin, -dedi.
-Oğul, bu günə kimi qəlbinə dəyməmişəm, heç bir istəyinə mane olmamışam. Ona görə ki, fikirlərin aydın, əməllərin düzgün olub. İstəklərini, arzularını müzakirə edib qarışmağa lüzum görməmişəm və bununla həmişə fəxr etmişəm. Ancaq səndən bir xahişim var, bu ağır gündə müqəddəs atalıq borcumu yerinə yetirməyimə mane olma, heysiyyatıma toxunma -dedi və gözləri doldu.
Ömründə atasını ağlayan görməyən Oqtay sarsıldı. Kişinin qəlbinə toxunduğu üçün özünü danladı.
-Ata, məni başa düş, sənə əziyyət vermək istəmirəm. Belə ağır zamanda izafi xərcə düşməyin məni yandırır. Əmək haqqını bilir, maddi durumunuzu anlayıram. Hələ çəkdiyin əziyyəti demirəm.
-Oğlum, hər bir valideyn ömrünü şam kimi övlad yolunda yandıraraq əritməkdən bezmir, əksinə zövq alır. Nə qədər əziyyət çəksəm də, nə qədər boğazımızdan kəsib xərcə düşsəm də, səni görüncə bütün bunları sənə görə etdiyim üçün bir o qədər sevinir, bir o qədər rahatlıq tapıram, can bala.
Atasını belə kövrək görməmişdi Oqtay. Həyatın ağır, müdhiş anları insanı nə qədər yumşaldar, nə qədər kövrəldərmiş. Gecəni sübhə qədər yatmadılar. Onsuz da ara-sıra, pərakəndə partlayan mərmilərin səsindən yatmaq mümkün deyildi. Hər an düşmən tərəfındən hücum gözlənildiyi üçün adamın gözünə yuxu getmirdi. Kişi səhərə qədər düşünmüş, oğlunun bu vəziyyətə necə dözdüyünü götür-qoy etmişdi.
Səhər açılmış, ayrılıq vaxtı çatmışdı. Döyüş zonasından çıxmaq üçün komandirin ayırdığı maşına yaxınlaşdılar. Nəsə yadına düşübmüş kimi əlini cibinə apardı, pencəyinin döş cibindən çıxardığı zərfi Oqtaya uzatdı.
-Al, anan yazıb, -dedi, -Solmaz da, valideynləri də sənə çoxlu salam göndəriblər. Bizdən nigaran olma, yalnız özünü qoru, özündən muğayat ol.
Qucaqlaşdılar. Oğlunu bir də nə vaxt görəcəyini düşünən ata könülsüz ondan ayrılıb xodda olan maşına əyləşdi.
Oqtay gözdən itənə qədər tozanaq qaldırıb uzaqlaşan avtomobilin ardınca baxdı. Yol boyu tozdan yaranmış ağ zolaq ilan kimi maşının ardınca sürünürdü.
Atasından zərfi alarkən təəccüblənmişdi. Anasının məktub yazmaqla arası yox idi. Hələ uzaq Rusiyada hərbi xidmətdə olarkən anası bir dəfə də olsun ona məktub yazmamışdı. "Məktubu uzaqda olanlara yazarlar, Oqtay isə həmişə mənim içimdə, ürəyimdədir. Ona məktub yazmağa mənim əlim gəlməz" demişdi.
Zərfin üstündə yazı və ünvan yox idi. Ağzı yapışqanla yapışdırılıb bağlanmışdı. Zərfi açdı, dörd qatlanmış vərəqlər arasından yerə bir neçə qızılgül ləçəyi düşdü. Məktub Solmazdan idi. O yazırdı:
-Əzizim Oqtay, salam! Bilirəm, məndən incimisən. O axşam, o sözləri bilərəkdən deyib səni tutduğun düzgün mövqedən çəkindirmək, fikrindən daşındırmaq istəyirdim. Mən hər şeydən qabaq səni, atanı və ananı düşünürdüm. Onların səndən başqa heç kimi yoxdur. Tək övladsan. Sənin yaşamağın, həmişə onların gözü qabağında olmağın onlara su və hava kimi lazımdır. Və bilirəm sən sağ-salamat, uğurla, qalibiyyətlə yanımıza dönəcəksən. Mən bunu hiss edirəm və buna əminəm. Ona görə ki, qorxan gözə çöp düşər deyiblər, sənsə qorxmazsan, mətinsən, dəyanətlisən. Və bir də mənə xəyanət etməzsən, mənə dönük çıxmazsan, bu dünyada məni tək, sənsiz qoymazsan. Elə buna görə də nəyə desən and içə bilərəm, sən sağ-salamat qayıdacaqsan. Bunu mənə hisslərim, iç dünyam, ürəyim deyir. İndi biz səninlə qürur duyur, fəxr edirik. Hər an sənin, -Torpaqsız Vətən, Vətənsiz millət olmaz, - sözlərini xatırlayır, tutduğun bu müqəddəs əmələ görə sənə səcdə edir, qarşında baş əyirəm. Gənclərimizin hamısı sənin kimi düşünsəydi Azərbaycan deyilən məmləkətimiz bu qədər zülmə düçar olmazdı, belə ağrı çəkməzdi. Təəssüflər olsun ki, hamı sənin kimi düşünmür. Şəxsi mənafelərini hər şeydən üstün tutanlar heç vaxt belə düşünə, belə hərəkət edə bilməzlər. Odur ki, indi də düşmən tapdağı altında qalan torpaqlarımızın gözü yol çəkir, yad əllərdən xilas olmaq üçün imdad diləyir, sənin kimi mərd oğulları döyüşə çağırır. Məni qınamasalar günü sabahdan gəlib səninlə çiyin-çiyinə döyüşərdim, Oqtay. Təəssüflər olsun ki, adət-ənənəmiz buna yol vermir. Ulu babalarımız döyüşü qadınlarımıza qadağan edib, vuruşu, cəngi nər oğullarımıza buyurublar. Yoxsa gələr, vuruşardım. Öləndə də bilərdim ki, Vətən yolunda, millət, torpaq uğrunda şəhid oluram. Şəhidlik isə zirvədir, ucalıqdır, müqəddəslikdir.
O gün gecikdim, səni yola sala bilmədim, Oqtay. Bağışla məni. Həmin gecə sübhə qədər yata bilməmişdim. Sonra məni huş aparmışdı. Qəfil ayıldım, axşamdan paltarımı soyunmadığım üçün dəli kimi bayıra qaçdım. Kaş o qərənfılləri almayaydım. Qərənfılləri almaq üçün köşkün qabağında vaxt itirməsəydim sənə çatar, heç olmasa bir-iki dəqiqə səni görər, səni yola sala bilərdim. Nə isə, qismət belə imiş. Ürəyim doludur, ancaq yazmağa söz tapmıram. Fikrimi dəqiqləşdirib ipə-sapa düzərək sənə çatdıra bilmirəm. Sənsiz hər dəqiqəm bir günə, bir saatım bir aya, bir ayım isə bir ilə dönür. Səninlə görüşəcəyim günü səbirsizliklə gözləyirəm. Hər an sənin mənə dediyin, - Mənim həmişə təravətli, Solmaz çiçəyim - kəlmələrini xatırlayır və ömrüm boyu bu sözləri səndən eşidəcəyimə inanıram, bunu arzu edirəm. Səni bir daha o gözəgörünməz Allaha tapşırıram. Yolunu gözləyirik.
Hörmətlə, sənin həmişə təravətli, Solmaz çiçəyin.
IV
Oqtay bu hissəyə gələndən sonra bir neçə gün döyüş hazırlığı və hərbi təlim keçib, silahlarla davranma qaydalarını öyrənsə də, ailənin tək övladı olduğunu nəzərə alan hissə komandiri onu qaynar nöqtələrə göndərmək istəmirdi. Hissənin daxilində müəyyən işlərin həyata keçirilməsində, təzə gətirilən döyüş sursatlarının anbarlarda yerləşdirilməsi və paylanmasında ondan istifadə edilirdi. Bir neçə gün bu tapşırıqlardan bezən Oqtay komandirin yanına getmiş, mən bura kartof soymağa yox, döyüşməyə gəlmişəm, - deyə narazılığını bildirmişdi. Əsgərin qətiyyətini görən komandir istəməsə də onu qaynar döyüş nöqtələrinə göndərməyə məcbur olmuş və hər vəchlə özünü qorumağı ona tapşırmışdı.
Oqtayın öz fərqli döyüş metodu vardı. Atışma zamanı ətrafı nəzərdən keçirir, torpaq təpəciyinin, daş yığınının, qaya parçalarının yerini bəlləyir, atışa-atışa tez-tez yerini dəyişir, növbə ilə onların arxasına keçərək mühafizə olunur və bu minvalla düşmənin nişangahından yayınmaqla onların başına od ələyirdi.
Və bu ağır döyüşlərdən birini heç vaxt yadından çıxara bilmirdi. Hər xatırlayanda ürəyi bulanır, başı gicəllənir, düşmənə nifrəti birə-beş artırdı. Hissəyə təzə gələn, cəmi bircə həftə döyüşlərdə qəhrəmanlıqla iştirak edən, gözündə qorxu olmayan boylu-buxunlu, sağlam bir gəncin faciəvi ölümü onu sarsıtmışdı. Qızğın döyüş gedirdi. Düşmən tərəfi susmaq bilmirdi. Düşmənin sərrast atdığı mərmi Oqtaydan beş-altı metr aralıda döyüşən həmin gəncin başını boynundan üzüb apardı. Arxası qaya parçasına söykəndiyi üçün gənc yıxılmadı, başsız adam kimi əl-qol atdı, təpiyini yerə döydü, bir an keçəndən sonra taqətdən düşüb qaya parçasının dibinə çökdü, oturmuş vəziyyətdə canını tapşırdı. Elə bu an ikinci mərmi partlayaraq yaxınlıqdakı yeddi əsgərin tikələrini göyə sovurdu. Sanki göydən ət parçaları, qan yağışı yağırdı. Başdan-ayağa qana boyanmış Oqtay dəli bir qışqırıqla hayqıraraq düşmən tərəfi aramsız atəşə tutub xəzinəni tamam boşaltdı. Sonra gülləsi qurtardığından atəş aça bilmədiyi üçün daha da hiddətləndi, nifrətli söyüşlər yağdırmaqla, anlaşılmaz sözlər söyləməklə, yerində atılıb düşməyə, əl-qol atmağa başladı. Ona yaxınlaşan zabit onu yerə yıxıb ehmallıca sillələməyə, onu özünə gətirməyə çalışdı. Əl-üzünü yudu, bir-iki qurtum su içirdib əli ilə bədənini yoxladı, Oqtay sağ-salamat idi. Bundan sevinən zabit onu çətinliklə də olsa hissəyə gətirdi. Oqtay bir neçə gün çörək yeyə bilmədi. Yemək görən kimi həlak olmuş yoldaşlarının göydən "yağan" ət parçaları gözlərinin qabağına gəlirdi. İçdiyi ancaq su idi. Danışığında, rəftarında, hərəkətlərində bir dəlilik, bir havalanmaq hiss olunurdu. Bunu nəzərə alan hissə komandiri onu ordu sıralarından tərxis etmək istədiklərini ona deyəndə Oqtaya sanki, tərs bir sillə ilişdirildi. Yuxudan ayılmış kimi, vəziyyətin ciddiliyini, hissə qapılaraq özünü gözdən saldığını başa düşdü. Özünü ələ almağa çalışdı. Ona bir müddət vaxt verilməsini komandirdən xahiş etdi. Və bir neçə gündən sonra döyüşə tam hazır olduğunu bildirdi. Qaynar nöqtələrdə iştirak etmək üçün icazə istədi...


V
... Bugünkü döyüş ağır keçmişdi. Dünən axşam qəfil hücum edən erməni ordu birləşmələri kəndi atəşə tutmuş, yerli azərbaycanlı sakinləri yurd-yuvalarından didərgin salaraq misli görünməmiş qırğınlar törətmişdilər. Sahələrdən yığılan günahsız insan cəsədlərinin sayı-hesabı yox idi. Oqtay üç nəfər səngər yoldaşı ilə dünən gecə ermənilər tərəfindən tutulmuş kəndə yaxınlaşmışdılar. Məqsəd erməni tərəfinin ordu birləşmələrinin təxmini sayını, hərbi döyüş sursatının növünü və miqdarını öyrənmək idi. Xəlvəti, gizli yollarla gəlsələr də duyuq düşən düşməni tərəfi onları atəşə tutmuşdu. Yoldaşlarından biri qarın nahiyəsindən yaralanmışdı. Qan itirən əsgəri tez hissəyə çatdırmaq lazım idi. Oqtay üzünü digər əsgərlərə tutub, yaralını tez hissəyə çatdırın, mənsə sizi mühafizə edəcəyəm, sonra özüm də geri qayıdaram, -demişdi. Oqtayın fikrindən daşınmayacağını bilən uşaqlar yaralı yoldaşlarını götürüb yola düşmüşdülər. Qarşı tərəfdən ermənilər atəşə ara vermir, zəhlə tökürdülər. Oqtay mövqeyini dəyişə-dəyişə cavab atəşi açır, yoldaşlarının uzaqlaşmasına şərait yaradırdı. Uşaqların tam uzaqlaşdığını yəqinləşdirən Oqtay atəşə ara verib, yerini dəyişdi. Təpənin başında qaya parçaları arxasından tez-tez atəş açan erməni əsgərlərini izləməyə başladı. Qarşı tərəfin susduğunu görən erməni əsgərləri hədəflərini məhv etdiklərini zənn edib mövqelərindən kənara çıxdılar. Gizləndikləri yerdən çıxan erməni silahlıları üzü aşağı enməyə başladılar. Cəmi altı nəfər idilər. Oqtay soyuqqanlıqla onları hürkütmədən yaxına buraxmağa çalışdı. Hər ehtimala görə silahın xəzinəsini yoxladı, hələ ki, bunlara yetəri qədər gülləsi vardı. Ermənilərin tam yaxınlaşdığını görən Oqtay qəfil daldalandığı qaya parçasının arxasından çıxaraq onları aramsız atəşə tutdu. Gözlənilməz həmlə ilə qarşılaşan erməni əsgərləri özlərini itirdilər, tətiyi belə çəkməyə imkan tapmadılar, dəhşətli bağırtı ilə yerə sərildilər. Oqtay atəşə ara vermədən güllələri yerə sərilmiş erməni əsgərlərinin üstünə yağış kimi yağdırırdı. Əlindəki avtomat gülləsi qurtardığına görə susdu. Əlini belindən asdığı ehtiyat xəzinəyə apardı, o da boş idi. Gülləsi tamam qurtarmışdı. Gizli yollarla, daldalana-daldalana hissəyə qayıtmağı qərara aldı. Elə bu an uzaqdan atılan "snayper" gülləsi Oqtayı yaraladı. Bir-iki addım atıb yıxıldı. Güllə qıçından dəymişdi. Burada çox qalmaq olmazdı. Ona uzaqdan güllə atan snayperçiyə bura gələnə qədər xeyli vaxt lazım idi. Bu vaxta qədər sürünüb haradasa daldalanmaq olardı. Ətrafı nəzərdən keçirdi. Sürünə-sürünə yaxınlıqdakı yamacda yerləşən meşəyə girib, bu qollu-budaqlı, iri, yoğun gövdəli palıd ağacının altına gəldi, qalın qaratikan kol topasının yanında arxası üstə yerə uzandı. Və qeyri-ixtiyari,
-Of, anacan, bu da axırım! -dedi.
Elə bu an kolluqdan bir zingilti səsi gəldi, sonra bir it dartınaraq qalın, sıx kolların arasından başını kənara çıxardı. Daha sonra itin bədəni göründü. Heyvan məzlum gözlərini Oqtaya zilləyərək zingildəyir və quyruq bulayırdı. Başı zəncirlə bağlı olduğu üçün heyvan can atsa da Oqtaya yaxınlaşa bilmirdi. Oqtay əvvəlcə üşərgələndi, sonra itin quyruq buladığını görüb sürünərək ona yaxınlaşdı.
  Boynundakı zəncirin halqaları biri-birinə yaxınlaşdırılıb alüminium məftillə kobud bağlandığından məftilin ucu xilas olmaq üçün dartınan itin boyun-boğazına batmış, dərisini dəlik-deşik edərək, alqanına boyayıb qançır etmişdi. Oqtay diqqət yetirdi, zəncirin o biri başındakı sonuncu, nisbətən iri halqaya kip vurulmuş, 20-30 santimetrlik taxta parçası kolun kötüyünə ilişdiyi üçün it burada ilişib qalmışdı. Əgər Oqtay yaralanıb bura gəlib çıxmasaydı, bu dilsiz-ağızsız heyvanın axırı nə ilə qurtaracağını bir Allah bilirdi. Oqtay əlini itə yaxınlaşdırdı. İt mehribanlıqla onun əlini yaladı, məyus gözlərini ona dikib, sanki ondan imdad diləyirdi. Oqtay ehmalca, əlini itin yaralı boynuna aparıb, ona əziyyət verməmək üçün ehtiyatla məftilin dolağını açdı, halqaları aralanmış zənciri itin boynundan kənara atıb onu azadlığa buraxdı. Ölümdən qurtulmuş, azadlığa çıxmış it, ağlasığmaz, qeyri-adi bir hərəkətlə Oqtaya yaxınlaşıb əllərini, ayaqlarını, üzünü iylədi, yaladı, danışırmış kimi qəribə, incə səslər çıxararaq xilaskarına öz minnətdarlığını bildirdi. Sonra iti bir sürətlə yaxınlıqdan şırıltısı eşidilən çaya tərəf qaçdı. Yəqin ki, susamışdı. Oqtay bir daha itin geri qayıdacağını gözləmirdi. Amma qayıtmasını istəyirdi. Heç olmasa bu meşənin dərinliyində, kimsəsiz bir yerdə tək qalmazdı. Heyvan da olsa gözgözə baxar, nəfəs-nəfəsə verərdilər. İki dəqiqə keçmədi ki, it yenidən Oqtayın yanına qayıtdı, yenidən əllərni, üz-gözünü yalamağa başladı. Və birdən Oqtayın yaralı qıçını iyləyib, xilaskarının dərdinə şərik çıxırmış kimi məyus görkəm alaraq, zarıyıcı bir səslə zingildədi. Oqtay onun başına sığal çəkdi, qızılı, sarı, qəhvəyi rəngli, ipək kimi yumşaq tüklərini tumarladı. Bundan xoşhallanan heyvan yerə oturaraq başını Oqtayın sinəsi üstə qoydu. Oqtay ona diqqət yetirdi, heyvanın qarnı belinə yapışmışdı. Yəqin ki, ac idi. Torbasını açıb çörək çıxardı, bir-iki tikə kəsib itin qabağına atdı. İt çörəyi iyləyib Oqtayın üzünə baxdı, ağzı sulansa da yemədi. 
-Bəlkə birlikdə yeyək? -deyən Oqtay tikənin birini götürüb yedi. Buna bənd imiş kimi it dərhal yerdə qalan o biri tikəni yedi və sonra Oqtayın başqa tikəni yeməsini gözlədi. İtin bu hərəkətinə məəttəl qalan Oqtay torbadan çıxardığı kolbasanı dilim-dilim doğrayıb, tikələdiyi çörəklə birlikdə itin qabağına "süfrə"açdı. Oqtayın hər yediyi tikədən sonra it başqa tikəyə ağız uzadırdı. Və bu minvalla kolbasa ilə çörəyi tən yedilər. Birinə artıq, birinə əksik pay düşmədi.
-Deməli, mənsiz yemədin, ac olsan da yemədin, mənim ac qalmağımı istəmədin. Yeməyi ata malı kimi mənlə yarı böldün. Sənə halaldı, ay Allahın heyvanı -dedi Oqtay...
...Bayaqdan bunları düşünən, itin belə mehriban, belə müqəddəs dostluğuna məəttəl qalan Oqtayın indi vəhşiləşmiş bu heyvanın onun üstünə atılaraq onu parçalayacağına qəti şəkk-şübhəsi qalmamışdı. Bayaqkı mehribançılıqdan indi itdə əsər-əlamət yox idi. Bayaqdan onunla "çörək kəsən", ona hayan çıxan, arxa-dayaq duran bu heyvan da indi ona qənim kəsilmişdi. Hər ehtimala qarşı əlini cibindəki bıçağın üstündə saxlamış, it hücum edərsə, özünü müdafiə etmək üçün bıçaqla onu vurmağı qərara almışdı.
İtinsə hirsi-hikkəsi soyumaq bilmirdi. Bayaq qanına qəltan etdiyi erməninin iyrənc, saqqallı sifətini, badımcana oxşar uzun, yekə, çopur burnunu gözlərinin qabağına gətirdi, onu öldürməklə intiqamını alsa da hirsi soyumadı, əksinə daha da hiddətləndi. 4-5 il bundan əvvəl həmin bu murdar erməni tərəfindən vəhşiliklə, insafsızcasına qətlə yetirilmiş anası, qardaş və bacıları gözləri qabağına gəldi...
Ardı növbəti nömrəmizdəшаблоны для dle 11.2