Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

SARICA

  

Povest

Əvvəli ötən nömrəmizdə

X
...Qəzəblənmiş itin indi üstünə atılaraq onu parçalayacağını gözləyirdi və birdən ildırım sürətiylə Oqtayın başı üzərindən tullanan Sarıca üzü aşağı, çaya tərəf qaçdı. Təhlükənin sovuşduğunu görən Oqtay bir an rahat nəfəs aldı. Tamam tənha qaldığını dərk edincə itin yenidən yanına qayıtmasını arzuladı. Və gün ərzində çəkdiyi əzablara tab gətirə bilməyib huşunu itirdi.
Sarıca çaya çatıb ağzını suya saldı. Hiddətlə burnunu suda o tərəfə, bu tərəfə çırpır, sanki, düşmənin murdar qanına bulaşmış ağız-burnunu yuyub təmizləmək istəyirdi. Sonra soyuq dağ suyundan içdi. Hirsdən, qəzəbdən yanan içinin göynərtisi sən­gidi, daxilində bir sərməstlik duydu. Geri dönərək xilaskarının yanına tələsdi.
Qızdırma içində yanan Oqtay alnında, yanaqlarında bir sərinlik hiss etdi və çətinliklə də olsa huşdan ayılıb özünə gəldi. Gözlərini açanda gördüklərinə inanmaq istəmədi. Üz-gözünü yalayan bayaq vəhşiləşmiş it, əvvəlki mehriban görkəminə qayıtmışdı. Bir az bundan qabaq qıcanmış ağzında görünən qılınc kimi iti dişləri, cəhənglərindən axan qan damlaları, az qala hədəqəsindən çıxacaq qızarmış gözləri, qabarıb biz-biz qalxmış tükləri bu heyvana vəhşi bir görkəm vermişdi.
Oqtay itin düşməninə görə qəzəblənib bayaqkı tanınmaz sifətə düşdüyünü dərk etdi. Bu ağır günündə həyatını təhlükə qarşısında qoyaraq ona qahmar çıxmış "dostu"nun ağlasığmaz əməllərindən qürur duydu. Bayaq qoltuq cibindəki bıçağın dəstəyinə apardığı əlini qolu keyidiyi üçün çətinliklə də olsa çəkib qoynundan çıxardı, sinəsi üstə gətirib asta hərəkətlə döşünə vurub üstünə uzanmasını itə işarə elədi. Sarıca yaxınlaşıb Oqtayın sinəsi üstə uzandı. Hərarətdən od tutub yansa da Oqtay üşüyür, soyuqdan tir-tir əsirdi. Artıq Sarıcanın isti bədəni də ona kömək edə bilmirdi. Yara öz işini görməkdə idi. Canı ilə əlləşən Oqtay itin nəvazişindən qəhərləndi, Sarıcanın boynunu qucaqlayıb əziz adamı kimi öpməyə başladı:
-Getmədin, məni qoyub getmədin. Ölümə sinə gərdin, məni düşmənin əlindən alıb həyatımı xilas etdin. Qəzəblənib, hiddətlənib getmişdin, tamam azad idin. Yenə yanıma qayıtdın. İndi də keşiyimi çəkir, məni qızındırmaq istəyirsən. Axı bunları nəyə görə edirsən? Səninlə "kəsdiyim" bir parça çörəyə görəmi? Yoxsa səni zəncirdən açıb azadlığa buraxdığım üçünmü? Hər halda yaxşılığı itirmədin. Ömrü boyu torpaqlarımızdan yer, çörəyimizdən pay, paltarımızdan geyim verdiyimiz nankor qonşularımız sənin qədər olmadılar. Və ola bilməzlər də. Çünki onlar haqdan qaçan, nahaqqa tapınan nankor ünsürlərdir. Bir çox insanlardan sən etibarlısan ay Allahın yaratdığı. Heç bilirsən arzum nədir? Arzum odur ki, Allah-Təala mənə bir az ömür versin, heç olmasa sənin yaxşılığından az da olsa çıxam, - dedi Oqtay.
Sarıca Oqtayın hər kəlməsindən sonra qəribə, incə səslər çıxarır, sanki onunla "söhbətləşirdi".
Günəş öz yuvasına çəkilirdi. Qürub vaxtı yaxınlaşırdı. Sarıca xilaskarına kömək üçün yollar axtarır, tez-tez o yan-bu yana boylanır, qulaqlarını şəkləyib hər tərəfi dinşəyirdi. Birdən taladan meşəyə girən iki nəfər silahlını gördü. Oqtayın üstündən yerə düşüb ağacların yoğun gövdələri və kolların arasıyla daldalana-daldalana gələnlərə tərəf qaçdı. Onlara yaxınlaşıb topa kolun arxasında yerə sindi. Gələnlərin dost və ya düşmən olduğunu müəyyənləşdirmək üçün qulaqlarını şəkləyib danışıqlarını dinşəməyə başladı. Artıq əsgərlərin söhbəti aydın eşidilirdi.
-Dədəmin canı üçün Oqtayın başı üstündə olsaydı çoxdan qayıdardı hissəyə. Səhərdən axtarırıq, nə ölüsünü tapırıq, nə də dirisini. Nəsə gəlib başına.
-Ə, bura bax, deyirəm birdən əsir zad düşər e?
-Yox. Yoox, Oqtay özünü öldürər, ancaq əsir düşməz. Zalım oğlunun gözündə qorxu yoxdu ha. Görmürsən hər döyüşdə sinəsini gülləyə sipər edir.
Sarıca əsgərlərin ona doğma olan, onun alışdığı, təxmini başa düşdüyü dildə danışdıqlarını eşidib gələnlərin dost olduğunu müəyyənləşdirdi, gizləndiyi yerdən çıxıb astadan bir-iki ağız hürdü və əs­gərlərin qabağına qaçdı. Əsgərlərdən biri avtomatı ona tuşladı. O biri əsgər:
-Əl saxla, görmürsən quyruq bulayır, dedi.
Sarıca onlara çatıb yenə iki ağız hürdü və geri qayıdıb Oqtayın yanına tələsdi. Əsgərlərin ardınca gəlmədiyini görüb yenidən onların yanına qayıtdı, ayaqları qarşısında çöməlib yalvarışlı səslə yenə onlara baxa-baxa Oqtay tərəfə addımladı. Əsgərlərdən biri:
-Bu itdə nəsə var, sən öl. Gedək bunun dalınca, görək bizi hara aparmaq istəyir, - dedi.
Onlar Sarıcanın ardınca düşdülər. Gəlib Oqtayın uzandığı yerə çatanda itin əməlinə heyrətləndilər.
-Ə, bu nə ağıllı heyvandır, - deyə əsgərin biri dilləndi.
Səsə zorla gözlərini açan Oqtay:
-Gəlmisiz, gəlib çıxmısız uşaqlar, -dedi.
Oqtayın yaralı olsa da salamat qalmasından sevinən əsgərlər ona yaxınlaşdılar.
-Allaha şükür, sağsan, ümidimizi tamam itirmişdik, səhərdən səni axtarırıq, ağlımıza min cür fikir gəlirdi. Bu it olmasaydı, başqa səmtə gedirdik. Bizi yoldan qaytarıb bura gətirən elə bu it oldu, - deyən əsgər qumqumanı belindən götürüb Oqtaya su içirtdi. - Bu alçaqlar vurub səni? - deyərək saqqallı erməni dığalarının cəsədinə işarə elədi.
-Hə, bunlar uzaqdan snayperlə vurublar məni, yaralı olduğumu bilib məni əsir tutmaq üçün gəlmişdilər bura.
-Sən də bunları cəhənnəmə vasil elədin hə, deyən əsgər ürəkdən güldü.
-Yox, qardaş, yox. Bunlar bura gələndə mənim bir dənə də gülləm qalmamışdı.
-Bəs bunları kim vurub?! - deyən əsgər maraqla soruşdu.
Oqtay səngər dostlarının gəlişindən və bir az su içdiyindən xeyli dirçəlib, özünə gəlmişdi. Artıq burda tənha qalıb qurd-quşa yem olacağı təhlükəsi sovuşmuşdu. Yaşamaq, həyat eşqi ona güc vermişdi.
-O alçaqları, bax, gördüyünüz bu it cəhənnəmə vasil edib. Özü də mənim həyatımı xilas etmək naminə.
-Sən nə danışırsan, Oqtay?! İtin topu, tüfəngi var, it silah ata bilir?!
Oqtay bu gün ilk dəfə gülümsədi, baş vermiş hadisəni qısa da olsa dostlarına danışdı.
-Əgər inanmırsınızsa yaxınlıqdakı dığanın cəsədinə fikir verin. Ona bir dənə də olsun güllə dəyməyib. Bu gördüyünüz it onun boyun-boğazını çeynəyərək cəhənnəmə göndərib, - dedi.
Əsgərlər cəsədi diqqətlə nəzərdən keçirdikdən sonra heyrətlə gah Oqtaya, gah itə, gah da pəzəvəng erməninin meyitinə baxırdılar. Gördüklərinə inanmaq istəməsələr də, fakt göz qabağında idi. Meyitə bir dənə də güllə dəyməmişdi, təkcə boyun-boğazı iti dişlərlə didilib parçalanmışdı.
Sarıca sanki, əsgərləri tələsdirmək üçün onlara yaxınlaşıb birinin çəkməsinin boğazından dişləri ilə ehmalca tutub Oqtaya tərəf çəkdi. Sonra Oqtaya yaxınlaşıb zingildəyərək onun əlini yaladı.
-Ə, Oqtay, dədəmin əziz canı üçün bu itin təkcə danışmağa dili yoxdu. Ə, bu heyvan möcüzədi mən ölüm deyən əsgər əlini ağzına aparıb iki dəfə yapalaq səsi çıxararaq şərti işarə verdi. Bununla o, Oqtayı axtarmaq üçün onlarla meşəyə gəlmiş digər iki əsgər yoldaşlarını köməyə çağırdı. Və Oqtayın yeriyə bilməyəcəyini nəzərə alıb belindən asdığı balaca baltanı kəməndindən çıxartdı, iki ədəd üç metr uzunluğunda şumal ağac kəsdi, hamarlayıb yanaşı yerə qoydu, o biri əsgərdən uzun kəndiri alıb bir adamlıq xərək düzəltdi.
Xərək düzələnə qədər o biri əsgərlər də gəlib çıxdılar. Köməkləşib Oqtayı xərəyə uzatdılar. Oqtayın vəziyyəti ağırlaşırdı. O, tez-tez huşunu itirir, yenə də özünə gəlirdi. Üzünü dostlarına tutub:
-Uşaqlar - dedi - sizdən bir xahişim var, iti özünüzlə aparın, hissəyə çatan kimi onu yaxşı yedizdirin. O heyvan hər cür hörmətə layiqdir.
-Sən arxayın ol, qardaş - deyən dostları Oqtayın uzandığı xərəyi çiyinlərinə alaraq yola düşdülər. Sarıca da onlara qoşuldu. Sevincək hərəkətlərlə yeriyir, gah əsgərlərin üzünə, gah da boylanıb xərəkdə hərəkətsiz uzanan Oqtaya tərəf baxır, sanki, onun vəziyyətini öyrənmək istəyirdi.

XI
Onlar hissəyə çatanda qaş qaralıb, axşam düşmüşdü. Oqtayı rezin təkərlər üzərində qurularaq tibb məntəqəsi üçün ayrılmış taxta vaqona qaldırıb ehmalca çarpayıya uzatdılar. Əsgərlərdən biri məlumat vermək üçün komandirin yanına getdi.
Hissənin komandiri axşam yeməyini yeməmişdi. Daha doğrusu, iştahadan kəsilmişdi. Yuxusuzluqdan qızarmış gözlərinin altı şişib torbalanmışdı. Çoxlu siqaret çəkdiyindən oturduğu balaca otaq tüstü ilə dolmuşdu. Başını əlləri arasına alıb dərin fikrə getmişdi. Baş vermiş hadisə ilə əlaqədar gün ərzində dinclik tapa bilməmişdi, mənəvi sarsıntı keçirmişdi. Qaçqın düşən əliyalın əhali Sarıcanın səhər tezdən gördüyü həmin talada yağı düşmən tərəfindən vəhşicəsinə gülləbaran edildiyindən, qətlə yetirilmiş yüzlərlə insanın cəsədi əsgərlərin köməyilə maşınlara yığılıb meyitxanalara göndərilmişdi.
Ermənilərin özlərinə qalsaydı, onlar belə qələti edə bilməzdilər. "Arxalı köpək qurdu basar" atalar misalını götür-qoy edən komandir günahın çoxunu ali baş komandanlığın səriştəsizliyində görürdü. "Vahid ordu yaradılmalı, əsgərlərin döyüş zamanı lazımi müasir silahlarla təchiz edilməsi üçün təxirəsalınmaz tədbirlər görülməli, düşmən tərəfindən gözlənilən hücumun qarşısı vaxtında alınmalı idi. Pərakəndə, özünümüdafiə dəstələriylə düşmən qarşısını almaq, onları məglub edərək geri oturtmaq mümkün deyil. Deməli, hələ bu xəmir çox su aparacaq".
-Cənab polkovnik, Oqtayı gətirdik!
Komandir başını qaldırıb qarşısında farağat vəziyyətində dayanmış əsgəri başdan-ayağa süzdü. Fikirli olduğundan onun nə vaxt otağa girdiyini hiss eləməmişdi.
-Bağışlayın, cənab polkovnik, qapını bir neçə dəfə döydüm, səs gəlmədi. Vacib məlumat olduğu üçün icazəsiz otağa girdim.
-Yaxşı eləmisən, düz eləmisən, deyən komandir özünü sındırmadı. -Yəqin ki, yuxulamışam, onun üçün də qapının döyüldüyünü eşitməmişəm. Hərbi qaydaya görə cəzalandırılmalıyam. Gərək bu dəfə keçəsən günahımdan - deyib ayağa qalxdı, qamətini düzəldib xislətinə xas ötkəm, gümrah səslə danışmağa başladı.
-Hə, qəhrəmanımız necədir? - deyə Oqtayı soruşdu.
-Salamatdır, cənab polkovnik, ancaq qıçından yaralanıb.
-Boş şeydir. Elə igiddən ölüm də qorxur. Getdik! deyib otaqdan çıxdı. Əsgərlə birlikdə tibb məntəqəsi yerləşən vaqona tərəf addımladı.
Həmişə ötkəm danışmaqla, qamətini şax tutmaq­la əsgərlərində ruh yüksəkliyini qaldıran komandir Oqtayın yaralanmasından mütəəssir olsa da, özünü tox tutur, bunu büruzə verməməyə çalışırdı.
Onlar məntəqəyə yaxınlaşanda vaqonun iki ayaqlı pilləkəni önündə dayanaraq gözlərini qapıya zilləmiş Sarıca komandirin diqqətini cəlb etdi. Üzünü əsgərə tutub:
-Bu it hardan gəlib bura çıxıb? - deyə soruşdu.
-Cənab polkovnik, bu, it deyil, bu, qeyri-adi bir canlıdır. Oqtayın həyatını xilas edən bu it olmuşdur.
-Necə yəni, it də insanı ölümdən qurtara bilər?!
-Bəli, cənab polkovnik, Oqtayı ölümdən bu it qurtarıb. Biz də gözümüzlə görməsəydik inanmazdıq, - deyən əsgər olmuş hadisəni qısa da olsa komandirinə danışdı. Komandir yaxınlaşıb diqqətlə iti nəzərdən keçirdi, aşağı əyilib başını tumarladı. Sarıca salam verirmiş kimi qabaq sağ ayağını yuxarı qaldırıb pəncəsini komandirə uzatdı. Polkovnik Sarıcanın pəncəsini əlinə alıb:
-Ağıllı heyvandır, olsun ki, xüsusi təlim görüb - dedi və vaqona qalxdı.
Onlar vaqona çıxanda Oqtay artıq özündə deyildi. Huşunu tamam itirmişdi. Uzun yolu əldə düzəlmiş xərəkdə gətirildiyi üçün silkələndiyindən yarası ona olmazın əziyyət vermiş, yorulub əldən düşmüşdü.
Komandir yaxınlaşıb əlini Oqtayın alnına qoydu, hərarətdən od tutub yanırdı. Sonra şişib kötüyə dönmüş yaralı qıçını nəzərdən keçirdi." Deməli vəziyyəti ağırdı" deyə düşündü. Ona təcili yardım edilməsə həyatı təhlükə qarşısında qalacaq. Hissənin həkimi də bu gün, axşamüstü yaralı əsgərləri hərbi vertolyotla Bakıya, hospitala aparmışdı. Rayon xəstəxanası da çox uzaqdır. Xəstəni də maşına mindirib silkələmək olmaz. Bəs nə etməli?! Oqtayı həyata necə qaytarmalı?! Hər bir əsgərə ata qayğısı göstərən komandir Oqtayı doğma övladı qədər sevirdi. Bakıya zəng edib vertolyot çağırmağa da imkan yox idi. Enerji mənbəyi tükəndiyi üçün ratsiya da işləmirdi. Bəs nə etməli?! Nə fikirləşdisə üzünü əsgərlərə tutdu:
-Uşaqlar, bu yaxın kənddə həkim olmamış olmaz. Təcili maşınla gedib, soraqlaşıb tapmaq, bura gətirmək lazımdır.
-Cənab polkovnik, mən həkim yeri bilirəm. Bu gün səhər qaçqın düşənləri yaxındakı kəndə apararkən aralarında bir həkim vardı. Səhv etmirəmsə, adı da Azad doxtur idi. Onlar, bir neçə ailə idilər, köhnə məktəb binasında yerləşdirildilər. Biz onları yerbəyer edəndən sonra yorğunluğumuzu almaq üçün təxminən yarım saat oturub dincəldik. Və bu yarım saatın içində həmin həkim qayadan uçaraq qıçını sındırmış bir nəfərin sınmış sümüklərini əli ilə yerbəyer edib ətrafına nazik, yonulmuş taxta parçaları düzdü, qonşuların verdikləri yumurta ilə yundan gips düzəldib sarıdı. Onu tanıyan qaçqınlardan biri dedi ki, o, çox bacarıqlı həkimdir.
- Əhsən sənə əsgər, - deyən komandir sevincini gizlədə bilmədi, - bax, belə diqqətli olduğuna görə həyatda həmişə uğur qazanacaqsan. Belə edək, zabitlərdən birini qoşuram sənə, oturursuz QAZ 69-a, sürürsüz həmin kəndə, həkimi götürüb təcili bura gətirirsiz.
-Oldu, cənab polkovnik, - deyən əsgər əlini qulağının dibinə aparıb farağat vəziyyəti aldı.
-Ünvanı tapacaqsanmı?
-Bəli, cənab polkovnik, balaca kənddir. Axtarmağa ehtiyac qalmayacaq. Məktəb binasının yolunu əlimin içi kimi bilirəm.
-Elə isə dayanmayın, leytenantı da götürüb yola düşün. Bura bax, ola bilər ki, həkim gəlmək istəməsin. Ona izah edin ki, burda igid bir oğlan can üstündədir. Ürəyi varsa gələcək. Əgər onu tapmasanız, soraqlaşın, kənddə başqa həkim varsa bura gətirin. O da olmasa, qonşu kəndə, daha sonra ra­yona gedin. Ümumiyyətlə, bura həkimsiz qayıtmayın. Mən sizə ümidəm, deyən komandir üzünü naçar qalmış tibb qardaşına tutdu.
-Nəsə edə bilmisiz? - deyə soruşdu.
-Ağrıkəsici vurmuşam, cənab polkovnik, sonra da qızdırmaya qarşı bir neçə iynə vurub dərman içirtmişəm. Ancaq vəziyyəti yaxşı deyil. Yaxşı, başı çıxan həkim olmasa... Sözünün ardını demədi, Oqtaya lazımi yardımı edə bilmədiyi üçün xəcalətli iş tutubmuş kimi başını aşağı dikdi.
-Bilirəm, oğul, bilirəm, vəziyyəti ağırdır, - deyən komandir yanını Oqtayın uzandığı çarpayının qırağına qoyub yaş tənzifi xəstənin dodaqlarına çəkdi.
- Ancaq, qorxmaq lazım deyil, o sağalacaq, mütləq sağalacaq, - deyib ətrafdakılara ürək-dirək verdi.
Komandirin əmrini alan əsgər, leytenantla birgə maşına oturub kəndə yola düşdülər. Qalan digər üç əsgər Oqtayı görmək üçün vaqona can atan Sarıcanı özləri ilə kazarmaya apardılar.
Hadisəni eşitmiş digər əsgərlər maraqla, bu qeyri-adi itin mehriban görkəminə baxır, ağıllı əməllərinə məəttəl qalırdılar. Hərə öz payından bir az ayırıb Sarıcanı möhkəm yedizdirdilər, qabağına su qoydular. Havanın şaxtalı olduğunu nəzərə alan uşaqlar Sarıcanı bayıra buraxmadılar. Qapının ağzında yerə atdıqları köhnə sırıqlının üstündə yatmaq üçün ona yer düzəltdilər.
XII

Dünən axşam öz doğma yurd-yuvalarından qaçqın düşərək gecəni sübhə qədər məşəqqətli yollar keçmiş, gün bir çatı qalxanda rastlaşdıqları bizim əsgərlərin köməyilə gəlib bu kəndə köçmüşdülər. Kənddə məskunlaşdırılmış əlliyə yaxın qaçqın ailəsindən dördü bu darısqal, yaşı bilinməyən köhnə məktəb binasında yerləşdirilmişdi. Təzə məktəb binası tikilib istifadəyə verildiyi üçün bu qədim bina bir neçə il istifadəsiz qaldığından tam yararsız hala düşmüşdü. Damının çürümüş saxsı örtüyü, qapı və pəncərələrinin qədimiliyi, digər ağac materialları yararsız olduğu üçün binanı sökməmişdilər. Bu gün məcburiyyət qarşısında kara gəlmiş bu dörd otaqlı binanın hər otağı bir ailəyə verilmişdi.
Otaqların taxta döşəməsi olmadığı üçün quru yer süpürülüb təmizlənmiş, yerli adamların gətirdikləri köhnə-kürüş həsir və palazlarla örtülmüşdü. Şüşəsi sınmış pəncərələrin gözləri qalın kağız kartonlarla, sellofan örtüklərlə tutulduğundan içəri qaranlıq idi. Otaqlar nəm olduğundan kəsif iyi verirdi. Qonşuların verdikləri köhnə, yırtıq odun peçlərinə çör-çöp, talaşa yığıb yandırsalar da otaqlar qızmaq bilmirdi.
Kənd camaatı hərə qulpundan çıxanı, köhnə yorğan-döşək, geyinmək üçün yararlı olan kişi, qadın və uşaq paltarı, qab-qacaq, hətta hazır bişirilmiş xörəyə qədər gətirib məcburi köçkünlərə paylamışdılar.
Sınıq-salxaq kətil üstə oturmuş Azad dərin fikrə gedərək atasının yolunu gözləyir, onun gəlib çıxacağına ümid edir, yorğunluqdan ölü kimi düşmüş, yöndəmsiz yerdə yatan balalarının gələcək taleyini düşünürdü. Nöyüt lampasının zəif işığı altında divardakı oyuqları axtarıb tapan Səlminaz günortadan hazırladığı palçıqla həmin dəlikləri tutur, otağa girə biləcək siçanın, siçovulun, ilan-çayanın qarşısını almağa çalışırdı. Hələ günorta otağa girərkən siçovulu görüb dəhşətə gəlmişdi.
Dünən axşamdan çimir eləməsələr də, bu gün günorta üstünə kimi payi-piyada yol gəlib yorulsalar da, sarsıntı içində olduqları üçün yuxuları ərşə çəkilmişdi. Yata bilmirdilər. Yatmaq istəmirdilər. Səlminazın ağlamağa nə heyi, nə də gözündə yaş qalmamışdı. Gecə, yol boyu yanındakılara sezdirməmək üçün sakitcə, için-için ağlayan Səlminaz bu gün, günorta, yaşamaq üçün onlara ayrılmış bu acınacaqlı şəraiti görüncə hönkürüb ağlamaqdan özünü saxlaya bilməmişdi. Onlarla birlikdə qaçqın düşən ahıl bir qadın Səlminazın boynunu qucaqlamış, - Qızım, başqaları kimi gülləyə tuş gəlib yarı yolda qalmamışıq, sağ-salamat bura gəlib çıxmışıq. Allaha şükür elə ki, balaların, ərin, özün salamat qalmısız. Naşükürlük edib, asi olma, Allaha acıq gedər. Bir də yadında saxla, can bala, elinən gələn bəla toy-bayram olar, - deyib onu sakitləşdirmişdi.
Səlminaz köhnə, mis ləyənin dibində qalmış bir ovuc palçığı götürüb oyuğun birini də tutdu. Onsuz da bir gündə bu qədər dəlik-deşiyi bağlamaq mümkün deyildi. Əllərini yumaq üçün binanm həyətindən axan kəhrizə getdi.
Əllərini yuyub geri qayıdan Səlminaz ərinin könlünü almaq, fikrini dağıtmaq üçün nə isə demək, nə isə etmək istəsə də, dinib-danışa bilmədi. Lal-dinməz ərinin üzünə baxdı. Elə bil ötən sutka ərzində Azadın beli bükülmüş, vüqarlı qaməti sınmış, saçları ağarmış, xeyli qocalmışdı. Ömür-gün yoldaşının bu haləti ona dərin yer elədi. Yenə atası qədər sevdiyi qayınatası Rəcəb kişini xatırladı.
-Yazıq dədə, gəlib çıxmadı, görəsən başına nə iş gəlib?! Bir də hardan biləcək ki, gəlib bura düşmüşük? Gərək onu orada tək qoymayaydıq. Gözləyəydik.
Azad başını qaldırıb qəmli gözlərini Səlminaza dikdi. Həyat yoldaşını birinci dəfə görürmüş kimi ona xeyli baxdı.
-Bilmirsən, xasiyyətini, dedi. - Bəyəm bir sözünü iki eləmək olur ki. Sözünün qabağına söz deyəndə uşaq kimi inciyir. İncidiyini üzə vurmasa da, içində çəkir. O qədər kövrək qəlbi var ki, dədənin. Bir də, o bəlada bizi gözləməyə qoyardı? İmkan verərdi ki, dayanıb onu gözləyək? Əlbəttə, qoymazdı, çünki hər saniyənin bir hökmü vardı o zaman. Əsas sizin aradan çıxmanızı istəyirdi kişi. O qədər ailəcanlıdı ki.
Azad bayaqdan ürəyində götür-qoy etdiklərini açıb Səlminaza demək istəmədi. Bu gün günortadan ağlına gələnin başına gələcəyindən qorxurdu. Atasının hələ o vaxt dediyi "Sən, hara istəyirsən köç, get, oğul. Mən yurdumu, yuvamı qoyub heç yana gedən deyiləm. Mənim dirim də, ölüm də bu torpaqda qalacaq" sözlərini xatırlamış, haldan-hala düşmüşdü. Əgər kişi sağ-salamat gəlib çıxmazsa, ona bir şey olarsa, bu, Azadın ürəyində ömrü boyu sağalmaz yara kimi qalacaq, arada qaysaqlasa da, tez-tez qaysağı qopub ona əzab verəcək. Bütün bu düşündüklərini Səlminaza danışıb, ona əzab vermək istəmədi.
-Narahat olma, Səlmi - dedi. - Atam bu yerlərin dağına-dərəsinə, meşəsinə-düzünə, yoluna-cığırına yaxşı bələddi. Xəlvəti yolla sağ-salamat gəlib çıxacaq, indi tapmasa da sonra tapacaq bizi.
-Allah ağzından eşitsin ay Azad. Dilim-ağzım qurusun, ona bir şey olsa öldürrəm özümü.
Elə bu ara şirin yuxuda olan Azər Sarıca, Sarıca deyib sayıqladı.
-Vallah, bu uşaq dəli olmasa yaxşıdı, günorta da bir-iki saat yatmışdı, onda da Sarıca deyib sayıq­layırdı. Axşam da yuxuya gedəndən sonra bir neçə dəfə beləcə sayıqlayıb. Uşaq itin xiffətini eliyir e, inanırsan? - dedi Səlminaz.
-Eliyəcək də, əlində böyüyüb, gün axşama kimi bir yerdə olublar. İt olanda nə olar. Özü də heylə, ağıllı heyvan, hələm-hələm ələ düşmür a.
-Düz deyirsən, Azad. Vallah, o itin təkcə danışmağa dili yox idi, qalan hər şeyi elə gözəl başa düşürdü ki, mat-məəttəl qalırdı adam. Sənə bir hadisəni danışacam Azad, inanmayacaqsan - deyən Səlminazın gün ərzində ilk dəfə dodaqları qaçdı, azacıq gülümsədi. - Yay idi, - dedi - dədə arxa su qoşub bostanı suvarırdı. Sən işdəydin, Azər da harasa getmişdi, evdə yox idi. Süsənlə tək qalmışdıq. Tut ağacının altında yerə palaz sərib Süsəni oturtdum. Sarıcanı da Süsənin yanına çağırıb onu qorumasını "tapşırdım". Unu ələyib xəmir yoğurmağa başladım. Bayaqdan Sarıca ilə sakitcə oynayan Süsən birdən arxa tərəf iməkləməyə başladı. Sarıca uşağın o tərəfinə bu tərəfinə keçir, onu arxa yaxınlaşmağa qoymurdu. Buna baxmayaraq Süsən arxa yaxınlaşmışdı. Arx da ağzına kimi su ilə dolu idi. Əlim xəmirli olsa da istədim gedib uşağı arxın qırağından götürüm. Elə bu an Sarıca dişləri ilə uşağın belinə bağladığım şaldan yapışıb onu sürüyərək palazın üstünə gətirdi. Mat-məəttəl qalmışdım. Yüz deyən olsaydı, bunu gözlərimlə görməsəydim inanmazdım. Vallah o heyvan elə-belə it deyildi, bir möcüzə idi. Kaş o heyvana da bir şey olmayaydı. Sağ-salamat gəlib çıxaydı bura. Heç bilirsən Azər nə qədər sevinərdi. Elə Süsən də, Sarıcaya öyrəşiblər axı.
-Məni demirsən, hamınızdan çox mən sevinərdim. Fikir verməmisən, Səlmi, bu illər ərzində Sarıca həyətimizə gələnlərdən kimisə tutub, kimisə dişləyib xətər yetirməyib. Tanımadığı adamları həyətə də buraxmayıb, səs-küy salaraq bizi xəbərdar edib. Təkcə Sureni görəndə quduzlaşıb, onu tutub parçalamaq, qanına qəltan eləmək istəyib. Çünki düşmənidir. Sarıca da dostla düşməni tanıya, ayırd edə bilir. Etibarsız, xəyanətkar insanlardansa, belə, dilsiz-ağızsız heyvanla dostluq eləmək daha yaxşıdır. Adamlar var ki, inanıb bel bağlayırsan, bir də görürsən arxadan xəncəri sapladı kürəyinə. Heç uf da demədi. Görmədin, ermənilər nə oyun açdı başımıza. Onlara yaxşılıqdan başqa nə etmişdik. İtlərsə belə deyil, çörək verən sahibinə sadiq olur, xidmət göstərirlər.
Azad son sözlərini boğula-boğula dedi. Yanan peçin böyrü-başı kimi boruları da çürüyüb dəlmə-deşik olduğundan tüstü otağa dolur, rahat nəfəs almağa imkan vermirdi. Peçin alt və yan yırtıqlarından otağın yerinə kül və xırda köz parçaları tökülürdü. Soyuq olsa da, od düşməsin deyə yorğan-döşəyi peçdən xeyli aralıda salan Səlminaz tez-tez yerə tökülən külü və od qırıntılarını bayırdan tapıb gətirdiyi köhnə, nazik dəmir parçasının üstünə yığıb atırdı. Bütün bu məşəqqətli əziyyətlərə tab gətirir, arada Allaha şükür edir, balalarının salamat qalmasına sevinirdi. Ciyər-paralarının gələcək taleyini düşünən ana sarsıntılar keçirsə də, "Təkcə ölümə çarə yoxdur, təki salamatçılıq olsun" el misalını xatırlayıb təskinlik tapırdı. Qayınatasının, valideynlərinin, bacı və qardaşlarının xiffətini çəkir, onların da sağ-salamat qalmaları üçün üzünü göylərə tutub Allaha yalvarırdı.
Xanım-xatınlıq etdiyi, bağçalı-bağlı o boyda mülkdən, mebelli, xalılı-gəbəli geniş otaqlardan, yaşamaq üçün hər bir şəraiti olan topdağıtmaz evindən məcburi qaçqın düşən və belə ağlasığmaz şəraitdə məskunlaşan Səlminaz yenidən daraldı, dönüb mışıl-mışıl yatan uşaqlarına baxdı, "hər zülmə dözərik, təki bunlara bir şey olmasın" deyə düşündü.
Dərin fikrə getmiş Azad dinib-danışmırdı. Qəm yükü ilə "yüklənmiş çiyinləri" ona əziyyət verirdi. Yerindən qalxmağa sanki, taqəti qalmamışdı. Atasının halını düşündükcə ürəyi partlamaq dərəcəsinə gəlirdi. Kişini orda tək qoyduğu üçün özünü danlayır, içini yeyib tökürdü. Təki, ömründə birinci dəfə olsa da üzünə qayıdaydı, sözünə baxıb onu orda tək qoymayaydı.
Elə bu ara tavandan, barının küncündən zərif xışıltı eşidildi. Bu səs ilan sürünməsini xatırladırdı. Səlminaz yerindən dik atılıb Azada sığındı. Alacalanmış, böyümüş gözlərini gah tavana, gah da Azada dikirdi. Azad işin nə yerdə olduğunu başa düşdü. Bu gün kənd adamlarının gətirib verdikləri boruları peçin tüstülüyünə keçirib dama çıxararkən ayağı dəydiyi çiy kərpicdən hörülmüş köhnə barının bir neçə kərpici ovxalanıb yerə tökülmüşdü. Borunun keçəcəyi yerə yaxın, həmin çuxura düşmüş oyuğu palçıqla doldurmaq istəyən Azad çuxurda, kərpiclər arasında özünə yuva quraraq, qıvrılıb qış yuxusuna getmiş yekə bir ilanı görüb dəhşətə gəlmişdi. İlanı öldürmək istədikdə atasının "Oğul, binalarda, evlərdə yaşayan ilanlardan heç vaxt insana zərər toxunmaz. Ona görə ki, onlar ölya ilanlarıdır. Onları öldürmək, yerindən dərbədər etmək günahdır" nəsihətini xatırlayıb əl saxlamışdı. Əlindəki vedrə dolu palçığı ilanın üstünə töküb çuxuru örtmüşdü. Səlminazın və uşaqların qorxacağını nəzərə alıb bu məsələni açıb ağartmamış, heç kimə bir söz deməmişdi. İndi isə borunun istiliyindən ayılmış ilanın yerini dəyişmək istədiyini yəqinləşdirdi.
-Vallah, bu ilandır, damda sürünür, - deyən Səlminaz təşviş içində Azada baxdı.
-İlanlar qışda, soyuq havada yuvalarından çıxmır, onlar ancaq yayda, isti havalarda gözə dəyirlər. Bir də yadında saxla Səlmi, binalarda, evlərdə məskən salan ilanlar insana toxunmurlar. Onlar ölya ilanları olduğu üçün onlardan hələ heç kəs ziyan görməyib, - deyən Azad Səlminaza ürək-dirək verdi.
-Allah ağzından eşitsin, ay Azad, yoxsa yağışdan çıxıb yağmura düşərdik. Özüm cəhənnəm, uşaqlardan qorxuram ey. Allah eləməsin, onlara bir şey olsa öldürrəm özümü. Onlarsız yaşamaqmı olar.
-Səlmi, əzizim heç qışda, belə soyuq havada ilan görmüsən?, - soruşdu Azad və sualına özü də cavab verdi. - Əlbəttə, görməmisən və görməzsən də. Çünki ilan ancaq yayda bayıra çıxır, - deyib Səlminazı arxayın saldı.
Bu an bayırda qaranlığın sinəsini dəlib sağa-sola gəzişən gur işıq seli göründü, bir az keçmiş binaya yaxınlaşıb dayanan maşın səsini eşitdilər. Səlminaz yerindən dik atılıb;
-Dədə olacaq bu, Azad. Gəlib çıxacağı ürəyimə dammışdı.
-Allah ağzından eşitsin, Səlmi! - deyən Azad hövlnak özünü bayıra atdı.
Adamlarını gözləyən, qulağı səsdə olan qonşu qaçqınlar da maşın səsini eşidib bayıra çıxmışdılar. Gələnləri görmək üçün hamı qabağa yeridi. QAZ-69-dan düşən əsgər onlara yaxınlaşıb salamlaşdıqdan sonra,
-Bizə həkim lazımdır - dedi - Bu gün, elə burda bir yaralının qıçını sarıyanda görmüşəm. Səhv etmirəmsə adı da, Azad doxturdur.
Azad qabağa yeriyib - Axtardığınız adam mənəm - dedi.
-Qadan alım doxtur, yoldaşlarımızdan biri yaralanıb, qıçına güllə dəyib, vəziyyəti ağırdır. Ona təcili kömək lazımdır. Həkimimiz də bu gün yaralanmış əsgərləri vertolyotla Bakıya aparıb. Sabaha ancaq gəlib çıxar. Tibb qardaşı da heç nə edə bilmir, bircə ümidimiz sənə qalıb.
Azad bir an nə edəcəyini kəsdirmədi. Damda sürünən ilan yadına düşdü. Gedərsə tək qalacaq uşaqların qorxacağından nigaran qalırdı. Gündüz Səlminaza ürək-dirək verən yaşlı qadın ona yaxınlaşdı.
-Nə fikirləşirsən oğul, - dedi. -Səndən imdad diləyirlər, get, əlindən gələni əsirgəmə. Uşaqlardan da nigaran qalma, gecəni onlarla birlikdə qalacam. Səlminazı, uşaqları tək qoymayacam. Di tərpən, dayanma.
Azad həmişə özü ilə gəzdirdiyi, dünən axşam qaçarkən onlara yük olsa da, bura gətirdiyi, içi tibb ləvazimatı ilə dolu çantasını götürdü. “Uşaqlardan muğayat olun, gec gəlsəm nigaran qalmayın, yaralının vəziyyəti ağır olsa yəqin ki, ləngiyəcəm”, -deyib gələnlərlə birlikdə maşına əyləşdi. Maşın yerindən tərpəndi, işığıyla gecənin zülmət qaranlığını yara-yara uzaqlaşıb gözdən itdi.
XIII
Səhər açılmışdı. Təzəcə doğan günəş düzü dünyanı nuruna qərq etmişdi. Hamı kimi şəhər əhalisi də növbəti qayğılı günlərini yaşamaqda idi. Oqtayın valideynləri ötən bu altı ay ərzində azı altmış yaş qocalmışdılar. Keçmiş bu vaxt ərzində ötən günləri bədxəbərsiz başa vurduqları üçün sevinir, gecələri nigaran yatır, növbəti günün salamat keçməsi üçün Allaha dualar edir, yeganə övladları olan Oqtayın sağ-salamat qayıdıb gəlməsi üçün nəzir-niyaz deyirdilər. Gün ərzində Oqtayın ağıllı və cəsur olmasından danışıb, biri-birinə ürək-dirək verirdilər.
Bu gün də səhər tezdən yuxudan oyanan kimi ana üzünü ərinə tutub,
-Heç bilirsən bu gecə yuxuda nə görmüşəm? -dedi.
-Yəqin ki, yaxşı yuxu görmüsən, arvad.
-Hardan bildin yaxşı yuxu gördüyümü?
-Nə isə, ürəyimə damıb. Tək Allah xeyirliyə calasın.
-Yuxuda Oqtayı görmüşəm. Özü də yaxşı, sapbasağ.
-Hə, onda danış görüm necə görmüsən. Ürəyimi üzmə arvad.
-Gördüm ki, quru bir səhrada yol gedirik. Ancaq yolu başa vura bilmirik. Ucsuz-bucaqsız bu səhrada Günəşin istisindən od kimi qızmış qumdan savayı gözə bir şey dəymirdi. Hər tərəfdə yerdən qalxan ilğım görünürdü. Səhra odunu yanıb közü qalmış təndiri xatırladırdı. Susuzluqdan dilim-dodağım yanırdı. Sənin də vəziyyətin yaxşı deyildi. Mənə kömək etmək istəsən də, özün də yeriyə bilmirdin. Elə bu an uzaqdan tozanaq qopdu. Bir azdan bir ağ atlı oğlanın bizə yaxınlaşdığını gördüm. At yaxınlaşanda nə görsəm yaxşıdı, gördüm ki, atın üstündəki igid bizim Oqtaydı. O, atı saxlamadan bir göz qırpımında əyilib bizi yuxarı qaldırdı, dizlərinin üstündə oturdub atı daha bərk çapmağa başladı. At elə bil yerimir, göylə uçurdu. Sonra meşə kənarında yerləşən merli-meyvəli bir çəmənliyə gəlib çatdıq. Bizi yoğun gövdəli, qollu-budaqlı bir ağacın altında yerə qoydu. Özü də atdan düşüb ağacın altında, torpaqdan qaynayan bulaqdan bizə doyunca su içirtdi. Vallah mənə elə gəlir ki, bu günlərdə Oqtaydan şad xəbər gələcək.
-Hə, arvad, Allah var, rəhmi də var. Su aydınlıqdır. Özü də Oqtayın bizə su içirtməsi daha yaxşıdır. Gör, mən nə görmüşəm yuxuda. Hə, gördüm ki, şadlıq sarayında toydayıq. Bəy də, Oqtaydır, yanında da nişanlısı Solmaz. Əvvəlcə Oqtay qırmızı paltarda idi, sonra gözümə ağ paltarda göründü. Xeyir-dua vermək üçün mikrofona yaxınlaşanda onu qara kostyumda, ağ köynəkdə, həmişə bağladığı qırmızı qalstukda gördüm. Elə xoşbəxt görünürdü ki, sonra birlikdə qol da açıb oynadıq.
-Allah ağzından eşitsin atası. Əhd eləmişəm, balamız sağ-salamat qayıdıb gəlsin, küçədə, adamların gur yerində əl açıb dilənəcəm.
Gördükləri yuxuların təsirindən sabaha ümidlə baxan valideynlər intizar və həsrətlə gülümsədilər...
XIV
...Günortaya az qalırdı. Azad üçüncü sutka idi ki, çimir eləmirdi. Sırağa gün, gecə səhərə qədər, doğma yurdundan qaçmağa məcbur olduğu üçün yol gəlib, dünən gün ərzində məskunlaşdıqları otağı (əgər buna otaq demək mümkünsə) sahmana salmaq üçün əlləşib, axşamdan indiyə qədər isə ağır yaralı olan Oqtayı həyata qaytarmağa çalışırdı. Yorulub əldən düşsə də, ötən bu vaxt ərzində göz qırpmamışdı.
Dünən axşam hərbi hissəyə çatan kimi Oqtayın şalvarını qıçı boyu qayçı ilə kəsərək əynindən çıxarmış, şişib dama dönmüş qıçındakı güllə yerini yara boyu, o tərəfli, bu tərəfli xüsusi məhlulla yuyub təmizləmiş, ona xüsusi ağrıkəsici, hərarəti salan və yeməyi əvəz edən vitaminli iynələr vurmuşdu. Əgər Azad bir saat gec gəlsəydi, Oqtayı hyata qaytarmaq mümkün olmayacaqdı.
Gecəni sübhə qədər qızdırma içində yanan, hərarətin təsirindən sayıqlayan Oqtayın vəziyyəti sübhdən sonra anbaan yaxşılaşmağa başlamışdı. Yaralının çoxlu qan itirdiyini nəzərə alan Azad komandirin köməkliyilə əsgərlərin hərbi biletlərini yığıb Oqtayın bileti ilə tutuşdurmuş, Oqtayla eyni qan qrupu olan əsgərlərin bəzi, sağlam görkəmlilərindən qan çəkib Oqtaya vurmuşdu. Öz qanının da Oqtayın qan qrupu ilə eyni olduğunu nəzərə alan Azad başqa cılız, arıq bədənli əsgərlərə qıymamış, öz qanından da çəkib ona vurmuşdu.
Oqtayın yaxşılaşdığını görən Azad çəkdiyi əziyyətin hədər getməməsinə sevindi, kiməsə yarıdığı üçün qürur duydu, yorulub əldən düşsə də, özündə bir gümrahlıq hiss etdi.
Səhər, sübh tezdən Azadın şəkər tozu ilə limondan düzəltdirdiyi şərbətdən bir-iki stəkan içib susuzluğunu yatıran, yuyulub təmizlənərək dərman qoyulub sarınan qıçının ağrısının azalmasından, ona vurulmuş iynələrin müsbət təsirindən rahatlıq tapıb şirin yuxuya gedən Oqtay bir az bundan qabaq ayılmışdı. Azad ona bir stəkan şərbət içirdib yenidən hərarətini yoxladı, qızdırması xeyli azalmışdı. Onun üçün gətirilmiş isti, duru xörəyi Oqtay iştahla yedi. Yerini rahatlayıb, kürəyini söykəmək üçün tibb qardaşından əlavə balış istədi. Tibb qardaşı Azada sualedici baxışlarla baxıb razılığını alandan sonra ikinci balışı Oqtayın başı altına qoydu, onun bir qədər dikələrək söykənməsinə kömək etdi. Oqtay Azada minnətdarlığını bildirib tibb qardaşından onu dünən ölümün pəncəsindən xilas etmiş iti soruşdu.
Oqtay sübh tezdən də özünə gələn kimi iti so Oqtay sübh tezdən də özünə gələn kimi iti soruşmuş, onun harada olduğu ilə maraqlanmış, ona yaxşı baxmalarını xahiş etmişdi. Tibb qardaşı da bu haqda Azada məlumat vermiş, əfsanəvi bir itin Oqtayı necə xilas etməsini, sonra əsgərlərə qoşulub onlarla hərbi hissəyə gəlməsini danışmışdı. Həyatın qəribəliklərlə və qeyri-adi hadisələrlə dolu olduğunu bilən Azad bu söhbətə bir o qədər əhəmiyyət verməmiş, əsas fikrini Oqtayın müalicəsinə yönəltmişdi. Lakin indi o da maraqlanmağa başladı.
-Sənin itin bax, belədir - deyən tibb qardaşı sağ əlini yumub baş barmağını dik tutdu - sağ-salamat, kefi də kökdür. Hətta gecə uşaqlar onu çöldə qoymayıb, özləri ilə kazarmada yatırdıblar - dedi. Elə bu an gecədən bəri tez-tez Oqtaya baş çəkən komandir içəri daxil oldu. Yerindən qalxmaq istəyən Azadla tibb qardaşına əli ilə işarə edib oturun dedi və Oqtaya yaxınlaşdı. Əlini onun alnına qoyub,
-Bizim qəhrəman necədir? - deyə soruşdu.
-Çox sağ olun cənab polkovnik, indi yaxşıyam.
-Bizi yaman qorxutmuşdun, - deyən komandir bayaq içəri girərkən tibb qardaşının it haqqında dediklərini eşitdiyindən marağını gizlədə bilmədi. Uşaqların axşam Oqtayı gətirərkən danışdıqları bu əfsanəyə bənzər hadisənin doğruluğunu Oqtayın özündən öyrənmək üçün söhbəti sonraya saxlamaq istəsə də, marağı səbrinə üstün gəldi. Hadisənin dürüstlüyünü öyrənmək üçün soruşdu:
-Oqtay, doğrudan sənin qəhrəman itin haqqında deyilənlər düzdürmü?! Axşam uşaqlar mənə danışdılar. Düzü, mən inanmadım, elə indi də inanmaq istəmirəm. İtdə belə şücaət çox nadir hallarda ola bilər.
-Cənab polkovnik, bu hadisə başıma gəlməsəydi, gözümlə görməsəydim yüz desəydilər mən də inanmazdım. Necə var, olduğu kimi sizə danışım, deyən Oqtay əhvalatı təfsilatı ilə onlara danışdı.
Dünya görmüş komandir dərin fikrə getmişdi. Oqtay ona heç vaxt yalan danışmaz. O, bu cavan oğlana özü qədər inanır. Deməli, baş vermiş hadisə həqiqət imiş. Bəs, iti buna vadar edən nə olmuşdur?
-Mənə elə gəlir ki, it öldürdüyü həmin ermənini çoxdan tanıyırmış, - deyən komandir sözünə aramla davam etdi. - Və həmin adam itin düşməni olub. İt, o adamı görən kimi daxilində oyanan intiqam hissi onu bu ağlasığmaz qəhrəmanlığa sövq edib. Yoxsa adi bir heyvandan belə şücaət gözləmək qeyri-mümkündür. İntiqam hissi güclü hissdir.
Azad sanki, yuxudan ayıldı, Oqtayın təsvir etdiyi o murdar sirsifət, pəzəvəng boy-buxun, yekə, badımcana bənzər burun Sureni xatırlatdı. O heyvərə Azadğilin həyətinə gələndə də onu görən Sarıca hirsindən, hikkəsindən "quduzlaşmış", üstünə atılıb parçalamaq istəmişdi. Lakin Azadın atası buna yol verməmiş, günahsız Sarıcanı tutub zəncirləmişdi.
-İtin rəngi necə idi Oqtay? - deyə Azad soruşdu.
-Qəribə, gözəl rəngi var, qəhvəyi, sarı, qızılı.
-O it hardadı indi?! - Həyəcanla soruşan Azad üzünü komandirə tutdu.
-Kazarmanın qabağında uşaqlarla oynayır, dedi komandir.
Azad oturduğu yerdən dik atılaraq bir az bundan qabaq otağın havasını dəyişmək üçün vaqonun açıq qoyduğu gözlüyünə yaxınlaşdı. Başını gözlükdən bayıra çıxarıb ətrafı nəzərdən keçirdi. Xeyli aralıda, əsgərlərin yanında dayanan iti gördü. Həmin it Sarıca idi! Əlində böyütdüyü, ailəsinin, uşaqlarının çox sevdiyi Sarıca! Duruxdu. Bir an nə edəcəyini kəsdirmədi. Və birdən gücü gəldikcə “Sarıca.a.a” deyib qışqırdı. İt səs gələn tərəfə döndü və gücü gəldikcə sürətlə vaqona tərəf qaçmağa başladı. Azad cəld hərəkətlə çölə çıxarkən ayağı nəyəsə ilişdiyindən üzüquylu vaqonun döşəməsinə yıxıldı. Alnı qapının tininə dəyib yarıldı. Onu ayağa qaldırıb stula oturtdular. Tibb qardaşı Azadın yarılmış alnının qanını silib təmizlədi, dərman qoyub başını sarıdı. Azad vaqondan çıxıb yerə düşdü. Ətrafda Sarıcanı görmədi. Sarıca səs gələn tərəfə gəlib doğmalarından heç kimi görmədiyi üçün kor-peşman geri, kazarma tərəfə, uşaqların yanına qayıtmışdı.
Azad hər iki əlini ağzının yanına tutub yenidən kazarma tərəfə “Sarıca, mən burdayam. Sarıcaaaaa!!!” - deyib qışqırdı. Sarıca yenə də qulaqlarını şəkləyib səs gələn tərəfə baxdı! Uzaqdan Azadı tanıyıb var gücüylə ona tərəf qaçmağa başladı. Azada çatmağa bir-iki metr qalmış, uşaq doğmasının qucağına atdanan kimi Azadın qucağına tullandu. Azad müvazinətini zorla saxlayıb Sarıcanı qucaq­ladı. Sonra yerə sinib itin boyun-boğazını oxşadı. Sarıca sahibinin üz-gözünü, əl-ayağını yalamaqdan doymur, iniltili, kədərli səslər çıxarır, sanki, ağlayırdı. Azad itin bu hərəkətlərindən qəhərlənsə də özünü tox tutmağa çalışdı. Lakin onsuz da qubarlı ürəyi dözmədi, itin boynunu qucaqlayaraq hön kürməyə başladı.
-Sarıca, Sarıcam mənim, - dedi - Sən də bizim kimi qaçqın düşdün, elindən, obandan, isti yuvandan didərgin düşdün. Nə yaxşı oldu, Allah səni bizə təzədən yetirdi. Heç bilirsən, Səlminaz, Azər, Süsən səni görüb nə qədər sevinəcəklər. Heç bilirsən, Azər sənin üçün necə darıxır. Yuxuda da adını çəkir, səni çağırır.
Ömründə ağlamayan Azadın indi hönkürtüdən çiyinləri tərpənirdi. Ağlayıb göz yaşı ilə sanki, qəmdən, kədərdən dolmuş, şişmiş ürəyini boşaltmağa çalışır, rahatlanmaq istəyirdi.
Sarıca sanki, sahibinin sözlərini başa düşür, öz "dili" ilə ona "cavab" verir, nəvazişlər göstərirdi.
Ətrafdan bu mənzərəni heyrətlə seyr edən zabit və əsgərlərin ürəyi ağrıyır, Azadın bu halına acıyır, qəzəbdən yumruqları düyünlənir, düşmənə olan nifrətləri birə min artırdı.
Komandir yaxınlaşıb əlini Azadın çiyninə qoydu.
-Dur, dedi dur, qardaşım. Düşmənimizi məhv edib, intiqamımızı alacağıq, sizi də öz doğma yurd-yuvanıza qaytaracağıq. Ancaq səbr edin. Birə dözən min birə də dözər. Bu, bir bəladır gətirdilər başımıza. Vaxtında yatmasaydıq, ayıq olsaydıq bu qələti eliyə bilməzdilər.
Azad ayağa qalxdı. Qəbahətli iş tutubmuş kimi heç kimin üzünə baxa bilmədi, Gözlərini yerə dikdi. Sarıcanı görəndə ürəyi partlamaq dərəcəsinə gəlmişdi. Bu, keçirdiyi stressdən idimi, nədən idimi, bilmirdi. Ancaq onu bilirdi ki, ağlayıb ürəyini boşaltmış, hətta bir az yüngülləşmişdi də.
Komandir Azadla birlikdə vaqona qalxıb Oqtaya baş çəkdilər. Oqtayın xahişi ilə Sarıcanı onun yanına buraxdılar. Sarıca Oqtayın hündür çarpayısına yaxınlaşdı, qabaq ayaqlarını qaldırıb çarpayının qırağına qoydu. Oqtayın əlini yalamağa başladı. Oqtay itin boynunu qucaqladı.
-Sənin adın Sarıca imiş - dedi - məni düşmənin əlindən sən aldın, sahibin isə məni yenidən həyata qaytardı. Ömrüm boyu sizə borcluyam.
Sonra Oqtay ünvanını yazıb Azada verdi. Mütləq onlara ailəvi qonaq gəlməsini, Sarıcanı da gətirməsini xahiş etdi. Azadın da müvəqqəti məskunlaşdığı ünvanı alıb onlara gələcəyini vəd etdi.
Azad Sarıcanın qançır bağlamış yaralı boyun-boğazını, qabaq pəncələrini silib təmizlədi, yod çəkib dərmanladı. Bunun yaxşılığa edildiyini duyurmuş kimi Sarıca sakit dayanmışdı...
...Hərbi hissənin həkimi Bakıdan qayıtmışdı. Komandir Oqtayı Bakıya, hospitala göndərmək üçün hazırlıq görürdü. Oqtay ən azı iki, üç ay hospitalda yatıb tam müalicə olunmalı, sonra təhsilini davam etdirməli idi. Bütün sənədləri hazırlayıb Oqtayın yanına gəldi.
-Oğul - dedi - səni bir azdan vertolyotla şəhərə, hospitala göndərirəm. Tam müalicə olunandan sonra təhsilini başa vurmalısan. Sən bizə sıravi əsgər kimi yox, təhsilli zabit kimi lazımsan. Ordudan hələlik tərxis olunmağın üçün təqdimat hazırlamışam, igidliyinə görə təltif olunmağın üçün müdafiə nazirliyinə təqdimat da yazmışam.
Komandir həmçinin gəlib hərbi hissədə həkim işləməsini Azaddan xahiş etdi. Razılaşdılar. Sonra o, Azadı Sarıca ilə birlikdə QAZ-69-a oturdub kəndə yola saldı. Kənd qırağında atasının yolunu gözləyən Azərin Sarıca ilə görüşünü təsvir etmək yazıçı təxəyyülündən çox uzaqdı...
... İki il ərzində Qarabağ erməni işğalçıları tərəfindən zəbt edilmiş, bir milyondan yuxarı azərbaycanlı yurd-yuvasından didərgin düşmüşdü...
...Yeni Prezidentin səyi nəticəsində atəşkəs əldə edilərək müstəqil Azərbaycan Respublikasında sabitlik yaradılmış, vahid ordu quruculuğunun təməli qoyulmuşdu.
Oqtay ali təhsilini başa vurub Solmazla ailə həyatı qurmuşdu.
Atasından hələ də xəbər tuta bilməyən Azad ailəsi və məskunlaşdığı kənd əhalisi ilə birlikdə yenidən qaçqın düşmüşdü. Onlara Bakıda, tələbə yataqxanasında otaq təklif olunsa da, Sarıcaya görə etiraz etmiş, şəhərə yaxın rayonların birində məskunlaşmışdılar.
Oqtay Solmazla tez-tez Azadgilə qonaq gedir, Sarıca ilə görüşməyi özünə borc bilirdi...
...Əzazil atasının itkin düşüb, yoxa çıxdığından darıxmayan, hətta içində sevindiyini başqalarına sezdirməməyə çalışan Siranuş əlini gözünə günlük edib uzanan, dilsiz yollara baxır, Azərin günlərin birində bu kəndə, öz doğma yurduna qayıdacağını səbirsizliklə, həsrətlə gözləyirdi.

Bakı, oktyabr-noyabr 2005-ci il.


Tarix: 4-08-2017, 09:49

Xəbəri paylaş