Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Məktəb bağları” layihəsi davam edir

 
IDEA İctimai Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi davam edir.
Layihəyə uyğun olaraq, aprelin 3-də Şamaxı, Zaqatala, Siyəzən və Xaçmaz rayonlarında məktəb şa­girdləri ilə birlikdə meyvə ağacları əkilib. Ağacəkmə kampaniyası respublikanın bir çox rayonlarında da təşkil edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə “Məktəb bağları” layihəsinə start verilib. Layihənin ilk aksiyası zamanı Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri 234 nömrəli tam orta məktəbdə şagirdlərlə birgə 100 ədəd badam, nar və gavalı ağacları əkilib.
Layihənin həyata keçirilməsində məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 2015-ci ildən FAO-nun xoşməramlı səfiridir. FAO-nun fəaliy­yətində dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, sağlam ərzaq sistemləri yaradılması əsas istiqamətlərdəndir.
Ekoloji təhsil və maarifləndirmə işlərini fəaliy­yətində prioritet edən IDEA İctimai Birliyi gənc nəsli təbiətin mühafizəsi üzrə səylərə cəlb etmək, təhsil müəssisələrinin ekoloji vəziyyətinə və təhsil alanların ətraf mühitlə bağlı biliklərinin artırılmasına müsbət təsir göstərmək məqsədilə Təhsil Nazirliyi ilə birgə artıq bir sıra layihələr həyata keçirib.
“Məktəb bağları” layihəsi çərçivəsində Azərbay­canın digər rayonlarında da mərhələli şəkildə təşkil ediləcək ağacəkmə aksiyaları aprelin sonuna qədər davam edəcək. Layihə çərçivəsində hər bir rayonun iqliminə və torpaq örtüyünə uyğun olaraq 40-dan çox məktəbdə 5000-ə yaxın alma, armud, gilas, gavalı, qoz, fındıq, nar, xurma, badam, heyva kimi meyvə ağaclarının əkilməsi planlaşdırılıb.
   шаблоны для dle 11.2