Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Heydər Əliyev Fondu və Şamaxı THTFT Liseyi

 

Bu bir həqiqətdir ki, ümummilli liderin dövlətçilik irsini öyrənən və təbliğ edən, irimiqyaslı proqramların həyata keçirilməsinə dəstək verən Heydər Əliyev Fondu özünün hərtərəfli fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz qazanmışdır.
Fond 2004-cü il may ayının 10-da böyük bir məqsədlə – ulu öndər, dünya şöhrətli dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək, onun mənəvi irsini, milli dövlətçilik ideyalarını bugünkü gəncliyə və gələcək nəsillərə aşılamaq məqsədilə yaradılmışdır.
Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva artıq 13 ildir ki, Heydər Əliyev Fondunun prezidenti kimi üzərinə düşən bu çətin və şərəfli missiyanı şərəflə həyata keçirməkdədir.
Böyük amallara xidmət edən Heydər Əliyev Fondu özünün fəaliyyəti dövründə ümummilli liderin Azərbaycanla, xalqımızla bağlı arzularının reallaşmasında əsl fədakarlıq nümunəsi göstərmiş, insan amilinə dərin hörmətlə yanaşaraq minlərlə müraciətə həssaslıqla yanaşmış, saysız-hesabsız yardımlar göstərmişdir.
Bütün bunların fonunda Heydər Əliyev Fondunun başlıca məqsədi isə xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, maddi-mənəvi dəyərlərə sadiq gənclərin yetişməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi mühüm, əhəmiyyətli vəzifələri reallaşdırmaqdan ibarətdir.
Fondun təhsil sistemi ilə bağlı qarşıya qoyduğu məqsəd öz önəmli, əhəmiyyətli və rəngarəngliyi ilə daim fərqlənmişdir. Təsadüfi deyil ki, Fondun prezidenti Mehriban xanım Əliyeva «Yeniləşən Azərbaycana yeni məktəb» Proqramının təqdimatında demişdir: «Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir».
Bu ideyalara sadiq qalan Heydər Əliyev Fondunun həyata keçirdiyi əməli işlərin miqyası yetərincə genişdir.
Bu il fevralın 21-də Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi bütün xalqımızla bərabər biz təhsil işçilərini də çox sevindirdi.
Axı Heydər Əliyev Fondu Şamaxı rayonunda da bir sıra böyük layihələr həyata keçirmişdir. Bunlardan biri də əsası 1964-cü ildən qoyulmuş şəhər internat məktəbi ilə bağlıdır. İnternat məktəbi uzun illər təmir edilmədiyindən öz görkəmini tamam itirmişdi. Belə ki təhsil ocağının döşəməsi yağış sularından çürümüş, avadanlıqları köhnəlmiş, işıq, su sistemi qəza vəziyyətinə düşmüşdü.
Məktəbin acı taleyi məhz 2005-ci il aprelin 26-da Fondun prezidenti rayonda olarkən bu təhsil ocağına gələndən, vəziyyətlə tanışlıqdan sonra həll olunmuşdur.
Xalqın sevimlisi Mehriban xanımın həmin gün verdiyi vədindən sonra qısa müddət ərzində məktəbin dam örtüyü, tavan, döşəmə, pəncərə və qapıları tamamilə dəyişdirilmiş, bütün avadanlıqlar təzələnmiş, fənn kabinələri təlimin texniki vəsaitləri və kompüterlərlə təchiz olunmuşdur.
Əlavə olaraq məktəb yoluna asfalt döşənmiş, bağ sahəsində ağaclar, gül-çiçək kolları əkilmişdir. Ən əlamətdar olanı o idi ki, Əngəxaran kəndi ərazisindən internat məktəbinə yol çəkilmiş, 4-5 km məsafəlik su kəmərinin boruları da təzələnmişdir.
Bu proseslərdə məktəbin sabiq direktoru (70 yaşına qədər bu vəzifədə çalışmışdır) Vəlcan Güləliyevin xidmətləri xüsusi qeyd olunmalıdır.
Yeni dərs ilində (2006-2007-ci) əsaslı təmir olunan və müasir tələblərə tam cavab verən internat orta məktəbin yeni siması pedaqoji kollektivdə böyük ruh yüksəkliyi yaratmış, təlim-tərbiyənin keyfiyyətinə olduqca müsbət təsir göstərmişdir.
Artıq növbəti dəfə - 2006-cı il sentyabrın 16-da Mehriban xanım Əliyeva Şamaxıda olarkən burada görülən işlərlə tanışlığa başlamış, müəllim və şagird kollektivi onu hərarətlə, gül-çiçəklə qarşılamışlar.
Fondun prezidenti Mehriban xanım valideyn himayəsindən məhrum olan uşaqlarla görüşdükdən sonra tədris prosesi ilə maraqlanmış, təşkil olunmuş Əlifba bayramında yaxından iştirak etmiş, xatirə şəkilləri çəkilmişdir.
Məktəbin müəllimləri uşaqlara və ehtiyacı olan təhsil ocağına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlıq etmişlər.
Fondun prezidenti internat məktəbinin yaxınlığında məskunlaşmış məcburi köçkün ailələri ilə də görüşmüş, onların problemləri ilə maraqlanmışdır.
Mehriban xanımın məktəbə olan diqqət və qayğısına cavab olaraq pedaqoji kollektivin iclasında direktor Vəlican Güləliyevin səsləndirdiyi bu ümumiləşdirici fikir strateji xətt kimi qəbul olundu:
- Bizim üçün son dərəcədə ideal bir şərait yaradılmışdır. Hər bir fənni yüksəkixtisaslı kadr tədris etməlidir.
Biz Mehriban xanıma necə işləyəcəyimiz barədə söz vermişik. Bunu əməli işimizlə, məzunların ali məktəblərə qəbulun nəticələri ilə sübut etməliyik. Ona görə də məsuliyyətimiz birə-beş artıb. Bundan sonra valideynlərlə sıx əməkdaşlıq şəraitində var-qüvvəmizlə çalışmalıyıq.
Bəli! Bundan sonra şəhər internat məktəbinin pedaqoji kollektivi şagirdlərin təlim-tərbiyəsi ilə ciddi şəkildə məşğul oldu və yeni-yeni uğurlara imza atdı.
Çox keçmədən təhsil ocağında yaradılan güclü kadr potensialı, ideal şərait və səmimi pedaqoji kollektiv internat məktəbinin Texniki Humanitar və Təbiət Fənləri Təmayüllü (THTFT) liseyə çevrilməsinə səbəb oldu.
Beləliklə, Şamaxı THTFT liseyi fəaliyyətə başladığı gündən (2007-2008-ci tədris ili) buraya güclü şagird axını başladı və tez bir zamanda özünü doğruldan liseyin müəllimlərinin qabaqcıl iş təcrübələrindən gen-bol danışmağa başlanıldı.
Fənn müəllimlərindən Həbibə Eldarova, Pənah İsmayılov (Azərbaycan dili və ədəbiyyat), Yaqut İsmayılova (biologiya), Svetlana Məmmədova (kimya), Fəxrəddin Qurbanov (riyaziyyat), Kamal Balakişiyev və Nurəddin Gülmalıyev (fizka) və başqaları artıq öz peşələrində zəngin təcrübə qazanmış pedaqoqlarımızdan sayılır. İndi onların əksəriyyəti bir çox fəxri adlara layiq görülmüş, qabaqcıl iş təcrübələri öyrənilib geniş yayılmışdır.
Şamaxı THTFT liseyinin və onun bacarıqlı, işgüzar müəllimlərinin, eləcə də məzunlarının uğurları barədə müxtəlif jurnal və qəzet səhifələrində tez-tez materiallar dərc olunur.
Bir amili xüsusi vurğulamalıyıq ki, bütün hallarda idarəetmədən çox şey asılıdır. Bu mənada liseyin yeni direktoru Fəqani Tapdıqov, tədris işləri üzrə direktor müavini Arif Hacıyev, tərbiyə işləri üzrə direktor müavini Nigar Hüseynovanın müntəzəm olaraq öz üzərlərində işləmələri, müasir idarəetməni mənimsəmələri üçün vaxtaşırı ixtisasartırma kurslarında fəal iştirak edirlər.
Lisey rəhbərliyinin bir uğuru da fəaliyyət planına əsasən hər bir görülən işin icrasına nəzarəti düzgün qurması, müəllimlərin elmi-metodiki ustalıqlarının artırılmasının və onların müasirliyə can atmalarının qeydinə qalması, xüsusən tədris prosesində yeni texnologiyaların tətbiqi üçün aparılan məqsədyönlü tədbirlərin mütəmadi şəkildə həyata keçirilməsi ilə sırf bağlıdır.
Ona görə də Şamaxı THTFT liseyi uğurlu nəticələr əldə edir. Belə ki ali məktəblərə qəbul zamanı təhsil ocağının məzunları ən yüksək bal toplamış, daim birincilər sırasında addımlamışlar.
Bunu məzunların 2015-2016-cı dərs ilindəki nəticələri də təsdiqləyir.
Belə ki 2016-cı ildə ali məktəblərə sənəd vermiş 62 məzundan 23-ü tələbə adını qazanmışdır. Onlardan 2 nəfəri – Bayramova Ləman Bünyad qızı (695 bal) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Rəfiyev Teyyub Əmiraslan oğlu (644 bal) Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültələrinə qəbul olmuşdur.
«Yeniləşən Azərbaycana yeni məktəb» Proqramının uğurlu nəticələri barədə Liseyin direktoru Fəqani Tapdıqovun dedikləri:
- Hər bir uğuru, əldə edilən nəticəni yalnız keçilən dərsin keyfiyyəti ilə bağlamaq düzgün olmaz. Biz tədris ilinin başlanğıcında pedaqoji şurada il ərzində bir çox maraqlı yarışmaları, müxtəlif müsabiqələr təşkil etməyi, ekskursiyaları həyata keçirməyi planlaşdırırıq.
Planlı şəkildə görülən hər bir işin də çox gözəl nəticəsi olur. Ona görə də biz çalışırıq ki, məzunlarımız həm elmi cəhətdən savadlı gənclər kimi yetişsinlər, həm də dünyaya, həyata baxışları geniş olsun.
Bu səbəbdən liseydə sinifdənxaric və məktəbdənkənar tədbirlərimizin keyfiyyətinə də ciddi yanaşırıq.
Biz də bu işgüzar pedaqoji kollektivin bundan sonra da daha yüksək nəticələr əldə edəcəyinə şübhə etmirik. Bu çətin və şərəfli fəaliyyətlərində onlara uğurlar arzulayırıq!

Ədalət Məmmədov,
Şamaxı RTŞ-ın əməkdaşı, tədqiqatçı-filoloq, 
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi
   


Tarix: 11-04-2017, 15:30

Xəbəri paylaş