Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Valideynlər pandemiya dövründə uşaqların uğurlu olması üçün nə etməlidir?


OECD valideynlərə  tövsiyələr verir

 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qeyd edir ki, son aylarda ailənin idarə olunması və maddi rifahın təmin edilməsi qayğısı ilə yanaşı, valideynlərin bir çoxu gözlənilmədən digər, daha vacib bir missiyanı da öz üzərlərinə götürməli oldu: evdə uşaqların təliminə nəzarət.
  
Dünyanın təhsil sistemlərinin koronavirus pandemiyasına cavab reaksiyası necədir? Bu yaxınlarda aparılan  beynəlxalq  araşdırmaların nəticələrinə əsasən, 98 ölkədə təhsil rəhbərləri böhrana qarşı əsas prioritetlər arasında valideynləri dəstəklədiklərini söyləyiblər. Respondentlərin 70% - dən çoxu evdə uşaqlara təhsil almağa kömək edən valideyn və tərbiyəçilərin, eləcə də müəllim və tələbələrin dəstəklənməsinin həlledici əhəmiyyət daşıdığını bildirib. Rəyi soruşulanların  70% -dən çoxu  məktəblərin valideynlərlə ünsiyyətinin çətinliyi səbəbindən onlara  dəstək vermənin müşkül  olduğunu söyləyib.
 
Bəzi ölkələr valideynlərə konkret dəstək verir
 
Beynəlxalq araşdırma göstərib ki, bəzi ölkələr valideynlərə konkret dəstək verir. Məsələn, Estoniyada pandemiya xəstəliyinin erkən mərhələlərində valideynlər üçün övladlarına distant təhsildə necə dəstək olmaları barədə tövsiyələr verən açıq vebinar təşkil edilib. İsraildə valideynlər üçün xüsusi internet portalı istifadəyə verilib, onun vasitəsilə valideynlər milli tədris planı əsasında təhsil tapşırıqlarına və rəqəmsal məzmuna daxil ola bilirlər. Latviyada  isə valideynlərə rəqəmsal öyrənməyə necə uyğunlaşmaq barədə göstərişlər olan bir təlimat təqdim edilib.
 
Ümidverici haldır ki, təhsil rəhbərlərinin 65% -dən çoxu pandemiyanın başlanğıcından üzü bəri valideynlərlə əməkdaşlığın gücləndiyini bildirib.
 
Valideynlər bu impulsu inkişaf etdirə,  uşaqlar üçün hətta sosial təcrid şəraitində məkan və zamanın məhdud olduğu bir vaxtda nələrin vacib olduğunu, uşaqlara onların təlimində necə kömək etməli olduqları barədə düşünə bilərlər.
 
YUNİSEF-in koronavirusun yayılması zamanı uşaqların tərbiyəsinə dair tövsiyələri (www.unicef.org/coronavirus/covid-19-parenting-tips ) valideynlər üçün çox faydalı ola bilər. Bu sənəd valideynlərin uşaqlarla təkbətək söhbətlərə vaxt ayırmasını, gündəlik həyat rejimini necə qurmasını, pis davranışları idarə edərkən də sakit olmağı və stressi idarə edə bilməsi, uşaqlarla COVID-19 haqqında danışmağı təklif edir.
 
Uşaqların tərbiyəsində valideynlərin iştirakı YUNİSEF-in sənədində yaxşı əsaslandırılıb. OECD qeyd edir ki, PISA -2018 tədqiqatı valideynləri tərəfindən emosional olaraq dəstəklənən uşaqların akademik cəhətdən daha davamlı olacaqlarını göstərib.
 
Sadə tədbirlər böyük əhəmiyyət kəsb edə bilər
 
Valideynlərin uşaqları ilə sadə tədbirlər üçün vaxt ayırması böyük əhəmiyyət kəsb edə bilər. PISA-2015-in nəticələrinə görə, valideynlərin övladları ilə bir masa arxasında nahar etməklə birlikdə vaxt keçirməsi, onlarla sadə söhbətlərə vaxt ayırması, müzakirələr aparması uşaqların məktəb təhsilində daha uğurlu olmasını şərtləndirir. Bu cür uşaqların 22-39 faizi öz həyatlarından məmnun qaldıqlarını bildiriblər. PİSA, həmçinin müəyyən edib ki, valideynlərlə bu cür müntəzəm birgə fəaliyyətlərdə olan uşaqlar sonradan elm sahəsində də daha çox uğur qazanırlar.
 
Valideynlər təlimlərə qatıldığı zaman onların kiçikyaşlı uşaqları inkişaf edir. Erkən öyrənmə və uşaqların rifahı üzrə Beynəlxalq tədqiqat göstərib ki, Estoniya, İngiltərə və ABŞ-da beşyaşlı uşaqların daha yaxşı təlim və sosial-emosional inkişaf nəticələri var; bu ölkələrdə valideynlər  uşaqlara hər gün kitablar oxuyur, ev şəraitində çox sayda uşaq ədəbiyyatı, kitabların olmasını təmin edir, onlarla söhbətləşir, uşaq bağçaları və məktəblərdə təşkil olunan xüsusi tədbirlərdə övladları ilə birlikdə iştirak edir. Əlbəttə ki, əgər ailə evdə qalmağa məcburdursa, bu tədbirlərin hamısı həyata keçirilə bilməz, lakin valideynlər hələ də evdə uşaqlara oynaq tədris fəaliyyəti təşkil edə, onlarla birlikdə  kitab  oxumaqla yaradıcı ola bilərlər.
 
Valideynlər ailə dialoqu yaratmaq üçün vaxt tapa bilər, uşağından özünü necə hiss etdiyini, nə öyrəndiyini soruşa və ya yaşından asılı olaraq  uşaqlarına öyrənmə fəaliyyətləri təklif edə bilərlər.
 
Məktəblər və işəgötürənlər necə kömək edə bilər?
 
Məktəb sistemləri və işəgötürənlərin valideynlərin uşaqların tərbiyəsində və inkişafında uğur qazanmasına kömək etməsi də eyni dərəcədə vacibdir:
*Valideynlərə öz uşaqları ilə vaxt keçirməyə imkan verən çevik iş mexanizminin təmin edilməsi;
*Məktəblər və valideynlər arasında yaxşı ünsiyyətin təmin edilməsi, eləcə də valideynlərin evdə öyrənməni dəstəkləmək üçün nə edə biləcəyi barədə məlumat mübadiləsinin aparılması;
*Uşağın öyrənməsinə kömək etmək üçün valideynlər üçün xüsusi tövsiyələr və alətlərin təqdim edilməsi;
 
* Lazımi dil bacarıqlarına və ya sosial şəbəkəyə malik olmayan immiqrant valideynlər də daxil olmaqla, əlverişsiz vəziyyətdə olan valideynlərə  konkret dəstək və resursların göstərilməsi;
 
Ailədə övladları üçün ev tərbiyəçisi rolunu oynayan valideynlər məktəb və müəllimlərin  onların uşaqlarına  necə dəstək olduqlarını başa düşürlər. Prosesə cəlb olunan valideynlər müəllim və təhsilalanlarla daha sıx əlaqəli, məktəb icmasında fəaliyyət göstərən şəxslər ola bilərlər. Bu, mümkünsüz missiya deyil. Axı, təhsil ortaq bir məsuliyyətdir və həmişə də olub..
 
(Mənbə: https://oecdedutoday.com/what-can-parents-do-to-help-children-learn-during-coronavirus/)
 
Oruc MUSTAFAYEVшаблоны для dle 11.2