Azərbaycanlı alimlərin iki elmi araşdırması Avropa Pediatriya Assosiasiyasının konqresində təqdim edilib

Türkiyənin İstanbul şəhərində I Beynəlxalq Çam və Sakura Pediatriya Günləri, III EPA/UNEPSA (Avropa Pediatriya Assosiasiyası) “Avropa pediatriyasının aktual mövzuları” Birgə Toplantısı və I Beynəlxalq Çam və Sakura Pediatrik Tibb Bacıları Günlərini özündə birləşdirən beynəlxalq konqres keçirilib.
Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında keçirilən beynəlxalq konqresdə ölkəmizi Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) üzvü, Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva təmsil edib.
"Bütün uşaqlar gülümsəyənədək" şüarı ilə təşkil olunan konqresdə müxtəlif ölkələrdən pediatrlar, uşaq sağlamlığı üzrə mütəxəssislər, alimlər və pediatrik tibb bacıları iştirak edərək uşaq sağlamlığının qorunması, elmi-tədqiqatların nəticələri, innovativ müalicə üsulları və beynəlxalq təcrübə ilə bağlı məruzələr təqdim ediblər.
Konqresdə Azərbaycanda aparılan iki elmi elmi araşdırmanın nəticələri beynəlxalq auditoriyaya təqdim edilib.
Beynəlxalq tədbirin elmi proqramında t.ü.f.d Ülviyyə Hacıyevanın təqdim etdiyi birinci elmi məruzə “Gələcəyin həkimlərində peşəkar etik kompetensiyaların formalaşdırılmasında klinik bioetikanın rolu: Tədris kursunun gecikdirilmiş qiymətləndirilməsinin nəticələri" mövzusunda olub.
Tədqiqatın müəllifləri APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d Təranə Tağı-zadə və t.ü.f.d Ülviyyə Hacıyeva uzun illər Azərbaycan Tibb Universitetində tədris olunan klinik bioetika kursunun gələcək həkimlərin peşəkar etik bilik və bacarıqların formalaşmasına təsirini qiymətləndiriblər. Araşdırmanın nəticələri göstərib ki, bioetika təhsili tələbələrdə etik qərarvermə bacarıqlarının, peşəkar məsuliyyətin, pasiyent hüquqlarına hörmətin və effektiv həkim-pasiyent ünsiyyətinin formalaşmasına mühüm töhfə verir.
Tədqiqat müasir tibbi təhsilin keyfiyyətinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır və BMT-nin Dayanıqlı İnkişaf Məqsədi (SDG 4) – "Keyfiyyətli təhsil" istiqamətinə uyğun elmi yanaşmanı əks etdirir.
“Uşaqlarda brusellyoz: Səhv diaqnoz və gecikmiş diaqnoz hallarının xüsusiyyətləri” mövzusunda ikinci təqdimat Azərbaycan Tibb Universiteti və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə elmi tədqiqatı olub, uşaqlarda brusellyozun gec diaqnostikası və diaqnostik səhvlərin əsas səbəblərinin təhlilindən bəhs edir. Təqdimatda endemik infeksiyaların erkən aşkarlanmasının, vaxtında diaqnostikanın və sübutlara əsaslanan klinik yanaşmaların əhəmiyyəti vurğulanıb. Tədqiqatın nəticələri infeksion xəstəliklərlə mübarizədə praktik əhəmiyyət daşımaqla BMT-nin Dayanıqlı İnkişaf Məqsədi (SDG 3) – "Sağlam həyat və rifah" məqsədinin həyata keçirilməsinə töhfə verir.
Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Pediatrlar Assosiasiyası son illərdə bioetikanın tibb təhsilinə sistemli şəkildə inteqrasiyası istiqamətində mühüm təşəbbüslər həyata keçirib və nəticədə bioetika Azərbaycanda getdikcə daha böyük elmi və praktiki əhəmiyyət qazanıb. Assosiasiya mütəxəssisləri bu sahəyə dair tədris proqramları, metodik vəsaitlər, dərsliklər və etik təlim materiallarının hazırlanmasında fəal iştirak edirlər. Bundan başqa, rezidentlər və gənc həkimlər üçün bioetika üzrə ixtisaslaşmış təlimlər və seminarlar təşkil olunur.
Təqdim olunan bu fəaliyyət beynəlxalq konqres iştirakçılarının diqqət mərkəzində olub və gələcəkdə bioetika sahəsində müştərək elmi-praktiki layihələrin, eləcə də birgə beynəlxalq təlim proqramlarının həyata keçirilməsi üçün perspektivli zəmin yaradıb.
Azərbaycan alimlərinin daha bir mühüm elmi nailiyyəti məruzələrdə təqdim olunan hər iki tədqiqatın tezislərinin “British Medical Journal” (BMJ) nəşrinin konqres əlavəsində dərci üçün qəbul edilməsidir. Bu uğur Azərbaycan alimlərinin apardıqları tədqiqatların beynəlxalq elmi standartlara uyğunluğunu, metodoloji keyfiyyətini və onların beynəlxalq akademik ictimaiyyət tərəfindən tanındığını təsdiq edir.
Qeyd edək ki, Azərbaycan Pediatrlar Assosiasiyası artıq on ildən çoxdur ki, Avropa Pediatriya Assosiasiyası/Avropa Milli Pediatriya Cəmiyyətləri və Assosiasiyaları İttifaqının (EPA/UNEPSA) fəal üzvü kimi beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edir. Bu fəaliyyət Azərbaycanın pediatriya elminin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, elmi diplomatiyanın inkişafına, gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasına və qabaqcıl tibbi biliklərin ölkəmizə gətirilməsinə geniş imkanlar açır.
Tarix: Bu gün, 15:31
