15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illərində bir tərəfdən siyasi hakimiyyət boşluğu, bir tərəfdən Ermənistanın ölkəmizə qarşı davam edən işğalçılıq siyasəti respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu öndər Heydər Əliyevin Bakıya qayıtması Azərbaycanı parçalanmaqdan, dövlətçiliyi məhv olmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən qurtarıb.
Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyaraq respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edib. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürüb. Ulu öndərin Ali Sovetin Sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin edib. Heydər Əliyev parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başlamış,yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını alıb. Müzakirə və diskussiyaların sivil, demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərmiş, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirib.
Ulu öndərin Ali Sovetin Sədri seçilməsindən sonra da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olub. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunub və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və sonrakı illərdə onu həyata keçirib. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrilib. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaradıb. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olunub. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışıb. Vəziyyətdən səbirlə çıxan ümummilli lider Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət edib. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirib. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxarıb. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişib. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrilib. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoyub, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşib. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başlayıb. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olunub, əmin-amanlıq, siyasi sabitlik yaranıb. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlanıb, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlayıb.
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 iyun - Milli Qurtuluş Gününü hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edir.
"Təhsil"
Tarix: 11-07-2018, 10:34