Ürəklərdə əbədi yaşayan sənətkar
Azərbaycanın əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Vəliyev Əliağa Həsənağa oğlu o qədər də çox ömür sürməmiş ( cəmi 52 il), ancaq böyük ədəbi irs qoyaraq əbədiyyətə qovuşmuşdur. Onun lirik şeirləri, poemaları, səhnə əsərləri indi də maraqla oxunur, ədəbi – estetik düşüncəmizin formalaşmasında mühüm rol oynamaqdadır. Təkcə onu demək kifayətdir ki, Ə.Kürçaylı hələ 19 yaşında ikən xalq şairi S.Vurğunun diqqətini cəlb etmiş, Salyanın o vaxtkı rayon rəhbərinə məktubla müraciət edərək Ə.Kürçaylının Bakıda keçirilən gənc yazıçıların birinci respublika müşavirəsinə gəlməsini təmin etməyi xahiş etmişdir.
Şair Ə.Kürçaylı, hər şeydən əvvəl müşahidə etdiyi hər hansı bir hadisə və mövzunu şeirin predmetinə çevirməyi, ona ictimai məna verməyi bacarır. Bu baxımdan “Bənna ilə söhbət”, “Daşlı qitələr”, “İnamın daş heykəli”, “Çörək” və başqa şeirləri diqqəti çəkir. “Çörək” şeirində şairin insanların dəyər və əxlaqındakı müxtəliflik və yüksək insani keyfiyyətlər çörəyə münasibətdə fərqlənir. Sanki şair insanlara müraciət edərək “Ey insanlar, sizi yaşadan çörəyin qədrini bilin” tezisini irəli sürür.
“Mən hərb illərində son tikəsini
Yetim bir uşaqla bölən görmüşəm
Yarıac oxuyub son nəğməsini
Kədərli – kədərli gülən görmüşəm”
Və ya;
“Çəngəli çörəklə aşxanalarda
Silib külqabına atan görmüşəm” – deyir.
Bizim folklorumuzda, xalq deyimlərində elə düşündürücü fikirlər, ifadələr var ki, onlar şairlərimizin söz leksikonunu zənginləşdirir və bu canlı xalq deyimləri artıq atorizmə çevrilərək “Alqış və Qarğış”ların vəhdət və ya sintezinin uğurlu bir poeziya nümunəsini təşkil edir.
Şairin müşahidə və müqayisələri, insanın vətənə olan məhəbbətinin sonsuzluğunu, həyatın hər hansı bir naz – nemətinin vətən, el, torpaq sevgisinin yanında çox adi görünməsi qənaəti təsiri bağışlayır:
“Göylərə demə ki, Aysız olasan
Günəşsiz olasan ömrün boyunca
Torpağa demə ki, çaysız olasan
Yanıb, içmiyəsən su da doyunca.
Demə ki,bir igid qılıncsız, atsız,
Bir ellər gözəli sevənsiz olsun,
Demə ki, göl susuz, qartal qanadsız,
İnsan elsiz olsun, vətənsiz olsun.”
Ə.Kürçaylı ömrünün xeyli hissəsini Bakıda keçirsə də doğulduğu kəndi, torpağı heç zaman yaddan çıxartmır. O, doğulduğu yerə, təbiətə çox bağlıdır. Bu cəhətdən “Kəndimiz”, “Uşaqlığımla görüş”, “Kəndli balası”, “Kəndimizin gözəli”, “Qağayılar” və başqa şeirlər xüsusi maraq doğurur. Bu lirik şeirlər hadisələrin daxili aləminə sirayət etmək baxımından diqqəti cəlb edir. Kənd həyatını müxtəlif rakuslardan tərənnüm edən şair, bu həyatın insanda yaratdığı təbii ovqatı, təmizliyi, səmimiliyi heç bir ölçüyəgəlməz nemətlə müqayisə olunmadığını vurğulayır.
Dünyanın əşrəfi sayılan insan öz nəfsinin fövqündə dayanmağı bacarmalı, onun yeganə qazancı zəhmətlə əldə etdiyi mənfəətlə ölçülməlidir. “Kəndli balası” şeirində deyildiyi kimi:
“Mən həmin o kəndli balasıyam ki,
Havadan duyuram ilin fəslini
Ölünlə bu sayaq qalasıyam ki,
Mənə deməsinlər danıb əslini.
Mən həmin o kəndli balasıyam ki,
Əlimdən getməyib buğdanın ətri
Ömrümdə bir hava çalasıyam ki,
Hər səmtə əsməyim nəfsimdən ötrü”.
İnsan həyatı mürəkkəbdir. Onun həyata baxışı, yaşam tərzi müxtəlif olduğu kimi, xarakterləri də fərqlidir. Hər bir insan cəmiyyətin məhsulu olduğu üçün onun əhatəsi, ətrafının olması təbiidir. Tək özünə qapanmaq, öz ailə xoşbəxtliyi ilə ömür sürüb onu başa vurmaq məqbul hal sayıla bilməz. Bax bu cür düşüncələr, yerli – yerində deyilən müşahidələrin məhsulu “Ömür” adlı şeirində şair Ə.Kürçaylı haqlı olaraq yazır:
“Sən ömür adlanan bir yol üstəsən
Bu yolda insana ağ gün istə sən
Təkcə öz ömrünü xoşbəxt istəsən
Bəşər övladından uzaqda yaşa!”
Şairin bir sıra şeirlərində fəlsəfi mühakimə, həyatın insandan asılı olmayan qanunları olduğu göz önünə gətirilir. O, bu düşüncədədir ki, insan doğulmamışdan əvvəl onun həyat yolu, taleyi proqramlaşdırılır. Hər bir insanın öz qisməti, öz taleyi, öz həyat yolu var. Allahın insana verdiyi bu qismət “payından” məlumatı olmadan hər kəs mütləq dadacaqdır. Hər kəs öz taleyi ilə barışmalı, həyatın keşməkeşli yollarında dözməyi bacarmalıdır. Bu “Həyat” adlı şeirdə obrazlı ifadə və düşüncə tərzi ilə ifadə olunub:
“Kiminə şeş qoşa, kiminə dü bir,
Kimini şah edir, kimini vəzir,
Kiminin gözündə kefdir, nəşədir.
Kiminə ağır bir şələdir həyat.
Qəmə sevinc qatır, sevincə kədər,
Verdiyi nəşə də əzabdan betər,
Kürçaylı, bu giley, şikayət yetər,
Əzəldən belədir, belədir həyat!”
Bu bir həqiqətdir ki, Azərbaycanda elə bir sənətkar, elə bir şair tapılmaz ki, füsunkar vətənimiz Azərbaycan haqqında şeir yazmasın. Nəzərdən keçirdiyimiz “Vətən” və “Azərbaycan” haqqında yazılmış şeirlərin əksəriyyətində yaşadığımız diyarın yer üstü və yer altı sərvətləri, gözəl iqlimə malik olması, onun təbii mənzərəsi, dağları, çayları və dənizi müxtəlif boyalarla tərənnüm olunur. Ancaq Ə.Kürçaylı daha orjinal bir bədii vasitə taparaq doğma Azərbaycanı tərənnüm edir. Haqqında danışdığımız şeirin adı “Azərbaycan”dır. Adama elə gəlir ki, şair burada elə bil eşqə düşən bir gəncin pünhani sevgisindən söz açır. Şeir adamı elə ovsunlayır ki, oxucu əvvəlcə bu şeirin sevgi və məhəbbətdən bəhs edən əlçatmaz duyğunun göstəricisi kimi dəyərləndirməli olur. Lakin sonluq isə novellavari bir yekunla bitərək adamı yaxşı mənada təəccübləndirir. Şairin gəldiyi qənaətə görə, hər şeydən öndə vətən sevgisi anlamıdır. Məhz ən yüksək məhəbbətə vətən layiq ola bilər:
“Eşqimi ovuc – ovuc torpağına, daşına
Səpərəm qız başına şabaş səpənlər kimi.
Səni öpmək istərəm – düz on səkkiz yaşına
Təzəcə qədəm qoyan qızı öpənlər kimi.
Uğrunda həyatımı qurban vermək istərəm,
Eşqin təntənəsiyçün can qurban edən kimi.
Səni bütün dünyaya mən göstərmək istərəm
Sevdiyim qız kimi yox, sevdiyim Vətən kimi.”
Ə.Kürçaylı lirik şairdir. Onun poeziyasındakı emosional duyğular, bədii boyalar, lirizm, özünəməxsus ifadə tərzi təkcə geniş oxucu kütləsini deyil, həm də bəstəkarlarımızın nəzər – diqqətindən yayınmamışdır. “Gəl, dünyanı gəzək qoşa”, “Gedək üzü küləyə”, “Belə ola həmişə”, “Təki sən səslə məni”, “Heç xəbərin yoxdu sənin” və onlarla bu cür şeirlərinə bəstəkarlarımız tərəfindən mahnı bəstələnib və həmin mahnılar bu gün də çox uğurla müğənnilərimiz tərəfindən oxunmaqdadır.
Obrazların ruhuna yaxınlıq və onların daxili aləmini, təmiz sevgisini ifadə etmək baxımından Ə.Kürçaylının bəzi şeirləri dramaturqlarımızın da diqqətini cəlb etmiş və onlar öz əsərlərində bu şeirlərindən istifadə etmişlər. Azərbaycanın xalq artisti, rejissor Tofiq Kazımovun quruluşunda səhnəyə qoyulan görkəmli dramaturqumuz İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesində E.Sabitoğlunun bəstəsi ilə ərsəyə gələn şeir pyesdəki qəhrəman surətlərdən hesab edilən Nərminin daxili aləminin açılmasında müstəsna rol oynayır. Adama elə gəlir ki, bu şeir məhz əsərdəki qəhrəman surət Nərmin üçün yazılmışdır. Mübaliqəsiz demək istəyirəm ki, “Unuda bilmirəm” pyesini oxuyan oxucu və ya həmin pyesi seyr edən tamaşaçı şeirin adamda xoş bir ovqat yaradaraq duyğulandırdığını etiraf edə bilərlər:
“Məni sənə bağlayan
Eşqim, məhəbbətimdir,
Yollarında saxlayan
Sənə sədaqətimdir.
İstəmirəm gül – çiçək,
Ömrün yolu daş – kəsək,
Hər bəlaya dözəcək
Sənin dəyanətindir.”
Ə.Kürçaylı Azərbaycan xalqının keçmişindəki yaxşı cəhətləri, mərdliyi, alicənablığı, səxavətliliyi, şəxsi qüruru, qəhrəmanlığı və digər müsbət keyfiyyətlərin gənc nəslə ötürülməsinin tərəfdarı olmuşdur.
Milli mentalitetimizdəki yaxşı ənənələrin gələcək nəslin unutmamasını arzulayan şair, insanda təbiiliyin yüksək zirvədə dayanmasının tərəfdarıdır. Şair bir böyük kimi gənc nəsli, xüsusən, ailə həyatı qurmaq istəyən gənclərimizi ayıltmaq, onların hansı normal qızlarla evlənməsini açıq – aydın göstərir. “Oğlanlar, evlərdə qızlar böyüyür” şeirində şair ən başlıcası oğlanlarımıza “yad yerə” baxmamaq mesajını da verir.
“Oğlanlar, evlərdə qızlar böyüyür
Hələ kəsilməyib Şahmar hörüklər,
Evlərdə sədaqət, vüqar böyüyür,
Sizi arxasınca çəkib sürüklər.
Oğlanlar, evlərdə qızlar böyüyür,
Kənara, yad yerə çox baxmayın siz.
Oğlanlar, evlərdə qızlar böyüyür,
Oğlanlar, tələsin gecikərsiniz.”
Ə.Kürçaylı hələ 1976 – cı ildə Sovet imperiyasının qılıncının dalı – qabağı kəsən vaxtlarda özünün “Bütövlük” adlı məşhur şeirini yazır. Bu dövrdə Azərbaycan ziyalılarının qəlbindən keçən yeganə amal, arzu şimalda yaşayan qardaşlarla, cənubda yaşayanların birləşmək ideyası idi. Bu siyasi strateji xəttin parametrləri görünmürdü. Bu ideyalar ancaq düşüncələrdə yaşayırdı. Soydaşlarımız bu illərdə Araz çayının və Astaraçayın sahilində yaşayan qohum – qardaşları ilə görüşüb söhbət edə bilmirdilər. Bu hələ sonrakı illərdə baş verəcəkdi. Cənubi Azərbaycana bu dövrdə tək – tək sənət və elm adamlarını istisna etməklə hələ heç kimin Təbrizə və digər Cənubi Azərbaycan şəhərlərinə ayağı dəyməmişdi. 1980-ci ildə vəfat edən şairin Təbrizə getmək istəyi ona qismət olmadı. Ancaq sovet imperiyası dağıldıqdan sonra, soydaşlarımız 90 – cı illərdən başlayaraq Cənuba ayaq açmalı oldular. Təəssüf ki, şair o günləri görmədi.
Bu günlər “yollar” bizi cənuba, istədiyimiz şəhərlərə aparsa da, şairin “Bütövlük” şeirində vurğuladığı ideyalar hələ də arzu olaraq öz həllini gözləyir. Şeirdə deyilir:
“Neynirəm o yolu ki, gedib birdən dayana.
Sahilində Arazın, Kürün, Astaraçayın?!
Gərək yollar bütöv bir vətən kimi uzana,
Lap insansız qoynuna çata ulduzun, ayın
İstəyirəm diləklər çin olsun, başa çatsın,
Nakam arzu görəndə sanki qara geyirəm.
Qoy insanı yuxudan bütöv günəş oyatsın,
On dörd gecəlik ayın nuruna nur deyirəm.”
Ə.Kürçaylı vətəninə, doğulduğu yerə çox bağlı bir şairdir. O, heç zaman doğulduğu kəndi unutmur, onların xeyir və şərinə özünü çatdırır. İnsan ayağı torpağa dəyəndə, doğulduğu yerə qayıdanda daha güclü və yenilməz olur. İnsanın əxlaqi dəyəri, onun doğulub – böyüdüyü elinin – obasının yaxşı və çətin günlərində onun yanında olmağı ilə ölçülür. Şair Ə.Kürçaylı şəxsi nümunəsində bu kriteriyalara layiqincə cavab verir. “Kəndimizə gəldiyim gün” adlı şeirdə deyildiyi kimi:
“Burda iməkləyib durdum ayağa,
Nolar, qoy çevrilim burda torpağa.
Dönəndə bir ota, yaşıl yarpağa,
Deyərəm: bunları bitirmişəm mən!
Ürək öz oduna gərək qızına,
Kəndim, istəyirsən yenidən sına –
Həmişə toyuna, sənin yasına
Özümü quş kimi yetirmişəm mən.”
Ə.Kürçaylı təpədən dırnağınadək milli ruhlu şairdir. Onun şeirlərində xalqımızın milli adət - ənənəsi, psixologiyası, etnoqrafiyası və yaxın keçmişi göz önündə canlanır. Azərbaycan haqqında belə təsəvvürü olmayan xarici oxucular şairin milli səpgidəki şeirlərini oxusalar, onlarda xalqımızın milli xüsusiyyətləri, həyat tərzi barədə təsəvvür əldə edə bilərlər. “Süfrə nəğməsi” şeiri bu cəhətdən çox xarakterikdir:
“El bəzənsin yaşıllara, allara,
Xələt salın boyunlara, qollara,
Nur səpməkçün gəlin gələn yollara
Qoy məşəllər qoşa – qoşa qalansın.
Toy ağası, qonaqları başa çək,
Bıçaq kütdür, əti kəsməz, daşa çək
Basdırmanı qanlı – qanlı şişə çək.
Qoy köz üstə cızıldasın, sulansın.”
Ə.Kürçaylı öz şeirlərində tez – tez gənclik illərini xatırlayır. Bu səpgidə onun xeyli şeirləri vardır. Hər bir şəxsin təkrarən qayıda bilmədiyi gənclik illərinin insanda nostalji hisslər doğurması təbiidir. Bu baxımdan, şairin “Biz tələbə olanda” adlı şeiri yaxşı bir nümunədir. Bəzən insan qayğılı və qayğısız tələbəlik illərində öz şıltaqlığı, zarafatları ilə hətta yanından keçib gedən qızların naz – qəmzəsini duymur, qiymətləndirmir. Şair də bu baxımdan ötüb keçən gənclik və tələbəlik illərinin insan həyatında müəyyən iz buraxmasını aşağıdakı obrazlı deyim tərzində gözəl ifadə etmişdir:
“Qara gözlər badamı
Dəli edər adamı
Bir yol dönüb baxmaqla
Yandırıbsan atamı.
Qızlar belə deyildi.
Biz tələbə olanda
Hər gülü dərməmişik.
Yara göndərməmişik,
Yəqin biz səhv etmişik
Biz fikir verməmişik,
Qızlar elə beləymiş
Biz tələbə olanda.”
Ə.Kürçaylının “Seçilmiş əsərləri”nə ön söz yazan akademik Bəkir Nəbiyev şairin xəstə olduğu zaman dözümlü və dəyanətli olması barədə bu sətirləri yazmışdı. “Son kitabını tərtib edərkən müəllif sağalmaz dərdə mübtəla olub həyatla ölüm arasında çarpışırdı. Bunula belə həmin kitabın səhifələrində ah – nalə, inilti, dünyaya laqeydlik yoxdur.”
Ə.Kürçaylı yaradıcılığına bələd olan, onu yaxından tanıyan alimdən gətirdiyimiz bu sitat bir daha şairin məğrur, dözümlü və bütöv bir şəxsiyyət kimi gözümüz önündə canlandırır. Elə bil aşağıdakı sətirləri yazarkən şair öz lirik “mən”ini oxuculara xatırladır:
“Həyat böyüdübdür belə sərt məni.
El – oba tanıyıb dönməz mərd məni.
Kürçaylı öldürməz ağır dərd məni
Yaralar dəyməsə dillərdən mənə.”
Bəli, siz əbədi olaraq ürəklərdə yaşayacaqsınız böyük və unudulmaz şair!
Ehtiram SƏFƏROV,
Füzuli rayon 56 nömrəli
tam orta məktəbin direktoru,
filologiya üzrə fəlsəfə doktoru
Tarix: 5-03-2018, 12:56