Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

«Ədəbi xəzinə»

 

Tanınmış alimin, əməkdar müəllimin bu yeni kitabı haqqında söhbət açmazdan öncə qeyd edək ki, Maarifə Hacıyeva 28 kitabın (dərslik, dərs vəsaiti, elmi monoqrafiya, elmi-metodik vəsait) və 250-dən artıq elmi-metodik məqalənin müəllifidir.
Maarifə xanım həm də millətini çox sevən, onunla qürur duyan bir ziyalıdır. O, 1992-1998-ci illərdə Türkiyənin 19 Mayıs Universitetində professor olaraq çalışıb. 1998-ci ildən Azərbaycana dönüb. Həmin ildən bu günədək indiki Azərbaycan Dövlət İqtisad Universitetində bir professor kimi Azərbaycan dili kafedrasında çalışır.
M.Hacıyevanın əməyi yüksək dəyərləndirilib. Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2002-ci il tarixli sərəncamı ilə «Tərəqqi» medalı, 2008-ci ildə Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» döş nişanı ilə, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Əməkdar müəllim» adına layiq görülüb. O, həm də gənc alimlərin yetişməsində öz əməyini əsirgəməyib. İndiyədək 20-yə qədər namizədlik və doktorluq işinin opponenti olub. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Dissertasiya Şurasının üzvüdür. Bu cür fəal həyat yaşayan, əsl vətənpərvər, pedaqoq, tanınmış ədəbiyyatşünas alim olan Maarifə Hacıyeva oxucuların mühakiməsinə verdiyi yeni kitabına isə müxtəlif illərdə ayrı-ayrı şəxsiyyətlərin yaradıcılığının tədqiq olunması baxımından apardığı gərgin axtarışlarının ən uğurlu ədəbi yazı nümunələrini daxil etmişdir.
Söhbət yenicə işıq üzü görmüş, böyük oxucu kütləsinin stolüstü kitabına çevriləcək «Ədəbi xəzinə» adlı kitabından gedir.
Bakı: «İqtisad Universiteti» nəşriyyatında çap olunmuş 248 səhifəlik kitaba ön sözü filologiya elmləri doktoru, professor Vaqif Sultanlı yazıb.
V.Sultanlı həmin yazısında qeyd edir: «Kitabdakı məqalələrin tədqiqat obyekti də xeyli dərəcədə geniş və əhatəlidir. Burada «Kitabi-Dədə-Qorqud»­dan başlayaraq günümüzədək olan dövrün yazılı bədii örnəkləri araşdırılır, dəyərləndirilir. Ayrı-ayrı məqalələrdə, Aşıq Alı, Aşıq Ələsgər, Bəxtiyar Vahabzadə, Məmməd Aslan, İlyas Tapdıq, Nəriman Həsənzadə və başqa müəlliflərin yaradıcılığı müstəqil şəkildə təhlil ob­yektinə çevrilir.
Məqalələr toplusunu səciy­yələndirən əsas cəhətlərdən biri yazıların türkçülük və vətənsevərlik ovqatına köklənərək qələmə alınmasıdır. Əksər məqalələr üçün səciyyəvi olan bu cəhət bütövlükdə kitabın elmi məziyyəti kimi şərtlənir».
Kitabın oxunaqlığını artıran daha bir cəhət də buraya Mahirə xanımın elmi, publisistik yazılarının, müsahibələrinin daxil edilməsidir. Tədqiqatçı alim bu yazılarında yaradıcılığını araşdırdığı bir çox sənətkarın xalq ədəbiyyatı ilə bağlı olmasını önə çəkməyə çalışır. Bu da həmin məqalələrə xüsusi bir dəyər gətirir.
Bütün bu məziyyətlər onu deməyə əsas verir ki, Maarifə Hacıyevanın «Ədəbi xəzinə» adlı bu kitabını da oxucular böyük maraqla oxuyacaq və ondan faydalanacaqlar. Biz də yaradıcı alim, yaradıcı müəllim olan Maarifə xanıma pedaqoji fəaliy­yətində və elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq.

“TƏHSİL”


Tarix: 6-02-2018, 13:10

Xəbəri paylaş