Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Görkəmli şəxsiyyətlərin həyatından

 
ALBERT EYNŞTEYN
(1879-1955)
XX əsrin ən böyük nəzəriyyəçi-fiziklərindən, müasir fizikanın yaradıcılarından biri. 1914-1933-cü illərdə Berlin Universitetinin professoru olmuşdur. 1933-cü ildə ABŞ-a mühacirət etmişdir və ömrünün axırınadək orada qalmışdır. 1905-ci ildə xüsusi nisbilik nəzəriyyəsini yaratmış və hərəkətin yeni qanununu kəşf etmişdir.  Kvant mexanikasının yaradıcılarından biri olmuşdur. 1915-ci ildə ümumi nisbilik nəzəriyyəsi sahəsindəki işlərini başa çatdırmış və fizika elmindəki böyük kəşflərinə görə 1921-ci ildə Nobel mükafatı almışdır.
***
Bir   dəfə    bir   zəhlətökən   jurnalist   Eynşteyndən    əl çəkməyərək soruşur:
- Xahiş edirəm, iki kəlmə söz ilə nisbilik nəzəriyyəsini izah edəsiniz.
Dahi alim bir qədər fikirləşərək deyir:
- Nisbilik nəzəriyyəsi fiziki teoremdir!
***
Eynşteynin həyat yoldaşından soruşurlar:
- Xanım, sizdəmi nisbilik nəzəriyyəsini başa düşürsünüz?
- Xeyr, əsas məsələ odur ki, mən Eynşteynin özünü başa düşürəm.
***
C.Verdinin «Aida» operasına çox böyük həvəslə tamaşa edən Eynşteyn, opera qurtardıqdan sonra dirijora yaxınlaşıb, ona çox gözəl dirijorluq etdiyi üçün təşəkkür edib deyir:
- Doğrudan da siz dahi dirijorsunuz. Opera çox xoşuma gəldi, əsərin qəhrəmanlarının hisslərini tam başa düşdüm.
Dirijor bir qədər fikirləşib deyir:
- Doğru deyiblər ki, həyat qəribəliklərlə doludur. Məni hamı başa düşüb dahi adlandırır. Sizin fizikadan yazdıqlarınızı isə çox az adam başa düşür və maraqlı burasıdır ki, sizi də dahi adlandırırlar.
***
Bir dəfə Eynşteyndən işığın sürətini soruşurlar. Alim bir qədər fikirləşib deyir:
- Səhv etmirəmsə, saniyədə 400 min km-dir.
Qulaq asanlardan biri heyrətlə deyir:
- Nə danışırsınız, gərək ki, 300 min km-ə yaxındır.
Eynşteyn:
- Belə şeyləri məlumat kitabçalarından da tapmaq olar. Mən başımı hamıya məlum olan şeylərlə doldurmuram.
***
Tanışlarından biri Eynşteynə axşam zəng etməyi xahiş edir və telefon nömrəsini yazmağı çox israr edir, deyir, yadda qalan deyil qarışıq rəqəmli ədəddir: 24361.
Eynşteyn deyir:
- Burada çətin nə var ki?! İki düjün və on doqquzun kvadratı. Yazmağa ehtiyac yoxdur.
***
Eynşteyn həmişə deyərdi ki, üç qrup alim var: I qrup alimlər elmə idman kimi baxıb, həmişə birinci olmağa can atırlar, bunlar alim deyil. II qrup alimlər isə elmlə yalnız hər cür imkan və şəraitləri olduğu üçün məşğul olurlar, onlar başqa işlə də məşğul ola bilərlər, onlar da alim deyil. III qrup və əsl alimlər o adamlardır ki, onların əlindən elmlə məşğul olmaqdan başqa ayrı iş gəlmir.
***
1939-cu ildə A.Eynşteyn deyirdi: «Gecə vaxtı qara qar­ğanı kərpiclə vurmaq şansı atom nüvə enerjisini buxovlamağa çalışan alimin şansından çoxdur». Heç üç il keçmədi ki, E.Fermi ilk nüvə enerjisini işə saldı. 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərini Amerika atom bombaları ilə viranəyə çevirdi. Eynşteyndən soruşdular ki, bəs qara qarğanı nə tez vurdular? Eynşteyn zarafatla cavab verir: «Sən demə qarğa poladdan, kərpic isə maqnitdən imiş».
***
1921-ci ildə Eynşteyn ilk dəfə ABŞ-a gələndə nisbilik nəzəriyyəsinə maraq o qədər böyük idi ki, nümayəndələr palatasının üzvü Kindred palatanın sədrindən nisbilik nəzəriyyəsinin populyar şərhini «Konqreşnl rekorda» jurnalında dərc etmək üçün icazə istəmişdir. Nümayəndələr palatasının sədri David Uoltda soruşmuşdur:
- Nyu-Yorklu centlmen elə şərh etmək niyyətindədirmi ki, bu nəzəriyyəni biz başa düşək?
Kindred demişdir:
- Mən nəzəriyyəni üç həftə səylə öyrəndim və nəhayət nə isə anlamağa başladım.
Uoltda kifayətlənməyib soruşur:
- Bəs, həmin nəzəriyyə əsasında konqres nə kimi qanunlar qəbul edə bilər?
Kindred cavabında:
- Onun əsasında kosmosla əlaqə nöqteyi-nəzərindən gələcək üçün qanunlar qəbul etmək mümkündür, - deyir.
***
Bir dəfə nisbilik nəzəriy­yəsinin müzakirəsi zamanı fiziklərdən biri öz çıxışında deyir:
- Mən dünyada on nəfər fizik taparam ki, onlar nisbilik nəzəriyyəsinin cəfəngiyyat olduğunu isbat edər.
A. Eynşteyn sakitcə deyir:
- On nəfər? Bir nəfər bəs edər, on nəfərə ehtiyac yoxdur.
***
Nisbilik nəzəriyyəsinin populyarlığı dövründə A.Eynştey­ni saysız-hesabsız mühazirələrə dəvət edirdilər. Növbəti mühazirələrin birinə gedərkən, onu bütün mühazirələrində, müşayiət edən sürücüsü, alimin yorğun olduğunu görüb deyir:
- Professor, mən sizin 30-dan artıq eyni mühazirənizi dinləmişəm və onu əzbər bilirəm. İcazə verin burada sizin yerinizə mən mühazirə söyləyim.
- Düz deyirsən, məni bu kollecdə tanıyan yoxdur. Sən mühazirəni söylə, mən də bir az dincəlim.
...Mühazirənin sonunda, mühazirəyə qulaq asan alimlərdən biri sual verir. Sürücü özünü itirməyib deyir:
- Sizin bu sualınız o qədər sadə sualdır ki, hətta onu mənim «sürücüm» şərh edə bilər... Və «sürücünü» zala dəvət edir. «Sürücü» həmin sualı çox geniş və gözəl izah edir. Sualından utanan alim isə başını aşağı salır.
***
Məşhur fiziklərdən birindən soruşurlar ki, necə oldu ki, məhz A. Eynşteyn nisbilik nəzəriyyəsini yaratdı?
Həmin alim cavab verib dedi:
- Ona görə ki, Eynşteyn özünü elə aparmışdır ki, guya ona qədər dünyaya fizika elmi məlum deyildir!


Tarix: 11-12-2017, 13:48

Xəbəri paylaş