Gənc alimin dilçilik elminə dəyərli töhfəsi
Filologiya üzrə fəlsəfə doktoru Aysel Qəriblinin “Azərbaycan dili” anlayışının tarixi” kitabı çapdan çıxıb.
Gənc alimin bu monoqrafiyasında “Azərbaycan dili” anlayışının formalaşma tarixinin dövrləri araşdırılıb. Orta əsrlərdə, XIX əsrdə, mürəkkəb proseslərlə zəngin XX yüzillikdə, eləcə də yaşadığımız müasir dövrdə “Azərbaycan dili” anlayışının tarixinə dair müxtəlif mülahizələr irəli sürülüb. Kitabda qeyd olunur ki, “Azərbaycan dili” anlayışı (linqvonimi) “Azərbaycan” toponimi, bunun ardınca isə “Azərbaycan xalqı” etnoniminin təşəkkülü ilə formalaşmağa başlayaraq müasir dövrdə sayı iyirmi beşdən çox olan türk dillərindən birinin adını bildirir ki, həmin ad-anlayışın formalaşmasının zəngin tarixi var. Lakin bu tarix indiyə qədər sistemli şəkildə, xronoloji (və məntiqi) ardıcıllıqla öyrənilməyib, yalnız mülahizələrlə (özü də biri digərini istisna edən, yaxud mübahisəli) kifayətlənilib.
A.Qəribli bu kitabında “Azərbaycan dili anlayışının tarixi”nə bütöv şəkildə yanaşıb, özündən əvvəlki mülahizələri ciddi araşdıraraq analitik, eləcə də düzgün metodologiya ilə təhlil edib, elmi nəticələrə gəlib. Gənc alimin fikrincə, “Azərbaycan dili” anlayışının, eləcə də linqvoniminin təşəkkül tarixinin əsasını “türk dili”ndən “Azərbaycan dili”nə keçid dövrü, başqa sözlə, həmin dövrdə meydana çıxan problemlər təşkil edir.
Monoqrafiya beş fəsildən, “Azərbaycan dili” anlayışını bildirən linqvonimlər (dil adı) sözlüyündən və ədəbiyyat siyahısından ibarətdir.
Müəllif monoqrafiyanın əvvəlində yazır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev istər sovet, istərsə də xüsusilə müstəqillik dövründə ölkəyə rəhbərlik illərində “Azərbaycan dili” anlayışının həm ictimai şüurda möhkəm yer tutması, həm də Azərbaycan dilinin hər cəhətdən mükəmməl bir xalqın dili olaraq daha da inkişaf edib zənginləşməsi üçün davamlı şəkildə təxirəsalınmaz tədbirlər görüb. Xalqın (və dövlətin) dili ilə bağlı mülahizələri, apardığı genişmiqyaslı müzakirələr, verdiyi qərarlar, həyata keçirdiyi ideyalar dahi dövlət xadiminin ümumən milli dövlət quruculuğu missiyasının üzvi tərkib hissəsi olub.
Qeyd edək ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və digər rəsmi sənədlər, eyni zamanda, alimlərimizin qarşısında yeni-yeni vəzifələr qoyur. A.Qəriblinin müraciət etdiyi mövzu həm də bu baxımdan aktualdır.
Kitabın “Türk dili” anlayışının təşəkkülü” adlanan birinci fəslində bu anlayışın mənşəyi, orta əsrlərdə mövqeyi, “türk dilləri” anlayışının təşəkkülü, “ortaq türkcə” anlayışı ilə bağlı iddialar və imkanlar barədə tutarlı fikirlər irəli sürülür. Müəllifin fikrincə, “türk dili” anlayışında diferensial xüsusiyyətlər orta əsrlərdə xüsusi linqvonimlərlə fərqləndirilməyib, bir qayda olaraq “türki” adından istifadə edilib.
Tədqiqatçı haqlı olaraq bu nəticəyə gəlir ki, türk dillərinin diferensiasiyasının dərinləşdiyi (buna uyğun olaraq “türk dilləri” anlayışının populyarlaşdığı) XIX əsrdə, xüsusilə həmin əsrin sonlarından etibarən bütün türkləri birləşdirmək, onların anlayacağı “ümumi dil tapmaq” ideyası da meydana çıxıb. Bu isə o deməkdir ki, “türk dilləri” anlayışı ilə “ümumi (ortaq) türk dili” anlayışı bir-birinə diferensiasiya-inteqrasiya münasibəti əsasında sıx bağlıdır. Müəllif vurğulayır ki, müasir dövrdə “ortaq türk dili” (“ortaq türkcə”, “türklər üçün ortaq ünsiyyət dili” və s.) anlayışı həm nəzəri, həm də praktik türkologiyanın maraq dairəsində əhəmiyyətli yer tutur.
“Azərbaycan türkcəsi anlayışının təşəkkülü” adlanan ikinci fəsildə “Qədim Azərbaycan dili” anlayışının, “Azərbaycan türkcəsi” anlayışının mənşəyinin və formalaşmasının, “Əkinçi”nin Azərbaycan türkcəsi” məsələlərinin elmi izahı verilib. Tədqiqatçı qeyd edir ki, “Azərbaycan türkcəsi” anlayışı XIX əsrdə formalaşıb. Bu anlayış ənənə ilə ümumi şəkildə “türk dili” adlandırıldığı məqamda da kontekstdən ayın olur ki, söhbət hansı “türkcə”dən gedir. Daha çox isə “Qafqaz”, “Zaqafqaziya”, “Azərbaycan türklərinin (tatarlarının) dili”, yəni “toponim+etnonim+dil” (lisan, zəban, ləhcə) formul-modeli ilə ifadə olunur. Eyni prinsip digər türk dillərinin və ya ləhcələrinin adlandırılmasında da özünü göstərir.
Monoqrafiyanın üçüncü fəsli XIX əsrin sonu XX əsrin əvvəllərində “türk dili”, “Azərbaycan türkcəsi” və “Azərbaycan dili” anlayışlarının funksional paralelliyinə həsr edilib. Burada Əli bəy Hüseynzadənin “türkcə”si, Məhəmməd ağa Şahtaxtlının, Cəlil Məmmədquluzadənin, Yusif Vəzir Çəmənzəminlinin, Nəriman Nərimanovun, Üzeyir Hacıbəylinin ayrı-ayrılıqda “ana dili” anlayışları barədə açıqlamalar yer alıb.
Dördüncü fəsil “Azərbaycan dili” anlayışının normalaşması” adlanır. Burada XX əsrin 20-ci, 30-cu illərində “türk dili”ndən “Azərbaycan dili”nə keçid prosesləri, “Azərbaycan dili” anlayışı: Şimalda və Cənubda, Səməd Vurğunun “Azərbaycan dili” anlayışı, XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyində “Azərbaycan dili” anlayışı məsələləri əhatə olunub.
“Azərbaycan dili” anlayışı müstəqillik dövründə” adlı beşinci fəsildə müstəqilliyin ilk illərində ana dilimizin “türk dili”, “Azərbaycan türkcəsi” və “Azərbaycan dili” adlandırılması ilə bağlı mübahisələr, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan dil müzakirələri və həmin müzakirələrin rəsmi nəticələri, “Azərbaycan dili” anlayışı müasir mərhələdə mövzuları əhatə edilib. Müəllif diqqətə çatdırır ki, SSRİ dağıldıqda müstəqilliyinə qovuşan Azərbaycanda varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra atributları ilə yanaşı, dövlət dilinin adı olaraq “türk dili” də qəbul edilib. Lakin qanunvericiliyin pozulması ilə müşayiət olunan bu addım respublika ictimaiyyətinin narazılığı ilə qarşılanmaqdan başqa, beynəlxalq aləmdə də müəyyən anlaşılmazlıqlar yaradıb. Bütün bunları, eləcə də “Azərbaycan dili” anlayışının təşəkkülü tarixini (və mövcud təcrübəsini) nəzərə alan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə dövlət dilinin adı məsələsinə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilərkən ümumxalq səsverməsində (referendum) ayrıca baxılıb, Azərbaycan Respublikasının dövlət dilinin “Azərbaycan dili” olduğu təsbit edilib.
Monoqrafiyanın maraqlı və faydalı cəhətlərindən biri burada “Azərbaycan dili” anlayışını bildirən linqvonimlər sözlüyünün yer almasıdır. Sözlük “türk dili”ndən “Azərbaycan dili” anlayışına qədər təxmini xronologiya ilə tərtib olunub və 27 anlayışı əks etdirir. Müəllifin Azərbaycan, türk, ingilis və rus dillərində XIX əsrin 40-cı illərindən müasir dövrümüzədək 138 mənbəni təhlilə cəlb etməsi tədqiqatın geniş əhatə dairəsini bir daha təsdiqləyir.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabın elmi redaktoru professor Sayalı Sadıqova, rəyçilər professor Roza Eyvazova, Pərvin Quliyeva, redaktoru Dəyanət Osmanlıdır.
Tarix: 14-11-2017, 10:01