Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yeni nəşr

                    
             

      “Allah-təala sevdiyi insanı öz işığına yönəldir”.  Bu, bir Quran ayəsidir. Sözü muncuq kimi ipə-sapa  düzüb poetik dillə xarüqələr yaradanlar bəşəriyyət tərəfindən qəbul edilib sevilərək şair adını qazanırlar. Və onlar dünyasını dəyişib əbədiyyətə qovuşandan sonra da, qəlblərdə yaşayır, xatirələrdə hörmətlə anılırlar.
     Belə insanlardan biri, Azərbaycan poeziya zirvəsini fəth etmiş sevimli şairimiz mərhum Musa Yaqubla bir kənddə yaşamış, ondan dərs almış, onun poetik sehrinə düşərək sözə, sənətə, şeirə pərvazlanan və bu yolda xeyli uğur qazanmış Bəhruzdur.
     Bəhruzun təzəcə çapdan çıxmış “Xəzan yarpağı” kitabını vərəqləyərkən sehirli bir aləmə düşürsən.
  Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, 144 səhifəlik  kitab 2023-cü ildə "Red N Line" MMC Mətbəəsində dərc olunub.
      Kitabın redaktoru Daşdəmir Əjdəroğludur.
  Bəhruz (Bəhruz Hacıməmməd oğlu Məmmədov) 16 noyabr 1973-cü ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. BDU-nun nəzdindəki 1 saylı Fizika-riyaziyyat təmayüllü məktəbdə orta təhsilini bitirib. Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. 1991-1996-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 
  Hazırda Neft Daşlarında eyniadlı qəzetin müxbiri vəzifəsində çalışan Bəhruz həm də "Yeni carçı" jurnalı və "Yeni carçı" qəzetinin təsisçisi, eyni zamanda baş redaktorudur. İndiyə qədər müxtəlif mətbu orqanlarında məsul vəzifələrdə çalışıb. "Xəzan yarpağı" kitabındakı şeirlərin bir çoxu şairin cəbhə dəftərçəsindən götürülmüşdür.

Şair şeirlərində yazın gəlişinin ilk müjdəçisi olan, kol dibində, qar altından boylanan, ətri və gözəlliyi ilə ecazkar mənzərə yaradan boynubükük bənövşəni, sal qayalarda xalı rənginə boyayan mamırları, axan şaqraq səsli dağ çayını, qaya döşündən, meşədən, çəməndən, qaynayan bulaqların ruhu oxşayan, şırıltı ilə axan həzin nəğməsini, kökü dərinliklərə işləyən, başı səmalara boylanan, yoğun gövdəli, qollu–budaqlı çinarı, palıdı, fıstıgı, görkəmi ilə füsunkar mənzərə yaradan çökə ağacını vəsf etməyə çalışmış və buna uğurla nail ola bilmişdir. Şeirlərinin rəngarəngliyi onun bu yolda təzə addımlamağına baxmayaraq peşəkarlığından xəbər verir.
 
Öz dərin mənalı şeirləri ilə oxucunu dərindən düşündürən şair həyatın mənasını, yaşamağın fəlsəfi qatlarını açmağa çalışır və bunu ustalıqla edir:

Ömür payıdır,
bu əzəldən bəllidir,
Ya bayatı,
ya da qaravəllidir.
Nağıl ömrün
yaşı indi əllidir.
Aman Tanrı,
neçə keçdi bu zaman?
Bir belə də
yaşamağa var aman? 

 Bəhruza tutduğu bu müqəddəs, çətin və şərəfli yolda daha yeni uğurlar, nailiyyətlər arzulayıram. Onun 50 illik yubileyini təbrik edirəm.
  Allah qoysa. Ömür vəfa etsə, gələcəkdə Bəhruzun “Xəzan yarpağı” kitabını vərəqləyərək,  ələk-vələk edib şeirlərinin təhlilini edərək, onun poeziya aləmini, iç dünyasını açıb göstərmək üçün yaradıcılığı haqqında geniş bir  köşə yazı yazmaq niyyətindəyəm.

 Nizami Mirzə,
 yazıçı-publisist


Tarix: 29-11-2023, 22:47

Xəbəri paylaş