Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ŞEYX SƏNAN: YARIMƏFSANƏVI TARİX

Lütviyyə Əsgərzadə,

Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Ədəbiyyat İnstitutu



IX-X əsrdən etibarən XXI əsrə qədər ədəbiyyat tariximizdə, milli ədəbi irsimizdə geniş yayılma arealına məxsus "Şeyx Sənan" mövzusuna XX əsrin əvvəllərində mütəfəkkir Hüseyn Cavid müraciət edərək möhtəşəm bir əsər; “Şeyx Sənan” faciəsini yazdı. Bununla da, uzun bir yol qət edən mövzuda həm ilk səhnə əsərini yaratdı, həm də “Şeyx Sənan”da təsəvvüfün çağdaş bir yorumunu” (7, 380) gerçəkləşdirdi və bununla "dünya ədəbiyyatında təsəvvüf anlamlarını bir küll halında dramaturgiyaya tətbiq etdi" (16, 14).
Hüseyn Cavidin “Şeyx Sənan”ı klassik mahiyyətiylə Fəridəddin Əttarın “Mantıku– tayr” əsərindəki Şeyx Sənan hekayəti ilə, demək olar ki, eyni təsəvvüf ortamında cərəyan edir. Hər iki əsəri qarşılaşdırdığımız zaman hər iki mütəfəkkirin yaratdığı əsərdə sujet, mətn, rəmzlər eynidir, lakin bu eynilikdə belə müəyyən ciddi fərqliliklər də var. Məsələn, “12-ci əsrin Şeyx Sənanı Anadoluya səfər edir. 20-ci əsrin Şeyx Sənanı Qafqaza gəlir. 12-ci əsrin Şeyx Sənanına xristian qiyafəsinə girməyi, donuz otarmağı, şərab içməyi aşiq olduğu xristian gözəli təklif edir.
20-ci əsrin Şeyx Sənanı üzərində bütün bu sınaqları xristian sev-gilinin atası tətbiq edir. 12-ci əsrin Şeyx Sənanı yenidən Məkkəyə qayıtmaq qərarına gəlir.
20-ci əsrin Şeyx Sənanı Nuri - Yəzdana Qafqazda qovuşur.
12-ci əsrin Şeyx Sənanı yaşı altmış çivarında olan ixtiyar bir aşiqdir.
20-ci əsrin Şeyx Sənanı otuz yaşlarında gənc bir mürşidi-kamil-dir.”
Cavidin ən ədalətli tənqidçisi Hənəfi Zeynallı əsəri "Şeyx Sənan" haqqında mülahizələrim” adlı məqaləsində ətraflı təhlil etsə də, F.Əttara qarşı bir o qədər də ədalətli olmamış, onun Şeyx Sənanını “fars psixologiyalı, dimağı kiflənmiş, içi çürümüş, puçlaşmış bir şəxsiyyət” (22, 277-87) kimi səciyyələndirmiş, üstünlüyü Cavidin Şeyx Sənanına vermişdir, çünki o, əsərin özəyini, ruhunu təşkil edən təsəvvüfdən xəbərdar deyildi. Əttarın Şeyx Sənanı da “irfan rəmzləriylə yüklənmiş tamam fərqli və çox möhtəşəm bir Şeyx Sənandır.” Təbii ki, cüzi fərqlər də yox deyil. Cavidin Sənanının Əttarın Sənanından ən önəmli fərqi Turanlı olmasıdır. Sənanı Cavid türk etmişdi, yoxsa Şeyx Sənan əfsanəsinin Borçalı qolunda olduğu kimi türk idi? Və ya İ.Mehdioğlunun iddia etdiyi kimi, Sənan Tiflisin köhnə Sənan soyundan idi və Cavid də bunu bilirdi?
Şübhəsiz, Hüseyn Cavid Şeyx Sənan mövzusunda yazılan bir çox mənbədən, xüsusən də Tiflisdə müsəlmanlar arasında məşhur olan Borçalı qolundan xəbərdar idi. Və maraqlıdır ki, bir çox mənbədən xəbərdar olmasına baxmayaraq Cavid “Şeyx Sənan” faciəsini yazarkən daha çox Borçalı qolundan istifadə edib. Bu da səbəbsiz deyil, Cavid "Borçalı-Tiflis arealının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin əhəmiyyətli qollarından, ədəbi-mədəni özgünlüyümüzün sinkretik (çox şaxəli) xüsusiyyətlərə sahib nümunəsi olaraq ədəbi-mədəni inkişafımızın əhəmiyyətli meyarlarından birini təşkil etdiyini, xalqımızın tarixini, ədəbi-mədəni üstünlüklərini ehtiva edən klassik epos - dastanlarımızda daha çox xatırlanan ədəbi - folklor məkanlarımızdan biri" və Borçalının" ədəbi-mədəni vəhdət baxımından milli taleyimizdən ayrılmaz olduğunu” (12, 227) bilirdi. Borçalı-Tiflis arealında Tiflislə bağlı “Şeyx Sənan” mövzusu da xüsusi əhəmiyyət kəsb edir. Yəni Cavidin bu mövzuya müraciət etməsi də təsadüfi deyildi.
Şeyx Sənan əfsanəsini gürcülər fərqli, azərbaycanlılar fərqli anladır; Şeyx Sənan dağının meydana gəlməsi ilə əlaqədar gürcülər arasında yayılan əfsanəyə görə, "VI əsrdə Suriyadan gələn 13 keşişdən biri olan David dinə xidmət etmək məqsədi ilə bu yeri seçir. Sonralar Gürcüstanda xristianlığı yaymaq missiyasını öz üzərlərinə götürürlər. Müqəddəs bir rahib olaraq bilinən David burada ziyarətgah inşa edir. Sonra o, Tiflisdən Qareci düzənliyinə gedir və orada qayalarda oyulmuş monastırın əsasını qoyur. Platon İoselianinin verdiyi məlumata görə, Davidin ziyarət­gahı olduğu yerdə IX əsr Müqəddəs Məryəm kilsəsi inşa edilir. 1542-ci ildə bu yerdə rahib olan qardaşlar David və Nikolay Qabaşvililər müqəddəs David adına yeni kilsə inşa edirlər. XVI əsrin sonunda Afinadan gələn rahiblər müqəddəs Afina dağı adı ilə yenidən inşa edirlər. Bu kilsə daha sonra uzun müddət viran vəziy­yətdə qalır. 1810-cu ildə II Anton burada yeni kilsə inşa edir.” Günümüzə qədər gəlib çatan kilsə keçən əsrin 70-ci illərində inşa edilmişdir. Rəvayətin Tbilisi variantı haqqında Qafqaz təhsil idarəsinin seriya halında nəşr etdirdiyi “Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza”da yazılır: “Müsəlmanlar Tiflisdəki Müqəddəs David kilsəsini Seyx Sənan məqbərəsi hesab edirlər. Onların arasında belə bir rəvayət var ki, çoxlu müridləri olan şeyxlərdən biri - Seyx Sənan Tiflisə gəlmiş və bir gürcü qızına vurulmuşdur. Lakin Seyx Sənan onu ancaq xristian olduqdan sonra ala bilmişdir. Sənanın bundan xəbər tutan şagirdləri Tiflisə gəlir, şeyxin xristianlığı qəbul edib, etməməsini öyrənmək istəyirlər. Onlar hələ şəhərə girməmişdən kilsə zənglərinin səsini eşidirlər. Zəng səsləri elə bil deyirdi: “Lailahə illəllah Məhəmmədən rəsulillah.” Öz şeyxlərinin müsəlman qaldığına, müsəlmanlığı, hətta “Lailahə illəllah...“ deyən zənglər vasitəsi ilə ətrafdakılara yaydığına inanmış şagirdlər geri qayıtmışlar” (18, 182).
Gürcülərdən fərqli olaraq azərbaycanlılar (Borçalı qolu) arasında yaşayan əfsanəyə görə, "Sənan Turanda doğulmuşdu. Bir müddət İranda yaşamış, sonra Ərəbistana getmiş, dini təhsil almışdır. Müəllimi Şeyx Kəbir öldükdən sonra bir müddət onu əvəz etmiş, sonra qırx yaşında ikən uzun bir səfərə çıxmış, İran və Qafqazı gəzərkən Sənan başqa şeyx yoldaşları ilə birlikdə Tiflisə gəlmişdir. Xəyalında arzuladığı qızı burada tapmışdır. Bu qız gürcü knyazının qızı Xumardır. Onun müridləri şeyxlərini burada qoyub Ərəbis­tana dönürlər. Xumarın atası Sənandan müsəlmanlıqdan çıxmağı, boynuna xaç taxmağı, şərab içməyi tələb edir. O, iki ildən sonra Xumara qovuşmaq şərtiylə donuz otarır. Lakin xristian keşişin təhriki ilə Sənana verdiyi vədindən dönür. Nəhayət, Xumar hər şeyi atıb Sənanın arxasınca gedir, hər ikisi özünü Kürə atır. Şeyx Sənan müqəddəs David dağında dəfn olunur. "Borçalı qolunda Turanda doğulmuş Şeyx Sənan, Ərəbistana elmi-irfan üçün getmiş, İranda olmuş, yenidən Qafqaza - Tiflisə dönmüş, burada başına məlum sər­güzəşt gəlmişdir. Yaxınlarda internetdən oxuduğum “Şeyx Sənan” faciəsi haqqında düşüncələrim” adlı yazının müəllifi İdris Mehdioğlu bu günə qədər aparılan tədqiqatlarda, xüsusilə də, İbn Səqqa - Şeyx Sənanın kimliyi məsələsi ilə razılaşmadığı məqamların olduğunu vurğulayaraq, bunu üzərində durulacaq məsələlərdən olduğunu bəyan etmişdir. Onun fikrincə, "Cavid dastanın Borçalı qolu ilə tanış olmuş, ancaq əsəri özünün ideologiyasına görə, tamamilə başqa səpgidə yaratmış", "xalq dastanından yalnız iki baş qəhrəmanların adlarını və Sənanın türklüyünü almışdır.” Cavidin uzun bir yol qət edən Şeyx Sənanı "farslıqdan çıxarıb türkləşdirməsi" (21, 80-106), Qafqaz - Tiflis ətrafında Şeyx Sənanın ilk rastına çıxan Oğuz və Özdəmirin özünü; "Dinim islam, kəndim türk" (3, 168) - deyə təqdim etməsi şairin daha çox Borçalı qoluna – Sənanın türk olduğuna inandığını göstərir. İ.Mehdioğlunun bəhs etdiyi das­tanda; "Sənan tacir oğlu olur. Bir-birini sevən iki sevgili əl-ələ verib qaçırlar. Sənan dağının başına çıxırlar. Bu zaman Xumarın atası kafir keşiş peyda olur. Atasını görən qız özünü öldürməyə qərar verir, özünü qayadan uçurur. Onu tutmaq istəyən Sənan da onunla birlikdə qayadan atılır. Bu anda qarşılarındakı qaya yarılır. Onlar qayanın çuxuruna düşürlər. Qaya yenidən birləşir. Onların yox olmalarını görən keşiş, qayaların arasında qızını axtarır. Bir qayanın yarığında qızının sallanmış saçını görür. Hər ikisini də qayanın öz qoynuna aldığını anlayır. Yalnız bundan sonra onların haqq aşiqi olduqlarını anlayan keşiş tutduğu işdən peşman olub saçını yolur" (10). Şeyx Sənanın Tiflisdən və Sənan soyundan olması fikrini irəli sürən məqalə müəllifi "köhnə xalq dastanının heç bir yerində gürcü adının çəkilmədiyini, Xumarın atasına “kafir keşiş” (xristian türk), "anasına Saçlıbəyim", "Xumarın dayəsinə Ağcaqız (Ağqız) deyildiyini" vurğulayır. İ.Mehdioğlu, "bəzi rəvayətlərə görə, XVIII əsrə qədər Tiflisdə xristian türklərin və onların kilsələrinin olması", Rus çarının əmri ilə 1733`-ci ildə xristian - türk kilsələrinin gürcü kilsəsinə birləşdirilməsindən də bəhs edir: "bundan sonra (kilsələr birləşdirildikdən sonra) bəzi türklər xristianlığı qəbul edərək yavaş-yavaş gürcüləşmiş", "bəzi xristian türklər isə müsəlman olmuşlar" (10). Gürcüstan ilə yaxından əlaqəsi olan İ.Mehdioğlu hətta Sənan küçəsinin təsvirini verir: "Sənan küçəsi Sənan dağından başlayırdı. Başaşağı gəlib Kürün qırağında, Şah Abbas Məcidinin yanında Gəncə yoluna birləşirdi. 1956-cı ildə Hamamlar məhəlləsində, indiki məsciddən təxminən 100-150 metr aşağıda yaşayan Təhlə Əsgərin qonağı oldum. O zaman Əsgər dediyim adamın təxminən 80-85 yaşı olardı, onun söhbətindən eşitdiklərimi qələmə alıram. O dedi ki: "Ən qədimlərdən Tiflisdə Sənanlar soyunda zadəgan qələm olmuşdur. Sənan dağının ətəklərində olan qoruq yerləri və Sənan dağının arxasında Qocerə tərəf olan meşəlik də Sənan nəslinin mülkü olub. Küçə o zamandan onların adları ilə xatırlanır. İndi prospektin adı David prospektidir, amma hər kəs hələ Sənan küçəsi deyir. Şah Abbasın qonaq yeri də Sənan küçəsində idi. Sənan əslən tiflisli idi və ilk islamı qəbul edən soydandı. Bağdadda və Hələbdə oxuyub, Şeyxlik adını alıb, bir şeyx kimi vətəninə dönüb. Xalqın yaddaş deyiminə görə, Xumarın atası keşiş də bu məhəllədəndir. 1935-38 -ci illərdə Sənan prospektində olan müsəlmanların bəzilərini İrana, bəzilərini da Orta Asiyaya sürgün elədilər. Onların evlərinə gürcüləri doldurdular." 1956-cı ildə Şeyx Sənanın məzarını ziyarət etdim. Onun məzarı üstündə türbə görmədim. Yalnız məzarın ətrafında dağınıq daşların olmasından təxmin etmək olardı ki, nə vaxtsa burada türbə olmuşdur. Məzarın daşları sökülüb dağılmış halda idi. Belə bir ün sahibinin məzarının belə baxımsız olması məni üzdü. O zaman ona bir qəsidə də yazdım. 1960-cı illərdə Botanika bağını genişləndirmək məqsədiylə Sənan yatan məkan bağın torpaq­larına qatıldı. Beləcə, Şeyx Sənanın izi itirildi. Yəni, Tiflisin ən qədim soyundan olan Sənanın izi qəsdən itirildi" (10).
Təbii ki, bunlar İ.Mehdioğlunun yazdıqlarıdır. Lakin yazılanlardan görünür ki, hadisənin yaşandığı məkan olaraq Tiflis daha ağlabatandır. Burada gürcülərlə türklər, eyni zamanda xristian türklərlə müsəlman türklər yanaşı yaşayırdı. Yəni yaşananların həqiqət payı yox deyil. Bəlkə də bu səbəbdən, "Tiflisdə Sənanın izi bilərək yox edilmişdi. Yaşanan sər­güzəşti təxminən üç yüz il sonra qələmə alınmış hekayədə "Şeyx olduğu üçün onu ərəbləşdirmişlər" bəlkə də o, İslam dünyasının ilk Türk şeyxi olmuşdur" - deyə fik­rini yekunlasdıran İ.Mehdioğlu araşdırmaçılar üçün açıq qapı buraxır. Onun, "Sənan Şeyx olduğu üçün onu ərəbləşdirmişlər" - fikri məqbuldur. Çünki İslam yeni-yeni yayıldığından türklərdə şeyxlik məsələsi hələ bir o qədər də yayılmamışdı. Qafqazdan elmi təhsil üçün Ərəbistana, İrana gedənlərin döndükdən sonra adlarının önünə qoyulan "Şeyx" sözü bu adamın milliyyətindən çox, təhsili ilə əlaqədardır. Bu baxımdan, hələ də Gürcüstanda yaddaşlarda yaşayan dastanın, Şeyx Sənana aid yerlərin olması bir sevgi əhvalatı ilə əlaqəli olduğunu deyil, bu sevgi əhvalatının burada - Gürcüstanda yaşayan, bura ilə əlaqəli olan iki adamın arasında baş verdiyi ehtimalını gücləndirir (eynilə "Aşıq Qərib" dastanı kimi). Eyni zamanda, Gürcüstanda Sənan dağının müqəddəs sayılması onun bir türk Şeyxi olma ehtimalını gücləndirir. Şeyx Sənan dağının müqəddəsliyindən “Əski Tiflisin əski cizgiləri” adlı yazıda bəhs edilir: “Şeyx Sənan dağı müqəddəs bir dağdır. Əfsanəsi məşhurdur. Uzaqdan gəlib keçənlər bu dağa baş əyib, onu salamlarlar." "Dağın əfsanəsinin qədim türklərlə əlaqədar olması güclü ehtimallardandır. Belə ki ulu qəbirlərinin uzaqdan da olsa salam verilməsini İran və Türkiyədən də bilirik. Müqəddəs dağlara mövsümündə ziyarət üçün gedildiyi zaman bu dağlara ayaqyalın çıxması inancı Türkiyədə də vardır" (17). Dağa salam vermək, hətta dağdan yaşmanmaq məsələsi abidə kitabımız “Dədə-Qorqud” dastanında da var. Bir az əvvəl bəhs etdiyimiz kimi, Tiflisdəki Sənan soyundan "Aşıq Qərib" dastanında bəhs edilməsi, Şahsənəmin atasının da Sənan soyundan olması, "Sənan hoca" olaraq adlandırılması "dastan qəhrəmanlarının hər ikisinin də eyni soydan - əsrlərdir Tiflisdə yaşamış Sənan soyundan olmuşdur" - düşüncəsini yaradır. Hətta Şahsənəmin dayəsi olan Ağcaqız adına da Sənan əfsanəsinin Borçalı qolunda rast gəlinir; "Xumarın dayəsinə də Ağcaqız (Ağqız) deyilir. Ş. Məmmədlinin gəldiyi nəticəyə görə, "Qəribin də, dastanın da beşiyi Tbilisi – Borçalıdır (12, 244). Bütün bunlar Tiflisdə Sənan soyunun varlığının sübutudur. Eyni zamanda, İbn Səqqa - Şeyx Sənanın da Tiflisin Sənan nəslindən olması, Ərəbistandan Gürcüstana gəlməsi deyil, Gür­cüs­tandan Ərəbistana getməsi və yenidən Ərəbistandan Tiflisə dönməsi fikrini də məqbul edir. Bu baxımdan Borçalı ilə bioqrafik bağlılığı olan şair Xəqani Şirvaninin İbn Səqqa - Şeyx Sənandan bəhs etməsi də diqqəti çəkir. Xəqaninin Şabran qalasında həbsdə olarkən Rum qeysərinə məktub yazaraq ona kömək etməsini xahiş edərkən İbn Səqqa - Şeyx Sənanı xatırlaması təsadüfi deyil; "Öz yurdumda müsəlmanlar mənə düşmən oldular. Ya indi mən nə edim? Əlli illik ibadətdən sonra xristian olum? Səqqa oğlu kimi atım riqanı, teyləsanı? Zünnar asım, Bərnəs geyim, olum donuz çobanı? Yoldan sapanlar kimi Rumamı gedim?" (9, 148-149).
Səqqa oğlu kimi atım riqanı, teyləsanı?
Zünnar asım, bərnəs geyim, olum donuz çobanı? (9, 149-50) .
Şairin bu şeiri İranda müxtəlif variantlarda "Puri Səqqa - Şeyx Sənan" şəklində şərh edilib; "Bədəl sazəm bezonnar o bəbərnəs, Reda və teyləsan cun Puri Səqqa." Xaqani də şeirində Şeyx Sənanı Səqqa oğlu adlandırır. Səqqa Ərəb imperiyası zamanı şəhər su sahiblərinə verilən addır. Seyyid ibn Tavus "Səqqayi - Kərbəla" adının keçmişi haqqında yazır ki, "Səqqa su verən deməkdir" (9). Mehdioğlu da "Tiflisin su təhcizatının Şeyx Sənanın atasının - Səqqanın əlində olmasından bəhs edir. Görünür, Borçalı ilə bioqrafik bağlılığı olan Xəqani Şeyx Sənanın bioqrafiyasını yaxşı bilirmiş və bunun üçün onun əsasları da var idi. "Xaqaninin “fərzəndim” adlandırdığı kürəkəni də Tiflisli" (6, 181) idi və Təbrizdə fiqh (dini hüquq) elmindən dərs almış, dövrünün ensiklopedik bilikli şəxslərindən idi. Xəqaninin anası Rəbiə isə islamı qəbul etmiş nəsturi (xristian) qızı idi (1, 84). "Zənnimizcə, o, (Rəbiənin atası) Daryal tərəfdən Gürcüstana və Şirvana hərbi güc olaraq axın etmış iki dinli, yəni bir qismi müsəlman, bir qismi xristian olan kuman-qıpcaqlardandır. O zaman qıpçaqlardan qız almaq şöhrətli sayılırmış; Gürcüstan hökmdarı Qurucu David də Qıpçaq hakimi Ertekin qızı Gurantaxtla evlənmişdi, şah Tamara da eyni qıpcaq qızından doğulmuşdu (12, 21). Şairin anası Rəbiənin atasının sərkərdə olması (19, 66) anasının isə, “Türk irqinin sarışın comərd soyu olan Qıpcaqlardan (xristian türklərdən) olduğu məntiqli görünür" (12, 57). (Nizami də Qıpçaq qızı Appaqla (Afaqla) evlənmişdi). Xəqaninin anası nəsturi qızı idi, İbn Səqqa - Sənan isə xristian qızına aşiq olmuşdu.
Qeyd edək ki, macar tədqiqatçısı Rasonyi gərək Şərq, gərəksə də macar qaynaqlarının Kuman - qıpçaq qızlarının gözəlliyini öyməsindən” (14, 141) Gürcüstandakı xristian kuman qızlarının gözəllikləri ilə əlaqəli bir əfsanənin XII əsrdə təşəkkül etməsindən, Şeyx Sənan adlı bir müsəlman şeyxinin sevdiyi xris­tian qızı uğruna xristian olmasından, donuz çobanlığı dahi yapmasından” “bu hekayənin bənzərinin İmam Gəzali, F. Əttar, Əlişir Nəvainin mövzu etməsi”n­dən bəhs etmişdir (15, 64). Professor F.Kırzıloğlu hətta xalq mahnımız olan “Sarı gəlin” mahnısının “azərbaycanlılar ilə Kür boyu ərazidə yaşayan tərəkəmələr arasında iki gəncin bir-birini sevməsi ilə bağlı sevgi məcarasından yarandığını” (7, 381), Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi H.Cavidin “Şeyx Sənan” əsərinin mövzusunun da bu əfsanə­lərdən qaynaqlandığından “Qars tarixi” kitabında” (7, 380) vurğulamışdır.
Fikrimizcə, nə macar tədqiqatçısı L.Rasonyi və F.Kırzıoğlunun fikirləri, nə də Xəqaninin Şeyx Sənanı İbn Səqqa adlandırması, məktubunda dəfələrlə onu xatırlatması əsassız deyil. Onun Gürcüs­tana biolojik bağlılığı və yaxın dostlarının, "kürəkəninin Tiflisli olması” faktı bu fikrin doğruluq payını artırır.
Qeyri İslam qadınlarla evlənmə adəti hələ erkən dövrlərdən vardı. İslamla xristianlığın paralel şəkildə olduğu Tiflisdə də belə idi. "Erkən Orta əsrlərdə Gürcüstanda İslam - Türk mədəniyyətinin yüksək dərəcədə inkişaf etmiş olduğunu gürcü mütəxəssisləri də təsdiq edir (4, 1). Bunlar göstərir ki, İbn Səqqa - Sənan əfsanəvi deyil, tarixi şəxsiyyətdir, müəyyən bir dövr Ərəbistanda yaşamışdı və başına gələn sərgüzəşt ərəb folklorunda (buna səbəb İbn Səqqnın Ərəbistanda təhsil almaq üçün getmə ehtimalı daha güclüdür) əfsanələşərək bütün Şərqdə yayılmışdır. Buna rəvac verən səbəblərdən ən əhəmiyyətlisi isə bu insanların hələ tarix yazılmadığı zamanlarda yaşamalarıdır. Beləliklə, Şeyx Sənan folklor mətni olmasına baxmayaraq, onun başına gələnlər yaşanan faciə, Şeyx Sənan isə əfsanələşmiş tarixi şəxsiyyətdir. Yəni, “Şeyx Sənan” əfsanəsi "yarıməfsanəvi tarix" və ya “yarımtarixi əfsanə”dir.
Nəticə: Nədənsə, İbn Səqqa – Şeyx Sənan adı; "Vardı Səna şəhərində bir ulu" misralarına söykənilərək daim Ərəbistanda aranmışdır. "Səna şəhərində bir ulu"nun olması, hətta bu “ulu”nun İbn Səqqa – Şeyx Sənan olması mümkündür. Lakin bu "ulu"nun Səna şəhərində doğulması, Gürcüs­tandan Ərəbistana elmi-irfan üçün getməsi, Tiflisdə böyük bir nəslin Sanan soyadını daşıması, əfsanənin Borçalı qolunun hələ də xalq arasında yaşaması, burada hələ də Sanan adlı dağ, meşə, məzar, küçə və s. olması, o bölgəyə və o zamana yaxın biri olan H.Şirvaninin əsərində dəfələrlə İbn Səqqa – Şeyx Sənanın adını zikr etməsi, Şeyx Sənanı İbn Səqqa adlandırması, Tiflisin su təchizatının Sənanın atasının əlində olması (Səqqa Ərəb imperiyası zamanı şəhər su sahiblərinə verilən addır), Seyx Sənanın Qafqazdan Ərəbistana getməsi ehtimalını, eyni zamanda Şeyx Sənanın İbn Səqqa olması fikrini gücləndirir.
Eyni zamanda, Gürcüstan dövlətinin keçən əsrin ortalarından başlayaraq Sənan soyunun unutdurulması üçün məqsədli şəkildə gördüyü geniş əhatəli işlər bu möv­zunun yenidən araşdırılmasını zəruri edir. Çünki Şeyx Sənan yalnız bir əfsanə qəhrəmanı olsaydı, bu adın unutdurulmasına, xalqın yaddaşından silinməsinə bu qədər cidd-cəhdlə çalışılmazdı. Gürcüs­tan deyilincə ilk yada düşən adlardan biri olan Şeyx Sənanın məzarını Botanika bağının genişləndirilməsi bəhanəsiylə yox edilməsi də bu fikrimizi gücləndirir. Gürcüstanın Batumi şəhərində dənizkənarı bulvar ərazisində Qurban Səidin azərbaycanlı oğlanla gürcü qızın sevgisindən bəhs edən "Əli və Nino" romanından ilhamlanaraq 100 il sonra qovuşan sevgi abidəsi heykəl qoyulduğu halda nədən xris­tian qızına aşiq olmuş türk Sənan unutdurulmağa çalışılır?
  Tərsa qızına aşiq olmuş Şeyx Sənanın məzarı üstündə məqbərə ucaltmaq yerinə bu ad unutdurulmağa çalışılırsa, (buna səbəb İbn Səqqa - Şeyx Sənanın Türk şeyxi olması, Xumarın isə xristian qıpçaqlardan ola bilər) mütləq milli kimlik olaraq gürcülərə toxunan bir şeylər vardır.


Tarix: 19-09-2017, 12:02

Xəbəri paylaş