Ermənilərin türklərə və Azərbaycan türklərinə qarşı törətdikləri soyqırım
M.K.Atatürkün anadan olmasının 135, Çanaqqala qələbəsinin 100 illiyinə həsr olunmuş kitab
Adıçəkilən kitab tədqiqatçı alimlər Sövdayar Muradov və Ziyadxan Həbibbəyli tərəfindən qələmə alınmışdır. Yeni nəşr həmin mövzuda işıq üzü görən üçüncü kitabdır. Monoqrafiya Mustafa Kamal Atatürkün anadan olmasının 135, Çanaqqala qələbəsinin 100 illiyinə həsr olunmuşdur.
Bakı Dövlət Universitetinin tarix fakültəsinin tədris-metodik şurasının və «Arxeologiya və etnoqrafiya» kafedrasının qərarı ilə çapına məsləhət görülən bu üçüncü cilddə tarixi hadisələr canlı faktların dili ilə oxuculara çatdırılır.
Bu dəyərli elmi tədqiqat əsəri erməni qəsbkarlarının son 100 ildə Türkiyə və Azərbaycanda apardıqları qanlı cinayətlərdən, soyqırımından, etnik təmizləmə və insanlığa sığmayan vəhşiliklərdən bəhs edən üçüncü monoqrafiyadır. Ermənilərin havadarları ilə birlikdə istər Türkiyədə, istərsə də Azərbaycanda həyata keçirdikləri qəddarlığın sayı tükənməzdir və bu barədə ən böyük dəlil və sübutlar dünyanın müxtəlif ölkələrinin arxivlərində saxlanılır. Adıçəkilən müəlliflərin böyük zəhməti hesabına həmin arxiv sənədlərinə istinad edilməklə araya-ərsəyə gətirdikləri bu cilddə ingilislərin qardaş Türkiyədə törətdikləri ağlasığmaz qanlı cinayət hadisələrinə diqqət yönəldilir. Eyni zamanda kitabda mənfur qonşularımızın Azərbaycanda törətdikləri cinayətlər də öz əksini tapmışdır. Bu cilddə ermənilərin «Böyük Ermənistan» siyasətinin kökləri qısaca açıqlanmış, bu yolda ingilis faktoru nəzərə çatdırılmışdır.
Əsərin əsasını dünyanın müxtəlif ölkələrinin arxiv sənədləri, xüsusən də Baş Nazirliyin Osmanlı Arxivinin müxtəlif mənbələri ilə yanaşı, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə, Dünya Azərbaycanlılarının soyqırımına dair materiallar təşkil edir. Müəlliflər kitabı ərsəyə gətirmək üçün sırf arxiv materiallarından yetərincə bəhrələnmişlər. Əsərdə ingilislərin hələ 1850-ci ildən Türkiyəyə təpkilər göstərməsi, onun İstanbul səfiri Layard tərəfindən təqdim edilmiş notada öz əksini tapmış, digər səfirliklər, konsulluqlar vasitəsilə olan bəyanatlar da yetərincədir.
Yüksək poliqrafik üslubda «Heroqlif» mətbəəsində çap olunmuş 376 səhifəlik bu nəşrdə təqdim olunan tarixi faktlar bunu deməyə əsas verir ki, hələ irəlidə araşdırılası, öyrəniləsi çox məsələ var. Hələ açılmamış arxivlər həmin faktları arayıb-ərsəyə gətirən, yeni faktlara söykənən tarixçi-alimləri gözləyir.
Kitab müəllifləri də haqlı olaraq vurğulayırlar ki, bu toplular nə birinci, nə də sonuncudur. Müvafiq istiqamətdə araşdırmalar bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Nəşrin baş redaktoru, professor Əsmət Muxtarova, rəyçilər professor Qüdrət İsmayılzadə, tarix üzrə fəlsəfə doktorları Sənubər İsmayılova və Xatirə Ağayevadır.
Kitab nəinki tədqiqatçılar, gənc mütəxəssislər, eləcə də tarixi gerçəkliyi daha dərindən, olduğu kimi bilmək və öyrənmək istəyən hər bir vətəndaşımız üçün faktlar toplusu kimi maraqlı olacaq.
H.İdris
Tarix: 4-08-2017, 13:08