Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“AZƏRBAYCAN” DEYƏNDƏ SƏNİ DÜŞÜNÜRÜK BİZ...

 

Bu gün Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Ulu Öndər Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi ilə müasir Azərbaycanın dövlətçiliyinin siyasi, iqtisadi əsasları yaradılmış, müstəqil Azərbaycan dünyada öz layiqli yerini tutmuşdur. 
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Heydər Əliyevin şərəfli ömür yolu Vətəninə, xalqına bağlı hər bir azərbaycanlı üçün bu gün canlı örnəkdir.
Bakı Dövlət Universitetinin elan etdiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş tələbələr arasında “Heydər Əliyev: Dahi şəxsiyyət, əbədiyaşar lider” adlı esse müsabiqəsinin qalibləri müəyyən olunmuşdur. Universitet tələbələrinin aktiv iştirak etdiyi esse müsabiqəsində birinci yerə layiq görülən Filologiya fakültəsinin III kurs tələbəsi Nigar Əliyevanın “Azərbaycan” deyəndə SƏNİ düşünürük biz...” adlı essesini tədim edirik: 
 
“AZƏRBAYCAN” DEYƏNDƏ SƏNİ DÜŞÜNÜRÜK BİZ...

Gözlərinlə açılır bu millətin səhəri,
Sənin adınla bağlı bu xalqın hər zəfəri.
Bu səhər Bakının gözlərində gizlənən günəşi gördüm. Onun hüzurunda baş əyən ana təbiət necə də möhtəşəmmiş!.. Günəş doğdu, təbiət canlandı, mavi səma günəşin işığı ilə qara zülməti əynindən soyundu. Günəş qalxdı, azan səsinə bürünən qocaman Bakı al-qırmızı şəfəqlərə boyandı. Baxışlarımı mavi səmadan qırmızı üfüqlərə endirdim. Gözlərim bayrağımın yaşılına tuşlandı. Günəşin bu sabah nə üçün doğduğunu indi gözəl anladım.
Günəş doğdu elə bil, harda çəkilir adın,
Dosta fəxarət gəlir, gözü kor olur yadın.
Sən günəşin övladısan! Bir şam kimi taleyini doğma xalqın üçün işığa çevirdin. Görən göz, danışan dil oldun millətə. Bu gün mən də Sənin sayəndə müstəqil bir dövlətin azad, hürr övladıyam. Fəxr edirəm ki, Sənin təhsil aldığın Bakı Dövlət Universitetinin tələbəsiyəm. Fəxr edirəm ki, Səninlə eyni soyadı daşıyıram. Fəxr edirəm ki, mən Azərbaycanlıyam, əziz Heydər Əliyev!
"Mənə istinad nöqtəsi verin, dünyanı məhvərindən çıxarım," – deyən yunan alimi Arximed belə bir istinad nöqtəsi tapa bilmədi. Amma xalqın inamına istinad edən Heydər Əliyev çökmüş bir ölkəni dirçəldib ayağa qaldıra bildi.
Bu gün Azərbaycan əhalisinin böyük bir hissəsi Heydər Əliyev hakimiyyətinin iki dövrünün şahididir. Dövr və zaman dəyişir, o isə hələ də dəyişən dövrün, zamanın fövqündə dayanır. Həm 1969-cu ilin, həm də 1993-cü ilin təlatümlü yay günlərində Bakıya gələn Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürdü. Gəldi və bəyan etdi: "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram".
“Azərbaycan” deyəndə Səni düşünürük biz,
Azadlığa inamı xalqa Sən bağışladın.
Əsrlərin girdabından gələn tarixin, mədəniyyətin beşiyi Azərbaycanım! Nələr çəkmədin, nələr yaşamadın ki?! O taylı-bu taylı iki yerə paralandın. Şimalına günəş doğdu, Heydər gəldi, gülüstan oldun. Hürr oldun.
Ümummilli Lider Heydər Əliyev olmasaydı, kim bilir, ucsuz-bucaqsız ümmanlarda kimlər yurdumuzu qasırğalara, bataqlıqlara sürükləyəcəkdi. Onun möhkəm iradəsi, dərin zəkası sayəsində gəmimizin sükanı namərd əllərə keçməkdən xilas oldu. Onun siyasətinin əsası milli maraqlarımız üzərində qurulmuş, dünyaya inteqrasiya yolu ilə irəliləməyi hədəf götürmüşdür.
Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə dünyanın 15 ölkəsinin 33 nəhəng şirkəti ilə 21 neft sazişi imzaladı. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkəmizə xarici sərmayədarların axını başladı. Memarı olduğu və tarixə "Əsrin müqaviləsi" kimi daxil olmuş neft müqavilələrinin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitutsiyası dövlətimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, insanın hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi ön plana çıxardı.
Heydər Əliyev yalnız ölkəmizin rəhbəri deyil, həm də insanları ən ülvi ideallar ətrafında səfərbər edən siyasi xadim, müasir tariximizin memarı idi. Nəsirəddin Tusinin "Ən böyük rəhbər odur ki, ölkədəki insanlar ona inansın, onun ardınca getsin, onun bütün tədbirlərinə şərik olsun və ən əsası, onu özünə ata saysın", – fikri Ulu Öndərimizə xas olan yüksək, bəşəri keyfiyyətlərdəndir. Bu bəşəri keyfiyyətləri ilə tarixdə iz qoyan Heydər Əliyev üzərinə düşən "atalıq" missiyasının öhdəsindən layiqincə gələ bildi.
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər “Xalqım” deyəcək, Xalq “Heydər” söyləyəcək.
Deyirlər, Heydər Əliyev özünə ad günü keçirməyi sevməzmiş. Amma 1993-cü il may ayının 10-da Naxçıvan ziyalıları ona 70 illik yubileyini keçirməyi təklif edirlər. O razılaşır. Yaxından-uzaqdan ən yaxın dostları gəlir. Türkiyəli qonaqlardan biri, Qars valisi Heydər Əliyevin şərəfinə badə qaldırıb bir bənd şeir söyləyir. Şeir bitdikdən dərhal sonra Heydər Əliyev deyir: Nazim Hikmətin "İnsan mənzərələri" poeması. Türkiyəli qonaq başını tutaraq heyrətlənir: "İlahi, sovet imperiyasına sığmayan bir dahinin Naxçıvan kimi balaca bir yerə sığmasını Sən necə özünə sığışdırdın?"
İndi Səni bizdən 17 ilin həsrəti ayırır, Ulu Öndər! Doğma xalqın Səni tək müqəddəs torpağa yox, Bakının qoynundan göylərə ucalan günəşə tapşırdı illər öncə. Budur, günəş qürub edir. Lakin sabah yenidən doğacaq. Bu xalq yaşadıqca Sən hər zaman var olacaqsan. Bugünkü varlığımız, azadlığımız, səadətimiz üçün Sənə təşəkkür edirəm, ƏBƏDİYAŞAR LİDERİM!..
Dayanın, dinləyin, sizə sözüm var,
Siz ey gələcəyə gedən yolçular!
Mənim sözlərimin bir mənası var,
Heydər dastanından İlham alanda,
Vətən tarixinə nəzər salanda,
Xalqını şad görüb sevinəndə siz,
Məni aranızda hesab edərsiz...
Nigar Əliyeva
BDU-nun Filologiya fakültəsinin III kurs tələbəsi


Tarix: 10-05-2020, 17:57

Xəbəri paylaş