Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni metod və alqoritmlər işlənib

 

  Son illər elmi əsərlərin, jurnalların sayca artması onların keyfiyyət baxımından qiymətləndirilməsi üçün yeni mexanizmin işlənməsi ehtiyacını yaradıb. Belə  qiymətləndirmə isə elmşünaslığın bir sahəsi hesab olunan elmmetriyada öz əksini tapır. Elmmetriya elmi informasiyanın öl­çülməsi və analizi ilə məşğul olan elm sahəsidir. Qeyd olunan ehtiyac nəzərə alınaraq tədqiqatçı Rəhilə Həsənova tərəfindən tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi üçün yeni metod və alqoritmlər işlənib. Gənc tədqiqatçının bu istiqamətdə apardığı araşdırmalarının nəticələri bu yaxınlarda texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün  AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda müdafiə olunmuş dissertasiya işində öz əksini tapıb. Dissertasiya işində müəllif tədqiqatçının elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni indekslər işləyib, dissertasiya işlərinin ilkin avtomatlaşdırılmış ekspertizası üçün yeni metod və alqoritmlər təklif edib. Müəllifin  institutun alimləri tərəfindən elmi yenilik kimi  qiymətləndirilən işləmələrinə görə,  onun tərəfindən təklif olunan yeni çəkili konsensus indeksi ilə tədqiqatçıların elmi fəaliyyətinin, ArticleRank alqoritmi vasitəsi ilə  elmi jurnalların, eləcə də  yeni hibrid alqoritmi vasitəsi ilə elmi məqalələrin qiymətləndirilməsi mümkün olacaq.

Süni intellektin köməyi ilə jest dilini öyrənən kompüter oyunu hazırlanıb

Kanadada “Stradigi AI” startapı tərəfindən süni intellekt vasitəsilə eşitmə məhdudiyyətli insanlara kömək məqsədi daşıyan kompüter oyunu hazırlanıb.
Robo-hunter.com saytında bildirir ki, kompüter oyunu “The ASL Alphabet Game” adlandırılıb.
Oyun zamanı insan əlifbanın 26 hərfini amslen jest dilində simuliyasiya etməlidir. Bu zaman oyunçunun əl hərəkətlərini neyron şəbəkə klassifikasiya edir. Jestlər düzgün təkrar edildikdə müəyyən ballar əlavə edilir.
Süni intellekt oyunda istifadə olunan 100 min təsviri təhlil edərək jestləri öyrənir. Neyron şəbəkənin əvvəldən əmələ gəlmiş rəyini maksimal dərəcədə azaltmaq üçün istehsalçılar son dərəcə dəqiq seçilən kadrları videoyazılarda saxlayırlar.
Oyun zamanı göstərilən jestlər üç mərhələdə (süni intellekt əllərin veb-kamera qarşısındakı vəziyyətini təhlil edir, alınmış təsvirlər oyunçunun jestlərini təsnif edən ikinci neyron şəbəkəyə ötürülür, süni intellekt insanın əllərinin vəziyyətini daha dəqiq qiymətləndirən istilik kartları yaradır) qiymətləndirilir.
İstehsalçılar iddia edirlər ki, süni intellektin “The ASL Alphabet Game” üçün tətbiq etdiyi sistem 99,03% dəqiqliklə işləyir.
Qeyd edək ki, Kanada startapı kompüter oyununun hazırlanmasına, təxminən, 1 ay yarım vaxt sərf edib. Kanadanın Eşitmə Məhdudiyyətli İnsanlar Mərkəzinin əməkdaşları da oyunun hazırlanmasına kömək məqsədilə işə cəlb ediliblər.

Sosial şəbəkələrdə təhlükəli informasiyanın monitorinqi
sistemi yaradılıb

Sosial şəbəkələrdə uşaq və yeniyetmələrin davranışını yayındıran təhlükəli informasiyanın monitorinqi sistemi hazırlanıb.
Son illərdə tədris müəssisələrində yeniyetmələrin aqressiyasının artması Rusiyanın “Seuslab” şirkəti tərəfindən “Müqəddəs Georgi” adlandırılan yeni sistemin yaradılmasına zəmin yaradıb.
Layihənin rəhbəri Yevgeni Aşixmin qeyd edib ki, sosial mediada ictimai baxımdan təhlükəli hadisələr hesab olunan məktəblərə silahlı basqınlar, intihar oyunları, okkultizm axınları ilə mübarizə xüsusi aktuallıq kəsb edir.
Belta.by saytının məlumatına əsasən, informasiya mühitinin məhz bu problemləri ilə mübarizə üçün yaradılmış sistem vasitəsilə uşaqların həyatınının daha təhlükəsiz olmasına nail olunacaq. Süni intellektə malik olan “Müqəddəs Georgi”nin hazırlamasında maşın təlimi metodları tətbiq edilib. Sistem eyni anda ekstremizm, terrorizm, intihara çağırış kimi bir neçə mövzu üzrə monitorinq apara bilir.
Monitorinq sisteminin hazırlanmasında ölkənin müxtəlif regionlarından olan mütəxəssislər, alimlər, həmçinin psixoloq və psixiatrlar iştirak ediblər. Yeni sistem sosial şəbəkələrdə vizual olaraq təhlükəli kontenti nümayiş etdirən xəbər lentini xatırladır. Lakin burada xəbərlər deyil, potensial təhlükəli kontent təqdim olunur. Sonra sistem dağıdıcı informasiya haqqında istifadəçiyə xəbərdarlıq göndərir, müəyyən dövr üçün hesabat formalaşdırır və onu gələcək qərarların qəbulu üçün psixoloqa ötürür. Sis­tem sosial şəbəkələrdə yalnız açıq səhifələrin monitorinqini həyata keçirir.
Sistemin 2019-cu ilin yazında istifadəyə verilməsi planlaşdırılır.

Suda üzə bilən robot təqdim olunub

“Pliant Energy Systems” şirkəti üzgəclərin köməyi ilə hərəkət edə bilən “Velox” robotunu təqdim edib. Yeni texnologiya sayəsində manipulyator buzda sürüşmək və dalğavari hərəkətlərlə bərk səthlər üzərində yerimək imkanına malikdir.
Robo-hunter.com saytının məlumatına görə, “Pliant Energy Systems”in rəhbəri Petro Filardo yenilənən enerji mənbələrini tədqiq etdiyi zaman “Velox”u yaratmaq ideyası meydana gəlib.
Ekspert enerji əldə etməklə yanaşı, dəniz mühitində nəqliyyat vasitələrini idarə edə bilən biomorf qadcetləri araşdırıb. Nəticədə şirkət yalnız elastik üzgəclərin köməyi ilə hərəkət edən robot yaradıb. Onların hərəkətinə daxilinə quraşdırılmış prosessor nəzarət edir.
"Velox" su üzərində hərəkət edir, quruya yaxınlaşdığı zaman üzgəclərini 90 dərəcədə açır.
Robot qum, qar, çınqıl, səki və buz üzərində hərəkət edə bilir. P.Filardonun sözlərinə görə, “Velox” texnologiyanın müxtəlif sahələrində istifadəyə yararlıdır. Gələcəkdə robot su üzərində dərmanları və döyüş sursatlarını daşıya, qütb regionlarında aparılan elmi araşdırmalarda iştirak edə bilər.

İkt.az saytının materialları
əsasında hazırladı:
Sevinc ALIYEVA


Tarix: 10-01-2019, 15:15

Xəbəri paylaş