Davamlı inkişafda insan potensialı
Nahid Hacızadə,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının I kurs magistri
Davamlı inkişaf dedikdə, dəyişikliklər prosesi və onlarda istifadə olunan ehtiyatların istismarı, investisiyası, tərəqqisi və hətta bu zəmində şəxsiyyətlərarası əlaqələrin inkişafı, onların tələbatı və s. başa düşülür. İnsan kapitalı istehsal prosesinin əsas hərəkətverici amilidir. İctimai təkrar istehsal isə geniş, xalq təsərrüfatı nöqteyi-nəzərindən məhsul istehsalının yenidən başlanılması və bu kapitalın özünün təkrar istehsalıdır. Dayanıqlı insan inkişafının mahiyyəti inkişafın təqdim etdiyi imkanlara çıxışın bərabərliyinin istər indi, istərsə də gələcəkdə təmin edilməsindən ibarətdir. Dayanıqlı inkişafda olduğu kimi, dayanıqlı insan inkişafı da ekoloji amili və yoxsulluq problemini vurğulayır. BMT-nin İnkişaf fondunun 1994-cü il üzrə İnsan İnkişafı Hesabatında deyilir: “Dayanıqlı insan inkişafı elə bir inkişafdır ki, yalnız iqtisadi artıma deyil, həm də onun nəticələrinin ədalətli paylanmasına gətirir, ətraf mühiti məhv etməkdənsə onu dirçəldir, insanları ruhsuz icraçılara çevirmək əvəzinə onların məsuliyyətini artırır. Belə inkişaf birinci dərəcəli diqqəti yoxsullara verir, onların imkanlarını artırır və həyatına təsir edən qərarların qəbulunda iştirakı təmin edir”.
Müasir cəmiyyətimizdə daim artan tələblərlə təklif arasındakı ziddiyyətin insanın sonrakı varlığnı təhlükə altına alması daha aydın duyulmağa başlanmışdır. Odur ki, bəşəriyyətin ekoloji cəhətdən təhlükəli inkişafı məsələsi elmi axtarışların və ümumilikdə ictimai şüurun ön planına keçmişdir.
İnsanın təbiətə təsiri hələ qədim dövrlərdən başlamışdır. Hətta təbiətdən istifadə mənimsəmə (ovçuluq) xarakterli olduğu dövrlərdə belə təbii sistemlərdə lokal dəyişikliklər baş verirdi. Təbiətin öz-özünə tənzimləmə prosesi hesabına ona antropogen təsirlərin öhdəsindən gələ bilirdi.
İnsan İnkişafı Əmsalının hesablanması zamanı istifadə olunan ən əsas iqtisadi göstərici ölkədə adambaşına düşən gəlirin miqdarıdır. Bu, adətən, adambaşına düşən ümumdaxili məhsul kimi göstərilir. Ölkələr arasında müqayisə aparmaq və mövcud fərqləri müəyyən etmək üçün beynəlxalq təcrübədə bu gəlirlərin bütün ölkələr üçün ABŞ dollarında göstərilməsi qəbul olunub. Davamlı insan inkişafını qiymətləndirəndə digər sağlamlıq göstəriciləri də nəzərə alınır ki, onlar əsas etibarı ilə insan inkişafını məhdudlaşdıran yoxsulluğun səviyyəsini müəyyən edərkən istifadə olunur. Bu göstəricilər arasında təmiz içməli suya əli çatmayan əhalinin faizi də mövcuddur. Sağlamlıq göstəricisi olmasa da içməli suyun keyfiyyəti sağlamlığa təsir göstərən və uzunömürlülüklə əlaqəsi olan bir amildir. Göstərilən səbəbdən təmiz su ilə təmin edilmə məsələsi tibbi təhlükəsizlik kateqoriyasına aid edilir. XX əsrin ortalarına kimi bəşəriyyətin inkişafına, tarixi olaraq bir nəslin digəri ilə əvəz olunmasına açıq təhlükə yox idi. İnsan inkişafının ən mühüm səciyyəvi aspektləri, məsələn, səlahiyyətlənmə, demokratik idarəçilik təsisatlarının inkişafı, insanlar arasındakı əməkdaşlıq, ədalətlilik (hər bir insana qarşı), dayanıqlıq (gələcək nəsillərin rifahını qurban vermədən indiki nəslin ehtiyaclarının təmin edilməsi) və insan təhlükəsizliyi kimi aspektlər təhsil ilə birbaşa bağlıdır. Bütün sosial sistemin davamlı inkişafı da öz növbəsində bu aspektlərin reallaşmasından asılıdır. Davamlı və insana yönəldilmiş inkişafın qiymətləndirilməsində və idarə edilməsində istifadə olunan təhsil göstəriciləri biliyə əsaslanan tərəqqinin ən vacib amillərindən biri kimi nəzərə alınır. İnsan İnkişafı Əmsalının hesablanmasında 2 təhsil göstəricisi əsas götürülür: Birincisi, ölkə vətəndaşlarının orta hesabla neçə illik təhsilə malik olması, ikincisi isə 6-23 yaşlı əhalinin neçə faizinin təhsil alması. Bu iki göstəricinin əsasında xüsusi düsturla təhsil əmsalı hesablanır.
Bilik və onun əsasını təşkil edən təhsilin davamlı inkişafın vacib amilləri olması tələbələrin diqqətinə çatdırılır. Bilik və bacarığın şəxsi karyera qurmaqda mühüm əhəmiyyət kəsb etdiyi tələbələrlə müzakirə edilir və bu yolla onların yeni bilik almaq üçün motivasiyası artırılır.
Davamlı inkişafa keçid qlobal miqyasda mümkündür. Bu arqument planetar ölçüdə gələcək açıq cəmiyyətin formalaşmasının xeyrinədir. Açıq cəmiyyətin qurulması sənayeləşməsonrası irəliləmədə meydana çıxmışdır. Açıq cəmiyyətin qurulması sahəsində nailiyyət, XXI əsrin inkişaf modelinə keçid üçün sosial-iqtisadi şəraitin yaranmasından ibarətdir. Əhalinin həyat səviyyəsinin əsas göstəriciləri bunlardır: adambaşına düşən milli gəlirin həcmi, onun əhalinin qrupları və sinifləri arasında bölüşdürülməsi, nominal və real əməkhaqqı, ictimai istehlak fondundan güzəşt və ödəmələr.
Başqa sözlə, həyat səviyyəsinə insanın maddi və mənəvi tələbatlarının ödənilməsi səviyyəsini xarakterizə edən göstəricilər aid edilir. Buna qida, geyim, xalq tələbatı malları, mənzil şəraiti, işləmək və dincəlmək imkanlarının təmin edilməsi daxildir. Yaşayış minimumu əsasında həyatın dəyəri indeksi hesablanır.
Qeyd edək ki, peşə təhsilinin inkişafı, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması hər bir dövlətin inkişaf etmiş sənaye ölkəsinə çevrilməsində mühüm rol oynayır. Bu baxımdan sənayeləşmə, elmi-texniki inkişaf yüksək səviyyəli kadrların formalaşması prosesi ilə həmahəngdir. Müasir dünyada insan kapitalının rentabelliliyi ona çəkilən xərclərin dəyəri ilə ölçülür. Bu təkcə təhsil və peşə hazırlığına sərf olunan xərclər deyildir, həmçinin təhsil dövründə itirilmiş əmək haqqı xərclərini əhatə edir. Müasir bazar iqtisadi sistemi işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi və eyni zamanda onun potensialından tam dolğunluğu ilə istifadə edilməsini tələb edir. Bu baxımdan peşə əmək bölgüsü və işçilərin peşə hazırlığı problemləri həmişə diqqət mərkəzində olmalı, daim təkmilləşdirilməli və bazar münasibətlərinin tələblərinə uyğun gəlməlidir. Həyatın dəyəri istehlak qiymətləri və istehlak strukturundan asılıdır. Bu faktora istehlak tələbinin dəyişməsi, bazar konyunkturunun vəziyyəti və s. təsir edir. Həyatın dəyəri indeksinin qiyməti əhalinin rifah səviyyəsinə təsirini əks etdirməlidir. Bu məqsədlə, qeyd olunmuş həyat səviyyəsinin qiymətlərin dəyişməsi zamanı saxlanılması məqsədilə zəruri hesab edilən xərclər müqayisə olunur. Bu göstəriciləri hesablayan zaman əhalinin müəyyən qrupunun xərclər strukturuna müvafiq istehlakçı nemətləri (istehlakçı səbəti) təyin olunur. Əslində inkişafın əsas məqsədi xalqın həqiqi sərvəti olan insanların maddi və mənəvi tələbatının ödənilməsinə yönəldilmişdir. Həmin ölkədə ali təhsilin təşkilində tələbə hazırlığı iki mərhələdə başa çatdırılır: birinci mərhələ elmi fənlərin mənimsənilməsi, yüksək elmi hazırlıq səviyyəsinə nail olunması və ikinci mərhələ isə bazar ünsürləri baxımından nəzərdən keçirilir.
XÜLASƏ
Məqalə müasir dövrün aktual mövzularından olan davamlı inkişafda insan potensialını özündə əks etdirir. Məqalədə davamlı inkişafda insanın başlıca roluna böyük önəm verilmişdir. Belə ki, müasir dünyamızda daim elm və texnika inkişaf edir, bunun başlıca amili isə insan potensialıdır. Belə ki, o, insan bacarıqlarının inkişaf etdirilməsi və ya sosial müdafiə sisteminin təkmilləşdirilməsi ilə məhdudlaşmayaraq (hərçənd ki, onları çox vacib hesab edir), yeni iş yerlərinin yaradılmasına, yeni imkanların açılmasına və insanları ölkənin iqtisadi-siyasi institutlarında iştirak etməyə səlahiyyətləndirməyə çalışır.
Tarix: 11-12-2018, 14:00