«Ailə dəyərlərini simvollaşdıran kultlar»
Bu günlərdə «Elm və təhsil» nəşriyyatı tərəfindən tədqiqatçı-publisist Cəmilə Çiçəyin «Ailə dəyərlərini simvollaşdıran kultlar» kitabı (Bakı, 2018, 64 səhifə) çap edilmişdir.
«Ailə dəyərlərini simvollaşdıran kultlar» Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Prezident təqaüdçüsü (2016-cı il), «Qızıl qələm» media mükafatı laureatı, «Zəka işığında» Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin təsisçisi və sədri, «Milli zəka» beynəlxalq elmi-ədəbi, ictimai-siyasi jurnalının təsisçisi və baş redaktoru, istedadlı publisist Cəmilə Çiçəyin «Kəlbəcərin saz qalası», «Arı çiçəyə gəlib», «Sən dağlardan ayrılmadın», «Sazımız ağlayır dağlar başında», «Səməd Vurğun - Aşıq Şəmşir dastanı», «Əyyub və Sənəm dastanı», «Fəzli və Məhluqə dastanı» adlı elmi-publisist kitablarından sonra oxucularla yeni görüşüdür.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il birinci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, «Zəka işığında» Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən «Ailə dəyərlərini özündə simvollaşdıran kultların təbliği məqsədilə tədbirlərin təşkili» layihəsi çərçivəsində nəşr edilərək yayılır.
Kitabın ön söz müəllifi yazıçı Aqil Abbas, redaktoru filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli, rəyçiləri akademik İsa Həbibbəyli, şair Nazim Əhmədlidir.
Nəşrin ön söz müəllifi Aqil Abbasın kitab haqqında yazdığı dəyərli fikri oxuculara çatdırmaq yerinə düşər: «Göründüyü kimi, «Ailə dəyərlərini simvollaşdıran kultlar» kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi «Zəka işığında» İctimai Birliyinin həyata keçirdiyi aktual bir layihə çərçivəsində ərsəyə gəlib. Bu da onu göstərir ki, dövlətimiz öz milli dəyərlərinə sayğı və maraqla yanaşır. Bu dəyərlərini gələcək nəslə çatdırması üçün gərəkli addımlar atır. Və nəticədə də biz bir xalq olaraq soykökümüzə, milli dəyərlərimizə bağlılığımızı qoruyub saxlaya bilirik.
Düşünürük ki, araşdırmaçı Cəmilə Çiçəyin həm ənənəyə, tarixi sivilizasiya yolumuza, mədəniyyətimizə, mənəviyyatımıza, həm praktikaya, həm də elmə söykənən bu araşdırma kitabı mütəxəssislər və oxucular tərəfindən maraqla qarşılanacaqdır».
Kitabda Azərbaycan ailə modelində ilk dəfə olaraq ailə dəyərlərini simvollaşdıran kultlar barədə ətraflı bəhs edilmişdir. Kitab mütəxəssislər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Sevinc Alıyeva
Tarix: 12-11-2018, 17:10