Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində
Fevralın 23-də Dəmir Yolu və Metropoliten Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Xocalı soyqırımında həyatını itirən həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Öncə çıxış edən liseyin Tərbiyə işləri üzrə direktor müavini A.Məmmədova Xocalıda günahsız insanlara qarşı baş verən qırğınlar, vəhşilik və vandalizm haqqında məlumat verib, bu vəhşiliklərə heç bir müharibədə rast gəlinmədiyini qeyd edib. A.Məmmədova Xocalı faciəsinin yalnız Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vəhşilik olduğunu və bu soyqırımın gənclərin yaddaşına həkk edilərək hər zaman anılmasının vacibliyini vurğulayıb.
Tədbirdə liseyin psixoloqu N.Allahverdiyeva çıxış edərək, “Bəşəriyyətin ağır faciəsi Xocalı soyqırımıdır” mövzusunda məlumat verdi. Xocalı soyqırımının əsrin dəhşətli faciəsi olduğunu bildirdi və real faktlara əsaslanaraq erməni faşizminin insanlığa sığmayan əməllərini, rus ordusu ilə birgə xalqımıza qarşı törətdikləri dəhşətli faciələri bir daha nəzərə çatdırdı.
Sonra liseyin tələbələrindən I kurs tələbəsi R.Nəbiyeva, II kurs tələbələri R.Baxışlı və V.Osmanovun hazırladığı Xocalıya həsr olunmuş şeir kompozisiyasının nümayişi oldu. Tədbirin yekununda liseyin tələbələri tərəfindən hazırlanmış “Xocalı Qan yaddaşımız” adlı rəsm sərgisinə baxış keçirilmişdir.
Röya Bayramlı,
Dəmir Yolu və Metropoliten üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı
Tarix: 27-02-2018, 11:53