Lənkəran Dövlət Humanitar Kollecində Xocalı faciəsinin 26–cı ildönümü qeyd edildi
Xocalı soyqırımının 26–cı ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Tədbir iştirakçıları ilk öncə Xocalı soyqrımında və vətən uğrunda şəhid olan həmvətənlərimizin xatirəsini 1 dəqiqəlik sükütla yad etdilər. Tədbiri giriş sözü ilə kollecin direktoru dosent Ruslan Həmidov açaraq bildirdi ki, o gecə mühasirəyə alınan, bombalanan Xocalıda qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının 10 illiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Direktor qeyd etdi ki, bu soyqrımın 26-cı ildönümü ilə əlaqədar Kollecdə tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Plana əsasən kollecin foyesində tələbələrin çəkdikləri şəkillərdən ibarət rəsm sərgisi təşkil edilmiş, dəhlizdə foto stent açılmış, kitabxanada xüsusi guşə yaradılmış, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Xocalı soyqrımına həsr edilmiş xüsusi nömrələr buraxılmış, bu gün yəni 26 fevral tarixində ilk dərslər Xocalı soyqrımına həsr olunmuş və Lənkəran şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunmuşdur. Sonra məruzə üçün söz kollecin “Tarix və ictimai elmlər” fbk-nın sədr əvəzi, Günel Abdullayevaya verildi. Məruzəçi bildirdi ki, Xocalı Soyqırımı XX əsrdə baş vermiş ən faciəli insan faciələrindən biridir. Bu sıraya həmçinin Xatın, Xirosima, Naqasaki və Sonqmi daxildir. Əsrin sonunda törədilmiş bu faciə sadəcə Azərbaycan əhalisinə qarşı törədilməmiş, bu, insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərdən biridir. Beynəlxalq konvensiyalar, universal qanunlar, Xocalı faciəsi kimi faciələri dəfələrlə pisləmiş və onların qəbulolunmaz olduğunu bildirmişdir. Ermənistan Respublikası tərəfindən Xocalıda törədilmiş bu insanlıq əleyhinə cinayətə beynəlxalq siyasi və hüquqi qiymət verilməsi üçün Azərbaycan bir çox beynəlxalq təşkilatlar və dünya ölkələrinin parlamentlərində qətiyyətli addımlar atmışdır. Daha sonra “Musiqi və təsviri incəsənət” şöbəsinin müəllimi Sevda Mirzəcanova və Kollecin “Fortepiano” ixtisasının IV kurs tələbəsi Əminə Mehdizadənin çıxışları dinlənildi. “Fiziki tərbiyə müəllimliyi” ixtisasının I kurs tələbəsi Kamalə Ağayeva “Layla Xocalım layla” adlı şeir ifa etdi. Tədbirin sonunda Xocalı faciəsini əks etdirən videoçarx nümayiş etdirildi.
Cəmil Quliyev,
LDHK–nın müəllimi, tarix üzrə fəlsəfə doktoru
Tarix: 26-02-2018, 14:12