İsmayıllı və Ağsu Təhsilinin qarşılıqlı əməkdaşlığı
Fevral ayının 14-də Ağsu rayon Kəndoba kənd tam orta məktəbində “Təhsildə Keyfiyyət ili” çərçivəsində elan etdiyi “Biologiya aylığı” və məktəbin biologiya müəllimi Ziba Məmmədovanın təşkil olunan açıq dərsində fəxri qonaq olaraq İsmayıllı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Respublikanın əməkdar müəllimi Şəfaqət Rəsulov iştirak edib.
Bununla yanaşı İsmayıllı və Ağsu rayonlarının Ümumtəhsil müəssisələri üzrə əməkdaşlıq qurmaq məqsədi ilə tədbir keçirilib. Tədbir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş hədəflər baxımından ümumi təhsilin müasir tələblər səviyyəsində səriştəli idarə olunması və keyfiyyətinin yüksəldilməsi sahəsində təcrübə mübadiləsinin rolunu və əhəmiyyətini nəzərə alaraq, yerli təhsili idarəetmə orqanları, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri arasında qarşılıqlı etimada əsaslanan pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması ilə əlaqədar Təhsil Nazirliyi 05 yanvar 2018-ci il tarixdə 21 nömrəli əmrinə əsasən həyata keçirilib və əmrin icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirdə Şəfaqət Rəsulov çıxış edərək rayonlararası əməkdaşlıq barədə məlumat verib. Bildirib ki, hər iki rayonun ümumtəhsil müəssisələri ilə səmərəli pedaqoji əməkdaşlıq yaratmaqla ümumtəhsil məktəblərində yaradıcı və təşəbbüskar mühitin təmin edilməsinə, tədris-metodiki işlərin effektiv qurulmasına, müəllimlərin peşə bacarıqlarının və şagirdlərin təlim nailiyyətlərinin davamlı inkişafına, eləcə də qabaqcıl pedaqoji təcrübə nümunələrinin aşkara çıxarılıb yayılmasına elmi-təşkilati dəstək göstərmək məqsədilə Ağsu və İsmayıllı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığı vacib amildir.
İsmayıllı və Ağsu Rayon Təhsil Şöbələrinin elmi-pedaqoji əməkdaşlıq sahəsində Təhsil Nazirliyi 05 yanvar 2018-ci il tarixdə 21 nömrəli əmrin icrası ilə əlaqədar Tədbirlər Planının hazırlanması məsələləri müzakirə edilib, ümumtəhsil məktəblərində keçirilən fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi sahəsində müəllimlərə kömək məqsədilə təlimlərin, konfrans, seminar və “dəyirmi masa”ların keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Tədbir çərçivəsində Ağsu rayonu R.Hüseynov adına Kəndoba kənd tam orta məktəbinin “Təhsildə Keyfiyyət ili” çərçivəsində elan etdiyi “Biologiya aylığı” və məktəbin biologiya müəllimi Ziba Məmmədovanın açıq dərsi dinlənilib və müzakirə edilib. Ağsu Rayonu Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova görüşün əhəmiyyətini yüksək dəyərləndirərək, bunun müəllimlərin peşə bacarıqlarının və şagirdlərin təlim nailiyyətlərinin inkişafına, məktəblilərin fənlər üzrə ixtisaslaşmasına və peşə yönümünə müsbət təsir göstərəcəyini bildirib. Həmçinin Bütün məktəb kollektivi adından Şəfaqət Rəsulova Göstərdiyi əməkdaşlığa, dostluq dəstəyinə görə dərin minnətdarlıqlarını ifadə edib. Sonda Respublikanın Əməkdar müəllimi Şəfaqət Rəsulov Kəndoba kənd tam orta məktəbin kollektivi adından təşəkkürnamə ilə təltif edilib.
Rusan Qasımov
Tarix: 22-02-2018, 10:43