ADNSU-nun alman universitetləri ilə əməkdaşlığı genişlənir
Yanvarın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Alman Akademik Mübadilə Xidmətinin (DAAD) 2018-ci il seçim prosesində iştirak etmək üçün ölkəmizdə səfərdə olan almaniyalı nümayəndə heyəti ilə görüşüb. Görüşdə DAAD-ın Bakı Məlumat Mərkəzinin rəhbəri Ştefani Düfo, Almaniyanın Illmenau Texniki universitetinin professoru Kerstin Pezoldt, Emden-Leer Universitetinin professoru Günter Totzauer, DAAD-ın Tiflis nümayəndəliyinin rəhbəri Gebhardt Reul və ADNSU-nun Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Cəmilə İsmayılzadə iştirak edib.
Alman universitetləri ilə əməkdaşlıq əlaqələrinin və DAAD-ın bu əməkdaşlıqda oynadığı mühüm rolun müzakirə olunduğu görüşdə ADNSU-nun rektoru, professor M.Babanlı ikitərəfli münasibətlərin gedişinin çox yaxşı olduğunu və bundan sonra da əməkdaşlığın artan templə inkişaf etdirməyin vacibliyini vurğulayıb.
DAAD ilə əməkdaşlığın universitet üçün mühüm əhəmiyyət daşıdığını qeyd edən professor, M.Babanlı tələbələrin daha yüksək biliklər əldə etməsi üçün qarşılıqlı mübadilənin əhəmiyyətini vurğulayıb. Alman professorların ADNSU-ya cəlb olunması, tələbə mübadiləsi və yay məktəbinin təşkilində DAAD-ın xüsusi rolunu qeyd edən rektor bu istiqamətdə daha böyük işlər görülməsi üçün səy göstərilməsini vacib saydığını bildirib.
Azərbaycanda və ADNSU-da olmaqdan məmnum olduqlarını dilə gətirən qonaqlar universitetlə əməkdaşlıq imkanlarını nəzərdən keçirib, yeni layihələrin inkişafı istiqamətində işləri genişləndirmək istədiklərini bildiriblər.
Tarix: 18-01-2018, 10:23