ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığı təhsil, akademik mobillik, müəllim və tələbə mübadiləsi, eləcə də ali təhsildə keyfiyyət təminatı istiqamətlərində inkişaf etdirilir. İki ölkənin universitetləri arasında həyata keçirilən birgə təşəbbüslər akademik əlaqələrin genişləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına xidmət edir.
Bu il ADNSU ilə Özbəkistanın Beynəlxalq Türk Dövlətləri Universiteti arasında ali təhsil sahəsində inteqrasiyanın və akademik əməkdaşlığın genişləndirilməsi məqsədilə üç bakalavr ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq çərçivəsində Beynəlxalq Türk Dövlətləri Universitetində ADNSU modeli əsasında neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və geologiya və geofizika mühəndisliyi bakalavr ixtisasları üzrə ikili diplom proqramları həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a ADNSU-dan bildirilib. Qeyd edilib ki, tədris prosesi ADNSU-nun tədris planları əsasında və universitetin professor-müəllim heyətinin iştirakı ilə Özbəkistanın Daşkənd şəhərində təşkil olunacaq. Proqram çərçivəsində tələbələr akademik mobillik imkanlarından yararlanaraq ADNSU-da təcrübə keçəcək, həmçinin ayrı-ayrı fənn və modullar üzrə tədris prosesində iştirak edəcəklər.
ADNSU-nun Özbəkistanla əməkdaşlığında tələbə mübadiləsi də mühüm istiqamətlərdən biridir. Universitet tələbələri Özbəkistan Respublikasının İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetində mübadilə proqramı çərçivəsində qısamüddətli təcrübə keçiblər. Qeyd olunan proqram tələbələrə beynəlxalq akademik mühitdə təhsil almaq, elmi-tədqiqat fəaliyyətində iştirak etmək, ixtisasları üzrə nəzəri və praktiki biliklərini inkişaf etdirmək, həmçinin fərqli təhsil sistemləri ilə tanış olmaq imkanı yaradır. Bununla yanaşı, mübadilə proqramı tələbələrin beynəlxalq təcrübə qazanmasına, yeni akademik və peşəkar əlaqələr formalaşdırmasına, eləcə də ADNSU-nun beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə töhfə verir.
Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlıq müəllim mübadiləsi və ekspert fəaliyyəti istiqamətində də davam etdirilir. Ümumilikdə ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, eləcə də ali təhsildə keyfiyyət təminatı sahəsində birgə fəaliyyət ADNSU ilə Özbəkistan universitetləri arasında əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını göstərir. Bu istiqamətlərdə həyata keçirilən təşəbbüslər elmi-təhsil əlaqələrinin inkişafına, akademik mobilliyin genişləndirilməsinə və birgə layihələrin reallaşdırılmasına yeni imkanlar açır.
Tarix: Bu gün, 15:47
