DİM-in İdarə Heyətinin sədri M.Abbaszadənin “Abituriyent” jurnalının 6-cı nömrəsində yer alan “Ön söz”ü

Əziz tələbələr!
Bir neçə ay əvvəl, “Abituriyent” jurnalının birinci nömrəsində sizə həyatınızın ən mühüm və məsuliyyətli mərhələlərindən birinin astanasında dayanan gənclər kimi müraciət etmişdik. O zaman sizi qarşıda imtahanlar, ixtisas seçimi və nəticələrin elan olunması həyəcanı gözləyirdi. İndi isə jurnalın bu nömrəsini vərəqləyərkən artıq keçdiyiniz yolun nəticəsini görürük: siz bu mühüm mərhələni uğurla başa vurmuş, peşə seçiminizi etmiş və tələbə adını qazanmısınız.
Hər birinizi bu mühüm nailiyyət və layiq olduğunuz tələbə statusunu qazanmağınız münasibətilə ürəkdən təbrik edirəm!
Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 87146 nəfər iştirak edib. Onlardan 58947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı, 30522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 97.07% dolub. Boş qalan plan yerlərinə ixtisas seçimi aparılandan sonra bu göstəricilər bir qədər də yüksələcəkdir.
Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının 1711 nəfər daha çox olduğunu müşahidə edə bilərik. Eyni zamanda dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 290 nəfər çoxdur. Son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.
Qəbul olunanların siyahısındakı hər bir adın arxasında illərlə davam edən təhsil, məsuliyyət, gərgin zəhmət, ciddi hazırlıq, həyəcan və çətinliklərin dəf edilməsi dayanır. Uğurunuz, ilk növbədə, öz səylərinizin, məqsədyönlü fəaliyyətinizin və qüvvənizə inamınızın nəticəsidir. Bu yolda yanınızda çətin anlarda sizə dəstək olan valideynləriniz və yaxınlarınız, həmçinin sizə bilik verən, yol göstərən və mühüm sınaqlara hazırlaşmağınıza kömək edən müəllimləriniz olub. Buna görə də bugünkü sevinc sizə inanan və dəstək olan hər kəsin ortaq sevincidir.
Qəbul prosesinin bütün mərhələlərində Dövlət İmtahan Mərkəzi yalnız imtahanların təşkilatçısı deyil, həm də sizə etibarlı informasiya təqdim etməyə, məsləhət və metodik dəstək verməyə çalışıb. Rəsmi materiallar, elmi-metodik vəsaitlər və test topluları, elektron xidmətlər, sınaq imtahanları, məsləhət mərkəzləri, açıq görüşlər, eləcə də qəbul kampaniyası və ixtisas seçimi ilə bağlı istənilən suala aydınlıq gətirmək imkanları imtahanlara səmərəli hazırlaşmaq, biliklərinizi obyektiv qiymətləndirmək, zəruri məlumatları əldə etmək və düzgün seçim etməyinizə kömək göstərmək məqsədi daşıyıb.
Bu gün ən mühüm və gərgin mərhələlərdən biri artıq arxada qalsa da, ali təhsil müəssisəsinə qəbul olmaq, əslində, yeni və daha məsuliyyətli bir mərhələnin başlanğıcıdır. Tələbəlik illəri sizə yalnız seçdiyiniz ixtisas üzrə biliklər qazandırmayacaq, həm də müstəqil düşünməyi, məlumatları təhlil etməyi, düzgün qərarlar qəbul etməyi, komandada işləməyi və daim inkişaf etməyi öyrənmək imkanı verəcək. Məhz buna görə universiteti yalnız diplom almağa aparan yol kimi deyil, həm də peşəkar şəxsiyyətin formalaşmasının mühüm mərhələsi kimi qəbul etmək vacibdir.
Müasir dünya sürətlə dəyişir və müvafiq olaraq mütəxəssislərə verilən tələblər də dəyişir. Tələbata uyğun və rəqabətqabiliyyətli mütəxəssis olmaq üçün sadəcə bir peşəyə yiyələnmək kifayət deyil; biliyə can atmaq, yenilikləri mənimsəmək və dəyişikliklərə hazır olmaq lazımdır. Qoy seçdiyiniz ixtisas təsadüfi bir istiqamət deyil, gələcəkdə öz qabiliyyətlərinizi üzə çıxara və arzularınızı gerçəkləşdirə biləcəyiniz peşə yolunun başlanğıcı olsun.
Bu vəzifə müasir Azərbaycan gəncləri üçün xüsusilə mühüm əhəmiyyət daşıyır. Ölkəmiz beynəlxalq proseslərdə fəal iştirak edir, əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir, dünya arenasında öz mövqeyini və nüfuzunu möhkəmləndirir. Ona görə də Azərbaycanı elm, təhsil, iqtisadiyyat, texnologiya, səhiyyə, idman, mədəniyyət və digər sahələrdə layiqincə təmsil edə biləcək savadlı, təşəbbüskar və rəqabətqabiliyyətli mütəxəssislərə tələbat da artır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsilin, elmin, biliyin və insan kapitalının inkişafının ölkənin davamlı inkişafı üçün xüsusi əhəmiyyətini dəfələrlə vurğulamış, bu işdə gənclərin mühüm rolunu qeyd etmişdir. Məhz bu mənada qədim Roma siyasi xadimi və filosofu M.T.Siseronun gənclərin təlim və tərbiyəsinin dövlətə verilə biləcək ən böyük töhfələrdən biri olması barədə fikirləri müasir dövrdə də aktual səslənir. Bu gün həmin töhfə sizsiniz. Sizin bilikləriniz, peşəkarlığınız, təşəbbüskarlığınız və məsuliyyətiniz gələcəkdə cəmiyyətimizin və dövlətimizin inkişafının hərəkətverici qüvvəsinə çevriləcək. Universitetdə nələri öyrənəcəyiniz, qazandığınız bilikləri necə tətbiq edəcəyiniz və necə bir mütəxəssis olacağınız təkcə şəxsi peşəkar gələcəyinizi deyil, həm də Azərbaycanın gələcəyinə verəcəyiniz töhfəni müəyyən edəcək.
Qoy tələbəlik illəri sizin üçün böyük nailiyyətlər, yeni imkanlar və inamla irəliləmək dövrü olsun. Qarşınıza yüksək məqsədlər qoymaqdan çəkinməyin, çətinliklər qarşısında ruhdan düşməyin, valideynlərinizin və müəllimlərinizin dəstəyini qiymətləndirin və həmişə öyrənməkdə israrlı olun.
Bu gün həyatınızda yeni bir səhifə açılır. Hər birinizə öz potensialınızı üzə çıxarmağı, seçdiyiniz sahədə əsl peşəkar olmağı, əldə edəcəyiniz bilik və bacarıqları təkmilləşdirməyi tövsiyə edirəm.
Bir daha hər birinizi tələbə adını qazanmağınız münasibətilə ürəkdən təbrik edirəm. Sizə uğurlu təhsil, böyük nailiyyətlər, öz gücünüzə inam və layiqli gələcək arzulayıram.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə
Tarix: Bu gün, 12:00
