Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ali təhsil müəssisələrinin magistraturalarına əsas yerləşdirmədən sonra qəbulun nəticələri haqqında statistik məlumatlar



Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri (əsas yerləşdirmədən sonra) təqdim edirik.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15721 bakalavrdan 13845* nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur.

Məlumat üçün qeyd edək ki, bu il ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166 nəfər daha çox olub. Əsas yerləşdirmədən sonra magistraturaya qəbul olunanların sayı da bu il 399 nəfər daha çoxdur. Ötən il 5798 nəfər dövlət sifarişi ilə qəbul olmuşdursa, bu il 6580 nəfər dövlət sifarişi, 52 nəfər isə dövlət hesabına qəbul olunub. Yəni ötən illə müqayisədə daha çox bakalavr (834 nəfər) ödənişsiz təhsil almaq imkanı əldə edib.

2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 17658 plan yerinin 13845-i (78.41%-i) dolub. Ötən il müvafiq göstərici 16848 plan yeri və 79.81% olub. Göründüyü kimi, bu il plan yerləri də daha çox (810 yer) olub.  

Ümumiyyətlə, plan yerlərinin müəyyən hissəsinin boş qalacağı əvvəlcədən də bəlli idi. Çünki ixtisaslaşma seçimi edən bakalavrların sayı 15721 olduğu halda, plan yerlərinin sayı 17658 idi.  

 

2025-ci il

2026-cı il

Fərq

İxtisaslaşma seçimində iştirak edib

15555

15721

+166

Qəbul olunub

13446

13845

+399

Ödənişsiz əsaslarla (DS+DH) qəbul olunub

5798

6632

+834

Qəbul planı

16848

17658

+810

Qəbulolma faizi

79.81%

78.41%

-1.4

Bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub.  Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik, yanğın təhlükəsizliyi mühəndisliyinə uyğun olan 4, 8, 21, 52, 55, 57, 60, 71 saylı proqramlara ayrılmış plan yerləri tam (100%) dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.

Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, hava nəqliyyatı, səhiyyə, biotexnologiya, incəsənət sahələrinə aid 29, 43, 45, 47, 58, 59, 66, 69, 70 saylı proqramlara ayrılmış plan yerlərinin 50% və ya daha çoxu boş qalmışdır. 

Ümumiyyətlə qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərinin sayından az idi.

Müsabiqənin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerləri tam (100%), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyasında 90% və daha çox dolub.

Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı Avrasiya Universiteti (21.30%) və Azərbaycan Kooperasiya Universitetinə (36.51%) aiddir.

Verilən cədvəllərdən hər bir proqram üzrə qəbul planı, qəbul olunanların sayı (qəbulolma faizi), vakant yerlərin sayı (faizi) ilə, həmçinin ali təhsil müəssisələri üzrə göstəriciləri əldə edə bilərsiniz.

Aşağıdakı cədvəldə isə ixtisas seçimində iştirak edib qəbul olunmayan bakalavrlar sayı və vakant yerlərin sayı haqqında məlumat təqdim olunur.

Xatırladaq ki, magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada https://my.gov.az/  platformasında qeydiyyatdan keçməlidirlər. Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq qəbul oluna bilməyən bakalavrlar yenidən seçim edə biəcəklər.

*Ümumi müsabiqə nəticəsində magistraturaya 13845 nəfər qəbul olunub.  Bundan əlavə, ixtisaslaşma seçimi haqqında elana uyğun olaraq 500 nəfərdən çox bakalavr qəbul imtahanından sonra “ADA” Universiteti, M.V.Lomonosov adına MDU-nun Bakı filialı, Birgə Azərbaycan Fransız Universiteti (UFAZ), İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, DSX Akademiyası, digər hüquq mühafizə orqanlarının akademiyaları və hərbi institutların qəbul prosedurlarına əsasən ali təhsil müəssisələrinə qəbul olunublar.


Tarix: Dünən, 17:07

Xəbəri paylaş