Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İki universitet, iki diplom, qlobal karyera: BMU–İNHA proqramının üstünlükləri


Bakı Mühəndislik Universitetinin (BMU) Koreya Respublikasının İNHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramı ölkədə beynəlxalq mühəndislik təhsilinin inkişafına töhfə verir. Proqram çərçivəsində tələbələr iki universitetin diplomunu əldə etmək imkanı qazanırlar. BMU-nun prorektoru professor Ətrabə Gül AZƏRTAC-a müsahibəsində proqramın qəbul qaydaları, üstünlükləri, məzunların məşğulluq göstəriciləri və gələcək hədəfləri barədə danışıb. Müsahibəni təqdim edirik.
– Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının əhəmiyyəti nədən ibarətdir?
– Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilmiş “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” ali təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yüksəkixtisaslı insan kapitalının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetləri ilə birgə həyata keçirilən beş beynəlxalq ikili diplom proqramından biri məhz Bakı Mühəndislik Universiteti tərəfindən icra olunur.
2020-ci ildən həyata keçirilən BMU–İNHA İkili Diplom Proqramının icrası Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncamla 2030-cu ilədək uzadılıb. Proqramın yeni mərhələsində əmək bazarının tələblərinə uyğun kompüter elmləri (süni intellekt mühəndisliyi), data analitikası, informasiya texnologiyaları və elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.
– BMU–İNHA ikili diplom proqramına qəbul prosesi necə həyata keçirilir?
– Proqrama qəbul iki əsas mərhələdən ibarətdir və həm Dövlət İmtahan Mərkəzinin nəticələri, həm də İNHA Universitetinin təşkil etdiyi daxili müsabiqə əsasında aparılır.
İlk mərhələdə namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, DİM-in I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etməli və müəyyən edilmiş minimum keçid balını toplamalıdırlar. 2026-cı il üzrə proqram çərçivəsində hər ixtisas üzrə 26 plan yeri ayrılıb və minimum keçid balı 400 olaraq müəyyən edilib. Növbəti mərhələdə namizədlər İNHA Universitetinin təşkil etdiyi daxili seçim prosesində iştirak edirlər. Beləliklə, qəbul şəffaf və çoxmərhələli mexanizm əsasında həyata keçirilir.
– Proqram tələbələrə hansı üstünlükləri qazandırır?
– BMU–İNHA ikili diplom proqramı tələbələrə beynəlxalq standartlara uyğun mühəndislik təhsili almaq və məzun olduqdan sonra həm Bakı Mühəndislik Universitetinin, həm də Koreya Respublikasının İNHA Universitetinin bakalavr diplomlarını əldə etmək imkanı yaradır. Tələbələr təhsilin ilk üç ilini BMU-da, son bir ilini isə İNHA Universitetində davam etdirirlər. Bu model onların həm yerli, həm də beynəlxalq akademik mühitdə təhsil almasına, müxtəlif təhsil sistemləri ilə tanış olmasına və qlobal təcrübə qazanmasına şərait yaradır. Bu günədək akademik göstəriciləri yüksək olan 256 tələbə proqramın tələblərini uğurla yerinə yetirərək ikili diplom əldə edib. Məzunların məşğulluq göstəriciləri proqramın beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislər hazırladığını təsdiqləyir. Aparılan təhlillər göstərir ki, məzunların əhəmiyyətli hissəsi qısa müddətdə ixtisasları üzrə işlə təmin olunub.
– Qarşıdakı dövr üçün proqramın əsas hədəfləri nədən ibarətdir?
– Əsas məqsəd beynəlxalq standartlara uyğun mühəndislik təhsilinin keyfiyyətini daha da yüksəltmək və tələbələrə müasir əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlar qazandırmaqdır. Bu istiqamətdə tədris proqramlarının İNHA Universitetinin kurikulumu ilə uyğunlaşdırılmasının davam etdirilməsi, fənn məzmununun müasir texnologiyalar əsasında yenilənməsi, laboratoriya və praktik məşğələlərin təkmilləşdirilməsi, layihə əsaslı tədrisin genişləndirilməsi və tələbələrin praktik bacarıqlarının inkişafına xüsusi diqqət yetirilməsi nəzərdə tutulur.


Tarix: Bu gün, 12:11

Xəbəri paylaş