Magistraturaya qəbul planı 78 faiz dolub – Məleykə Abbaszadə
"Bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78.41 faizi) dolub".
Bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial media hesabında paylaşım edib.
Paylaşımda qeyd edilib ki, ümumilikdə 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 faizdən çoxu dolub, onlardan 7-sində qəbul göstəricisi 90 faizdən yuxarıdır: "Qəbul proqramları üzrə də oxşar mənzərə müşahidə olunur. 45 proqram üzrə plan yerlərinin 70 faizdən çoxu, 8 proqram üzrə isə bütün plan yerləri dolub".
Paylaşımda bildirilir ki, qəbul olunanların qeydiyyatı başa çatdıqdan sonra hazırda boş qalan 3 813 plan yeri, eləcə də qeydiyyatdan keçməyən bakalavrlar səbəbindən boş qalan yerlərlə bağlı ayrıca məlumat paylaşılacaq: "Həmin yerlər üzrə yenidən müsabiqə keçiriləcək.
Əvvəlki illərin nəticələri və təhlilləri ilə daha yaxından tanış olmaq istəyənlər "Abituriyent" jurnalının 12-ci nömrəsinin 350–387-ci səhifələrinə baxa bilərlər.
Nəticələr və təhlillərlə bağlı fikirlərini bölüşmək istəyən ekspertləri də əməkdaşlığa dəvət edirəm. Təklif və rəylərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz", – deyə qeyd olunub.
Tarix: Bu gün, 11:53
