BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

Bakı Mühəndislik Universitetinin (BMU) 22 məzunu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil almaq hüququ qazanıb.
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramının nəticələrinə uyğun olaraq, xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistratura səviyyəsində təhsil almaq hüququ qazanan 353 nəfərdən 20-si, doktorantura səviyyəsində təhsil almaq hüququ əldə edən 22 nəfərdən isə 2-si BMU məzunudur.
Dövlət Proqramının iştirakçısı olan BMU məzunlarından 14-ü Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, 6-sı Amerika Birləşmiş Ştatlarında, 1-i İtaliya Respublikasında, 1-i isə Finlandiya Respublikasında yerləşən nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq.
2027-ci il üzrə QS dünya universitetləri reytinqinə əsasən, BMU məzunlarının qəbul olunduğu ali təhsil müəssisələrindən 2-si dünyanın ilk onluğunda, 3-ü ilk iyirmiliyində, 17-si isə ilk yüzlüyündə qərarlaşıb.
Məzunlar Kembric Universiteti, London Kollec Universiteti, Kolumbiya Universiteti, Edinburq Universiteti, Mançester Universiteti, London Kral Kolleci, Vorvik Universiteti, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi, Qlazqo Universiteti, Con Hopkins Universiteti, Dyuk Universiteti, Birminhem Universiteti, Nyu-York Universiteti, Vaşinqton Universiteti, Şeffild Universiteti və digər nüfuzlu ali məktəblərdə təhsillərini davam etdirəcəklər. Onlar kompüter elmləri, süni intellekt, data elmi, kibertəhlükəsizlik, proqram təminatı mühəndisliyi, kompüter mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, maşınqayırma mühəndisliyi, enerji sistemləri mühəndisliyi, inşaat mühəndisliyi, maliyyə, biznesin idarə edilməsi, riyaziyyat, iqtisadiyyat və digər prioritet ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.
Dövlət Proqramının əsas məqsədi gənclərin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları üçün əlverişli imkanların yaradılması, ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına töhfə verən yüksəkixtisaslı, innovativ düşüncəyə malik və beynəlxalq əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılmasıdır.
BMU məzunlarının Dövlət Proqramında əldə etdiyi növbəti uğur universitetdə həyata keçirilən keyfiyyətyönümlü təhsil siyasətinin, beynəlxalq əməkdaşlıq əlaqələrinin və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində görülən məqsədyönlü fəaliyyətin mühüm nəticələrindən biridir.
Tarix: Bu gün, 13:08
