Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Universiteti: Təhsil proqramları müasir tələblərə uyğun yenilənib


Yeni tədris ili üçün əsas diqqət yeni ixtisasların sayının artırılmasına deyil, mövcud təhsil proqramlarının əmək bazarının tələblərinə uyğun təkmilləşdirilməsinə, tədrisin məzmununun yenilənməsinə və praktiki yönümlülüyünün gücləndirilməsinə yönəldilib. Azərbaycan Universitetindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə bakalavriat səviyyəsində tədris planları yenidən işlənib, beynəlxalq akkreditasiya uğurları, tələbələr üçün geniş təqaüd və güzəşt mexanizmləri, eləcə də beynəlxalq mübadilə və karyera imkanları qorunub saxlanılıb.
Bu il diqqət ixtisasların sayının artırılmasından çox, mövcud təhsil proqramlarının müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, tədrisin məzmununun yenilənməsinə və praktiki yönümlülüyünün gücləndirilməsinə yönəldilib. Əmək bazarında tələbat olan yeni səriştələr, işəgötürənlərin gözləntiləri, ölkənin strateji inkişaf prioritetləri nəzərə alınaraq bakalavriat səviyyəsində tədris planları yenidən işlənib. Seçmə fənlər blokunda müvafiq dəyişikliklər aparılıb, rəqəmsal bacarıqların, analitik düşüncənin, innovasiya və sahibkarlıq kompetensiyalarının formalaşmasına xidmət edən yeni fənlər tədris planlarına daxil edilib, eyni zamanda, mövcud fənlərin məzmunu müasir yanaşmalar əsasında yenilənib.
Mövcud təhsil proqramlarının müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi universitetin beynəlxalq səviyyədə tanınan keyfiyyət göstəricilərində də əks olunur. Sosial iş ixtisasının təhsil proqramı beynəlxalq akkreditasiyadan uğurla keçib. Akkreditasiya 5 ili əhatə edir və proqramın beynəlxalq keyfiyyət standartlarına uyğunluğunu, rəqabətqabiliyyətliliyini, tədris prosesinin yüksək akademik tələblərə cavab verdiyini təsdiqləyir. Proqramın akkreditasiyası təhsildə keyfiyyətin təminatı sahəsində aparıcı beynəlxalq təşkilatlardan biri olan Müstəqil Akkreditasiya və Reytinq Agentliyi (Independent Agency For Accreditation and Rating) tərəfindən həyata keçirilib.
Azərbaycan Universiteti tələbələr üçün geniş sosial dəstək mexanizmlərini davam etdirəcək. Hazırda yaz semestrinin imtahan sessiyasının nəticələri əsasında bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 430 tələbəyə dövlət büdcəsinin hesabına təqaüd təyin olunub. Onlardan 315-i dövlət sifarişi əsasında, 115-i isə ödənişli əsaslarla təhsil alır.
Bundan əlavə, 600 və daha yüksək bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələr onlarla bağlanmış müqavilə şərtlərinə uyğun olaraq (orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A və B olmaqla) təhsil haqqı ödəmirlər. Həmin tələbələrin orta müvəffəqiyyət göstəricisi 85.0-94.9, qiymətləri A və B olarsa, təhsil haqqına 50 faiz güzəşt tətbiq olunur.
Universitet tərəfindən təsis edilən “Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd” də davam etdirilir. Təqaüd birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir və ümumi məbləği 500 manat təşkil edir.
Tələbələrə mübadilə proqramları və universitetlərarası müqavilələr çərçivəsində Türkiyənin və müxtəlif Avropa ölkələrinin tərəfdaş universitetlərində tam təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Bu proqramlar tələbələrin beynəlxalq akademik mühitdə bilik və bacarıqlarını inkişaf etdirmələrinə, fərqli təhsil sistemləri ilə tanış olmalarına və qlobal peşəkar kompetensiyalar qazanmalarına şərait yaradır.
Azərbaycan Universiteti PTE (Pearson Test of English) beynəlxalq dil sertifikatı imtahanının rəsmi alt mərkəzidir. Bu, tələbələrə ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE sertifikatını universitetdə əldə etməyə imkan yaradır.


Tarix: Bu gün, 11:00

Xəbəri paylaş