Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Gənclərin elmə cəlb olunması: Yeni qaydalar və beynəlxalq imkanlar motivasiyanı artırır



Azərbaycanda gənclərin elmə cəlb olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər həyata keçirilən qrant proqramları, beynəlxalq təhsil və tədqiqat imkanları, innovasiya təşəbbüsləri gənclərin elmi fəaliyyətə marağının artmasına mühüm töhfə verir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, gənclərin elmə marağının artırılması məqsədilə “Elmi iş müəlliflərinin müəllif balının hesablanması Qaydası” 2026-cı ilin əvvəlində təkmilləşdirilib. Yeni qaydalara əsasən, artıq yalnız Q1 və Q2 kvartilli jurnallarda deyil, həmçinin Q3 və Q4 kvartilli jurnallarda dərc olunan elmi məqalələr də müəllif balının hesablanmasında nəzərə alınır.
Q1 və Q2 kvartilli jurnallarda nəşrin gənc tədqiqatçılar üçün hər zaman əlçatan olmaması nəzərə alınaraq, Q3 və Q4 kvartilli jurnalların da qiymətləndirməyə daxil edilməsi onların elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasını stimullaşdıran mühüm addımlardan biridir. Bu il “Scopus” bazasında indekslənən Q3 və Q4 kateqoriyalı jurnallarda 976 elmi məqalə dərc edilib.

Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun Amorf materialların fizikası və elektronikası laboratoriyasının müdiri fizika elmləri doktoru, dosent Rəhim Ələkbərov da hesab edir ki, Azərbaycanda gənclərin elmə marağı yüksəkdir və son illərdə həyata keçirilən islahatlar onların elmi fəaliyyətə motivasiyasını artırıb.
Alimin sözlərinə görə, Fizika İnstitutunun müxtəlif laboratoriyalarında yarımkeçirici funksional materiallar, smart materiallar və polimer nanokompozitlər üzərində tədqiqatlar aparılır. Bu araşdırmalar nəticəsində hazırlanan sensorlar, fiber-optik ötürücülər və lüminessent mənbələr geniş tətbiq imkanlarına malikdir.
R.Ələkbərov bildirib ki, hazırda ölkədə elm tutumlu məhsulların hazırlanması ilə ciddi məşğul olan elmi korporasiyaların kifayət qədər olmaması alimlərin əldə etdikləri elmi nəticələrin istehsalata tətbiqini və bazarda geniş yayılmasını məhdudlaşdırır.
Onun fikrincə, son illər yeni elmi istiqamətlərin və sənayeyönümlü elmi-tətbiqi araşdırmaların inkişafı məqsədilə həyata keçirilən islahatlar gənc alimlər və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır. Elmin innovativ inkişafın hərəkətverici qüvvəsinə çevrilməsi üçün elmi tədqiqatların kommersiyalaşdırılması və istehsalata inteqrasiyasının gücləndirilməsi böyük əhəmiyyət daşıyır.
Müsahibimiz hesab edir ki, bu məqsədlə elmin istehsalata çıxışı sahəsində uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübəsi daha geniş öyrənilməlidir. O, gənc alimlərin xarici professorlarla birgə elmi rəhbərlik sistemi çərçivəsində fəaliyyət göstərməsini, məqsədli elmi ezamiyyətlərin təşkilini, beynəlxalq konfransların keçirilməsini, xarici elmi korporasiyalarda təcrübə proqramlarının genişləndirilməsini, postdok imkanlarının artırılmasını, beynəlxalq elmi layihələr üzrə peşəkar tədqiqat qruplarının formalaşdırılmasını və startap fəaliyyətinin təşviqini bu istiqamətdə vacib addımlar kimi dəyərləndirib.
Alim vurğulayıb ki, elmi tədqiqatların real sektora inteqrasiyası ölkənin innovasiya potensialının güclənməsinə, eləcə də elmin sosial-iqtisadi inkişafa daha böyük töhfə verməsinə xidmət edəcək.


Tarix: Bu gün, 09:30

Xəbəri paylaş