Nazir müavini Həsən Həsənli “IT SkillSprint” proqramının bağlanış mərasimində iştirak edib


Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən “IT SkillSprint” beynəlxalq intensiv təhsil proqramının bağlanış mərasimi baş tutub. Mərasimdə elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib.
Tədbirdə çıxış edən nazir müavini bildirib ki, son illərdə həyata keçirilən islahatlar, beynəlxalq tərəfdaşlıqlar, ikili diplom proqramları və intensiv təlim formatları sayəsində gənclərin dünyanın qabaqcıl təhsil və texnologiyalarına ölkədən çıxmadan çıxış üçün geniş imkanları yaradılır. Onun sözlərinə görə, “IT SkillSprint” proqramı təhsil ilə sənaye arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin əmək bazarının tələblərinə uyğun praktik bacarıqlar qazanması baxımından uğurlu təşəbbüslərdəndir.
Həsən Həsənli qeyd edib ki, bu cür proqramlar tələbələrin peşəkar inkişafına və məşğulluq imkanlarının artırılmasına mühüm töhfə verir. Artıq proqram iştirakçılarından bəziləri təhsillərinə davam edərkən işlə təmin olunublar.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” tədris şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqramın məqsədi tələbələrin informasiya texnologiyaları sahəsində nəzəri bilik və praktiki bacarıqlarını inkişaf etdirmək, onların qlobal əmək bazarında rəqabətqabiliyyətliliyini artırmaq və universitet–sənaye əməkdaşlığını gücləndirməkdir.
Bağlanış mərasimində yüksək nəticə göstərən tələbələr və hakaton qalibləri mükafatlandırılıb, proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
Tədbirin sonunda iştirakçıların əmək bazarındakı imkanlarla tanış olması məqsədilə karyera sərgisi təşkil edilib.
Tarix: Bu gün, 10:00
