Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı görüş keçirilib


Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı peşə təhsili müəssisələrinin rəhbərləri və aidiyyəti əməkdaşlarının iştirakı ilə görüş keçirilib.
 
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman peşə təhsili sistemində həyata keçirilən islahatlar çərçivəsində ixtisasların təsnifatının yenilənməsinin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, bu istiqamətdə aparılan işlər əmək bazarının mövcud və perspektiv ehtiyaclarına uyğun kadr hazırlığının təmin edilməsinə, təhsil proqramlarının təkmilləşdirilməsinə və peşə təhsilinin keyfiyyətinin daha da artırılmasına xidmət edir. Qeyd olunub ki, məqsəd ixtisasların sayının azaldılması deyil, onların optimallaşdırılması və yeni ixtisasların yaradılmasıdır.
 
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı isə bildirib ki, yeni ixtisas təsnifatı beynəlxalq təcrübə, iqtisadiyyatın prioritet istiqamətləri və əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanır. O vurğulayıb ki, təsnifat peşə təhsilinin gələcək inkişaf istiqamətlərini və əmək bazarının ehtiyaclarına uyğun mütəxəssis hazırlığını müəyyən edən mühüm strateji sənəddir.
 
Daha sonra Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva təqdimatla çıxış edərək yeni ixtisas təsnifatı layihəsi üzrə görülən işlər barədə məlumat verib. Təqdimatda layihədə aparılmış dəyişikliklər, struktur yenilikləri, ixtisas istiqamətlərinin əmək bazarının mövcud və gələcək tələblərinə uyğunlaşdırılması, həmçinin beynəlxalq təcrübə ilə uyğunluğun təmin olunması istiqamətində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb.
 
Görüş zamanı peşə təhsili müəssisələrinin nümayəndələri ilə yeni ixtisas təsnifatının tətbiqinin praktiki aspektləri və layihənin təkmilləşdirilməsinə dair təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
 
Sonda layihə üzrə görüləcək növbəti işlər, fəaliyyət planı və qarşıdakı mərhələlər müzakirə olunub.


Tarix: Bu gün, 11:52

Xəbəri paylaş