11 nəfər imtahandan xaric olunub - mobil telefona görə

İyulin 5-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 172 imtahan binası, 3074 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 172 ümumi imtahan rəhbəri, 491 imtahan rəhbəri, 3808 nəzarətçi, 554 buraxılış rejimi əməkdaşı, 172 bina nümayəndəsi cəlb olunub.
İlkin məlumatlara əsasən, 11 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.
İmtahanda 41622 abituriyentin iştirakı nəzərdə tutulurdu.
Tarix: Bu gün, 14:08
