Paytaxtın 3 nömrəli məktəbi daha bir təşəbbüsə imza atıb – Qarabağ Universitetinə kitablar hədiyyə edilib

Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününü şəxsi təşəbbüsü ilə təşkil etdiyi tədbirlə yeni təşəbbüsə imza atıb.
Bu barədə AZƏRTAC-a təhsil müəssisəsindən məlumat verilib. Məktəb daxilində bu əlamətdar tarix həmişə təntənə ilə qarşılanırdı. Direktorun təşəbbüsü ilə bu ilin məzunlarının “Son zəng” tədbirində gətirdikləri bədii kitablar və əlavə olaraq kollektivdən də toplanan kitablar Qarabağ Universitetinin kitabxanasına hədiyyə edilib. Məktəbin rəhbərliyi və kollektivi Xalq şairi Sabir Rüstəmxanlının, professor Misir Mərdanovun, professor Mahirə Hüseynovanın, deputat Elçin Mirzəbəylinin, Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçinin, Əməkdar jurnalist Azər Həsrət və digər tanınmış şəxslərin kitablarını (məktəb tədbirlərində hədiyyə verilən kitablardan da) götürüb Xankəndidə yerləşən Qarabağ Universitetinin kitabxanasına hədiyyə vermək üçün yola düşüblər. Qarabağ Universitetinin nəşriyyat və kitabxana mərkəzinin direktoru Dönməz Xəlilov müəllimləri yüksək səviyyədə qarşılayıb və onların təqdim etdiyi kitablara görə rəhbərlik adından təşəkkürünü bildirib. Sonra o, Qarabağ Universiteti barədə geniş məlumat verib.
Görüşdə məktəbin direktoru Almaz Həsrət Silahlı Qüvvələr Günündə məhz Qarabağ Universitetini nə üçün seçdikləri, bu ali məktəbə gəlişlərinin məqsədi barədə danışıb.
“26 İyun torpaqlarımızın müdafiəsi, ərazi bütövlüyümüzün qorunması və xalqımızın təhlükəsizliyi keşiyində dayanan qəhrəman ordumuza və hərbi qulluqçularımıza həsr olunan bir gündür. 44 günlük Vətən müharibəsində əsgər və zabitlər uzun ayrılıqdan sonra ana yurda, doğma diyara dönüş yolunu öz qanı ilə açıblar. Şəhid qanı tökülən hər qarış torpaq vətən oldu, Qarabağ Ana Vətənə qovuşdu, bütöv bir Azərbaycan oldu. Torpaqlarımızın işğaldan azad edilməsi üçün dua edən ovuclarımız II Qarabağ müharibəsində Dəmir yumruğa çevrildi və düşmənə öz yerini göstərdi. Biz tarixi ədaləti bərpa edib torpaqlarımızı işğaldan azad edən qəhrəman əsgər və zabitlərimizə həmişə borcluyuq! İndi bütün Azərbaycan xalqı “can Vətən” deyir, azad torpaqlarımızın ziyarətinə, onun görüşünə tələsir”, -deyə Almaz Həsrət bildirib.
Görüşdə digər çıxış edənlər bildiriblər ki, 3 nömrəli məktəbin müəllim kollektivi Qarabağın növbəti dəfə ziyarətinə gəlib. Dövlətimizin məqsədyönlü addımları nəticəsində bu ərazilər dirçəlməyə başlayıb, şəhərlər, kəndlər yenidən salınıb. Zəfərdən dərhal sonra başlanılan bərpa-quruculuq işləri sürətlə davam edir. Azərbaycan bütün bu işləri öz gücü, imkanları hesabına edir. Bu prosesdə hər bir vətəndaşın iştirakı vacibdir. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa və quruculuq işləri, habelə əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsilin təşkili zərurətini meydana çıxarıb. Qarabağ Universiteti yüksək akademik standartlara əsaslanan təhsil mühiti formalaşdırmaqla yanaşı, tələbələrin peşəkar və şəxsi inkişafını dəstəkləyən geniş imkanlar yaradır.
Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin kollektivi Qarabağ Universitetinin kitabxanasına 200 kitab hədiyyə edib. Məktəbin direktoru Almaz Həsrət Universitetin kitabxanasında görüş zamanı bundan sonra da bacardıqları köməyi edəcəklərini bildirib.
Tarix: Bu gün, 11:51
