Xaçmazın qabaqcıl müəllimləri və əlaçı şagirdləri mükafatlandırılıb


Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonunda qabaqcıl müəllimlərin, əlaçı şagirdlərin, şəhid və qazi ailələrinin məktəbli övladlarının mükafatlandırma mərasimi təşkil olunub. Rayon icra hakimiyyətinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə deputatla yanaşı, icra hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, ictimaiyyətin nümayəndələri, şəhid ailələri, qazilər, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Ulu Öndər Heydər Əliyevin təhsil strategiyasına əsaslanan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən təhsil islahatları konsepsiyası sayəsində ölkəmizdə bu sahənin davamlı olaraq inkişaf etdiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, dövlət başçısının rəhbərliyi ilə uğurla gerçəkləşdirilən insan kapitalının formalaşdırılması siyasətinin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin icrası nəticəsində təhsil infrastrukturunun yenilənməsi təmin olunur.
Qeyd olunub ki, ölkə rəhbərliyinin təhsil siyasətinin dəstəklənməsi, təhsilin inkişafının stimullaşdırılması, təlim və tədris prosesində nailiyyətləri olanların həvəsləndirilməsi məqsədilə Ağalar Vəliyev tərəfindən bir sıra təşəbbüslər irəli sürülüb və çoxsaylı mükafatlandırma proqramları həyata keçirilib.
Tədbirdə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsi üzrə 41 məktəbdən 99 qabaqcıl müəllimə və 276 əlaçı şagirdə müxtəlif məbləğlərdə pul mükafatı təqdim edilib. Həmçinin tədris göstəricilərindən asılı olmayaraq şəhid və qazi ailələrinin 37 məktəbli övladına maliyyə dəstəyi göstərilib.
Beləliklə, son iki tədris ilinin yekunlarına əsasən Milli Məclisin üzvünün mükafatlandırdığı qabaqcıl müəllimlərin sayı 194 nəfər, əlaçı şagirdlərin sayı 604 nəfər, maliyyə dəstəyi göstərdiyi məktəbli şəhid və qazi övladlarının sayı isə 59 nəfər təşkil edib.
Ağalar Vəliyev mərasimdə mükafatlandırılan qabaqcıl müəllimlərə, əlaçı şagirdlərə, şəhid və qazi övladlarına təbriklərini çatdırıb və Xaçmaz rayonunun bütün təhsil ictimaiyyətinə yeni tədris ilində uğurlar arzulayıb.
Tədbir iştirakçıları təhsilin inkişafına, müəllimlərə və şagirdlərə göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Tarix: Bu gün, 14:40
