Nazir: İstəmirik ki, müəllimlərimiz səhər müəllim, günorta repetitor olsunlar

“Repetitorluq öz-özlüyündə pis bir şey deyil. Sadəcə biz istəmirik ki, müəllimlərimiz səhər müəllim, günorta repetitor olsunlar”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirin sual-cavab sessiyasında deyib.
Nazir bildirib ki, müəllim məktəbə gəlib şagirdə “müştəri” gözü ilə baxmamalıdır. O, sinfə girib düzgün dərs deməlidir:
“Müəllim öz dərsini yaxşı dedikdən sonra repetitorluq edirsə, valideynlər bunun üçün əlavə pul ödəyib övladının daha yaxşı öyrənməsini istəyirsə, burada problem yoxdur. Repetitorluğun təhsil sisteminin keyfiyyəti ilə əlaqəsi yoxdur. Çünki qəbul sistemi rəqabətli olduğu üçün yenə də repetitora müraciət edəcəklər”.
Onun sözlərinə görə, tamştatlı müəllim sisteminə keçid də özlüyündə çətin prosesdir:
“Uzun illərdir ki, stavka sistemidir. Əgər tamştatlı müəllim sistemini həyata keçirə bilsək, təhsil sistemində böyük dəyişiklik olacaq”.
Tarix: Bu gün, 11:59
