Şahin Mustafayev: Birinci Türkoloji Qurultay Türk dünyasının elmi fikir tarixində dönüş nöqtəsidir

Birinci Türkoloji Qurultayın 1926-cı ildə Bakıda qəbul etdiyi elmi və ideoloji istiqamətlər bu gün də Türk dünyasında elmi əməkdaşlığın əsas dayaqlarından biri olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası bir ailə kimi, ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” mövzusunda panel sessiyada Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev səsləndirib. O bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının elmi və ictimai fikir tarixində dönüş nöqtəsi olub.
“XIX əsrdə Türk dünyasında başlayan maarifçilik və müasirləşmə hərəkatı məntiqi nəticəsini məhz Birinci Türkoloji Qurultayda tapdı. Qurultay türk xalqlarının elmi düşüncəsinin, milli özünüdərkinin və ortaq mədəni kimliyinin formalaşmasına mühüm təsir göstərdi”, – deyə Ş.Mustafayev vurğulayıb.
Onun sözlərinə görə, Beynəlxalq Türk Akademiyasının fəaliyyəti də məhz həmin ziyalı nəslinin elmi irsinə söykənir. Akademiya türk xalqlarının dili, tarixi, mədəniyyəti və ortaq irsi üzrə birgə tədqiqatların aparılması, alimlər arasında əməkdaşlığın genişləndirilməsi və elmi platformaların yaradılması istiqamətində fəaliyyət göstərir.
Ş.Mustafayev qeyd edib ki, son üç ildə Akademiya 50-yə yaxın beynəlxalq layihə həyata keçirib və bu fəaliyyət “Türk Dünyası – 2040 Vizyonu” çərçivəsində davam etdirilir.
Tarix: Bu gün, 16:28
