Azərbaycan Texnologiya Universitetinin prorektoru Mərkəzi Elmi Kitabxanada olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Azərbaycan Texnologiya Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Sahil Həmidovla görüşüb.
Görüş zamanı Hüseyn Hüseynov qonağa Mərkəzi Elmi Kitabxananın fəaliyyət istiqamətləri, son illərdə həyata keçirilən yeniliklər, rəqəmsal transformasiya prosesi, beynəlxalq əməkdaşlıq əlaqələri, elektron resurs bazası və oxuculara təqdim olunan müasir xidmətlər barədə ətraflı məlumat verib. Direktor kitabxananın ölkədə elmi informasiya təminatının gücləndirilməsi, elmi irsin qorunması və rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi layihələrdən, eləcə də innovativ kitabxana xidmətlərinin inkişafı sahəsində görülən işlərdən danışıb.
Sahil Həmidov Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun salamlarını və xoş arzularını Mərkəzi Elmi Kitabxananın direktoruna çatdıraraq, iki qurum arasında əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm verdiklərini bildirib.
Daha sonra qonaq Mərkəzi Elmi Kitabxana ilə tanış olub. Tanışlıq zamanı elektron kitabxana sistemi, rəqəmsal xidmətlər, sənədlərin rəqəmsallaşdırılması prosesi, elektron kataloq, avtomatlaşdırılmış oxucu xidməti, müasir kitabxana-informasiya sistemləri və tətbiq olunan digər texnoloji həllər barədə ətraflı məlumat verilib. Sahil Həmidov Mərkəzi Elmi Kitabxanada yaradılmış müasir infrastrukturun, tətbiq edilən innovativ texnologiyaların və rəqəmsal xidmətlərin elmi fəaliyyətin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Görüşdə Azərbaycan Texnologiya Universiteti ilə Mərkəzi Elmi Kitabxana arasında əməkdaşlığın genişləndirilməsi, elmi informasiya resurslarından səmərəli istifadə haqqında fikir mübadiləsi aparılıb.
MEK adından Universitetin kitabxanasına kitablar hədiyyə edilib.
Tarix: Bu gün, 16:25
