Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nazir müavini: Texnologiyalar təhsil prosesini zənginləşdirsə də, müəllimin rolunu əvəz edə bilməz




İstanbulda keçirilən Türkiyə Təhsil Texnologiyaları Zirvəsi və Sərgisi (TETZ 2026) təhsil, texnologiya və süni intellekt sahəsində dünyanın müxtəlif ölkələrindən mütəxəssisləri bir araya gətirib. Zirvə çərçivəsində gələcəyin bacarıqları, təhsildə süni intellekt, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq mövzularında 30-a yaxın panel və müzakirə təşkil olunub. Tədbirdə 16 ölkənin təhsil nazirləri və nümayəndələri iştirak ediblər. Azərbaycanı tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev təmsil edib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir müavini İdris İsayev “Rəqəmsal dövrdə insanların təhsili: sülh, dəyərlər, kimlik və gələcək” mövzusunda çıxış edib. Nazir müavini süni intellekt dövründə təhsilin qarşısında duran əsas çağırışlardan və prioritetlərdən bəhs edərək vurğulayıb ki, texnologiyalar təhsil prosesini zənginləşdirsə də, müəllimin rolunu əvəz edə bilməz. Müəllim yalnız bilikötürən deyil, həm də dəyərlər formalaşdıran, xarakter və məsuliyyətli vətəndaş yetişdirən əsas şəxsdir. Çıxış zamanı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” çərçivəsində insan kapitalının inkişafı, rəqəmsal bacarıqların gücləndirilməsi və gələcək nəsillərin yeni texnoloji dövrə hazırlanması istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Eyni zamanda, ölkədə təhsilin rəqəmsal transformasiyası, STEAM təhsilinin genişləndirilməsi, elektron tədris resurslarının və süni intellektəsaslı həllərin tədris prosesinə inteqrasiyası sahəsində görülən işlər barədə məlumat verilib. Nazir müavini qeyd edib ki, müasir məktəblər şagirdlərdə tənqidi düşünmə, yaradıcılıq, əməkdaşlıq, problem həlletmə, rəqəmsal savadlılıq və süni intellektdən məsuliyyətli istifadə bacarıqlarını formalaşdırmalıdır. Texnologiyalar iqtisadiyyatları dəyişsə də, gələcəyi formalaşdıran əsas amil keyfiyyətli təhsil və güclü insan kapitalıdır.
Qeyd edək ki, TETZ 2026-nın yekun bəyannaməsində təhsilin qlobal sülhün, qarşılıqlı anlaşmanın və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm rol oynadığı vurğulanıb.
Bu tədbir təhsildə rəqəmsal transformasiya proseslərinin qiymətləndirilməsi, süni intellektin dəstəklədiyi öyrənmə modellərinin müzakirəsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb. Eyni zamanda, təhsil texnologiyaları sahəsində ən son yeniliklərin paylaşılmasına və gələcəyə yönəlik siyasət təkliflərinin müzakirəsinə əhəmiyyətli töhfə verib.


Tarix: Bu gün, 14:15

Xəbəri paylaş