Azərbaycanlı gənc ABŞ və Avropanın 10 nüfuzlu universitetindən qəbul təklifi alıb

Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisası üzrə V kurs tələbəsi Elmir Hacızadə ABŞ və Avropanın 10 aparıcı universitetindən qəbul təklifi alaraq beynəlxalq akademik uğura imza atıb. O, AZƏRTAC-a müsahibəsində hazırlıq prosesi, əldə etdiyi nailiyyətlər və gələcək təhsil planları barədə danışıb. Müsahibəni təqdim edirik.
-ABŞ və Avropanın 10 nüfuzlu universitetindən qəbul təklifi almaq üçün hazırlıq prosesiniz necə keçdi və bu uğurda hansı amillər mühüm rol oynadı?
-Qəbul nəticələri sadəcə bir neçə ay ərzində universitetlərə müraciətlərin nəticəsi deyil, bu nəticə illər ərzində formalaşan məqsədyönlü və davamlı hazırlıqdan əldə olunan uğurdur.
Bu prosesi düzgün istiqamətləndirmək üçün ilk addım olaraq akademik hədəflərimi dəqiq müəyyən etdim və xüsusilə informasiya təhlükəsizliyi sahəsində dünyanın aparıcı universitetlərini araşdırmağa başladım. Həm proqramların məzmununu, həm tədris olunan fənləri, həm də elmi-tədqiqat imkanlarını və akademik heyəti dərindən təhlil etdim. Bu araşdırmalar mənə hansı istiqamətdə inkişaf etməli olduğumu daha aydın şəkildə göstərdi. Daha sonra ingilis dili hazırlığına ciddi fokuslanaraq IELTS imtahanında 9.0 üzərindən 8.0 bal əldə etdim. Bu, mənim üçün yalnız bir bal deyil, eyni zamanda, beynəlxalq akademik mühitə hazır olduğumun göstəricisi idi.
Hazırlıq dövründə, eyni zamanda, yalnız akademik göstəricilərə deyil, hərtərəfli inkişafıma önəm verdim. Beynəlxalq proqramlarda iştirak etdim, kibertəhlükəsizlik üzrə müsabiqələrdə və elmi konfranslarda təcrübə qazandım, həmçinin sosial və könüllü fəaliyyətlərdə aktiv oldum. Bu təcrübələr mənə həm praktiki bacarıqlar, həm də geniş baxış bucağı qazandırdı.
Hesab edirəm ki, bu uğurun arxasında duran ən vacib amil özünəinam və düzgün hazırlıq prosesi idi. Nailiyyətləri yalnız universitet müraciətləri üçün izləmək əvəzinə, kibertəhlükəszilik və tələbə liderlik sahələrindəki maraqlarıma uyğun imkanları dəyərləndim. Zamanla bu təcrübələr həm akademik bacarıqları, həm də şəxsi inkişafı əks etdirən güclü bir profil yaratdı.
-Qəbul təklifi aldığınız universitetlər arasında seçim edərkən hansı meyarlara üstünlük verəcəksiniz və gələcək təhsil planlarınız nədən ibarətdir?
-ABŞ və Avropanın bir çox nüfuzlu universitetindən qəbul təklifləri almağım qürurvericidir. Seçimlərimi diqqətlə dəyərləndikdən sonra magistratura təhsilimi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ABŞ-nin Karnegi Mellon Universitetində davam etdirməyi düşünürəm.
Karnegi Mellon Universiteti informasiya təhlükəsizliyi və süni intellekt sahələrində dünyanın aparıcı ali təhsil müəssisələrindən biridir. Orada bu sahələr üzrə güclü akademik baza, elmi-tədqiqat imkanları və praktiki təcrübə qazanmaq üçün geniş şərait mövcuddur.
Magistratura təhsilim üçün Dövlət Proqramına artıq müraciət etmişəm. Bu proqram istedadlı tələbələrin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alması və bu bilikləri ölkəmizin inkişafına töhfə verməsi üçün dəyərli imkanlar yaradır.
Hazırda əsas məqsədim Dövlət Proqramının iştirakçısı statusunu qazanmaqdır. Bu mənim üçün həm yeni akademik mərhələ, həm də böyük məsuliyyətdir.
Xaricdə təhsilimi başa vurduqdan sonra isə Azərbaycana qayıdaraq informasiya təhlükəsizliyi siyasəti sahəsində fəaliyyət göstərməyi planlaşdırıram. Xüsusilə, cari ilin fevral ayında təqdim olunmuş “Azərbaycanın yeni rəqəmsal arxitekturası”nın həyata keçirilməsinə kibertəhlükəsizlik və süni intellekt istiqamətləri üzrə töhfə vermək niyyətindəyəm. Hesab edirəm ki, xaricdə əldə edəcəyim bilik və beynəlxalq təcrübə ölkəmizin rəqəmsal transformasiyasının sürətləndirilməsinə, kritik informasiya infrastrukturunun qorunmasına və süni intellekt ekosisteminin inkişafına dəstək olacaq.
-İnformasiya təhlükəsizliyi sahəsində təhsil alan digər tələbələrə beynəlxalq universitetlərə qəbul olmaq üçün hansı tövsiyələri verərdiniz?
-İnformasiya təhlükəsizliyi sahəsində təhsil alan tələbələrə beynəlxalq universitetlərə qəbul prosesi ilə bağlı əsas tövsiyəm ondan ibarətdir ki, təhsil müddəti ərzində yalnız akademik göstəricilərə deyil, eyni zamanda, hərtərəfli özünüinkişafa fokuslanmalıdırlar. Ən geniş yayılmış yanlış yanaşmalardan biri qəbul prosesinin yalnız transkriptdəki qiymətlərlə müəyyən olunduğunu düşünməkdir. Güclü akademik nəticələr vacib olsa da, aparıcı universitetlər namizədləri daha geniş meyarlar əsasında qiymətləndirirlər. Onlar motivasiyalı, aydın məqsədləri olan və mənalı töhfələr verə bilən şəxslər axtarırlar.
Bu səbəbdən, tələbələrə tövsiyəm odur ki, elmi araşdırmalarda iştirak etsinlər, məqalələr üzərində işləsinlər, könüllülük fəaliyyətlərində aktiv olsunlar, universitet daxilində tələbə klublarında yer alsınlar və mümkün olduğu hallarda iş və ya təcrübə proqramlarında iştirak etsinlər. Bu kimi fəaliyyətlər onların həm bacarıqlarını genişləndirir, həm də real təcrübə qazanmalarına imkan yaradır.
Ümumilikdə ideal tələbə yalnız özünü inkişaf etdirən deyil, eyni zamanda daxil olduğu akademik və sosial mühitə dəyər qatan, cəmiyyətə töhfə verməyi hədəfləyən şəxs olmalıdır.
Tarix: Bu gün, 14:51
