Azərbaycan məktəbliləri beynəlxalq fizika olimpiadasında uğurla çıxış ediblər

İsveçdə keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO) Azərbaycan məktəbliləri uğurlu nəticələr əldə ediblər.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, yarışda ölkəmizi təmsil edən beş iştirakçıdan dördü bürünc medal qazanıb.
Bürünc medalçılar sırasında Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi Bəxtiyar Ağayev, Bakı şəhər Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Məhəmməd Cəfərli, Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Murad Xəlil və Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Raiq Babazadə yer alıblar.
Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin 11-ci sinif şagirdi Zeynəb Məhəmmədli isə yarışda fəal iştirakı ilə yadda qalıb.
Qeyd edək ki, 2018-ci ildən keçirilən və bu il 41 ölkədən 200 şagirdin qatıldığı Avropa Fizika Olimpiadası qitənin ən nüfuzlu fizika müsabiqələrindən biri hesab olunur.
Tarix: Bu gün, 14:21
