Təhsil Tələbə Krediti Fondu - 5 illik fəaliyyət

Prezident İlham Əliyevin 2021-ci il 17 iyun tarixli Fərmanına əsasən yaradılmış Təhsil Tələbə Krediti Fondu fəaliyyətinin 5-ci ildönümünü qeyd edir. Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Fond ölkədə təhsilə əlçatanlığın artırılması və sosial bərabərliyin gücləndirilməsi istiqamətində mühüm mexanizmlərdən biri kimi formalaşıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, əsas məqsəd sosial baxımdan həssas əhali qruplarına aid ailələrdən olan və təhsil almaq arzusunda olan gənclərin bütün təhsil pillələrinə çıxış imkanlarını genişləndirməkdir. Bu istiqamətdə həyata keçirilən fəaliyyət nəticəsində minlərlə tələbənin təhsil haqları maliyyələşdirilib, yüzlərlə ailənin maddi yükü azaldılıb, ölkənin insan kapitalının inkişafına mühüm töhfə verilib.
Mövcud mexanizmə əsasən, təhsil müddəti ərzində tələbə kreditləri üzrə geri ödəniş tələb olunmur ki, bu da tələbələrə diqqəti yalnız akademik nailiyyətlərə yönəltməyə imkan yaradır. Yüksək akademik göstəricilərə malik tələbələr üçün isə güzəşt və bağışlanma mexanizmləri tətbiq edilir. İndiyədək geriödəmə mərhələsinə keçmiş 691 sosial təhsil tələbə krediti üzrə 50 faiz, 1684 standart təhsil tələbə krediti üzrə isə 25 faiz güzəşt tətbiq olunub. Nəticədə, ümumilikdə 766 min manatdan artıq vəsait tələbələrə güzəşt edilib.
Fondun fəaliyyətə başladığı gündən “e-ttkf.edu.az” portalına 100 mindən çox müraciət daxil olub, onlardan təxminən 85 mini rəsmiləşdirilib. Bu göstərici müraciətlərin böyük əksəriyyətinin müsbət nəticələndiyini və sistemin səmərəli şəkildə işlədiyini göstərir.
Rəsmiləşdirilmiş kreditlərin 35 faizi sosial, 65 faizi isə standart təhsil tələbə kreditlərinin payına düşür. Təhsil pillələri üzrə bölgüyə əsasən, müqavilələrin 69 faizi bakalavriat, 23 faizi magistratura, 7 faizi orta ixtisas, 1 faizi isə peşə təhsili səviyyəsini əhatə edir.
Gender göstəricilərinə əsasən, kredit alan tələbələrin 64 faizi qadın, 36 faizi isə kişilərdir. Bu fakt Fondun xüsusilə gənc qadınların ali təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığını təsdiqləyir.
Ötən 5 il ərzində ümumilikdə 80 milyon manatdan artıq maliyyə vəsaiti təhsil tələbə kreditləri çərçivəsində istifadə olunub. Bunun 78 milyon manatdan çox hissəsi birbaşa təhsil müəssisələrinin hesablarına köçürülüb. Ayrılmış vəsaitin təxminən 48 milyon manatı standart, 30 milyon manata yaxın hissəsi isə sosial təhsil tələbə kreditlərinin payına düşür. Eyni zamanda 1,9 milyon manatdan artıq sığorta məbləği ödənilib.
Fondun fəaliyyəti yalnız maliyyə dəstəyi ilə məhdudlaşmayıb, eyni zamanda tələbələrin şəxsi və peşəkar inkişafına yönəlmiş genişmiqyaslı layihələri də əhatə edib. Beş il ərzində 35 anlaşma memorandumu imzalanıb, 1981 tələbə müxtəlif təlim proqramlarına cəlb edilib, 655 tələbə və məzun təcrübə imkanlarından yararlanıb, 375-dən çox məzunun məşğulluğuna dəstək göstərilib.
Bununla yanaşı, Fondun fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Təhsil Tələbə Krediti Fondu 2025-ci ildə innovativ fəaliyyəti və tələbəyönümlü yanaşması ilə “QS Reimagine Education” beynəlxalq tanınma sertifikatına layiq görülüb. Bu nüfuzlu qiymətləndirmə Fondun fəaliyyət modelinin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir.
Ümumilikdə 5 illik dövr ərzində 84 mindən çox təhsil tələbə krediti müqaviləsi bağlanıb, 80 milyon manatdan artıq maliyyə dəstəyi göstərilib, 100 mindən çox vətəndaş maarifləndirmə tədbirlərinə cəlb olunub. Bu göstəricilər minlərlə gəncin təhsil arzusunun reallaşmasına xidmət edən mühüm sosial mexanizmin nəticəsidir.
Fondun gələcək fəaliyyət istiqamətləri sırasında təhsilə əlçatanlığın daha da genişləndirilməsi, rəqəmsal xidmətlərin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və tələbə məmnunluğunun artırılması prioritet olaraq qalır.
Tarix: Bu gün, 14:17
