“Gələcəyin peşələri: doğru seçimlər”

İyunun 9-da “Gələcəyin peşələri: doğru seçimlər” adlı silsilə görüşlər çərçivəsində növbəti tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe olan məktəblərin abituryentləri üçün təşkil edilib.
500-ə yaxın abituriyentin qatıldığı görüş interaktiv formada reallaşıb. İştirakçılar peşə seçimi prosesində diqqət edilməli məqamlar, şəxsi potensialın düzgün qiymətləndirilməsi, müasir peşələr və gələcək karyera imkanları haqqında faydalı məlumatlar əldə ediblər.
"T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi bildirib ki, əsas məqsəd abituriyentlərə düzgün ixtisas seçimi ilə bağlı dəstək göstərmək, onları gələcəyin peşələri və əmək bazarının tələbləri barədə məlumatlandırmaqdır.
Tədbirdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, yazıçı, biznes kouç Elçin Əzimli, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində layihə rəhbəri Sadiq Şahbazov, Estoniyanın “1Koolitused” təlim mərkəzinin həmtəsisçisi, yazıçı Rüfət Kərimli, psixoloq Mətanət Hüseynova təqdimatlarla çıxış ediblər.
Görüş zamanı müxtəlif yaradıcı tapşırıqlar da yerinə yetirilib və fərqlənən iştirakçılara kitablar hədiyyə olunub.
Tarix: Dünən, 15:13
Xəbəri paylaş
