“Yay məktəbi”nin iştirakçıları Qarabağ Universiteti ilə tanış olublar

Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatı və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyev ideyalarının təbliğinə həsr olunmuş “Yay məktəbi”nin iştirakçıları Xankəndidə yerləşən Qarabağ Universiteti ilə tanış olublar.
BMU-nun rektoru Yaqub Piriyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova və “Yay məktəbi”nin digər iştirakçılarına universitetin infrastrukturu, müasir tədris korpusları, auditoriyaları, laboratoriyaları, kitabxanası və tələbələr üçün yaradılmış sosial-məişət şəraiti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə yaradılmış Qarabağ Universiteti regionun sosial-iqtisadi inkişaf tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, eyni zamanda Qarabağda mövcud olmuş zəngin təhsil ənənələrinin bərpası və davamlı inkişafının təmin edilməsinə mühüm töhfə verir.
“Yay məktəbi” iştirakçıları universitetdə yaradılmış şəraitlə tanış olmaqla yanaşı, təhsil ocağının gələcək inkişaf perspektivləri barədə də məlumat əldə ediblər.
Qeyd edək ki, 2-5 iyun tarixlərini əhatə edən “Yay məktəbi” Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin, milli-mənəvi dəyərlərin və Azərbaycançılıq ideologiyasının gənclər arasında təbliği, onların bilik və bacarıqlarının inkişafına dəstək göstərilməsi, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmaları məqsədi daşıyıb.

Tarix: Bu gün, 15:43
