Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU “UI GreenMetric Dünya Universitetləri Reytinqi”nin nəticələrinin açıqlanması mərasiminə ev sahibliyi edəcək



Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “UI GreenMetric Dünya Universitetləri Reytinqi”nin 2026-cı il üzrə nəticələrinin açıqlanması və mükafatlandırma mərasiminə evsahibliyi edəcək. Bununla da ADNSU bu nüfuzlu beynəlxalq tədbirə evsahibliyi edən dünyanın 17-ci universiteti olacaq.
23–25 sentyabr 2026-cı il tarixlərində ADNSU-da keçiriləcək tədbir beynəlxalq konfrans və mükafatlandırma mərasimi formatında təşkil olunacaq. Tədbirdə dünyanın müxtəlif ölkələrindən universitet rəhbərləri, dayanıqlılıq üzrə ekspertlər və akademik ictimaiyyətin nümayəndələrinin iştirakı gözlənilir.

UI GreenMetric Dünya Universitetləri Reytinqi universitetlərin kampus dayanıqlılığı və ekoloji idarəetmə sahəsində fəaliyyətini qiymətləndirən nüfuzlu beynəlxalq platformadır. Reytinq çərçivəsində ali təhsil müəssisələrinin enerji və iqlim dəyişikliyi, su idarəçiliyi, tullantıların idarə olunması, nəqliyyat, kampus infrastrukturu və yaşıl məkanlar, təhsil və tədqiqat, eləcə də idarəetmə və rəqəmsallaşma sahələrindəki göstəriciləri dəyərləndirilir.

Qeyd edək ki, ADNSU son illərdə dayanıqlı inkişaf və yaşıl universitet modelinin formalaşdırılması istiqamətində həyata keçirdiyi təşəbbüslərlə beynəlxalq reytinqdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Universitet 2024-cü ildə UI GreenMetric Dünya Universitetləri Reytinqində dünya üzrə 788-ci, ölkə üzrə isə 5-ci yerdə qərarlaşıb. 2025-ci ildə isə ADNSU dünya sıralamasında 622-ci yerə yüksələrək mühüm irəliləyiş əldə edib və ölkə üzrə 5-ci mövqeyini qoruyub saxlayıb.

“UI GreenMetric Dünya Universitetləri Reytinqi”nin nəticələrinin açıqlanması mərasiminin ADNSU-da keçirilməsi universitetin dayanıqlı inkişaf, yaşıl transformasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərində əldə etdiyi nailiyyətlərin növbəti beynəlxalq təsdiqi olmaqla yanaşı, Azərbaycanın ali təhsil sisteminin qlobal dayanıqlılıq gündəliyində artan rolunun göstəricisidir.


Tarix: Bu gün, 10:55

Xəbəri paylaş