Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BMU ilə İNHA Universiteti arasında ikili diplom proqramı uzadılıb


Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında ikili diplom proqramının (BMU-İNHA İDP) davam etdirilməsi barədə əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanma BMU-nun rektoru Yaqub Piriyevin Koreyaya səfəri çərçivəsində baş tutub.
BMU-dan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində çıxış edən İNHA Universitetinin rektoru Cho Myeong Voo iki ölkə arasında inkişaf edən münasibətlərin möhkəmlənməsində təhsil sahəsində əməkdaşlığın xüsusi rol oynadığını vurğulayıb. O, BMU-İNHA İDP çərçivəsində təhsil alan tələbələrin bu əlaqələrin gələcək inkişafına mühüm töhfə verəcəklərinə inandığını qeyd edib. Rektor, həmçinin formalaşmış möhkəm tərəfdaşlığın layihənin ikinci mərhələsi üzrə əməkdaşlığın davam etdirilməsi üçün etibarlı zəmin yaratdığını diqqətə çatdırıb.
BMU-nun rektoru Yaqub Piriyev Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 6 ildir uğurla icra olunan Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının əhəmiyyətindən danışaraq, bu sənəd çərçivəsində həyata keçirilən ikili diplom proqramlarının xüsusi önəm daşıdığını vurğulayıb. Yaqub Piriyev BMU-İNHA İDP-nin layihənin ikinci mərhələsi üzrə əməkdaşlığın davam etdirilməsinin iki ölkə arasında onilliklər ərzində formalaşmış dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib. Rektor proqram çərçivəsində sonuncu kursda Koreyada təhsil alan tələbələr üçün ötən ay Dövlət İmtahan Mərkəzi tərəfindən magistraturaya qəbul imtahanlarının onlayn formatda təşkil olunmasına diqqət çəkərək, İNHA Universitetində yaradılmış şəraitə görə qarşı tərəfə təşəkkür edib.
Sonra ikili diplom proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb.
Proqramın ikinci mərhələsi çərçivəsində bakalavriat səviyyəsində informasiya texnologiyaları, elektrik və elektronika mühəndisliyi, kompüter elmləri (süni intellekt mühəndisliyi), data analitikası (data elmləri) ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək. 3+1 modelinə əsaslanan proqram çərçivəsində hazırda layihənin hər iki mərhələsi üzrə 329 tələbə təhsil alır. İndiyədək proqramı 143 nəfər bitirib. İNHA Universitetində hazırda 4-cü tədris ili üzrə təhsil alan 114 tələbə isə bu ilin yay aylarında məzun olacaq.
BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.
 


Tarix: Bu gün, 15:58

Xəbəri paylaş